A.Bakıxanov - Gülüstani-İrəm

Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат

Краткое описание

[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar

Содержимое работы - 1 файл

A.Bakıxanov - Gülüstani-İrəm.doc

— 1,021.50 Кб (Скачать файл)

Hicri 1016-cı (=1607) ildə I Şah Abbas gəlib buranı aldı. Bu zamandan etibarən Şirvanı İran bəylərbəyisi idarə etməyə başladı. Qaramanlı Zülfüqar xan--2 il,

Yusif xan--18 il, Ərəb xan--8 il, Fərəc xan--3 il, Ərəb xan-11 il, Xosrov xan--8 il, Mənuçehr xan--6 il, Hacı xan--3 il, Məhəmmədi xan--2 il, Nəcəfqulu xan--7 il, Mehrəli xan--13 il, Məkriqulu xan--2 il, Səid xan--7 il, Əliqulu xan--6 il, Musa xan ilə Həsənəli xan--20 il və Hüseyn xan--2 il Şirvanda bəylərbəyi olmuşlar. 

Hicri 1124-cü (=1712) ildə müskürlü Hacı Davud, üsminin və Surxayın köməyilə Quba hakimini tələf edib, Şamaxını aldı və qüdrətli bir hökmran oldu. Sonra, hicri 1138-ci (=1725) ildən Nadir şahın gəlməsinə qədər, Şamaxı 9 il Surxay xanın ixtiyarında qaldı. Şirvan alınandan sonra, Məhəmmədqulu xan Səidli və Əliqulu xan Şirvana hakim təyin olundular. 

Nadir şah tac qoyduqdan sonra, qardaşı İbrahim xan üç il, Qaplankuhdan Dağıstanın son sərhəddinə qədər idarə edirdi. Xorasanlı Mehdi xan isə, Şirvana əmirülüməra təyin edilmişdi. Mehdi xanın  öldürülməsindən sonra, Sərdar xan Qırxlı 5 il və Heydər xan Əfşar 1 il Şirvanda əmirülüməra oldular. 

Hicri 1157-ci (=1743) ildə, Sam mirzə və Məhəmməd xan Surxay xan oğlu Şirvanın asayişini pozub, az bir müddət hökmran oldular, Azərbaycan sərdarı  Aşur xan və Fətəli xan Əfşar onları ölkədən çıxardılar. Lakin Nadir dövrünün son günləri tamamilə iğtişaş zamanı olduğundan, Şirvanın işləri də intizam tapmadı. Nadir şah vəfat etdikdən sonra, Şirvanın hər bir vilayətində ayrı və müstəqil xanlıqlar əmələ gəldi. Onlar Şirvan, Şəki, Bakı, Quba və Dərbənd xanlıqlarından ibarət idi. Lakin Dərbənd xanlığı tezliklə Quba xanlığı ilə birləşdi, yerdə qalan dörd xanlıq da müxtəlif zamanlarda rus dövlətinin təsərrüfünə keçdi. 
 
 
 

DÖRDÜNCÜ FƏSİL 
 

SƏFƏVİLƏR   DÖVLƏTİNİN   ZÜHURUNDAN   NADİR   ŞAHIN VƏFATINA  QƏDƏR 

Aləmara,[İstinad: «Aləmara»--tam adı: «Tarixi-aləmarayi-Abbasi»dir. I Şah Abbasın  münşisi İskəndər bəyin əsəridir. O, bu kitabında səfəvi dövlətinin mükəmməl bir tarixini yazmışdır. İskəndər bəy  özü  Azərbaycan  tərəkəmələrindən olub,  təqribən hicri  968-ci (=1560) ildə  anadan olmuşdur.] Həbibüssiyər və sair bir çox tarixi mənbələrə görə, Səfəviyyə sultanları Şeyx Səfiyyəddin İshaqın nəslindən olduqları üçün bu ləqəblə adlanmışlar. Şeyx Səfiyyəddin, ata-babadan böyük və məşhur seyidlərdən və hörmətli şeyxlərdən biri olmuşdur. Onun Ərdəbildəki ali türbəsi, indi də xalqın ziyarətgahıdır. Nəsəbi 21 -ci arxada, yeddinci imam Museyi-Kazimə çatır. 

