Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат
[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar
Axırda, Dərvişai Şeyxşahi-Əlbürzinin
obasına gəldi. Bu adam Qüreyş tayfasından olub, Əlbürz ölkəsində
yurd saldığından, bu ləqəblə tanınırdı. Ətəyində yaşadığı
dağ da onun (Şeyxşahın) adı ilə şöhrət tapmış və çox işlənmək
nəticəsində Şalbürz olmuşdur. Şeyxşah gizlicə bir nəfər göndərib
Səmsamıı vəziri şamlı Əmir Kağını öz yanına dəvət etdi.
Bunlar məşvərət edərək, Səmsamın əleyhinə ittifaq bağladılar.
Əmir Kağı şəhərdəki təbəələrini xəbərdar etdi. Dərvişai
cümə gecəsi 6000 qoşunla dərvazanın yanına gəldi. Əmir Kağının
təbəələri onları şəhərə buraxdılar. Əmir Kağı onlardan
on nəfərlə gedib Səmsamı öldürdü. Dərvişai divanxanaya gəlib,
xalqı islama dəvət etdi. İslamiyyəti qəbul edənlər öz mallarına
sahib oldular. Qəbul etməyənləri öldürüb mal və əyallarını
qənimət olaraq apardılar. Şəhər də Əmir Kağının adı ilə
adlandı. Bir zaman keçdikdən sonra, bu ad Mikrağ şəklinə düşdü.
Sonra Dərvişai, Əmir Kağı və Şahi-Əlbürzi Dərbəndə Əbu
Müslimin yanına getdilər. Əbu Müslim bunlara çox nəvaziş etdi.
Şəhbani kəndini də Üxti, yəni bacıya mənsub deyə adlandırdı.
Bu da çox işlənmə nəticəsində Axtı şəklini almışdır. Əhalinin
dediyinə görə, Axtı məscidinin cənub divarı, Əbu Müslim tərəfindən
bina edilən divarın qalığıdır.
Bu zaman, Səmsamın qaçıb
qurtaran adamlarından beş nəfəri Şahi-Əlbürzinin obası
üzərinə tökülüb, onun bir oğlunu öldürdülər, iki qızını
da mal və dövlətilə bərabər əsir apardılar. Arvadı ikinci oğlu
ilə qaçıb qurtardı. Buna görə, Şahi-Əlbürzi Əmir Kağı şəhərindən
Qüreyş obasına 30 ev köçürüb, oranı özü üçün oturaq seçdi.
Samur çayının sol tərəfində, Kələkürənin qarşısında olan
bu obanın adı--çox işlənmək nəticəsində--indi Quruş şəklinə
girmişdir. Qıpçah adlı yerdə bir şəhər xarabası vardır ki
xalq tərəfindən Qəmqam adlanır. Bura Tərsa əmirlərinin məskəni
olmuşdur. Bu yerin Qıpçah adlanması, əhalisinin keçmiş vətəni
olan Qıpçaq adından alınmış ola bilər. Çox ehtimal vardır ki,
bu əhvalat hicri 5-ci əsrdə Şeyx Əbu Müslimin dövründə olmuşdur;
çünki o, öz ailəsi ilə bu ölkədə sakin idi. Daş bir günbəz
altında olan qəbri də Xumzaq qəsəbəsində məruf və məşhurdur.
Bizcə, bu Şeyx Əbu Müslim xəlifənin qardaşı Əbu Müslim deyildir;
çünki xəlifənin qardaşı öz qoşunu ilə gəlib yenə geri qayıtmışdır.
Onun öz bacısını gətirib burada ərə verməsi də ağlasığan
bir məsələ deyildir.
Məhəmməd Rəfi Əbdürrəhim
oğlu Şirvani hicri 712-ci (=1313) ildə bir tarix kitabı yazmışdı.
O bu kitabı yazmaq üçün, qədim məktub və vəsiqələrdən, bir
də hicri 318-ci (=931) ildə yazılan bir əsərdən istifadə etmişdi.
