Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат
[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar
Qüdrətli Əmir Teymurun bu
ölkədə qoyub getdiyi əsərlərdən ən məşhuru bir torpaq səddir.
Bu yer, Axsaq Teymurun ori (Teymur Ləngin səddi) adı ilə məşhurdur.
Bu sədd, Dərbənd ətrafından başlayıb Tərəkəmə mahalında
təpələr şəklində davam edərək, Ütəmiş səhrasına gəlib
çatır. Buradan bir sədd şəklində, Buynaq və Tarxu altından Teymur-Quyuya
gedir; Sulaq çayından və İndirinin aşağısından keçərək Mıçıqıçın
ortası ilə Nasran və Qaraçay mülkündən ötür; buradan başqa
bir Teymur-Quyu adlı yerə, oradan da, Quban çayına yetişir. Bəzilərinin
dediyinə görə isə o, Qara dənizə qədər uzanıb gedir. Bu böyük
abidənin nə məqsədlə tikildiyi məlum deyilsə də, güman etmək
olar ki, Əmir Teymur bununla sərhəddi təyin etmək, öz qüvvət
və qüdrətini göstərməkdən başqa bir şey nəzərə almamışdır.
Xülasə, Əmir Teymur
Dağıstan işlərini mümkün qədər yoluna qoyduqdan sonra, Buynaq
yuxarısındakı məşhur düşərgəsindən hərəkət edib, hicri
798-ci (=1396) ilin baharında Dərbəndə gəldi.. Buradan da Ermənistana
hərəkət etdi. Kür kənarına çatdıqda, bu səfərdə ona yoldaşlıq
edən Şirvan valisi Əmir İbrahim, Əmir Teymurun şərəfinə bir
neçə gün davam edən böyük bir ziyafət verdi, ləyaqətli hədiyyələr
təqdim etdi. Özü də,Sahibqranın lütf və ənamına nail olaraq
mürəxxəs oldu. Əmir Teymur Qarabağa gəlib Ağdam adlı yerdə,
Dərbənddən Bağdada və Həmədandan Rum sərhəddinə qədər olan
bütun əyalətlərin idarəsini oğlu Miranşaha tapşırdı. Özü
də Sultaniyyədən keçərək Səmərqəndə getdi. Buradan Hindistana
hərəkət etdi. Hicri 801-ci (=1399) ildə Dehli şəhərinin xaricində,
bu ölkənin padişahları ilə böyük müharibələr edib qalib gəldi.
Məqsədinə çataraq Səmərqəndə qayıtdı. Hicri 802-ci (=1400)
ildə yenə İrana hərəkət etdi. Hicri 803-cü (=1401) ildə, Şam
valisi Məlik Fərəci məğlub edərək, bütün Şam ölkəsini ələ
keçirdi. Buradan da Sultan Əhməd Cəlayirini cəzalandırmaq üçün
Bağdada hərəkət etdi. O, keçmişdə Bağdadı Teymur qoşunlarına
tərk edib Ruma qaçmışdı. Onlar getdikdən sonra yenə gəlib Bağdadı
almışdı. Sultan Əhməd bu dəfə yenə qaçıb Rum sultanı İldırım
Bayəzidə pənah apardı. Sahibqran bir neçə gün mühasirədən
sonra Bağdadı hücumla alıb xaraba qoydu və əhalisinin qılıncdan
keçirilməsinə fərman verdi. Rum sultanına da düşmənanə bir
məktub yazıb Sultan Əhməd və türkmən Qara Yusifi ondan tələb
etdi. Bunların verilməməsi Rum müharibəsinə səbəb oldu.
Sahibqran buradan qayıdıb
Qarabağda qışladı və hicri 804-cü (=1402) ildə Rum ölkəsinə
hərəkət etdi. Sultan Bayəzid müharibədə məğlub olub əsir düşdü.
Rum ölkəsi də bu qüdrətli padişahın hakimiyyəti altına keçdi.
Hicri 806-cı (=1404) ildə Əmir Teymur yenə Gürcüstana qayıtdı.