Şeyx Səfiyyəddindən sonra, oğlu Şeyx Sədrəddin Musa, ondan sonra oğlu Xacə Əli, ondan sonra Şeyxşah adı ilə məşhur oğlu İbrahim və ondan sonra da oğlu Şeyx Cüneyd zahiri və batini dövləti (hakimiyyəti) öz şəxslərində toplamışdılar. Hər tərəfdən çoxlu mürid onların asitanəsinə üz qoyub irşad gözləyirdi. Şeyx Cüneydin cah-cəlalı və müridlərinin sayı gündən-günə artırdı. 

O  zaman İraqi-Ərəb, İraqi-Əcəm və Azərbaycan padişahı olan türkmən qaraqoyunlu Cahanşah, dövlətinin zəvalından qorxuya düşüb, Şeyx Cüneyd haqqında bədgüman oldu. Ancaq, bədnamlıq   qorxusundan,   ədavətini    izhar    edə    bilmirdi. Axırda, bəzən kinayə və bəzən də açıqdan-açığa onun bir tərəfə getməsini arzu etdi. Şeyx   Cüneyd də öz tərəfdarları ilə Diyarbəkirə getdi. Diyarbəkir  vilayətinin  yarısına hakim olmuş və Uzun   Həsən ləqəbilə   şöhrət   tapmış  olan türkmən ağqoyunlu Həsən bəy Cahanşaha itaət etmirdi. O, öz bacısı Xədicə bəyimi Şeyx Cüneydə verdi. Bir zaman keçəndən sonra Şeyx Cüneyd yenə Ərdəbilə qayıtdı. Bu zaman Cahanşah onu dəf etmək xəyalına düşdü. Şeyx Cüneyd də öz müridlərinin sayını artırıb səltənət iddiasına başladı. Çərkəzlərə qarşı müharibə etmək fikrilə 10.000 nəfər toplayıb Şirvan tərəfinə hərəkət etdi. «Fütuhati-Əmini» kitabında deyilir ki, o, Şirvanı almağa getmişdi. Necə olursa-olsun, şirvanşah Sultan Xəlil Təbərsəran əhalisinin təhrikilə, onun Çərkəz tərəfinə getməsinə mane oldu və qoşun toplayıb döyüşə çıxdı. Şeyx Cüneyd müharibədə öldürüldü. Səfəviyyə xanədanının təbərsəranlı tərəfdarlarından bir dəstə camaat, onun nəşini Samur çayının sol tərəfində, Qıpçah kəndinin yaxınlığında olan müharibə meydanından çıxarıb Quba və Qülhan nahiyəsinin Quryan (indiki Həzrə) kəndində basdırdılar. Öldürüldüyü yerdə indi də nişangahı vardır. 

Bu hadisə hicri 851-ci (=1447) ildə vaqe olmuşdur. Yüz il keçəndən sonra, I Şah Təhmasib Səfəvi, onun qəbri üzərində ali bir türbə tikdirmişdir. Asarı indi də mövcud olub, yerli əhalinin ziyarətgahıdır. Həsən bəyin bacısı oğlu Şeyx Heydər atasının canişini oldu. Həsən bəy padişahlıq məqamına çatınca, öz qızı Həlimə bəyimi Şeyx Heydərə verdi, onun şövkət və iqtidarını daha da artırdı. Bundan sonra Şeyx Heydər, guya ona yuxuda əmr olunubdur deyə, o zaman mütəarif olan türkmən taqiyəsi əvəzinə, başına qırmızı şaldan on iki tərkli (dilimli)... bir tac qoydu. Müridləri də ona tabe olaraq bu papaqla başqalarından seçildilər, o zamandan qızılbaş adı ilə məşhur oldular. 

Həsən padişah öləndən sonra, oğlu Sultan Xəlil və bundan sonra da Sultan Yaqub padişahlıq etdi. Şeyx Heydər, dayısı oğlu Sultan Yaqubun ona qarşı olan rəftarını yaxşı görmədi. Hicri 893-cü (=1488) ildə çərkəzlərə qarşı cəhada başlamaq üçün Şəki yolu ilə Dərbəndə getdi. Dərbənd əhalisi onun qoşununa hücum etdi, o da Dərbəndin fəthini qərara aldı. Mühasirə edilmiş qala əhalisinin vəziyyəti çətinləşdi. Şeyx Heydəri dəf etməyə iqtidarı olmayan şirvanşah Fərrux Yəsar, damadı Sultan Yaqubun yanına bir-birinin ardınca elçilər göndərib kömək istəyirdi. O deyirdi ki, əgər Şeyx Heydər Şirvanı istila etsə, türkmən dövlətinin də məhv olmaq qorxusu vardır. Sultan Yaqub, şirvanşahın köməyinə Bicən oğlu Süleyman bəyin komandası altında 4.000 seçmə əsgər göndərdi. O da öz qoşununu toplayıb, Şeyx Heydərin ardınca getdi. Dərbənd qalası alınmaq üzrə ikən, onların yetişmək xəbəri Şeyx Heydərə çatdı. O, qalanın yanından onları qarşılamağa getdi və Təbərsəran hüdudunda iki qoşun üz-üzə gəldi. Şiddətli müharibə oldu və bu müharibədə hər iki tərəfdən bir çox adam tələf oldu, Şeyx Heydər özü də ox yarasından öldü. 