Müəllifin haman tarix kitabının 1030-cu (=1617) ildə yazılan nüsxəsində
belə deyilir: Həmzənin qızı Ümmatın nəslindən olan Şeyx Əbu
İshaq İbrahim, Şeyx Əhməd və Şeyx Əli, Abbas ibni-Əbdülmüttəlibi--Qüreyşi
övladından Şeyx Məhəmməd, Şeyx Nasirəddin ilə bərabər, hicri
200-cü (=816) ildə hərəmeyndən, yəni Məkkə və Mədinədən
çıxdılar. Onlar 2000 nəfər əqrəba və tabelərilə Şam ölkəsinə
gəldilər. Bir neçə ildən sonra 5000 nəfərlə Misrə gedib bir
neçə il də orada qaldılar, bir çox ölkəyə səfər etdilər.
Sonra, o dövrdə müharibə meydanı olan Çərkəz ölkəsinə gəlib
çıxdılar. Bunlar uzun müddət cəhad edib, Əmir Əzzalı öldürdülər,
onun mal və dövlətini qənimət aldılar. Buradan da Qaytaq vilayətinə
gəlib, onun əmiri Qəzənfəri öldürdülər. Mal-dövlətini və
xəzinəsini ələ keçirib, əhalini də müsəlman etdilər. Ərəblərin
adətinə görə, qəbilə içərisində yaşca böyük olanlar əmir
olurdu, o biriləri də danışıqsız və boyun qaçırmadan ona itaət
edirdilər.
Bu dövrdə Əmir Çoban
Sultan Əli bəy oğlu onların rəisi idi. Təbərsəran əhalisinin
çoxu müsəlman oldu. Əmir Çoban öz qızını Təbərsəran
əmiri Məsum bəyə verdi və onun qızını da özü üçün aldı.
Qaytaqda bir çox kənd saldırıb, Qumuq əmirləri ilə əhdnamələr
bağladı. Bir neçə müddətdən sonra öz əhdini sındırıb, qəflətən
onların üzərinə hücum etdi. Əmirlərdən bir çoxunu öldürdü
və şəhərlərini ələ keçirərək əhalisini islam dininə gətirdi.
Öz qohumlarından, Şam vilayətinin Xal kəndində doğulmuş və
babasının adı ilə adlanan Şamxalı o yerlərə əmir təyin etdi.
Bundan sonra, cənubdakı dağlara tərəf gəlib Qəbələ mahalından
sayılan Maza şəhərini aldı və buranı özü üçün məskən intixab
etdi. Bu kəndin kişi və qadınları onun qulu idi. Maza ərəbcə
bir söz olub «Bu nədir» deməkdir.
Əmir Çoban kafirlərin ətrafda
olan bir çox kəndlərini xarab etdi. Quruş əmirlərindən İsmayıl
bəy və Həsən bəylə əhdnamə bağladı. O, Şamaxı nahiyəsinə
qədər bütün dağ əhalisindən xərac, cizyə və dəhyek alırdı.
Məktublaşma və elçilər vasitəsilə Şirvanşah Sultan Fridun ilə
barışıq etdi. Qızını onun oğlu Keyqubada verdi və onun qızını
da oğlu Sultan Süleyman üçün aldı. Bir müddət bunların arasında
dostluq davam etdi. Axırda xərac və dəhyek üstündə aralarına
ədavət düşdü, bir neçə vaxt hərb etdilər, sonra yenə barışdılar.