Bəzi qələbələrdən sonra bu ölkənin valisi Məlik Gürgin, Teymurun
hüzurunda olan Şirvan valisi Əmir İbrahimin vasitəsilə hədiyyələr
təqdim edərək cizyə verməyə razı oldu. Teymur yenə Qarabağa
gəlib orada qışladı. Miranşahın başına hava gəldiyi üçün,
ona tapşırılan vilayətləri alıb oğlu şahzadə Ömərə verdi.
İraqi-Ərəb, İraqi-Əcəm və Fars əyalətlərini idarə edən şahzadələrə
tapşırdı ki, onun buyuruqlarına tabe olsunlar. Ölkəni idarə etmək
xüsusunda da (Şahzadə Ömərə) gözəl tapşırıqlar verdi... Qarabağda
Qubad ibni-Firuzi-Sasani tərəfindən bina edilən Beyləqan şəhəri,
Hülaku xan tərəfindən bir müddət mühasirədən sonra hücumla
alınıb xarab edilmişdi. Əmir Teymur bu şəhərə çox möhkəm
bir hasar çəkdirdi. O, bu şəhəri abad etmək fikrində idi, lakin
ilanların çoxluğundan bu iş baş tutmadı.
Dövlətşah Səmərqəndi,
hicri 900-cü ( = 1495) ildə, Təzkirətüşşüərasında yazır:
Şahrux ibni-Əmir Teymur bu şəhəri abad etmək istəyirdi. Lakin
ölkənin məlumatlı adamları, bu şəhərin dəfələrlə
zəlzələdən xaraba qaldığını söyləyib onu bu fikirdən daşındırdılar.
Amma o, Beyləqan arxını işə saldı. Bu arxın kənarında salınan
dəyirmanlar indi də durur. Müəllif deyir: bu şəhərdə, sultanların
qəbirləri üzərində iki uca minara var imiş. Bunlardan birisi yarımxaraba
halında indi də mövcuddur. Buna görə, xalq Beyləqanı Millər
deyə adlandırır.
Sahibqran bu tədbirlərdən
sonra Ərdəbilə gəlib Şeyx Səfi türbəsini ziyarət etdi.
Bir çox kənd və əkin yerləri alıb o həzrətin türbəsinə
vəqf etdi. Buradan paytaxtı Səmərqəndə qayıtdı. Bir
neçə gün keçəndən sonra, qışın şiddətli vaxtında Çin səfərinə
hərəkət etdi. Ətrar adlı yerdə xəstələnərək hicri 807-ci
(=1405) ildə vəfat etdi...
O, böyük işlərilə
məşğul olmasına baxmayaraq, bir dəqiqə də olsun, elm
və maarif sahiblərini himayə etməkdən
geri durmazdı. Öz övladı üçün qoyub getdiyi düsturüləməl,
onun dünyanı idarə etməkdən nə dərəcəyə ehtiyatlı, cahangirlikdə
nə sayaq əzm sahibi olduğunu bildirir. O zaman hüzurunda olan böyük
övladı Xəlil sultan ibni-Miranşah, 20 yaşında taxta çıxdı.
O, dövlət və ordu işlərinə fikir verməyib arvadının təsiri
altına düşdü. Buna görə, səltənətin əsası gündən-günə
sarsılaraq vilayətlərin çoxu bu xanədanın əlindən çıxdı.
Onların əlində yalnız Mavəraünnəhr və Xorasan qaldı. Daha sonra,
bunların səltənəti Hindistana keçdi.
Gülşəni-xüləfadə
yazılmışdır: Rum ölkəsi alındıqdan sonra, Sultan Əhməd və
Qara Yusif Misrə qaçmışdılar. Misir sultanı onları
həbsə alıb Əmir Teymurun hüzuruna göndərmək istəyirdi.
Bu zaman onun vəfat xəbəri Misrə çatdı. Sultan Əhməd Bağdada
gəlib Əmir Teymurun nəvəsi Əbubəkr mirzəni valilikdən çıxartdı.