«Fütuhati-Əmini»də deyilir: bu xəbərlərin əsli, Şeyx Heydər oğlu Şah İsmayılın buyuruğu ilə, bu müharibədə iştirak edən Həsən bəy lələ və Fərrux ağa kimi şəxslərdən öyrənilmişdir. Şeyx Heydərin nəşini, müridləri Təbərsəranda dəfn etdilər. Bu hadisədən 22 il keçdikdən sonra hicri 915-ci (=1510) ildə, Şah İsmayıl ikinci dəfə Şirvana gəldiyi zaman onun nəşini Ərdəbilə apardı. Müəllif deyir: onun qəbri Təbərsəranın Ətək mahalında, Rubas çayının sol kənarındadır. Bu qəbr, Tənit kəndinin bir ağaclığında olub, üzərindəki günbəz indi də yerli əhalinin ziyarətgahıdır. 

Şeyx Heydərin vəfatından sonra, onun böyük oğlu Sultan Əli, Ərdəbildə irşad məsnədinə (təriqət başçılığına) keçib, hökmranlıq üçün hazırlanmağa başladı. Bu xanədanın müridləri, əqidələrini aşkara çıxarıb, beyəti təzələyirdilər. Sultan Yaqub onu, qardaşları və anası ilə bərabər İstəxri-Fars qalasına göndərib, həbs etdirdi. Sultan Əlinin anası Sultan Yaqubun bacısı idi. Onlar dörd il yarım orada qaldılar. Rüstəm mirzə, yuxarıda göstərildiyi kimi, vaxtın təqazasına görə, onları Təbrizə gətirtdi. Baysunqar mirzə öldürüldükdən sonra, Sultan Əlini izzət və ehtiramla Ərdəbilə göndərdi. Bir neçə vaxtdan sonra, Rüstəm mirzə sufi firqəsinin toplanmasını və müridlərin artmasını görərək Sultan Əlidən şübhəyə düşdü. Onu yenə qardaşları ilə bərabər Təbrizə gətirtdi və üzərində gözətçilər qoydu. 

Müridlərin gizli və  aşkar olaraq gediş-gəlişi davam etdiyindən, Rüstəm mirzə onu dəf etmək fikrinə düşdü. Sultan Əli, qardaşları və 700 nəfər müridləri ilə bərabər, Ərdəbilə doğru hərəkət etdi. 4000 əsgər ilə onu təqib etməyə məmur edilən Əbih sultan, Ərdəbilin şimal tərəfində ona çatdı. Dava qızışdı və Sultan Əli öldürüldü. Sufilərin başçıları, altı yaşlı qardaşı İsmayıl mirzəni o biri qardaşı İbrahim mirzə ilə bərabər, gizli olaraq, Ərdəbilə gətirdilər, 40 gündən sonra da Gilana apardılar. Tərkibi, əbcəd hesabilə İsmayıl mirzənin anadan olması tarixidir. Bu hadisə, hicri 898-ci (=1493) ildə üz vermişdir.  

Nə   qədər   ki,   türkmən    təbəqələri   arasına    ikitirəlik düşməyib, istiqlaliyyətləri ixtilala üz tutmamışdı  Gilan hakimi Mirzə Əli Karkiya onlara qarşı lazımi məhəbbət göstərirdi. İsmayıl mirzə hicri 906-cı   (=1501)  ildə xüruc edərək, Rum ilə Şam sufi və müridlərindən 1500 nəfərlə Ərdəbilə gəldi. Qoşunu az    olduğundan, müharibəni məsləhət görməyib Talışa   getdi. Qış qurtarandan   sonra yenə Ərdəbilə gəlib Qarabağa hərəkət etdi. Oradan da şahanə

bir cah-cəlal və başına toplanan külli qoşunla, Şirvana

yola düşdü. 

