Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат
[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar
Ölkələr fəth etmək, Qafqaz
üzərinə qoşun Yüyürtmək, Ruma səyahət, Zərdüşt dinini
qəbul etmək və İstəxr şəhərinin binasını qoymaq kimi hadisələrə
baxılırsa, Kirus adının Keyxosrovdan ziyadə Güştasibə verilməsi
daha münasib olar; lakin xəbərlərin dolaşıq olması və mənbələrin
azlığı üzündən onu ayırd etmək çox çətindir.
Karamzinin yazdığına görə,
İran padişahı Dara Ermənistanda, Azərbaycanda və bu
ölkələr ətrafında qətl-qarətlə məşğul olan Skif
tayfasını cəzalandırmaq üçün çoxlu qoşunla onların
ucsuz-bucaqsız çöllərinə yeridi. Lakin o, heç bir iş görə
bilmədi, hətta az qaldı ki, qoşunu da tamamilə məhv olsun.
İskəndərnamə adı ilə
məşhur və tarixi bir əfsanədən ibarət olan farsca qədim bir
kitabda yazılmışdır: İskəndər, səfəri əsnasında Bakıya gəlir.
O əsrin qəhrəmanlarından sayılan bakılı Sədan, şəhəri bəzəyib
əyanlar və əhali ilə onu qarşılayır. İskəndəri şəhərə
gətirib ona lazımi xidmət göstərir. Sədan İskəndər qoşununun
yaxşı atlara ehtiyacı olduğunu bilib bu tərəflərdə Xəzrankuh
adlanan yerdə Firuz adlı bir qocanın hədsiz ilxısı olduğunu ona
xəbər verir. Bu ilxı keçmişdə Bəhmən şahın olmuşdur. İlxı
Firuzun ixtiyarına keçdikdən sonra, Hümay və Dara nə qədər istədilərsə
də, o vermədi. İskəndər Badpay adlı bir nəfəri gizlicə göndərdi
ki, Firuzun vəziyyətindən xəbər tutsun. Badpay gedib gördü ki,
o dağın ətəklərində rəngbərəng çadırlar qurulmuşdur. Bunların
arasında çin atlazından bir çadır qurulmuş və bir qədər camaat
onun ətrafına toplanmışdır. Çadırda, turanlı qırmızısaqqal
bir qoca oturmuşdu; onun əynində pələng dərisindən bir qaftan,
başında isə, dövrəsi qızıl zəncirdə tikili bəbir dərisindən
bir papaq və qarşısında da böyük bir əsa vardı.
Xülasə, ertəsi gün, Firuz
topladığı qırx min qoşunla İskəndərlə müharibəyə
çıxdı. O, İskəndərin şövkət və əzəmətindən xəbərdar
olunca, təslim olaraq ilxını gətirdib təhvil verdi. Yenə o kitabda
yazılmışdır ki, İskəndər böyük bir yunan şəhərinə çatdı.
Əhali təslim olmaq istəmədiyindən, İskəndər bu şəhəri xarab
etmək istədi. Şəhər dəniz səthindən aşağıda idi, lakin arada
dağdan bir hail var idi. Ərəstu hikmət üzrə 700 batman miqdarında
bir cür yağ düzəltdi. Bu yağ, daşı əhəng kimi əritdi. Bu qayda
ilə suyun yolunu açdılar və şəhəri batırdılar. Xilas olanların
bəzisi Gilan şəhərinin binasını qoydu.