Buradan Qara Yusif Qara Məhəmməd oğlu ilə Azərbaycana, Miranşah
və şahzadə Ömərin müharibəsinə getdi və onlara qalib gəldi.
Miranşah bu müharibədə öldürüldü, şahzadə Ömər isə, qaçıb
qurtardı. İran ölkəsinin bir çox hissəsi yenə Sultan Əhmədin
ixtiyarına keçdi. Axırda onunla Qara Yusif arasına ziddiyyət düşdü.
Sultan Əhməd hicri 813-cü (=1411) ildə Azərbaycanda olan müharibə
nəticəsində məğlub olub əsir düşdü və Təbrizdə Qara Yusifin
oğlu Əmir İsfəndiyarın əlində öldürüldü. Səltənət bu sülalədən,
Qaraqoyunlu padişahlarına keçdi.
Qaraqoyunluların mənşəi
haqqında olan məlumat belədir: Qara Yusif ibni-Qara Məhəmməd ibni-Bayram
Xacə, ata-babadan türkmən Qaraqoyunlu qəbilələrindən bir çoxunun
əmiri idi. Sultan Əhməd Elxaninin tərbiyəsilə iqtidar sahibi olub,
ondan sonra da, əzəmətli bir padişah olmuşdu. Hicri 816-cı (=1414)
ildə külli qoşunla Şahrux Teymur oğlunun müharibəsinə getdi.
Ucan adlı yerdə qəflətən vəfat etdi. Oğlu İskəndər səltənətə
keçdi və üç dəfə Şahrux ilə müharibə edib məğlub oldu.
Başqa bir nüsxədə
deyilir: İskəndər hicri 828-ci (=1425) ildə Şirvana gəlib
qət-qarətə başladı və Şamaxı
Cahanşah, Şahruxun canişini
olub Diyarbəkir və Azərbaycanda 22 il hökmranlıq sürdü.
Şahruxun vəfatından sonra, Xorasandan başqa bütün İrana hökmran
oldu. Qədim düşməni türkmən Ağqoyunlu Həsən bəy Bayındır
ilə müharibə etdi. Həsən bəy vaxt qazanmaq üçün müharibədən
çəkinib ətrafda dolanırdı. Bir müddətdən sonra hər iki tərəfin
qoşunu dağıldı və müharibə təxirə salındı. Bir gün Cahanşah,
beş-altı yüz nəfərlə, bir çayın kənarında içki və işrətlə
məşğul idi. Həsən bəy fürsətdən istifadə edərək, hicri 872-ci
(=1468) ildə, 80 yaşlı Cahanşahı öldürdü. Beləliklə, səltənət
bu sülalədən Ağqoyunlu sultanlarına keçdi.
Ağqoyunluların mənşəi
haqqında olan məlumat belədir:
Qaraqoyunlu və ağqoyunlular
tərəkəmə, yəni türkmən nəslindən iki köçəri qəbilə
idilər. Bunlar, Arğun xan zamanında İrana gəldilər. Qaraqoyunlular
Azərbaycan ətrafında, Ərzrum və Sivasda, ağqoyunlular isə
Diyarbəkirdə sakin oldular. Onlar gündən-günə qüvvətlənib
səltənət qurdular. Həsən bəyin babası Qara Osman, Əmir Teymurun
zamanında Diyarbəkirin bəzi yerlərində hakim idi. Ondan sonra,
oğlu Əli bəy və bundan sonra da Uzun Həsən adı ilə məşhur
olan oğlu Həsən bəy hökmranlıq etdilər.
Cahanşah öldürüldükdən
sonra, oğlu Həsənəli mirzə, o zaman Mavəraünnəhr və Xorasan
padişahı Sultan Əbusəid ibni-Miranşah ibni-Əmir Teymur Kürəkəndən
kömək istədi. Sultan Əbusəid İraq və Fars vilayətlərini
almaq üçün əmirlər təyin edib, özü də 27 min qoşunla
Azərbaycana hərəkət etdi. Həsən, bəy peydərpey elçilər göndərib
öz itaətini və yalnız Azərbaycanla kifayətlənəcəyini bildirdi.