Fərrux  Yəsar  20000  atlı və   neçə   min  piyada  qoşunla «Gülüstan qalası» yaxınlığında, Cəbəlani yaylağında  onunla hərb etdi. Gülüstan qalasının xarabası   Şamaxı şəhərinin yuxarısında, bir dağ üzərində «Qız qalası» adı ilə məşhurdur. O, buradakı döyüşdə məğlub olub, qoşun böyüklərindən bir çoxu ilə    bərabər    öldürüldü.    Şirvanşahın igid oğlu Şeyxşah, gəmiyə minib Gilana getdi. Şah İsmayılın səltənət təbli bu ölkədə çalındı. Qışı Şirvanın Mahmudabad şəhərində keçirdi. Şirvanın qalaları   və   şəhərləri   bütün    xəzinələri   ilə   bərabər    onun əlinə keçdi. Lakin   bəzi qalaların  əhalisi təslim  olmaq istəmirdilər. I Şah İsmayıl, bir tərəfdən çox dərin xəndək, üç tərəfdən isə dəniz ilə əhatə olunmuş Bakı qalasını   azacıq müdafiə və müqavimətdən sonra  fəth  etdi.    Bu qalanı Nuşirəvan bina etmişdi. Şirvan padişahları da ona çox möhkəm bir burc çəkmişdilər. Bundan sonra, məşhur qalalardan hesab edilən və Şirvan əmirləri ilə əhalidən bəzisinin sığınağı olan Gülüstan qalasını mühasirəyə aldı. Bu zaman xəbər yetişdi ki, Əmirzadə Əlvənd türkmən əsgərləri ilə Naxçıvana    gəlib, qoşunu    hər   iki    tərəfdən onunla vuruşa hazırlamışdır. Şah İsmayıl buradan Azərbaycana yola düşdü. Əmirzadə Əlvənd, Muslu Əmir Osmanı bir dəstə qoşunla göndərdi. Şah İsmayıl da   öz qoşunlarından bir dəstəni onun qarşısına    göndərdi.    Şiddətli müharibədən sonra türkmən qoşunu məğlub oldu.  Əmir Osman, bir dəstə böyük adamlarla əsir düşüb öldürüldü. Əmirzadə Əlvəndin özü 30000 əsgərlə onun qabağına yeridi. Hicri 907-ci   (=1502)   ildə, Naxçıvanın  Şərur   adlı   yerində, Şah İsmayıl 7000 qızılbaş qoşunu  ilə onu  məğlub edib, böyük adamlarından və qoşun əhlindən bir çoxunu öldürdü. Külli qənimət ələ keçdi. Əmirzadə Əlvənd Ərzəncana qaçdı. Şah İsmayıl Təbrizə gəlib səltənət taxtına oturdu və o zamana qədər gizli saxlanan şiə məzhəbini aşkara çıxardı. Həmədan ətrafında Sultan Muradı da məğlub etdi. 

Sultan Murad məğlub olduqdan sonra, bir müddət Bağdadda qaldı. Buradan damadı Əlaüddövlə Zülqədərə pənah apardı. Onun vasitəsilə öz məqsədinə çatmaq istədi. Hicri 912-ci (=1507) ildə Zülqədərin qoşunu ilə gəlib Diyarbəkirin qala və şəhərlərindən bəzisini aldı. Sonrakı il Şah İsmayıl çoxlu qoşunla onu dəf etməyə getdi. Müharibə alovu iki gün şiddətlə şölələndi, üçüncü gün Sultan Murad məğlub olub, yenə Əlaüddövlənin yanına getdi. 

Şah İsmayıl bir-birinin ardınca Diyarbəkir, İraqi-Ərəb, İraqi-Əcəm, Fars, Xorasan və Mavəraünnəhrin bəzi yerlərini fəth edib, yenə də Təbrizə qayıtdı. 

Bu zaman xəbər çatdı  ki, Şeyxşah Şirvanı ələ keçirib istiqlaliyyətdən dəm vurur və xərac verməkdən də boyun qaçırır. Bu xəbər şahın qəzəbini alovlandırdı. Qışın şiddətli soyuq bir çağında, hicri 915-ci (=1510) ildə, Şirvana hərəkət etdi. Şeyxşah müqavimət göstərə bilməyib Beyqurd qalasına qaçdı. Bu qala Şamaxının üç ağac şimalında, çətin keçidli bir yerdə olub xarabaları indi də mövcuddur. Bu qalanın yanında həmin adla böyük bir kənd də vardır. 

