Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат
[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar
Təsadüfi olaraq, qurban bayramı
günü, divanxananın yananda özü çubuqdan və sütunları
qamışdan qayrılmış bir eyvanda qonaqlıq büsatı düzəlmişdi.
Sədrəzəmlər, böyük alimlər, əmirlər və dövlət başçıları
burada oturub padişahın gəlməsini gözləyirdilər. Birdən eyvan
uçuldu; Dağıstan əmirzadələri bir tərəfdə oturduqlarından
tez bayıra çıxdılar. Sədrəzəmlərdən, üləma və dövlət başçılarıddan
bir çoxu yaralanıb həlak oldu.
Xülasə, Gəncədən böyük
topları gətirməyə məmur olan Əmirgunə xanın
qardaşı Hüseynqulu xan Qacar, topları səlamət
gətirib orduya yetirdi. Bunlardan
birini Allahverdi xanın,
o birini də,
Qarçaqay bəyin səngərinə qoydular.
Otuz batmanlıq (ağır) topların və xəndəkdən keçib, hasar altına
çatmış lağımların sədəməsindən qala və qaladakıların halı
gündən-günə zəifləməkdə idi. Mühasirə edənlər yürüş və
hücum hazırlığı görüb, hökm və fərmana müntəzir idilər.
Lakin şah istəmirdi ki, şəhər zorla alınsın, günahkarlarla bərabər
günahsızların qanı tökülsün və malları qarət olunsun. Axırda,
Qarçaqay bəyin səngərindəki qulamlardan bir neçəsi firsət tapıb
top zərbilə zədələnmiş bir burcun üstünə çıxdılar. Qoşun
da bu hadisəni yürüş fərmanı zənn edib həmin yoldan hücuma
başladı. Qarçaqay bəy bu halda maneçilik göstərməyin faydasız
olduğunu anladı, bir çox qoşunun həlak olmasından qorxaraq, istər-istəməz
yürüş və hücum əmri verdi. Zülfüqar xan səngərinin qarşısında
da köhnə burclardan birinin bir tərəfi top gülləsilə uçulub
tökülmüşdü. Qala əhlindən iki nəfər gəlib dedilər: burc boşdur,
əgər istəsəniz gəlin. Qoşun əhli firsəti fövt etməyib, 150
nəfərə qədəri yuxarı dırmaşdı. Zülfüqar xan işi belə görüncə,
burcun üzərinə çıxıb naqara və nəfir çaldıraraq hücuma əmr
verdi. Bütün qoşun ətrafdan şəhərə üz qoydu. Az bir zamanda
şəhər və aşağıdakı qala alındı. Qala əhlindən 3000 nəfərə
qədər qətlə yetişdi. Şahın qoşunundan ancaq bu 3-4 nəfər adam
tələf oldu.
Rumlular yuxarıdakı
qalaya çəkilib özlərini müdafiə etməyə başladılar.
Şəhərə girmiş qoşun evdən evə yol açıb, lağımları
iki qala arasında fasilə olan yuxarı qalanın divarlarına və burclarına
çatdırdılar və onu uçurdular. O biri tərəfdən də qorçular
öz səngərlərini xəndəyə və buradan da üstüörtülü yolla
özlərini yüksək burca çatdırıb hücumla onu aldılar. Bu hadisədən
sonra, rumlular evlərin divarlarından və qapılarından müdafiəyə
başladılar. Axırda, iş-işdən keçdiyindən, Əhməd paşa öz
xas adamlarından bir dəstə ilə keçmişdə şirvanşahların məskəni
olan bir köşkün damı üzərinə çıxıb müdafiə edirdi. Axırda,
Allahverdi xan vasitəsilə, gecəni möhlət istədi ki, səhəri qalanı
təslim etsin. Onun bu diləyi şah tərəfindən qəbul olundu. Lakin
qalanın ətrafına gözətçilər təyin edildi ki, gecə heç kəs
çıxıb gedə bilməsin.