Müəllif deyir: Bu kitabın
sözünə inanmaq olmasa da, ola bilər ki, bir zaman belə bir hadisə
başqa bir şəkildə üz vermiş olsun. İran əhalisi, bir çox böyük
və mühüm hadisələri İskəndərə isnad etdiklərindən, bunu da
ona isnad verirlər. İnkar etmək olmaz ki, Bakı ölkəsində Bilgəh,
Zirə, Bibiheybət və sair kəndlərdə və bəzi adalarda daşlar
üzərində dənizə doğru gedən araba yolları görünür. Bakı
şəhərində Hacı Ağa Hüseyn oğlu Hacı Babanın otağının yerində
quyu qazdıqları zaman dəniz səthindən aşağıda daşla döşənmiş
bir yol çıxmışdır. Bakı ilə Səlyan arasında da, dəniz sahilindən
təxminən səkkiz coğrafi mil aralı, suyun altında böyük bir şəhər
vardır. Quba qəzasından olan Müskür mahalında, Samur çayından
başlamış Şabran mahalına qədər, dəniz sahilindən təqribən
iki ağac aralı, məşhur bir təpə uzanır. Xalqın dediyindən və
dənizin əlamətlərindən aşkar görünür ki, bu yerlərdə bir
zaman dəniz olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, şəhəri batırmaq
üçün suyun buraxılması bu dənizin səthini aşağı salmış və
onu Cürcan dənizilə birləşdirmişdir.
Belə bir hal (yəni təpə
silsiləsi), Qumut ölkəsinin dəniz sahilindəki bəzi yerlərində
də müşahidə olunur. Atil çayı qolları və axmazlarının çoxluğu
da bu ehtimala qüvvət verir. Məsalikülməmalik[İstinad: «Kitabi-Məsalikülməmalik»--
Bakıdan türkmən sahillərinə
quru yol getdiyi xalq arasında çox məşhurdur. Şərq sahillərində
yaşayan əhali, at belində buraya (Bakıya) çapqına gələrlərmiş.
Bakı şəhəri qarşısında, dəniz içərisində indi də
görünən burclardan, hasarlardan, qəbir daşlarından və tarixçilər
tərəfindən bu şəhərin keçmiş vəziyyəti haqqında yazılan
təsvirlərdən məlum olur ki, dörd-beş yüz il bundan əvvəl abad
olan yerlər indi su altında qalmışdır. Ehtimal ki, bir zamandan
sonra bu yerlər yenə zahirə çıxsın.
Yadımdadır, qırx il bundan
əvvəl Bakı qalasının divarı iki arşın qədər suyun içində
idi; sonralar tədriclə, xüsusən bu dörd-beş ildə dənizin səthi
təqribən üç şah arşını aşağı enmiş və yenə də enməkdədir.
Lakin yuxarıda söylənən əlamətləri buna nisbət vermək və hər
halda qəti hökm vermək müşküldür. Bu böyük məsələ ayrı
tədqiqat və mülahizələrdən asılıdır.
Şeyx Nizami öz mənzum İskəndərnaməsində
deyir: İskəndər, fütuhatı əsnasında Ermənistana gəlir.
Bu yerin əhalisi atəşpərəst imiş. İskəndər şikar edərək
Bərdə mülkünə keçir. Bərdə şəhərinin xarabaları Qarabağ
ölkəsində, Kür çayı sahili yaxınlığında, indi də mövcuddur.
Bu şəhəri Pişdadiyan sülaləsindən Fridun bina etdirmişdir. Nuşabə
adlı bir qadın buranın hökmdarı imiş. Onun böyük şövkət və
cəlalı varmış. O, qonaqpərəstlikdə səhlənkarlıq etməyib lazım
gələn hər bir şeyi tədarük edər, ardı kəsilmədən İskəndərin
ordusuna göndərərmiş. İskəndər Nuşabənin camal və kamalının
tərifini çox eşitmiş olduğundan, libasını dəyişdirərək elçi
sifətilə onun yanına gedir. Nuşabə işin təhərindən onu tanıyır,
təzim və mehmannəvazlıq mərasimini yerinə yetirir. Aman və himayə
barəsində ondan əhd-peyman alır. İskəndər öz ordugahına qayıtdıqdan
sonra, Nuşabə gecə-gündüz onun barigahında qalır. İskəndərin
Nuşabəyə olan məhəbbəti daha da möhkəmləşir. İskəndər oradan
Əlbürz dağına (Qafqaza) hərəkət edir. Şirvandan ötüb Dərbənd
keçidinə çatır. Burada hələ şəhər yox idi. Dağ üzərində
möhkəm və dar bir yerdə, çox varlı və dövlətli bir qala vardı.