Şah İsmayıl Şirvana gəlib Lələ bəyi Şamaxıda Şirvan hakimi təyin etdi və özü də bu vilayətin qala və şəhərlərini almaqla məşğul oldu. Bakı və Şabran qalasının mühafizləri təslim oldular. Dərbəndlilər qalanın möhkəmliyinə arxalanaraq bir neçə gün müqavimət göstərdilərsə də, axırda təslim oldular. Şah İsmayıl, yeni hökumətə dayaq olmaq və onu möhkəm saxlamaq üçün İraqda yaşayan Bayat türklərindən bir dəstəni siyahi üzrə köçürüb Dərbənd və Şabranda yerləşdirdi. Özü də həmin qışda Qarabağa gəldi, baharda Sultaniyyəyə getdi. 

Sultan Səlim, hicri 920-ci (=1515) ildə, İran ilə müharibəyə gəlib Çaldıran səhrasında Şah İsmayıla qalib gəldi və Təbrizi aldı. O burada doqquz gün qaldıqdan sonra Ruma qayıtdı. Qürurunun çoxluğundan, Əlaüddövlə bu iki padişahdan heç birini (Sultan Səlimi və Şah İsmayılı) tanımaq istəmirdi. Buna görə Sultan Səlim Fərhad paşanı onu cəzalandırmağa məmur etdi. Əlaüddövlə öz tayfasından bir çoxu ilə bərabər öldürüldü. Sağ qalanlardan bəzisi Ruma dağıldı və bir parası da sonralar Zülqədər oğlu adı ilə məşhur olan nəvəsi ilə Azərbaycana gəldi. Şəmsəddinli mahalı bunlardandır. Bir çoxları da Car, Tala və Dağıstanla qonşu olan yerlərə dağıldılar. Ləzgilər «z»  hərfini «b» hərfi ilə dəyişərək, bunlara indi də Bülqədər deyirlər. 

Bu tayfa Hülaku xanın Türküstandan köçürüb Şirazda yerləşdirdiyi türkmənlərdəndir. Bunlar oradan Diyarbəkirə və Mosula gələrək, cəlal və iqtidar sahibi olduqdan sonra, qonşu vilayətlərə təcavüz edirdilər. Bunlardan on nəfəri, yüz otuz səkkiz il o ölkədə hökmranlıq etmişlər. Bunların sonuncusu olan Əlaüddövlə, bir dərəcəyə çatdı ki, bir-birilə vuruşmaqda olan Misir və Şam valilərinin hər ikisi onun köməyinə möhtac oldu. Buna görə o deyərmiş: «Mənim iki toyuğum var, bunlardan biri qızıl, digəri isə gümüş yumurtlayır». 

Hicri 929-cu (=1523) ildə,  Şah İsmayıl Azərbaycanda olduğu zaman, Şirvan hakimi Şeyxşah ona itaət edərək çoxlu hədiyyə ilə hüzuruna gəldi. Şirvanşahlar xanədanına mənsub bir şahzadə xanımı da Şah İsmayılın hərəmxanasına göndərdi. Bu kimi yaxşı xidmətlərinə görə, Şirvan vilayətləri yenidən ona tapşırıldı. 

Sonrakı il, hicri 930-cu (=1524) ilin əvvəllərində, yayın axırlarında Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məzaclı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işlərilə məşğul olmasına baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub şeir söyləməyə də maildi. Şah Xətai təxəllüsü ilə yazmış olduğu gözəl şeirlər indi də xalq arasında məşhurdur. Bu aşağıdakı beyt onun şeirlərindəndir: 

/*

Bisutun   dağı   zar-zar  ağlamğımı   eşidincə,   yerindən oynadı,

Fəryad edib dedi: indi artıq başqa bir Fərhad

meydana gəlmişdir.

*/ 

Ondan sonra, oğlu I Şah Təhmasib padişahlıq taxtına oturdu. Çox keçmədi Şeyxşah da vəfat etdi. Oğlu II Sultan Xəlil Şirvan əyalətində müstəqil oldu. O, Şah Təhmasiblə qohum olmaq şərəfinə nail oldu. 