Səhər, qalanın mühasirəsindən
6 ay keçəndən sonra, şahanə məclis quruldu. Şah dini ayin üzrə
allaha həmd və səna edib, dövlət taxtında qərar tutdu və şənlik
naqaraları çalındı. Qarçaqay bəy qulamlar və tüfəngçilərlə
qalanı və dərvazaları almağa, Hüseyn bəy carçıbaşı Zülqədər
isə Əhməd paşanı, Şəmsəddin paşanı, onun qardaşını və
oğlunu, Kiçik Həsəni və bir neçə başqa adamları tutub hüzura
gətirməyə məmur edildi. Əhməd paşa ağıllı və söz anlar bir
şəxs olduğundan aman tapdı. Kəşf-kəramət iddiasında olub, qalanın
qızılbaşlar tərəfindən alına bilməyəcəyinə hökm verən Şəmsəddin
paşanın, şahın əmrilə əvvəl uzun saqqalını yoldular, sonra
qardaşı oğlu və bir neçə nəfər başqa adamlarla işgəncə ilə
öldürdülər. Rum qoşunlarının mallarını zəbt etdikdən sonra
onlara istədikləri yerə getməyə icazə verdilər. Şəhərin varlı
və əyanlarından müsadirə yolu ilə bir çox mal alınıb Şirvan
əhalisindən lazım görülən şəxslərə ənam verildi. Fitnəsindən
qorxu gözlənilən şəxslər də hakimlər tərəfindən tədricən
dəf olundu. Şirvanlılar, qızılbaşlarla həmfikir olduqlarını
göstərmək üçün, çox vaxt onlara dost və aşna olan rumluları
öldürürdülər.
Bu zaman Şirvan əyalətinə
hakim təyin edilən Zülfüqar xandan çox çirkin bir hərəkət baş
verdi. Bu hərəkətinə görə o, şah və qoşun tərəfindən
məzəmmət olundu. Bunun təfsilatı belədir: onun bacısı və qardaşının
iki qızı Əhməd xan Gilani hadisəsində Şirvanda rumluların əlinə
keçmişdi. Rumluların əyanlarından bəzisi, insaniyyətpərvərlik
göstərərək və onların namusunu mühafizə etmək məqsədilə
onları alıb, övlad sahibi olmuşdular. İnsafsız Zülfüqar xan,
sileyi-rəhm gözləməyib, qadın və kişi 32 nəfərdən ibarət
olan hamısını bir gecədə öldürtdü. Özü də aşağıda qeyd
ediləcəyi kimi ömründən və dövlətindən bir fayda görmədi.
Dərbənd və Şabran
hökuməti Ustacallı Çıraq sultana həvalə olundu. Şahnəzər
bəy Təkəli də ona müavin təyin edildi. Zülfüqar xan Şamaxıya
gəlib, işləri yoluna qoymağa və şəhəri abad etməyə başladı.
Şah da havaların istiliyi üzündən Şamaxı yaylaqlarına gedib,
eyş-işrətə məşğul oldu. Dağıstan və Çərkəzistan hakimləri
və əmirlərindən hüzurda olanları və ya elçilər vasitəsilə
ixlas göstərənlərini padişaha layiq ənamlarla mükafatlandırdı.
Rüstəm xan Üsmi üçün də layiqli xələtlər göndərdi. Qorxuya
düşən Məsum xanı arxayın etmək üçün, Şirvan vəziri Məhəmməd
Saleh bəylə ona xələt və hədiyyələr göndərdi. O da minnətdarlıq
nişanəsi olaraq hərəmxanasına məxsus qızlardan birini şahın
hərəmxanasına göndərdi. Özünü də dərgahın müxlislərindən
hesab etdi. Şah Abbas, Şirvan və Dağıstan işlərini yoluna qoyduqdan
sonra, Ərdəbilə yola düşdü. Əli bəy Cavanşir də Cavad keçidindəki
körpünü düzəltməyə məmur edildi.