Bu qalada bir neçə nəfər yaşayırdı, bunlar yoldan keçənlərə
mane olurdular. İskəndər təslim olmağı onlara dəfələrlə təklif
etdi, onlar rədd etdilər. Buna görə, hücum edərək oranı dağıtmağı
hökm etdi. Bu yer o qədər möhkəm idi ki, bütün qoşun qırx gün-qırx
gecə çalışdı, bir iş görə bilmədi. Ancaq axırda qalanın əhli
təngə gəlib təslim oldu. İskəndər onlara başqa yer verib qalanı
təmir etdirdi və orada bir qədər qoşun qoydu.
Bu zaman o dağlıq yerlərin
yaxınlığında yaşayan əhali İskəndərə şikayətə
gəlib dedilər: Qıpçağın vəhşi xasiyyətli əhalisi bu yerləri
xərabəzarə döndərir. Onlar xahiş etdilər ki, bu dağın gədiklərində
bir sədd çəkilsin. İskəndər çoxlu işçi toplayıb, bu gədikləri
bərkitmək üçün, o darısqal dağda daşdan bir sədd çəkməyə
əmr verdi.
Qayıtdığı zaman birinci
mənzildə ona dedilər ki, bu ətrafda Sərir adlı çox gözəl
və mükəmməl bir qala vardır. Keyxosrovun taxtı, tacı və qəbri
burada bir mağaranın içərisindədir. Onun nəslindən bir şahzadə
bu yerin əmiridir. İskəndər Keyxosrsvun taxtı olan qalaya getdi.
Bu qalaya «dərvaza» da deyirlər. Səririn əmiri onu qarşıladı;
İskəndər buradakı qızıl taxtı, mağaranı, dağları və bir
çox qəribə şeylər gördü. Oradan çölə qayıdıb bir həftə
ovla məşğul oldu. Sonra Rudbar yolilə Xalxala, oradan Gilana və
daha sonra Rey mülkünə getdi.
Mavəraünnəhrdə şəhərləri
bərpa etməkdə ikən, ona xəbər çatdı ki, Rus tayfası Qıpçaq
əhalisilə bərabər, saysız-hesabsız bir miqdarda, Dərbəndə və
onun ətrafına yol tapmışlar... Bərdə şəhərini alıb Nuşabəni
də, bütün qızlar ilə bir yerdə, əsir aparmışlar. İskəndər
oradan külli qoşunla hərəkət edib Xarəzm yolu ilə Qıpçaq çölünə
gəldi. Bu ölkənin gözəl qadınları naməhrəmdən üzlərini örtmürdülər.
İskəndər geniş bir çöldə, böyük bir su kənarında düşdü.
Rus əmiri Kontal Rus, Aysu,
Portas, Peçeneq, Alan, İlaq və Xəzərdən ibarət yeddi tayfadan
topladığı doqquz yüz mindən artıq bir qoşunla İskəndəri qarşıladı.
Bir neçə gün çox şiddətli müharibə getdi, nəticədə İskəndər
qalib gəldi. Kontal on bir nəfərlə əsir düşüb sülh etdi. Nuşabəni
və sair əsirləri çoxlu şeylə bərabər geri qaytardı. İskəndər
xərac qoyduqdan sonra Kontalı, sair əsirlərlə bərabər, azad edib
geri qayıtdı.
Kvint Kurtsi[İstinad: Kvint
Kurtsi--Roma tarixçisidir, ehtimala görə, I əsrdə yaşamışdır.