Padişahından üz çevirib İranla müharibə qızışdıran Təkəli Ülamə sultanın təhrikilə, hicri 940-cı (=1533) ildə, Sultan Süleyman ibni-Sultan Səlim Xandigar saysız qoşunla Azərbaycana gəldi. Şah Təhmasib üz-üzə hərb etməyi məsləhət görməyib düşmənin işini azuqə, ələf qıtlığı və qışın şiddətilə bitirmək istədi. Sultan Süleyman çox çətinliklə Sultaniyyəyə və oradan da, Bağdada getdi. O şəhəri aldıqdan bir il sonra, Azərbaycana qayıdıb Təbrizi tutdu. Lakin dövlət işlərinin qarışıqlırı və əsgəri qüvvənin nizamsızlığı üzündən Ruma qayıtmağa məcbur oldu. 

Gilan tarixini yazan Əbdülfəttah Fumeni deyir: Sultan Süleyman Xoy və Səlmasa gəldiyi zaman, Gilan hakimi və Şah Təhmasibin damadı Əmir Dubac-Müzəffər sultan onun tərəfinə keçərək, 8.000 nəfərlə hüzuruna getdi. Geri qayıtdığı zaman öz nemətilə bəslənən Gühdüm hakimi Əmir Hatəm onun üzərinə basqın edərək, onu məğlub və ordusunu talan etdi. Bu hadisədən sonra, Gilan əhalisi də ondan üz çevirdi. O da əlacsız qalaraq gəmiyə minib Şirvana getdi. Şamaxıya çatandan sonra məlum oldu ki, Dərbənd hakimi və şahın damadı olan başqa bir Müzəffər sultan vəfat etmiş və arvadı dul qalmışdır. Şah Təhmasibin bir bacısı da Əmir Dubacın arvadı olub, vəfat etmişdi. O, Şah Təhmasibin bu bacısını o biri bacısının yerinə almaq istədi. O bununla möhkəm Dərbənd qalasını ələ keçirmək və özünə sığınaq etmək ümidində idi. Yola düşüb Dərbənddə ölən hakimin mənzilinə getdi. Bir neçə gün orada qalandan sonra mətləbini izhar eləyib bu xüsusda israr etdi. Şahzadə xanım gizli olaraq, Təbrizə qardaşının yanına bir adam göndərib macəranı ona bildirdi. 

Şah Təhmasib Muğan və Arasbar hakimi şamlı Bayəzid sultana qəti hökm verdi. O da tam sürətlə gedib Müzəffər sultanı tutdu. Başına taxta papaq qoyaraq, cürbəcür təhqir və istehza ilə Təbrizə gətirdi. Təbrizdə əyninə içi barıtla doldurulmuş bir don geydirdilər, dəmir bir qəfəs içərisində Rəşidiyyə minarəsinə çıxardıb gülləbaran etdilər. 