Qumuq şəhəri türklər tərəfindən xarab edilən zaman, Həsəni--Ələvi--Səfəvi
burada qazi idi. O, Məhəmməd Rəfi Şirvaninin yuxarıda adı çəkilən
tarixindən istifadə edərək, başqa bir əsər yazmışdı. Dağıstanda
çox yayılmış olan bu əsərdə, yuxarıda söylənilən hadisələr
bəzi fərqlərlə daha geniş bir surətdə təsvir edilir. Bu əsərdə
göstərdiklərimizdən əlavə deyilir: İndi Xumzaq yaxınlığında
bir kənd vardır. Bu kənd keçmişdə Avarın qədim paytaxtı Tanıs
şəhəri idi. Burada Süraqə adlı şövkətli və şücaətli bir
əmir olurdu. O, müsəlmanlıqdan dönüb bütpərəst olmuşdu. Ləqəbi
Novsal idi. Avarlılar padişahlarına bu ləqəbi verdilər.
Müəllif zənn edir ki, onun
nəsəb silsiləsi (şəcərəsi) doğru deyildir. Buna da bəzi halların
və adların münasibətsizliyi səbəb olmuşdur. Hər halda, bu əmir,
Süraqə ibni-Sərətan ibni-Urusxan ibni-Ümməxan ibni-Firuzşahdır,
özü də, Ərəskani nəslindəndir. Şamaxı hüdudundan Çərkəz
vilayətinə qədər olan sahəni öz idarəsi altına almışdı. O,
Əkərə qəsəbəciyindən başqa bütün əmirliklərdən və camaatdan
vergi olaraq hər cür mal, pul, taxıl, mal-qara, qumaş, meyvə, hətta
yumurta da alırdı. Vergilərin miqdarı bu qədər idi: ildə hər
ailədən üç dirhəm gümüş və ya bu qiymətdə qızıl; bir kil
[İstinad: Taxıl--dənə ölçüsüdür, xalq «kilə» deyir.] ən
çox sərf edilən taxıl; hər bir tacirdən iki top ipək və iki
top bez; hər bağdan bir çuval üzüm; hər bir qatildən 100 qoyun;
cani və oğrudan bir öküz; hər bir kənddən yeni taxta oturan padişahı
təbrik etmək üçün biri qara və dördü sarı olmaqla beş tülkü
dərisi və beş qoç; vəfat edən padişahın basdırılması üçün
bir at; padişah ailəsində edilən toy üçün bir öküz və iki
qoç.
Qumuq və Qaytaq ölkələrinin
ayrı-ayrı əmirləri var idi. Qaytaq əmiri çox şövkət və əzəmətə
malik Qəzənfər adlı bir şəxs idi. Misir və Şamdan cəhad edərək,
Rum və Hindistan hududuna qədər getmiş olan Həmzə və Abbasın
xələfləri, axırda Şirvana gəlmişdilər. Səfər tədarükü görüb
yaxşı fillər, dəvələr və atlarla cəhad üçün Dağıstana yürüş
etdilər. Bunların gəlmək xəbərini eşidən Dağıstan əhalisi
və Rus tayfası Çur və ya Sur şəhəri yaxınlığında tam mənasilə
toplaşdılar. Müsəlmanlar düşmənin vəziyyətini öyrənmək üçün
igid adamlarından 100 nəfərini kəşfiyyata göndərdilər; düşmənin
çoxluğundan və qüvvəsindən qorxuya düşdülər. Vəziyyətdən
çıxmaq üçün belə bir hiylə düşündülər: bir xeyli xörək
bişirib ona zəhərli ot qatdılar və az bir mal ilə onu ordugahda
qoydular. Hərbə girişincə qaçmağa başladılar. Düşmən qoşunu
ordugahı aldı və xörəkləri yedi. Onlardan saysız-hesabsız adam
tələf olub, dağılmağa üz qoydular. Müsəlmanlar qələbə qazandılar.