Bu isə sultanın hərəkətinə mane ola bilmədi. Həsən bəyin anası
bu xüsusda danışıq aparmaq üçün sultanın yanına getdisə də
arzusuna çatmadan geri qayıtdı. Sultan Əbusəid Sultaniyyəyə gəldiyi
zaman, Həsən bəy Qarabağa getdi. Sultanın qoşunu Miyanəcə yetişdikdən
sonra, Həsən bəy ixlas və iradəsini bildirmək və möhlət almaq
üçün oğlu Yusif bəyi sultanın yanına göndərdi. Ondan xahiş
etdi ki, qış qurtarıncaya qədər, ona Azərbaycanda qalmağa izn
versin. Sultan yenə qəbul etməyib əmirlərin məşvərətilə Həsən
bəyin məskəni olan Qarabağda qışlamağı qarara aldı. Bu yerin
yeddi ağaclığına çatdıqda, azuqələrinin azlığından Şirvanın
Mahmudabad şəhərinə hərəkət etdi. Yol üzərindəki çöllərin
otu-ələfi zəhərli olduğundan onların bir çox heyvanları tələf
oldu. Burada da azuqə az tapılırdı. Həsən bəy yolları kəsib
qoymurdu ki, sultan ordusuna Xorasan və İraqdan bir nəfər də gəlsin.
Bir neçə gün idi azuqəni Şirvandan gəmi ilə gətirirdilər. Bundan
sonra şirvanşah da, Həsən bəyin təhdidinə görə, sultanla müxalifətə
başladı.
Sultan ordusundakı heyvanlar
zəiflədiyindən türkmən qoşunları bu ətrafda
qətl-qarətə başladılar. Sultan naçar qalaraq Ərdəbilə
hərəkət etdi və bataqlıq yerlərdən çətinliklə keçdi. Həsən
bəy vuruşa-vuruşa onu təqib edirdi. Bir günün içərisində o,
sultanın qoşunundan 500 nəfər öldürdü. Sultan barışmaq üçün
Sarı xanədanının böyük əmirlərindən Seyid Qiyasəddin Məhəmmədi
elçi göndərdi. Onun ardınca da, anasını qumlu Seyid İbrahim ilə
yolladı. Həsən bəy təzim mərasimini yerinə yetirib sülh etmək
istəyirdi. Lakin bir az əvvəl, elçi getmiş olan Ərdəbil seyidi
Şeyx Heydər Səfəvi, sultan ordusunun pərişanlırını görmüş
olduğundan buna mane oldu.
Həsən bəy sultanın anasının
xahişini qəbul etməyib geri qaytardı. Seyid Qiyasəddinə isə
lütf və mərhəmət göstərib, Sarı hökumətini ona bağışladı.
Türkmən qoşunlarının şiddətli hücumları nəticəsində,
xorasanlıların bir hissəsi də Həsən bəyin ordusuna qoşuldu.
Sultan naçar qalıb qaçmağa üz qoydu. Həsən bəyin oğlu Yusif
bəy onu təqib etdi, gecə onu tutub atasının yanına gətirdi. Sultan
ilə Həsən bəy arasında bir çox danışıqlar oldu. Türkmən əmirlərinin
məsləhəti və Şirvan qazisinin fitnəkarlığı ilə Sultan Əbusəid
hicri 873-cü (=1468) ildə öldürüldü...
Həsən bəy İranda taxta
çıxıb, hicri 882-ci (=1477) ildə vəfat etdi. Oğlu Xəlil
mirzə onun yerinə keçdi. Bir il sonra, qardaşı Yaqub
mirzə ilə etdiyi müharibədə öldürüldü. Sultan
Yaqub da on üç il səltənət sürdü. Sonra Qarabağın Sultanbud
adlı yerində anası bilməyərək ona zəhər verdi. Özü də buna
tab gətirməyib zəhər içdi və oğlu ilə bir yerdə öldü...