Şirvanın qarışıqlıq dövründə,
Şabranın Təbərsərana bitişik olan bir nahiyəsi təbərsəranlıların
əlinə keçmişdi. Rumlular təbərsəranlıların yardımına möhtac
olduqlarından, bu yeri onlardan istəmədilər. Təbərsəranlılar
indi də onu Şabran hakiminin ixtiyarına vermirdilər. Onların qorxusundan
hakimin qulluqçularının buraya gedib-gəlməsi çətin idi. Buna
görə, şah tərəfindən Şirvan bəylərbəyisi Zülfüqar xana əmr
olundu ki, o nahiyədə möhkəm bir qala tikdirib, mühafizlər təyin
etsin və onların azuqədən təmin olunmasına nail olsun. Ta ki,
gediş-gəliş yolu dağ əhalisinin şərrindən asudə olsun. Zülfüqar
xan da qoşunla bu nahiyəyə gəlib, əhvalatı Təbərsəran valisi
Məsum xana bildirdi. O buna razı olmadı və qala üçün yer təyin
edildiyi zaman, neçə min atlı və piyada ilə, müharibə qəsdilə
qarşıya çıxdı. Zülfüqar xan bir daha elçi göndərib, ona nəsihət
etdi, onu əzmindən döndərmək istədi, lakin fayda vermədi. Döyüş
səfləri tərtib olundu, birinci hücumda təbərsəranlılar məğlub
edildilər, onlardan 1000 nəfərə qədər qırıldı. Zülfüqar xan
az zaman içərisində ona tapşırılan mühüm məsələni bitirib
qayıtdı. İşin keyfiyyətini şahın dərbarına bildirdi. Bu hadisə
şah həzrətlərinin xoşuna getmədi, çünki o, Məsum xanın xatirini
istəyirdi və həm də hərəmxanasında olan qadınlardan, biri Məsum
xanın əqrəbasından idi. Buna görə, Zülfüqar xana buyurdu ki,
etibarlı bir adam göndərib, Məsum xanın könlünü alsın. Vali
Zülfüqar xan da öz etdiyindən peşman olub üzr istədi.
Zülfüqar xanın istilası,
məğrurluğu və qala tikdirməsi üzündən, Dağıstan hakimləri
və Təbərsəran... başçıları, özlərinin məhv olmasından qorxaraq
xəyalən pərişan bir halda idilər.
İran padişahı hicri 1018-ci
(=1609) ildə, Qarabağda qışladığı zaman, yaxın adamlarından
Qarçaqay bəyi hüzurunda olan bir dəstə qulam və qoşunla göndərdi
ki, Zülfüqar xan və Şirvan əmirlərilə Şabrana getsin, könül
alan məktublarla Dağıstan hakimlərini arxayın etsin, tabe olanlara
hörmət göstərsin, onların övlad və əqrəbalarından bəzisini
xidmət etmək üçün şahın dərbarına göndərsin, üsyan edənləri
isə cəzalandırsın. O, Şabrana gəldikdən sonra, «şahdan gizli
məktub var» bəhanəsilə Zülfüqar xanın çadırında onunla tək
qaldı. Bu vaxt şahın qulamlarından bir neçəsi çadıra daxil olub
Zülfüqar xanı öldürdülər. Şah tərəfindən verilən fərmana
görə, Şirvan əyaləti keçmişdə Astarabad hakimi olan Yusif xan
Mirşikara verildi. Qaramanlı oymağından olan bir dəstə, qorçular
sırasına keçdi, qalan qoşun da, hökmə görə Yusif xanın ixtiyarına
verildi.
Zülfüqar xandan qorxan Dağıstan
hakimləri vahiməsiz Qarçaqay bəyin yanına qayıtdılar. Sədaqət
göstərdilər, öz adamlarını ləyaqətli peşkəşlərlə ona qoşaraq
padişahın dərgahına göndərdilər. Hicri 1024-cü (=1615) ildə
Rum əsgərlərinin gəlməsi xəbəri yayıldığı zaman, sərhəd
işlərində iğtişaş baş verdi, Gürcüstana qarışıqlıq düşdü.
Şirvanda da osmanlılara meyl və məhəbbət göstərməklə müttəhim
və haqlarında sürgün hökmü verilən şəxslər firsət tapdılar.
Xüsusən Dəli Məlik ləqəbilə məşhur olan Qabıstan tərəkəmələrinin
başçısı Məlik Piri, Şirvan dələdüzlərindən bir dəstəni
öz başına yığdı. Dağıstan tərəflərini özlərinə sığınaq
edərək, ölkənin kənar bucaqlarında qarətgərliyə başladılar.