Əvvəlcə Qaytaq vilayətini alıb viran etdilər. Əmir Çoban Sultan
Əli bəy oğlu burada hakim oldu. O bir çox kənd saldırdı, o cümlədən
Qüreyş qalasını bina etdirərək özünə hökumət mərkəzi təyin
etdi. Buradan Avara getdi. Bu yerin əmiri Bayar Süraqə oğlu yuzünə
tabe olan Tuş nahiyəsinə qaçdı. Müsəlmanlar ardı-arası kəsilmədən
qalib gəlirdilər. Bir zaman keçdikdən sonra, onların xələfləri
Krımı da ələ keçirdilər. Xülasə, Avarda bir çox kəndi viran
etdilər. Xumzaq şəhərini güclə alaraq kişiləri öldürdülər,
onların arvadlarını və mallarını isə qənimət olaraq apardılar.
Bu ölkənin hamısı müsəlmanların ixtiyarına keçib əhalisi müsəlman
oldu.
Şeyx Əhməd övladından
Məsum bəy adlı bir nəfər əmirliyə keçdi, bu yerin fəzilətli
alimlərindən Əbu Müslim də ölkənin qazisi və imamı oldu.
Bütün Dağıstan, bir qismi müharibə və təxribatla, bir qismi
də sülh ilə bunların ixtiyarına keçdi. Sonra, bunlardan Şamxal
adlı bir nəfər Qumuq şəhərində bütün Dağıstana əmir oldu.
Bu zamandan etibarən şamxal sözü mənsəb və vəzifə mənasında
işlənib bütün canişinlər də bu adla adlandılar. O, bütün ölkələrdən
vergi, xristian və yəhudilərdən cizyə, gəlib-gedənlərdən dəhyek,
müsəlmanlardan da zəkat alırdı. Bütün vergilərin beşdə birini
götürər, qalan beşdə dörd hissəsini Həmzə və Abbas övladı
arasında bərabər bölərdi. Başqa bir nüsxəyə görə, Bağdad
xəlifəsinin həmişə göndərdiyi hədiyyələri də bu qayda ilə
paylardı. Bu xanədana mənsub şəxslər bütün vergilərdən azad
idilər. O əsrdə yaşayan Abbas övladından Hacı Məhəmməd, Əbülqasim,
Şeyx Əli, Mənsur və Həsənin vəziyyəti və nəsli haqqında heç
bir şey məlum deyildir.
Müəllifin zənnincə,
Şamxalın Dağıstandan topladığı daimi vergi, hicri IX və ya X
əsrlərdə belə olmuşdur: mal otarmaq üçün, Həbələl camaatından
hər 4 ildə ev başına bir qoyun, Qəraxi camaatından hər ildə
500 qoyun, Kərxi camaatından 300 qoyun, Ğrim[İstinad: Şamxalın
vəliəhdinə indi də Ğrim Şamxal deyirlər.] üçün də 400 qoyun,
Kərxidəki bir dağ camaatından 1000 qoyun, Ğrim üçün də 30 öküz;
Cəmüləl camaatından 500 qoyun; Təndib nahiyəsindən 20 öküz;
indi Qaziqumuğa tabe Ərçub kəndindən 130 qoyun, Ğrim üçün də
30 qoç, ikinci ildə 10 qoyun; Xumzaq nahiyəsindən 700 qoç, 700
kil buğda və 60 kil bal. Əndib nahiyəsindən bir öküz və 8 keçə.
Ğədər və Hirkəs şəhərlərinin hər birindən Xumzaqdan alınan
verginin yarısı miqdarında, avarlıların Tomıl deyə adlandırdıqları
qaziqumuqlulardan hər ev başına bir qoç və bir kil buğda; Şamxalın
xüsusi mülkü olan Mıçıqıçdan hər ev başına bir qoyun; Küstək
şəhərindən hər ev başına bir balıq; Tarxu şəhərindən hər
ev başına iki sa[İstinad: Taxıl--dənə ölçüsüdür.] düyü;
Kübdən kəndindən 100 qoç, Qaytaq əhalisindən 170 camış; Aqquşa
və İsişə kəndlərindən 100 öküz, Züdəqər kəndindən 5 öküz;
Sürhidən hər ev başına bir dirhəm; Cümcüqat və Kəkuba kəndlərindən--ehtimal
ki, indi Qaziqumuğa mənsub olan Şəkbadır--yağla yüklü altı
eşşək; Zirihgəran kəndindən 30 tüfəng, Sumbat dağlarından
50 qoç, İrhani kəndindən hər ev başına bir kil ən çox sərf
edilən taxıl; Cəntab dağından 80 qoyun, Bəqtüləl camaatından
30 öküz və 30 quzu Zaxuri və Qülədi dağlarından, yəni Şamxalın
xüsusi mülkü olan Cardan 50 qoyun; indi Qaziqumuq rəiyyəti sayılan
Rüsür camaatından və Mukruqdan 70 qoç; Kürələl, yəni Kürədən
100 at və 100 madyan.