Yunan mənbələrinə əsasən Makedoniyalı İskəndərin
tarixini yazmışdır.], təqribən dörd yüz il İskəndərdən sonra
yazdığı tarix kitabında bu hadisələrin çoxunu bir qədər dəyişdirərək
başqa şəkildə göstərir: Nuşabə, ehtimal ki, İskəndərə məhəbbət
yetirən və onun ordusuna gələn Amazon məlikəsi imiş. Böyüksu
Atil və ya Don çayıdır. Skif həmin yeddi tayfadan ibarət olmalıdır;
çünki qədim tarixçilər bütün şimal əhalisini skif adlandırırdılar.
Dərbənd qalası həmin qalaçadır ki, fəthi başqa bir şəkildə
yazılmışdır.
Dərbəndnamə və
sair kitablarda da İskəndərin Dərbənd səddini təmir etməsi haqqında
izahat verilmişdir. Dərbənd, xalq arasında indi də «Səddi-İskəndər»
adı ilə məşhurdur. Diqqətlə baxılsa quranda da bu məsələ qeyd
edilmişdir. Qurandakı ayələrin məzmunu belədir: «Zülqərneyn
yola düşüb getdi, günəşin batdığı yerə çatdı. Gördü günəş
isti bir bulağa batır; yenə yol alıb günəşin doğduğu yerə
çatdı. Burada günəş bir xalqın üzərinə düşürdü, onların
günəşə qarşı heç bir hailləri yox idi. Yenə yoluna davam etdi,
iki sədd arasına çatdı. Onların (iki səddin) yaxınlığında
söz qanmayan bir xalqa rast gəldi. Onlar dedilər: Ey Zülqərneyn!
Yəcuc və Məcuc bu ölkədə fitnə və fəsad törədirlər: sənə
xərac versək, bizimlə onlar arasında bir sədd yaradarsanmı?»
İskəndər cavab verdi: allahın mənə verdiyi dövlət kifayətdir.
Sonra o, işçilər və dəmir parçaları tələb etdi. Bir-birinə
müqabil iki nüqtənin arasında bir sədd çəkildi. Onlar (Yəcuc
və Məcuc) bu səddin üzərinə çıxa bilmədilər və onu deşməyi
də bacarmadılar.
Bir çox təfsirçilərin və
məşhur tarixçilərin yazdıqlarına görə, Zülqərneyn Rum, İran
və ya Məğrib və Məşriqin padişahı olan Makedoniyalı
İskəndərdir. O, Afrikanı və Qıpçaq çölünü fəth etmişdi.
Deyirlər ki, onun tacında iki buynuz vardı, bu da iki cıqqaya işarə
ola bilər. Bulaq da, su axınından ibarət olub, qərbi Okyanus dənizinə
işarədir, Mədari-sərətanə yaxın olduğundan burada hava isti
və dənizin suyu axmaqdadır.
Yunan tarixçilərinin yazdıqları
kimi, İskəndərin Məğrib-zəmində ucsuz-bucaqsız qumsal və
isti çöllərdən keçərək Yupiter məbədinə getməsi də
bu mətləbi təsdiq edir. Qıpçağın çılpaq çöllərində
yaşayan vəhşi əhalinin həqiqətən günəşdən qorunmaq üçün
heç bir imarət, meşə və bağları yox idi. Qərb ilə şərq arasından
keçən üçüncü yol, şimala doğru getməlidir; çünki cənuba
doğru gedərsə qarşıya okean çıxar. İki sədd--Ermənistan və
Azərbaycanın iki sıradağlarından və Xəzər ilə Qara dənizdən
ibarətdir. Dil bilməyənlər isə, Qafqazın cənub tərəfində yaşayan
xalqlardır. Dillərinin qəribəliyi, çoxluğu və ya inkişaf etməməsi
üzündən onları anlamaq mümkün deyildi. Yəcuc və Məcuc, Yafəs
nəslindən olub, şimalda yaşayan vəhşi və qarətkar tayfalardan
ibarətdir. Deyirlər ki, Yəcuc türklərdən, Məcuc isə dağlılardandır.