Bu cəhətdən, Şirvan vilayətində də çaxnaşma əmələ gəlib,
fitnə və qarışıqlıq meydana çıxdı. Dəli Məlik, baş qaldırmış
olan Kaxet valisi Təhmurəs xanın yanına bir nəfər göndərib,
ona tərəfdar olduğunu bildirdi. Başındakı dəstə ilə, şirvanlı
İmadəddin bəyin nəvəsi, Ərəş hakimi və möhürdarı olan Şahqulu
bəy Zülqədərin qız nəvəsi Məhəmmədhüseyn sultanın üzərinə
yürüdü. Məhəmmədhüseyn sultan öz köçünü və ailəsini qarşılamaq
üçün Kür kənarına getmişdi, bu zaman onun üzərinə töküldülər.
Sultan yanındakı azacıq adamla, bacardığı qədər özünü müdafiə
etdi, axırda hamısı öldürüldü və bütün var-yoxları yağıların
əlinə keçdi. Sultanın adamları qala qapısını bağlayıb, istədilər
ki, vaxtı uzatmaqla ya aman tapsınlar, ya da amangah. Dəli Məlik
öz adamları ilə Ərəş qalası qarşısında yerləşdi. Lakin Gürcüstan
və Şirvan iğtişaşını yatırmağa təyin edilən qızılbaş qoşununun
gəlməsini eşidərək, Dəli Məlikin tabeləri dağılışıb getdilər.
O, Gürcüstan və Dağıstanda avara-vətən və bədbəxt olub adı
batdı.
Hicri 1025-ci (=1616) ildə,
Şah Abbas özü Gürcüstanı cəzalandırmağa getdi. Yusif
xan Şirvan qoşunu ilə Zəyəm tərəfindən hərəkət etdi,
çayın kənarında yerləşdi. Bu zaman Zəyəmin xristianları toplaşıb
şirvanlılara hücum etdilər. Böyük bir müharibədən sonra, Zəyəm
əhalisi məğlub oldu və bir çoxları öldürüldü. Sağ qalanları
da qaçmağa başladılar. Şirvanlılar Zəyəm şəhərində abadlıqdan
bir əsər və əlamət qoymadılar. Qaytaq üsmisi Rüstəm xan, sədaqət
izhar etmək üçün şahın hüzuruna gəlmişdi. O, Alget çayı kənarında
ehtiramla qəbul edilərək, Dərbənd əyalətinin hakimlik fərmanilə
geri qayıtdı. Dağıstan və Təbərsəranın sair hakimləri də
öz adamlarını layiqli peşkəşlərlə bərabər göndərmişdilər,
bunlar da qiymətli xələtlərlə təltif edildilər.
Bu tərəflərin mühüm işləri,
istənildiyi kimi yoluna qoyuldu. Şah Gəncə şəhərini köhnə
yerindən köçürüb, bir ağac yuxarıda olan indiki yerində bina
etdirdi. Buradakı meydan, məscid və karvansara elm və əməldə
həqiqətən kamil bir vücud olan böyük Şeyx Bəhaəddin Məhəmməd
Amilinin planı üzrə tikilmişdir. Bunlar Şah Abbasdan qalan tarixi
abidələrdən bir yadigardır. Şirvan vilayəti bu hadisələrdən
sonra Səfəvilər dövlətinin qarışıqlıq zamanına qədər, İran
əmirləri və bəylərbəyilərinin hökumət mərkəzi olmuşdur.