Avar ölkəsi uzun müddət
Həmzə övladının təsərrüfündə idi. Axırda, Tuş
sakini Əmir sultan ibni-Bayar, ibni-Süraqə, Zümtaldan başlayaraq,
Ariştinin son hüduduna qədər olan yerlərdən qoşun toplayıb,
qaranlıq bir gecədə gizlicə Xumzaq nahiyəsinə gəldi. O, öz xanədanına
tərəfdar olan və islamı ürəkdən qəbul etməyən adamlarla ittifaq
etdi. Qoşununu da onların mənzillərində gizlətdi.
Bunun sabahı Əbu Müslim ibni-Yusif ibni-Məhəmməd ibni-Şeyx
Əbu Müslim guya bu əhvalatı bildirən bir yuxu gördüyü üçün,
Qumuz tərəfinə qaçdı. Ertəsi gecə sübh açılmadan,
Əmir sultan qoşunu ilə Xumzağa daxil oldu. Müsəlmanların əmiri
Əhməd ibni-Çoban ibni-Sultan ibni-Məsum bəyi öldürüb başını
qalanın divarından asdırdı. Bu qəsəbədə yaşayan müsəlmanların
hamısını öldürdülər. Əmir sultan
ata-babasının taxtında oturdu. Bu ölkə əhalisindən islama
daxil olanları yenə bütpərəstliyə qaytardı. Bunlarla müsəlmanlar
arasında ardı-arası kəsilməyən müharibələr 24 il davam etdi.
Axırda, Avar əhalisi məişətin pisliyindən və azuqənin azlığından
təngə gəlib islam dinini qəbul etdilər. Bu səbəbə görə, düşmənçilik
aradan qalxdı və uzun bir zaman sülh və asayiş bərpa oldu. Axırda,
yenə şəxsiqərəzlik və çəkişmələr nəticəsində Qumuq və
Qaytaq əmirləri arasına ədavət, Abbas və Həmzə övladı
arasına ayrılıq düşdü. Qaytaq əmirlərindən Məhəmməd xan,
Əmir xan və Əmir Həmzə Avar padişahının yanına gedib
ondan kömək istədilər və ittifaq bağladılar. Onlar
uzun illər idi ki, Qumuq əmirlərilə
müharibə vəziyyətində idilər.
Nəhayət, Avar padişahı
Sərətan, türk Kövsər şahın yanına mötəbər elçilər
göndərdi, onunla dostluq əhdnaməsi bağladı. Kövsər şahın
tayfası Ömər ibni-Xəttab dövründə islam dinini qəbul
etmişdi. Kövsər şah, Məlik Sərətanın qızını öz oğlu üçün
aldı, öz bacısını da onun oğluna verdi. Bu qohumluq səbəbilə
dostluqları son dərəcə möhkəmləşdi. Kövsər şah türk qoşunu
ilə şərq tərəfdən, Məlik Sərətan Avar qoşunu və Qaytaq əmirləri
ilə qərb tərəfdən Qumuq üzərinə hücum etdilər.