Bu məsələni tövratın təfsiri
də təsdiq edib deyir: Skif tayfası, Yafəsin oğlu Məcuc nəslindən
nəşət etmişdir, bunlar Qafqaz dağının ətəyində sakindirlər;
skiflərin burada Məcuc adlı bir şəhəri də var imiş, ona Yaropol
da deyərlərmiş. Yəcuc İsrail övladından birinin adıdır; cadugərlər
padişahının adı da Yəcuc idi.
Eronim və başqalarının
təfsirinə görə, Məcuc Kaspi, yəni Xəzər dənizinin sahilləri
yaxınlığında, Yəcuc isə bunlardan daha uzaqda, şimalda yaşayırlarmış.
Hər iki tayfa skif hesab olunur. Sədd də Dərbəndin həmin hasarıdır,
ona külli dəmir işlədilmişdir. İki müqabil olan nüqtə də Xəzər
dənizi və Qaytaq dağlarıdır, yaxud da--Xəzər ilə Qara dənizdir...
Müəllif deyir: Madam ki,
İskəndərin Ermənistana və Gilana gəlməsi, Venedik dənizindən
Qanq çayına qədər və cənubi Okyanus dənizindən Qara dənizə
və Xəzər dənizinə qədər ölkələri istila etməsi
isbat edilmişdir, o zaman, bu yerlərə yaxın olub və keçmişdə
bir çoxları tərəfindən dünyanın axırı sayılan və İskəndərin
qəribəliklər yurdu adlanan Qafqaza gəlməsi, İranı, şimalın
vəhşi tayfaları şərrindən qorumaq üçün bir sədd çəkdirməsi,
ya da başqa tədbirlər görməsi təəccüblü və ağıldan uzaq
bir məsələ deyildir.
İslam və erməni tarixçilərindən
bir çoxunun verdiyi məlumat... sədd xarabalarının varlığı və
xalq arasındakı şöhrəti, başqa əlamətlər və Kvint Kurtsinin--coğrafi
cəhətdən rabitəsiz olsa da--İskəndərin Qafqaza gəlməsi haqqındakı
bəyanatı, onun bu ölkəyə (Qafqaza) gəlməsini və səddin onun
əmrilə tikilməsini aydın bir surətdə göstərir.
Bəzi tarixçilər və
alimlər bu xüsusda şübhələnmişlər; onlar dünyanın vəziyyətindən
lazımi dərəcədə xəbərdar olmadıqları və öz
təsəvvürlərini başqalarının fikri ilə qarışdırdıqları
üçün belə olmuşdur. Buna görə də, əxbar kitablarını və tarixi
əsərləri qarışıq bir hala salmışlar. Misal olaraq bir neçə
nümunə göstərmək olar: Katib Çələbi «Cahannüma» adlı əsərində
deyir ki, aparılan tədqiqata görə, Makedoniyalı İskəndər Zülqərneyn
deyildir. O, (Zülqərneyn) İbrahim (peyğəmbər) ilə müasir olub,
Yəmən himyərilərindən bir padişah idi. Zülqərneyn dünyanın
şərq və qərbini dolandı və səddi dünyanın sonunda bina etdi.
Bu bina, ehtimala görə, şimal-şərq tərəfdə bəlli olmayan bir
yerdədir. Dərbənd səddi haqqında da deyir: bu, İskəndərin səddi
ola bilməz; çünki Nuşirəvan bu səddi Şirvan, Ermənistan və
Azərbaycan vilayətlərində qətl və qarət ilə məşğul olan Xəzər
tayfasının və sair türklərin qarşısını almaq üçün bina etdirmişdi.
Fars padişahları daima onlarla müharibə edirdilər. Deyirlər ki,
onu əvvəlcə Güştasib oğlu İsfəndiyar bina etmişdi. Nüzhətülqülub
müəllifi səddin bina edilməsini Güştasibin atası Lührasibə
nisbət verir və onun Nuşirəvan tərəfindən ancaq təzələndiyini
bildirir. Katib Çələbi kimi bir alimin fikrinə təəccüb etməlidir.