Sultan Yaqub öləndən sonra
türkmən əmirləri iki dəstəyə ayrıldılar: bunlardan
biri Sultan Yaqubun qardaşı Məsih mirzənin, o biri isə, oğlu Baysunqar
mirzənin tərəfdarı idi. Axırda iş müharibə ilə nəticələndi.
Məsih mirzə öldürüldü, hökumət başına Baysunqar keçdi. Əmisi
oğlu Rüstəm mirzə ibni-Məqsud ibni-Həsən padişah onun tərəfindən
Alıncaq qalasında həbsə alındı. Lakin Rüstəm mirzə, Əbih sultanın
köməyilə xilas və Baysunqara qalib gələrək padşah oldu. Baysunqar
naçar qalıb Qaracadar və Əhər yolu ilə Şirvana, dayısı və
qaynatası olan şirvanşahın yanına gəldi. Türkmən əmirləri,
ümumiyyətlə Rüstəm mirzənin hökmranlığına tərəfdar idilər.
Lakin, şirvanşah Baysunqara kömək məqsədilə onun qoşununu düzəldib
nizama salırdı. Rüstəm mirzə əmirlərin məsləhətilə, Stəxr
qalasında məhbus olan Sultan Əli Şeyx Heydər oğlunu gətirib şirvanşaha
qarşı müharibəyə göndərmək istəyirdi. Sultan Əlinin qalib
gəlməsi və ya məğlub olması onun dövlətinin xeyrinə idi. Bu
zaman, Baysunqar Şirvan qoşunu ilə Azərbaycana hərəkət etdi.
Rüstəm mirzə, Sultan Əlini müridləri və tabelərilə, Əbih sultanı
da, bir dəstə türkmən qoşunu ilə Baysunqarı və şirvanlıları
dəf etmək üçün göndərdi. Əhər və Mişgin hüdudunda iki qoşun
üz-üzə gəldi. Baysunqar məğlub edilərək öldürüldü.
Rüstəm mirzənin hökmdarlığından
6 il keçmişdi, vaxtilə Rum ölkəsinə gedib ikinci Sultan
Bayəzidin damadı olmaq şərəfinə yetişən Əhməd ibni-Məhəmməd
ibni-Həsən padişah Azərbaycana gəldi. Araz çayı kənarında müharibəyə
girişib Rüstəm mirzəyə qalib gəldi. Rüstəm mirzəni əmirləri
tutub ona verdilər, o da onu öldürtdü. Əhməd özü də altı ay
sonra, hicri 903-cü (=1498) ildə, Əbih sultanın əlində öldürüldü.
Sultan Murad ibni-Sultan Yaqub səltənətə keçdi. Lakin Məhəmmədi
mirzə ibni-Yusif ibni-Həsən padişah ona qalib gəldi. Əbih sultanı
öldürərək Azərbaycana sahib oldu. Sultan Murad İraqa getdi. Əlvənd
mirzə öz qardaşı Məhəmmədi ilə vuruşaraq hökuməti onun əlindən
aldı. Məhəmmədi mirzə İsfahana qaçdı. Sultan Murad Şirazdan
İsfahana gəlib hicri 904-cü (=1499) ildə Məhəmmədini tutdu və
Təbrizə sürgün etdi. Əlvənd mirzə müharibə fikrində idi, lakin
xeyirxahların vasitəçiliyilə araya sülh düşdü. Diyarbəkir və
Azərbaycan Əlvənd mirzəyə, İraqi-Ərəb, İraqi-Əcəm və Fars
da Sultan Murada çatdı.
ŞİRVANŞAHLARIN SƏLTƏNƏTİ
VƏ NƏSƏBLƏRİ HAQQINDA
Onların haqqında yalnız
bu qədər məlumdur ki, müstəqil bir səltənətə malik olmayıb
çox vaxt fars, ərəb və türklərin sultanlarına tabe olmuşlar,
bəzən də müstəqil hökmranlıq sürmüşlər. Şirvanşahların;
böyük xaqan Mənuçehrdən əvvəlki silsilələri (şəcərələri)
də lazımınca məlum deyildi.