Şah Abbas məmləkəti abad
etmək və rəiyyətin asayişinə baxmaq işlərində bütün dünyada
məşhurdur. Qoymuş olduğu bir çox mülki və əsgəri qanunlar,
İran şahları üçün rəhbər olmuşdur. Sultanların ləyaqətini
onların xüsusi məziyyətlərinə görə tə'yin edən Avropa tarixçiləri
belə, bu elmi sevən padişaha «Böyük» ləqəbi vermişlər. O,
xalq arasında indi də adil sifətilə tanınmaqdadır. İctimai binalar
və xeyriyyə müəssisələri tikdirməkdə islam dövründə, İranda
bu padişahın misli və tayı olmamışdır. Bütün İranda, o cümlədən
Şirvan ölkəsində olan məscidlər, mədrəsələr, uzaq çöllərdəki
kəhrizlər və çoxlu karvansaralar bu iddianın doğruluğuna aydın
bir sübutdur. Bir çox fazil şəxslər, onun tərbiyəsi sayəsində,
elm və fənndə öz dövrünün başçılarından olmuş və bütün
dünyada böyük şöhrət qazanmışlar. İşinin çoxluğuna və bir
çox müşkül işləri həll etməklə məşğul olmasına baxmayaraq
o, kamil adamlarla müsahib olmağa mail olub, gözəl təbi-şerə
də malik idi...
Şah Abbas hicri 1038-ci (=1629)
ildə, 54 yaşında, Mazandaranın Əşrəf adlı şəhərində
vəfat etdi. O, bu şəhəri özü bina etdirmişdi, gürcülərdən
bir qismini köçürüb, burada yerləşdirmişdi. Sam mirzə ibni-Səfi
mirzə ibni Şah Abbas--atasının vəfatından sonra onun adı ilə
adlanıb vəliəhdliyə təyin olunduğu üçün--18 yaşında Şah
Səfi adı ilə taxta oturdu. O, osmanlı qoşunu ilə qalibiyyətli
müharibələr etdi. Sultan Murad xanın aldığı İrəvan şəhərini
bir neçə aydan sonra, hicri 1048-ci (=1639) ildə fəth etdi. Rum
Xandigarının (Sultan Muradın) İran əleyhinə təşviq etdiyi Üsmi
Rüstəm xana qarşı, Qumuq əmiri Surxay mirzə ibni-Eldar xan ibni-Surxay
şamxalı qüvvətləndirib şamxallığa təyin etdi. Bundan bir il
qabaq rus padişahı Mixail Fyodoroviç də onun şamxallığını təsdiq
etmişdi.
Qəbrinin kitabəsinə
görə, Surxay mirzə hicri 1049-cu (=1640) ildə, Buynaqda vəfat
etmişdir. Məlum olur ki, ondan sonra şamxalların və vəliəhdlərinin
keçmiş hökumət mərkəzi olan Qumuq şəhərində onlardan
kimsə hökmranlıq etməmişdir.
Qaziqumuqlular bir müddət
naib vasitəsilə şamxalın müəyyən olan vergisini vermişlər.
Axırda onlar da, dönüklüyə başlamışlar. Şah Səfinin hüzuruna
girov olaraq göndərilən Surxay mirzənin qardaşı Əlqas mirzə,
Səfiqulu xan ləqəbilə əmirlik mənsəbinə yetişdi. O, bir müddət
İrəvan və Şirvanda hökmranlıq etdi.
Şah Səfi hicri 1052-ci (=1642)
ildə vəfat etdi. Oğlu II Şah Abbas 10 yaşında səltənət taxtına
oturdu. O, Gürcüstana səfər açıb, itaət etməyənləri kulli
surətdə qətl və qarət etdi. Calallı və sərvətli bir padişah
olub səltənət işlərini qurmağı da yaxşı baçarırdı. Onun
təbi-şeri də var idi...
O da 24 il padişahlıq etdikdən
sonra vəfat etdi. Oğlu Şah Səfi İran taxtına sahib olub, bir neçə
vaxtdan sonra Şah Süleyman adını aldı. Əmmə xan və Eldar
xan övladının, Gəray xan və Surxay şamxal oğlanlarının adına
yazılan fərmanların tarix və məzmunlarından məlum olur ki, Şah
Süleyman və onun atası, Dağıstan əmirlərinə maaşdan əlavə,
Şirvan vilayətindəki kəndlərdən bir neçəsini də veriblərmiş.
Onlar da, əvvəlkindən daha çox gediş-gəlişdə olub xidmət göstərməiə
başlamışdılar.
O zamanlarda üsmi sülaləsi
iki şöbəyə ayrılırdı: bunlardan biri Məcalisdə, o biri
də Yengi-kənddə otururdu. Bu iki şöbənvn hər birindən
növbə ilə üsmiliyə keçən şəxs Başlıda otururdu.