Bu hadisə Şeyx Nəcməddinin
sağlığında olmuşdu. Kəkəli məscidinin yuxarısındakı
qalada 70 nəfər gənc qəhrəmancasına döyüşüb həlak oldu. Qumuq
şəhəri viran edildi və əmirləri qaçdılar. Kövsər
şah və Məlik Sərətan geri qayıtdılar. Qaytaq sultanları
da öz irsi əmirliklərində qaldılar.
Müəllifin zənnincə,
Əmir Çoban hicri 5-ci əsrin axırlarında vəfat etmişdir, çünki
hicri 1030-cu ildə (tərtib olunan) şəcərədə o, 10-cu
cərgədə, Şeyx Əbu İshaq İbrahim isə 19-cu cərgədə
qeyd edilmişdir.
Xülasə, Harunərrəşiddən
sonra, abbasilərin istiqlaliyyəti binövrəsinə rəxnə
düşdü. İslam əmirləri hər tərəfdə xəlifələrin
istibdadından danışır, ancaq zahirdə onların hakimiyyətini
tanıyırdılar. Xəlifələr əmirlərin öhdəsindən gələ
bilmirdilər, ancaq onlara fəxri ləqəblər verməklə kifayətlənirdilər.
Bu səbəbə, dövlət işləri nizamdan düşdü. Şərq və şimal
tayfaları bir çox vilayətə, xüsusilə də Şirvan və Dağıstan
ölkələrinə təcavüz etdilər. Müsəlmanlar da öz sərhədlərini
müdafiə edirdilər. Lakin, çox təəssüflər olsun ki, bu əsrlərin
hadisələri haqqında lazımi dərəcədə məlumat yoxdur. Bir zaman
gəldi ki, səlcuqi sultanları İranda iqtidar sahibi oldular, bunların
çoxu Şirvana və Dağıstana da əl atdı. Bu dövrdə dağ əhalisinin
çoxu islam dinini qəbul etdi.
Məşhur tarixçilərin dediyinə
görə, Səlcuq, Tatar qəbilələrindən birinin başçısı idi. Bunun
Mikail və İsrafil adlı iki oğlu var idi. Sultan Mahmud Qəznəvidən
icazə alaraq, böyük bir cəmiyyət təşkil edən qəbilələrilə
Ceyhun çayının bu tərəfinə keçdilər.
Hicri 432-ci (=1041) ildə,
Mikail oğlu Tuğrul bəy Sultan Mahmud Qəznəviyə qalib gəldi. Xorasan,
Fars, İraq, Kürdüstan və Azərbaycan ölkələrinə padişah oldu.
Onun vəfatından sonra, hicri 442-ci (=1051) ildə qardaşı oğlu
Alp Arslan İran şahı oldu. Xəlifə Qaim li-əmrillah[İstinad:
Mətndə yanlışlıq var, Qaim bi-əmrillah olmalıdır.
Abbasilərdən iyirmi altıncı xəlifədir (422-467 =1031-1075).]
ona İzzüddin ləqəbi verdi. O, Gürcüstanda və ətrafında bir
çox qalibiyyətə nail oldu. Sonra Ermənistan vilayətinə keçdi.
Oranın padişahı ilə sülh edib qızını aldı. Onun vəfatından
sonra, hicri 454-cü ( = 1062) ildə, Məlikşah Alp Arslan oğlu, atasının
vəziri Nizamülmülkün gözəl tədbiri və himməti sayəsində,
ölkəni nizama saldı və tərifə sığmaz bir istiqlaliyyət əldə
etdi. O, öz qızını xəlifə Müqtədi-Billaha [İstinad: Mətndə
yanlışlıq var, Müqtədi bi-əmrillah olmalıdır. Abbasilərdən
iyirmi yeddinci xəlifədir (467-487=1075-1094).] verərək, Nizamülmülk
ilə Bağdada göndərdi. Deyirlər ki, nəfis qumaşlar və qızıl-gümüş
şeylərlə yüklənmiş sırma örtüklü 130 qatar dəvə; 6 dəvəyə
yüklənmiş ağır qiymətli cavahiratla dolu 12 gümüş sandıq,
yəhərləri dürr, yaqut və sair qaş-daşla bəzənmiş 33 at; başlarında
mürəssə cilov, ayaqlarında cəvahirat nəsb edilmiş xalxalları
olan üç dəvə və bu dəvələr üzərində qiymətli qaş-daşla
bəzənmiş üç kəcavə qızla bərabər cehiz olaraq göndərilmişdi.