Ömər ibni-Xəttabın xilafəti
zamanında, Nuşirəvani-Adil tərəfindən təsis edilmiş şirvanşahlar
sülaləsindən Şəhriyar adlı bir nəfər Şirvanda hökmranlıq
edirdi. Süraqə ibni-Əmr və Əbdürrəhman ibni-Rəbiə ərəb qoşununun
sərdarı idilər. Sonra, Həbib ibni-Səlmə, Xüzeyfə ibni-Yəman,
Müğeyrə ibni-Şəbə, Əşəs ibni-Qeys, Əbdüləzizi-Bahili, Əbu
Übeydeyi-Cərrah, Səid ibni-Əmr Hərşi və Müslimə ibni-Əbdülməlik
xəlifə Şirvanda hökmranlıq edirdilər. Bəni-Abbas xəlifələri
dövründə isə, Şirvan çox vaxt Ermənistan və Azərbaycan hakimlərinin
idarəsi altında idi. II əsrin sonlarında Fərruxzad Əxşican (Əxsitan)
oğlu və bundan sonra Filanşah, xəlifələr adından naib olaraq
padişahlıq etmişlər. IV əsrin əvvəllərində Əli ibni-Heyşəm,
bundan sonra da Bəhrami-Cubin nəslindən Məhəmməd ibni-Yəzid Şirvanda
vali olmuşlar. Məhəmməd ibni-Yəzidin hökmü bir aylıq məsafədə
rəvan idi. Bir müddətdən sonra, Sultan Fridün hökmdarlıq etmişdir.
Ondan sonra bir şey məlum deyildir.
Hicri IV əsrin ortalarında,
Xaqani-Kəbir ləqəbilə məşhur Mənuçehr, əzəmətli və
müstəqil bir hökmdar idi. Məşhur şair Xaqani Şirvani, bununla
müasir olmuşdur. Onun şövkət və iqtidarını və oğlunun Bakı
ətrafında vəhşi heyvanlar ovuna çıxmasını qəsidələrinin birində
gözəl surətdə təsvir edir.
O zaman dəniz ilə yanar
odlar arasında olan Bakı, əhalinin azlığından şir və
sair yırtıcı heyvanlar yatağı imiş. Dövlətşah «Təzkirətüşşüəra»sında
yazır: alim və mənsəb sahibi olan İbrahim ibni-Əli Xaqani, dünyadan
əl çəkmək bəhanəsilə Həccə getmək istəyirdi. Xaqan isə buna
razı olmurdu. O, xaqandan iznsiz yola çıxdı, xaqanın məmurları
Bəyləqan şəhərində onu tutub geri qaytardılar. Bundan məlum
olur ki, Ərran ölkəsinin bir qismi də xaqanın ixtiyarında imiş.
Qaziyi-Beyzavi «Nizamüttəvarix»də şirvanşahlar sülaləsini Bəhrami-Çubin
nəslindən sayır, o da (Bəhrami-Çubin) bir neçə arxadan sonra,
Ərdəşiri-Babəkana yetişir. Qazi Əhmədi-Qəffari «Cahanara»
adlı əsərində şirvanşahları, aşağıdakı tərtib üzrə, Nuşirəvan
nəslindən sayır:
Mənuçehr ibni-Kəsran ibni-Kavus
ibdi-Şəhriyar ibni-Güştasib ibni-Fridun ibni-Fəramərz ibni-Salar
ibni-Zeyd-ibni-Covn ibni-Mərziban ibni-Hürmüz ibni-Nuşirəvan.