O öz iddiasının doğruluğuna heç bir dəlil və sübut gətirmədən
bu məsələni açıq-açığına inkar edir; İmam Fəxrəddin Razi,[İstinad:
Fəxrəddin Razi--Şərqdə yetişən böyük alim və
filosoflardan biridir. Hicri 554-cü (=1159) ildə Rey şəhərində
anadan olmuş və 606-cı (=1209/10) ildə Heratda vəfat etmişdir.
Müxtəlif elmlərə aid bir çox əsərlər yazmışdır.] Qazi
Beyzavi [İstinad: Qazi-Beyzavi--tarixçi olmaqdan artıq bir
təfsirçi kimi şöhrət tapan Beyzavi, İranın
Beyza şəhərində anadan olmuş və hicri 685-ci (=1286/87)
və ya 691-ci (=1291/92) ildə Təbrizdə vəfat etmişdir.
Müxtəlif mövzularda yazılmış bir çox əsəri
vardır. Əsərlərini ərəb dilində yazan Beyzavi,
yalnız «Nizamüttəvarix» adlı tarix kitabını fars dilində
yazmışdır. Bu kitab, dünyanın yaradılışından hicri
674-cü (=1275) ilə qədər olan hadisələri təsvir edir.] və başqaları
Makedoniyalı İskəndərə Zülqərneyn və Dərbənd hasarına da
Yəcuc və Məcuc səddi dedikləri üçün onların fikrini doğru
hesab etmir. Bunu təsəvvür etmir ki, səddin binası Nuşirəvandan
əvvəl İsfəndiyara nisbət verildiyi kimi, İskəndərə də nisbət
verilə bilər. Fərz edək ki, onu Zülqərneyn himyəri bina etmiş
və sonra dağılmışdır, İskəndərin yenə onu təmir etməsi ağıldan
uzaq deyildir. Çünki İbrahimin peyğəmbərliyə çatması hicrətdən
2543 il əvvəl, İskəndərin taxta oturması isə hicrətdən 958
il əvvəl vaqe olmuşdur. Arada 1500 ildən artıq bir müddət vardır.
Yenə ehtimal ki, bu padişahlardan hər biri, vadilərdə və dağlarda
binalar tikdirmiş və ya xaraba qalanları təmir etdirmişdir. Nuşirəvan
isə indiki hasarın (Dərbənd səddinin) hamısını sonradan tikdirmişdir.
O (Katib Çələbi), fəsadçı,
soyğunçu və vəhşi türk tayfalarını Yəcuc və
Məcuc adlandırmaq istəmir, çünki bəzi tarixçilərin isnad etdikləri
əsassız nişanələr onlarda yoxdur. Ola bilər, onlar bunu yalnız
kinayə yolu ilə söyləmişlər. Mövcud səddi burada qoyub, əsla
olmayan bir mövhum səddi göstərir. Plutarx[İstinad: Plutarx--məşhur
yunan tarixçisidir, 46-cı ildə anadan olmuş və 120-ci ildə vəfat
etmişdir. Əsərlərindən ən məşhuru «Müqayisəli tərcümeyi-hallar»
adlı kitabıdır.] və Strabonun yazdıqlarına görə, Albaniyadan
Pompeyə qarşı göndərilən qoşunun miqdarını nəzərə aldıqda,
təsəvvür etmək olar ki, Albaniya İsanın anadan olmasından təqribən
65 il əvvəl əzəmətli və qüvvətli bir dövlət imiş. Pompey,
Pont padişahı Mitridadı məğlub və Ermənistan padişahı Tiqranı
özünə tabe edən Roma sərdarlarından birincisidir. Pompey öz qoşunu
ilə Qafqaz dağlarından keçərək Qara dənizin şimal-şərq tərəflərinə
gedən Mitridadı təqib etmək istəyirdi. O bu məqsədlə albanlardan
və iveriyalılardan yol istədi, onlar da birinci dəfə onun tələbini
qəbul etdilər. Lakin qış olduğundan Pompey Kürün kənarında
qışladı. Bu zaman albanlar qırx min nəfərlə gözlənmədən onunla
müharibəyə gəldilər. Pompey albanların çaydan keçməsinə mane
ola bilərdi, lakin keçincəyə qədər onlara hücum etmədi. Albanlar
Kür çayını keçdikdən sonra, Pompey müharibəyə başladı və
onları yaman bir halda məğlub etdi. Bu əhvalatdan sonra, Albaniya
padişahı Orizi çarəsiz qalıb, barışıq istədi və buna da nail
oldu.