Sultanın qızı bu böyük təzyinatla Bağdada varid oldu. Ona böyük
bir toy etdilər, bu toyda 40000 batman şəkər sərf olundu.
Məlikşah Rum, Gürcüstan
və Şirvan ətrafında bir çox müharibələr etdi. Bu padişahın
səltənət dövrü, əsrlərin ən gözəli idi. Bu dövrdə ölkənin
abadlığı və millətin asayişi tam mənasilə bərqərar və Nizamülmülk
kimi misilsiz vəzir də ixtiyar sahibi idi.
O həmişə alimlər
və şairlərlə oturub-durardı. Bəzən şeir söyləməyə
də həvəs edərdi. Bu rübai onundur:
/*Dünən sevgilim gözümdən bir öpüş aldı,
O getdi, amma gözüm onun ardınca yaşlı qaldı. Sevgilim gözümdən ona görə, öpdü ki,
O öz camalını mənim
gözümdə görmüşdü.*/
Məlikşahın dövründə
Həsən Səbbah, bir çox xüsuslarda xürrəmilərin qanunlarına əsaslanaraq,
mülhidlərin çirkin məzhəbini meydana atdı. O, ətrafına
canından keçən bir çox fədai toplayıb fitnə-fəsad
yolu ilə öz əzəmət və istibdadını artırırdı.
Axırda, Məlikşahın baş hərəmi Türkan xatun, cürbəcür böhtanlarla
Nizamülmülkü padişahın gözündən saldı. Nizamülmülk işdən
kənar edildi və bir il sonra Nəhavənd şəhərində Həsən
Səbbahın fədailəri tərəfindən bıçaqla öldürüldü.
Vəfat etdiyi zaman bu qitəni yazıb, padişahın hüzuruna göndərdi:
/*Ey gənc taleli şahım!
Sənin xoşbəxtliyinlə qırx il,
Dünya üzündən zülmün tozunu sildim.
Əz-qəza ömrüm 96-ya çatınca,
Səfərdə, bir bıçaq zərbəsindən öldüm.
Niknamlıq və səadət fərmanını,
Sənin imzanla səma padişahının hüzuruna apardım.
Bu qədim vəzifəni oğluma tərk etdim,
Onu da, allaha və padişaha
tapşırdım.*/
Nizamülmülkün vəfatından
40 gün sonra, Məlikşah da hicri 482-ci (=1089) ildə, Bağdad yaxınlığında
vəfat etdi. Böyük oğlu Börküyarıq taxta oturdu. Gəncədə
sakin olan Azərbaycan, Ermənistan və sair yerlərin hakimi Məhəmməd
Məlikşah oğlu üsyan bayrağı qaldırdı. Sultan Börküyarıq qardaşının
şərrini dəf etmək üçün hərəkət etdi. Bir gün, onun qoşun
başçıları iğtişaş salıb, sultanın çadırında baş vəzir
qumlu Məcdəddini öldürdülər. Padişah belə bir cəsarətdən
qorxuya düşüb İraq Quhistanından Rey (mülkünün) mərkəzinə
qaçdı. Məhəmməd maniəsiz və zəhmətsiz səltənət taxtında
oturdu. Daha sonra, iki qardaş arasında dörd dəfə müharibə oldu.
Bunlar gah qalib və gah məğlub oldular, nəticədə sülh etdilər.