Bir çox tarixçilərin yazdığına
görə, Mənuçehr ədalətli bir padişah olub, elm və sənət
əhlini əziz və möhtərəm tutardı. O həmişə rəiyyətin
asayişinə və ölkənin abadlığına səy edərdi. Ondan
sonra oğlu Fərruxzad, sonra onun oğlu Güştasib taxta oturdu; bəzi
tarixçilərin yazdığına görə, Kürün iki qolu arasında, dərya
kənarında böyük və məhsulu bol olan Güştasibi şəhərini bu
bina etmişdir. Bundan sonra oğlu Fəramərz, sonra onun oğlu Fərruxzad,
sonra onun oğlu ədalətilə məşhur Keyqubad və sonra da oğlu Kavus
Şirvanda hökmranlıq etmişdir.
Kavus ədalətli və rəiyyətpərvər
bir padişah olub, uzun müddət padişahlıq etmişdir. O, Əşrəf
Çobanini dəf etmək üçün Canibəy xana dəfələrlə
yaxşı yardım göstərmişdir. Hicri
774-cü (=1373) ildə vəfat etmişdir. Qəbri Quba şəhərinin
xaricində indi də mövcuddur. Onun oğlu Huşəng on ilə yaxın
qanun, ədalət və bacarıqla hökmranlıq edib, vəfat etdi. Sonra,
düşmənlərin qələbəsi üzündən, hökumət bunların əlindən
çıxdı.
Şirvanda hökmran olan bir
əmir çox zülm edirdi, şirvanlılar birləşib onu öldürdülər.
Bu zaman Şeyx İbrahim Dərbəndi ibni-Sultan Məhəmməd ibni-Keyqubad
Şirvanşah, Şirvan şəhərlərindən sayılan Şəkidə, yoxsul bir
halda əkinçiliklə məşğul olurdu. Şirvanlılar gəlib onu tarlada
bir ağacın altında yatmış gördülər. Əyninə şahanə paltar
və başına əmmamə qoyaraq, gətirib padişahlıq taxtına oturtdular.
O, yuxarıda deyildiyi kimi, Əmir Teymur Kürəkənlə müasir olmuşdur.
Tarixçilərdən bəzisi deyir
ki, Əmir İbrahim Təbrizi alıb, ertəsi il daha da irəliləmək
istəyirdi. Lakin aldığı yerləri də əldən verdi. Bu hadisə,
ola bilsin ki, türkmən Qara Yusifin Sultan Əhməd Elxani ilə müharibə
etdiyi və Azərbaycan işlərinin tamamilə qarma-qarışıq olduğu
bir zamanda əmələ gəlmişdir. Məlum olur ki, Əmir Qara Yusif hicri
813-cü (=1411) ildə, Sultan Əhmədi öldürdükdən sonra, Təbrizi
Əmir İbrahimin əlindən alıb, Şirvanı da ələ keçirmişdir.
Bunu, Dərbəndin «Qiyamət dərvazası» üzərindəki kitabə də
təsdiq edir. Kitabəyə görə, bu dərvaza hicri 814-cü (=1412) ildə
Qara Yusifin oğlu Əmir İsfəndiyarın əmrilə təmir edilmişdir.
Bu məsələ, Hacı Zeynəlabidin
Şirvaninin sözləri ilə də təsdiq edilməkdədir. O,
«Riyazüssəyahət»ində belə
Qara Yusif külli qoşunla
Şirvana gəlib bir çox yerləri viran etdi. Əmir İbrahimi əsir
edib ondan çoxlu mal-dövlət aldı. Lakin hökuməti yenə özünə
verdi.
Hicri 820-ci (=1418) ildə
Əmir İbrahim vəfat etdi və oğlu Sultan Xəlil padişahlıq
taxtına oturdu. «Sultan Xəlil» tərkibi əbcəd hesabilə
onun taxta oturması tarixidir. Bakı, Quba və Səlyan yollarında
olan karvansaraların bəzisi, Bakıdakı bir çox məscidlər və burclar
onun tərəfindən bina edilmişdir. Bundan əlavə o, Dərbənd şəhərinin
hasar və qalasını da təmir etdirmişdir. Onun adı bu abidələr
üzərindəki kitabələrdə indi də oxunmaqdadır. Bakıda tikdirmiş
olduğu ali imarətin (sarayın) xarabaları onun şan və şövkətindən
bir nişanədir.