Hicri 942-ci (=1535) ildə  Sultan Xəlil sonsuz olaraq vəfat etdi. Şirvan əmirləri, onun qardaşı oğlu Şahrux ibni-Sultan Fərrux ibni-Şeyxşahı, uşaq ikən taxta oturtdular. Bu sülalənin dövlət qanunları, əmirlərin özbaşınalığı üzündən gücdən düşüb, hərc-mərclik əmələ gəldi. Bu zaman bir dərviş, Sultan Məhəmməd ibni-Şeyxşah iddiası ilə külli qoşun toplayaraq Səlyanı tutdu. Şahruxun yaxın adamları, əmirlərin qanunsuzluğu və əsgərlərin intizamsızlığı üzündən, onu dəf etməyə müqtədir olmayıb Beyqurd qalasına qaçdılar. Dərviş şirvanşahlar paytaxtı Şamaxı şəhərinə gəldi. Dərvişin başına yığılanlar da başıpozuq olub, yanında ağıllı və iş bilən adam olmadığından, ehtiyatsızlıq edərək, səbəbsiz, Şamaxını buraxıb Səlyana qayıtdı. Beyqurd qalasında olan Şirvan böyükləri, onun getməsindən xəbər tutub, Şahrux Mirzənin ordusu ilə onu təqib etdilər. Səlyan ətrafında onu tapıb hərbə başladılar. Dərviş məğlub olub şirvanlıların əlinə keçdi. Şeyx Padar onu öldürdü. Lakin Şirvan əmirləri, həddindən artıq nizamsızlığa, xalqın malına və namusuna təcavüz etməyə başladılar. Şahrux uşaq olduğu üçün, onlara mane ola bilmədi. Qorçibaşı Padar, qoşun və rəiyyətin bir qismi əmirlərin zülmündən Şah Təhmasibin hüzuruna şikayət etdilər. O, hicri 945-ci (=1538) ildə, öz qardaşı Əlqas mirzəni, Məntəşa sultan, bir dəstə Qacar əmirləri, Qarabağ talışlarından mürəkkəb 20000 nəfərlik bir qüvvə ilə Qorçibaşı Padarla birlikdə Şirvanı almağa göndərdi. Onlar Şirvana gəldilər. Şirvanlılar onlara boyun əyməyib, qalaları təcrübəli adamlarla möhkəmləndirib, müdafiəyə başladılar. Qızılbaş əsgərləri əvvəlcə Sürxab və daha sonra Qəbələ qalasını aldılar. Şahzadə, Şirvan qalalarının ən möhkəmi olan Gülüstan qalasını almaq üçün bir dəstə qoşun təyin etdi. Özü də Şahrux mirzənin olduğu Beyqurd qalasına üz qoydu. Şahrux mirzənin vəkili Hüseyn bəy, igid və cəsur qoşunu ilə qarşıya çıxdı. Beyqurd dərəsində müharibə odu alovlandı Hüseyn bəy məğlub olub qalaya qayıtdı və qalanı müdafiə etməyə başladı. Dörd aylıq mühasirədən sonra, Şəki hakimi Dərviş Məhəmməd xan, şirvanlıların köməyinə gəldi. Şəbxun vurmaq məqsədilə o, qızılbaş ordusuna yaxınlaşdı. Nağara vurulub şeypur çalındı, qorçu və sairdən ibarət bir dəstə döyüşə çıxıb qalib gəldi. Dərviş Məhəmməd xan, qoşunundan bir çoxunu ölümə verdi və heç bir iş görə bilməyib geri qayıtdı. Şirvanlılar köməksiz qaldıqları üçün müqavimət göstərə bilmədilər və qalanı müdafiədən aciz olub xəbər göndərdilər ki, əgər şah özü gələrsə, biz qalanı ona təslim edərik. Əmirlər işin keyfiyyətini şaha ərz etdilər. Şah Təhmasib Mərənddən köçüb, qalanın ayağına gəldi. Ertəsi gün vəkil Hüseyn bəy, Şirvanın böyükləri və əyani ilə bərabər, Şahrux mirzəni şahın hüzuruna gətirdilər. Qala və xəzinələrin açarlarını təslim etdilər. Gülüstan qalabəyisi də hüzura gəlib qalanı təslim etdi. Vəkil Hüseyn bəy, Şirvanın bir çox əyanları ilə bərabər öldürüldü. 

Bir il sonra Şahrux mirzə  də vəfat etdi. Şirvan hökuməti şahzadə Əlqas mirzəyə tapşırıldı. Əlqas mirzə Şirvanda 9 il müstəqil hökmranlıq sürdü. Axırda əzəməti, mənsəbi və qoşununun çoxluğuna güvənərək öz vəlineməti və böyük qardaşı olan padişaha asi oldu... 

Bu hadisənin təfsilatı  belədir: Əlqas mirzə, azğınlıq havasilə qardaşının rəyinə müxalif işlər görüb gündən-günə üsyan və müxalifətini artırırdı. Axırda, Şah Təhmasib onun fitnəsini dəf etmək üçün Şirvana hərəkət etdi. Əlqas mirzə qəflət yuxusundan bir az oyanıb, öz keçmiş hərəkətlərindən peşman oldu. Bağışlanmaq üçün anasını və oğlu Əhməd mirzəni şahın hüzuruna göndərdi. Üzr istəyib qəliz andlarla həmişəlik ixlas və itaətə söz verdi. Şah özü Gürcüstana yola düşüb, onu çərkəzlərə qarşı cəhada göndərdi. Lakin, Əlqas mirzə xütbəni öz adına oxudub və sikkəni öz adına vurdurmuş olduğundan, Şah Təhmasib Gürcüstandan qayıtdıqdan sonra, İbrahim xan Zülqədəri, Göycə sultan Qacarı və Şahverdi xan Ziyad oğlunu bir dəstə qoşunla basqın üsulilə Şirvanı almağa göndərdi. Bu zaman Əlqas mirzə hələ Çərkəzistanda idi. Onun ordu başçısı və inanılmış adamı olan Mihtər Dövlətyar onun ailəsini və köçünü götürüb Gülüstan qalasına çəkildi. Şahın əmirləri Şirvan vilayətini alıb, Gülüstan qalasını mühasirə etdilər. Əlqas mirzə bu xəbəri eşidincə, qayıdıb Dərbəndə gəldi. Əmirlərin üzərinə iki dəfə qoşun göndərdisə də, məğlub edildi. Şah Təhmasib əmirlərin köməyinə yeni qüvvə göndərdi, özü də onların ardınca yola düşdü. Əmirlər Əlqas mirzənin üzərinə yürüş etdilər. O, şah ordusu və əmirlərinin gəlməsi xəbərini eşidib, qorxuya düşərək Xınalıq tərəfinə qaçdı. Onun adamları dəstə-dəstə dağılmağa başladılar. Əmirlər Samur çayı kənarında ona yetişdilər. Lakin o bir çox çətinliklər çəkərək, 40-50 nəfərlə Dağıstana, Ğrim Şamxalın yanına getdi. Buradan Kəfəyə (Feodosiyaya), oradan da, İstanbula yola düşdü. Dərbənd və Gülüstan qalaları bir müddət onun məmurlarının əlində idi. Bu qalalar alındıqdan sonra, Mihtər Dövlətyar bir neçə nəfərlə öldürüldü. Şah Təhmasib Şirvan vilayətini öz oğlu İsmayıl mirzəyə verib, Göycə sultan Qacarı da onun xidmətində qoyaraq geri qayıtdı. 