Pompey qarşısına qoyduğu
səfərə davam etdi. Kolxidaya çatdıqda ona xəbər verdilər
ki, albanlar ikinci dəfə olaraq toplaşmışlar. O (Pompey),
getdiyi yol ilə geri qayıtdı. Kürü və Kür ilə
Araz çayları arasındakı susuz çölləri və çətin yolları keçdikdən
sonra, Abaza çayı kənarında 60 min piyada və 12 min süvaridən
ibarət Albaniya qoşununa rast gəldi. İkinci dəfə, onları məğlub
etdi. Qoşun sərdarı olan Albaniya padişahının oğlu Kozisi də
öz əlilə öldürdü. Pompey albanları oradan üç günlük məsafədə
olan dəniz sahilinə qədər təqib etmək istəyirdi. Lakin bu nahiyədə
olan çoxlu zəhərli ilan onun yürüşünə mane oldu. O buradan Kiçik
Ermənistana qayıtdı.
Qeysər ləqəbi daşıyan
Roma imperatorlarının ilk hökmranlıqları dövründə albanlar İveriya
sultanlarilə müttəfiq idilər. Onlar Ermənistan vilayətləri uğrunda
parfyanlarla--yəni Kürdüstan tayfası ilə--romalılar arasında
gedən çəkişmələrə müdaxilə edirdilər. O dövrün hadisələrini
qeyd edən tarixçi Tatsitin [İstinad: Tatsit--məşhur Roma tarixçilərindəndir,
I əsrin ikinci yarısında anadan olmuş və II əsrin birinci rübündə
vəfat etmişdir.] yazdıqlarından ən məşhuru budur: Qeysər Tiberi
öz səltənəti zamanında İveriyada səltənət sürən Farazmanın
qardaşı Mitridadı Ermənistan əyalətinə təyin etdi. Lakin Ermənistan
səltənətinə göz tikmiş parfyan padişahı Artaban bu işə razı
deyildi. Farazman, albanlarla bərabər Mitridada kömək edirdi. Dağıstan,
Şirvan və indi Gəncə mülkü adlanan Qarabağ dərəsi yolu ilə
Sərmat tayfasından onun köməyinə qoşun gətirdilər, bu iş yaxşı
nəticə verdi. İran vilayətlərindən bir çoxu Parfyan və Ermənistan
sultanlarının əlində idi; Albaniya da ermənilərin ixtiyarında
və istilası altında idi.
Erməni tarixçisi Çamçiyan
deyir: Ermənistan padişahı Artaşes Sanatruk oğlu, miladın
88-ci ilində Alan, yəni Muğan səhrasında birləşmiş Alan, Dağıstan,
Kuhistan və iveriyalıların bəzisi ilə müharibəyə girişərək
onlara qalib gəldi. Alan padişahının oğlu Saten əsir alındı.
Erməni qoşunundan bir dəstə Kürün sol tərəfinə də keçmişdi.
Alan padişahı sülh etmək istədi. Onun qızı Satenek Kürün kənarına
gəlib, çayın o biri kənarında olan Artaşes ilə mütərcim vasitəsilə
danışığa başladı və dedi: «Ey ağıllı və güclü padişah!