«Riyazüssəyahə»də deyilir:
İskəndər Qara Yusif oğlu külli qoşunla Şirvana gəldi. Sultan
Xəlil qaçdı və türkmənlərdən bu ölkəyə saysız sədəmə
toxundu. O, Şahrux mirzənin köməyilə türkmənlərin şərrini
dəf etdi. 53 il səltənət sürdükdən sonra, Sultan Xəlil vəfat
etdi. Oğlu Fərrux Yəsar ona canişin oldu. «Şirvanşah» tərkibi
(əbcəd hesabilə) onun taxta oturması tarixidir. Hicri 906-cı (=1501)
ildə Şah İsmayıl Səfəvi ilə apardığı müharibədə öldürüldü,
Sonra, oğlanları Bəhram bəy və Qazi bəy hər biri bir ilə yaxın
hökumət sürdü. Onlar ədalətli və rəiyyətpərvər idilər. Vəfatlarından
sonra, Şeyxşah ləqəbli İbrahim ibni-Fərrux Yəsar taxta oturdu.
O, bir neçə vaxtdan sonra Şah İsmayıl və Şah Təhmasib Səfəvi
ilə sülh etdi. Onların hakimiyyəti altında 22 il asudə hökmranlıq
sürdükdən sonra vəfat etdi. Oğlu II Sultan Xəlil taxta oturub,
Şah Təhmasiblə qohum oldu. O, hicri 942-ci (=1536) ildə vəfat etdi.
Ondan sonra Şahrux ibni-Sultan Fərrux ibni-Şeyxşah əmirlər və
dövlət böyüklərinin arzusu ilə səltənətə keçdi, lakin uşaq
olduğundan iş baş tutmadı. Hicri 945-ci (=1539) ildə, Şirvan vilayəti
İran padişahının təsərrüfünə keçdi.
I Şah Təhmasib Səfəvi buranın
idarəsini öz qardaşı Əlqas mirzəyə verdi. Əlqas mirzə
üsyan etdikdən sonra Şah Təhmasib hicri 954-cü (=1547) ildə oğlu
İsmayıl mirzəni buraya hakim göndərdi. Hicri 955-ci (=1548) ildə,
şirvanşahlar nəslindən Bürhan mirzə adlı bir nəfər fürsət
tapıb Şirvanı aldı. Lakin bir neçə gün hökmranlıq sürdükdən
sonra vəfat etdi.
Şirvan hökuməti, şahın
bibisi oğlu və damadı Ustacallı Abdulla xana həvalə olundu. O
da 17 il hökmranlıq sürdükdən sonra vəfat etdi. Bundan sonra,
rumlu Aras xan 13 il hökmranlıq sürdü. Hicri 986-cı (=1578) ildə
Bürhan mirzənin oğlu Əbubəkr mirzənin təhrikilə, osmanlı sərkərdəsi
Lala paşa gəlib Şirvanı aldı və Osman paşanı buraya hakim təyin
edib geri qayıtdı.
Rum və İran qoşunları
bir müddət idi bir-birilə müharibə edirdilər. İranın
vəziri--əzəmi Mirzə Səlman gəlib Osman paşanı məğlub
etdi. O da bu məğlubiyyətdən sonra Dərbəndə getdi. Şirvanda
qalan Məhəmmədqulu xəlifə Zülqədər, osmanlı-tatar müharibəsində
öldürüldü. Şirvan ikinci dəfə Osman paşanın əlinə keçdi.
Mirzə Səlman yenə gəldi. Osman paşa da Dərbəndə qayıtdı.
Peykər xan Qacar və
onun vəfatından sonra Xəlifə Ənsar Qaradaği Şirvana hakim təyin
olundular; lakin onlar bir iş görə bilmədilər və hər ikisi çox
keçmədən vəfat etdi. Bunlardan sonra Osman paşa, sonra Həsən
paşa, Mahmud paşa və Əhməd paşa Şirvanda hökmranlıq sürürdülər.