Şam, Diyarbəkir, Azərbaycan, Muğan, Şirvan və Ermənistan vilayətləri
Sultan Məhəmmədə, İranın sair vilayətləri isə, Börküyarığa
çatdı. Hicri 489-cu (=1096) ildə Börküyarıq vəfat etdi. Sultan
Məhəmməd bütün ölkədə müstəqil oldu. Hicri 491-ci (=1098)
ildə Bağdada gedib xəlifə Müstəzhir Billah[İstinad: Müstəzhir
Billah--abbasilərdən iyirmi səkkizinci xəlifədir (487-512=1094-1118).]
ibni-Müqtədi Billahdan Nasiri-Əmirəlmöminin ləqəbini aldı. Bunun
vəfatından sonra hicri 502-ci (=1109) ildə Sultan Səncər Məlikşah
oğlu, Bürhani-Əmirəlmöminin ləqəbilə səltənət taxtına oturdu.
40 il müstəqil olaraq səltənət sürdü.
Mahmud Sultan Məhəmməd oğlu,
əmisi Sultan Səncər tərəfindən İraq, Ermənistan və
Azərbaycan ölkələrinə hakim təyin olundu. Dövlətşah Səmərqəndi[İstinad:
Dövlətşah Səmərqəndi--əslən səmərqəndli olub, Sultan Hüseyn
Bayqara zamanında Heratda yaşamışdır. Məşhur «Təzgirətüşşüəra»sını
hicri 995-ci ( = 1586/87) ildə Sultan Hüseyn ilə onun vəziri Əlişir
Nəvainin adına yazmışdır.] təzkirəsinin qeydinə görə, o, bu
yerlərdə 8 il, Rövzətüssəfanın yazdığına görə isə 11 il
padişahlıq etmişdir. Şirvan və Dağıstan işləri də onun ixtiyarında
idi. Axırda o, hicri 519-cu (=1126) ildə öz əmisinə qarşı üsyan
etdi, nəticədə məğlub oldu. Sultan Səncər isə onun taqsırından
keçdi və adı çəkilən vilayətlərdən başqa, Şam mülkünü
də onun ixtiyarına verdi. Bundan əlavə iki qızını da--birincisi
vəfat etdikdən sonra ikincisini--ona verdi. Özü isə Xorasan və
Mavəraünnəhrdə olurdu.
Sultan Mahmud səltənətə
keçincə, kiçik qardaşı Məsud onunla müharibəyə başladı. Bir
müddət iki qardaş bir-birilə vuruşaraq bu ölkənin nizamsızlığına
və xaraba qalmasına səbəb oldular. Gürcülər bundan istifadə
edib Tiflis şəhərini və ətrafını ələ keçirdilər. Sultan Mahmud
vəfat etdi, oğlu Tuğrul taxta çıxdı. O da, çox keçmədi Həmədan
şəhərində vəfat etdi, Sultan Məsud ölkədə müstəqil
oldu.
Bunun dövründə Həsən
Səbbahın fədailəri İraq və Azərbaycan hüdudunda zülm və
tüğyana başladılar. Xəlifə Müstərşid Billah[İstinad:
Müstərşid Billah--abbasilərdən iyirmi doqquzuncu xəlifədir (512-529=1118-1135).]
hicri 534-cü [İstinad: Mətndə yanlışlıq var, hicri 534-cü ildə
Müstərşid Billah deyil, Müqtəfi li-Əmrillah xəlifə idi. ] (=1140)
ildə, bunları dəf etmək məqsədilə o tərəfə hərəkət etdi.
Bəzi səbəblərə görə xəlifə ilə Sultan Məsudun arasına ziddiyyət
düşüb müharibə ilə nəticələndi. Xəlifə məğlub və əsir
oldu. Xorasandan Sultan Səncərin yazdığı məzəmmət və nəsihət
nəticəsində, Sultan Məsud xəlifəni çox izzət və ehtiramla Bağdada
yola saldı. Lakin fədailərdən bir dəstə yolda fürsət tapıb,
bıçaqla onu öldürdülər və özləri də Sultanın qəzəb və
əzabına düçar oldular.