Rəva deyildir ki, qardaşımın öldürülməsi üzündən iki şövkətli
və əzəmətli padişah arasında daimi ədavət düşsün». Artaşes
(bunu eşidib) Kürdən keçdi, üz-üzə onunla danışığa başladı,
onun kamal və camalına aşiq oldu. Sonra öz qoşununun sərdarı
Sumbatı, qızın atası Alan padişahının yanına elçiliyə göndərdi.
Qohumluq baş tutdu, Saten azad edildi və hər iki padişah da öz
hökumət mərkəzlərinə qayıtdılar.
Bir zaman keçdikdən sonra,
Alan padişahı vəfat etdi və onun sərdarlarından biri
səltənətə keçdi. Saten qaçıb Artaşesə pənah apardı,
o da Sumbatı külli qoşunla onun köməyinə göndərdi. Böyük
bir vuruşma oldu, səltənəti qəsb edən sərdar türk ölkəsinə
qaçdı. Sumbat onu Dərbəndin o tərəfinə qədər təqib etdi. Fəth
və zəfərə nail oldu. Onun qoşunlarından bir çoxunu öldürdü
və bir çoxunu da əsir aldı. Onlar Ermənistan ölkəsində Ağrı
dağının ətrafında yerləşmişdilər. Saten də öz atasının
mülkündə müstəqil oldu. Qaziqumuq şəhəri ətrafında bir kəndlə
bir dağın indi də Sumbat adı ilə məşhur olması bu mətləbi
təsdiq edir.
Ermənistan padişahı
Xosrovu, miladi 258-ci ildə öz əmisi oğlu Anak, Udi şəhəri
yaxınlığında hiylə ilə öldürdü. Xosrovun vərəsələri də
Anakı bir çox övlad və tabeləri ilə bərabər öldürdülər.
Anakın iki kiçik yaşlı oğlunu lələlər götürdülər; böyüyü
həzrət Corcisi Qeysəriyyəyə, kiçiyi Sureni də bibisinin--Haptaq
padişahı Cavanşirin arvadının yanına gətirdilər. Sonra Suren
39 il Dərbənddə hökmranlıq etmişdir. Xosrovun qətlindən sonra,
Ermənistan ölkəsində iğtişaş başlandı, Ərdəşir Sasani bu
ölkəni istila etməyə və Xosrovun nəslini kəsməyə qalxışdı.
Bu zaman Ermənistan əmirlərindən Artavazd Xosrovun oğlu Tiridatı
götürüb Qeysəriyyəyə qaçdı.
Tiridat çox qüvvətli və
şücaətli idi, əsgəri xidmətə girərək yüksək şöhrətə
malik oldu. Axırda Roma qoşunu ilə gəlib Ermənistan ölkəsini
aldı. Daha sonra, 289 və 290-cı illərdə İveriya,
Əğvan və Massageteni ələ keçirdi. Sumbat övladından Sumbat adlı
birini göndərib, Alan padişahının qızı Əşkəni aldı. II Xosrov
bundan olmuşdur. Əğvanlar ikinci dəfə iğtişaşa başladıqları
üçün Tiridat yenə gəldi. Hər iki tərəfdən çoxlu qoşun toplandı;
Muğan səhrasında çox şiddətli bir müharibə oldu. Ermənilərin
böyük sərdarı qoca Artavazd öldürüldü. Tiridat bundan qəzəblənərək,
özü müharibəyə girişdi. Alanda doğulmuş Baslas padişahı cəsur
Katarhun, Tiridata bir kəmənd atdı. Tiridat kəməndi kəsib onu
öldürdü. Xülasə, əğvanlar məğlub oldular. Tiridat onları təqib
etdi. Nəsl və qaynayıb-qarışma səbəbilə bir tayfa hesab edilən
alan, baslas, haptaq və hunları özünə tabe etdi. Onlardan girov
alıb geri qayıtdı. Bundan sonra, sasanilərdən Hürmüzün oğlu
Şapur ilə müharibəyə başladı. Azərbaycanı aldıqdan sonra,
onunla barışdı...