Bu zaman, Şirvan sultanları  nəslindən Bürhan mirzə adlı bir nəfər Qaytaq camaatının arasında olurdu. Onun tərəfindən verilmiş hökm və fərmanlar üzərində olan möhrün mətni belədir: Bürhanəli ibni-Keyqubad ibni-Əbabəkr ibni Əmir İshaq ibni-Şeyx İbrahim. Bu adam hicri 954-cü (=1547) ildə Şirvana gəlib Qülhanda sakin oldu. Qoşun əhlindən bəzisi onun başına toplanıb, meşə və cəngəlliklər arasında müharibəyə hazırlandılar. İsmayıl mirzə və Göycə sultan çoxlu qoşunla onu dəf etməyə getdilər. Çarxçılar ilə Bürhan mirzənin adamları arasında şiddətli müharibə oldu. Şahzadənin ordusu yetişincə, Şirvan qoşunu basıldı və onlardan bir çoxu öldürüldü. Bürhan mirzə Dağıstana qaçdı. 

Əlqas mirzə Ruma gedib Sultan Süleymanı İran səfərinə tərğib etdi. O, üçüncü dəfə hicri 955-ci (=1548) ildə saysız qoşun, topxana və bir çox təchizatla İran üzərinə hərəkət etdi. Şah Təhmasib tam bir hazırlıqla qarşıya çıxdı. İsmayıl mirzə və Göycə sultan da, onun əmrinə görə, Şirvan qoşunu ilə bərabər bu müharibədə iştirak edirdilər. Xülasə, bir çox müharibələrdən sonra, Sultan Süleyman Ruma qayıtdı. Əlqas mirzə də İraqa və Farsa gedib, iğtişaş qaldırmağa başladı. Buradan da Bağdada gəldi. Axırda tutulub, qardaşının hökmü ilə bir müddət Qəhqəhə qalasında dustaq oldu. Ömrünün axırlarında Məşhədi-müqəddəsə gedib orada vəfat etdi. Gözəl təbi vardı... 

İsmayıl mirzə və Göycə sultan Şirvandan uzaqlaşınca Bürhan mirzə vilayəti boş görüb Şamaxıya gəldi və hökumət bayrağını qaldırdıqdan bir neçə gün sonra vəfat etdi. 

Hicri 956-cı (=1549) ildə Şirvan hökuməti Şah İsmayılın bacısı oğlu və damadı Abdulla xan Ustacallı ibni-Xan Məhəmmədə tapşırıldı. Şirvanlılar Bürhan mirzəyə bir neçə gün itaət etdiklərindən, Abdulla xandan qorxuya düşdülər və ittifaq edib Bürhan mirzənin qohumlarından Mihrab adlı bir nəfəri özlərinə hökmran seçdilər. Abdulla xan onları dəf etməyə getdi. Şirvanlılar məğlub edildi və bir çoxları öldürüldü. Mihrab mirzə də qaçdı və başına nə gəldiyi məlum olmadı. 

Информация о работе A.Bakıxanov - Gülüstani-İrəm