Bu zaman aralarına çəkişmə düşdü. Yengi-kənd şöbəsi
böyük olan Məcalis şöbəsinə qalib gəldi, Hüseyn xan adlı kiçik
yaşlı bir oğlandan başqa hamısını öldürdülər. Bu şöbənin
yaxın adamlarından Ayda bəy adlı bir nəfər onu götürüb şamxalın
yanına qaçdı. Gənçlik dövrünə çatıb, hünərli və igid bir
cavan olandan sonra, Hüseyn xan İrana getdi. Bir müddət Səlyan
Rudbarında, qazi Axund Molla Məhəmmədin evində qonaq qaldı, qızı
Xədicə bəyimi aldı. İsfahana gəldikdən sonra, şahın dərbarına
yol tapmayıb, eyş-işrətə qızışdı. Mülazimlərinin bütün
libas və silahlarını satdırdı. Bu əsnadə, Qacar əmirləri xanədanından
Zöhrə xanım adlı bir qız, onun şücaətinə və gözəlliyinə
məftun oldu. Qız eşqbazlığa başlayıb ona hər cür köməklik
edirdi. Hüseyn xanın haqqında yazılmış və bu ölkədə çox şöhrət
tapan bu şeri o qıza nisbət verirlər:
/*
QƏZƏL
Çəkib rüxsarə yapunci, edər can qəsdin ol yaği,
Könül dərbəndini çapdı, qoyanda başə qeytaği, Dağıstan dağını gör-gör, sığınmaz dağı köysümə, Tara geymiş Qumuq xalqı, tutubdur Dəşti-Qıpçağı. Bitən hər gül olur xoşbu, taalallah bu mənzildə, Gülüstani-İrəm bulmuş, məgər bu Qübbə torpağı. Ləbi-ləli-şəkərbarın, təkəllümdən, təbəssümdən, Sanasan bar ara titrər, səbadən lalə yarpağı. Gözüm yaşini mən billəm, yıxar könlüm evin axır, Olur əlbəttə viran, olsa hər mənzil su oynağı.
*/
Xülasə (Hüseyn xan)
o qızı aldı. Layiqli xidmətlərinə görə, padişahın hüzurunda
tanındı. Çox şücaət və hünər sahibi olmaqla ad çıxardığından
Quba və Səlyan ölkələri ona verildi. Oğlu Əhməd xan bu qızdan
olmuşdur. Buna görə, Ağa Məhəmməd şah Şeyx Əli xanı özünə
qohum hesab edirdi. Bu yaxınlıq səbəbinə Fətəli şahın anası
ilə II Mirzə Məhəmməd xanın anası Xədicə bikə arasında mehribancasına
yazışmalar davam edirdi. Rudbar və Səlyan qazisinin qızından da
Qəbilə xanım adlı bir qız dünyaya gəlmişdir ki, bu nahiyənin
əmirləri onun nəslindəndir. Hüseyn xan Qubadakı Xudad qalasını
təmir edib, özünə hökumət mərkəzi qərar verdi. Burada, İran
üslubunda düzəltdiyi bağ indi də vardır. Xanədanı, İranda qəbul
etdiyi şiə məzhəbində qalmışdır.
Hicri 1100-cü (=1689)
ildə Başlıya gəlib, öz irsi hökumətini üsmi Əli sultandan
geri aldı. Əli sultan, ətraf və qonşu tayfalardan 30.000 qoşun
toplayıb, təkrar Qaytaq əmirliyini ələ keçirdi. Hüseyn Xan da
Qubaya qayıdıb vəfat etdi.
Bütün tarixçilərin yazdığına
görə, Şah Süleyman ədalətli və ciddi, ölkədarlıq
fənnlərində mahir, elmi sevən, şəriətpərvər... və qonşu sultanlar
ilə dostluq mərasimini gözləyən bir padişah idi. Ömrünün axırlarında,
şiddətli ayaq ağrısından yeddi il yataqda yatıb, hicri 1105-ci
( = 1694) ildə vəfat etdi.
Oğlu Sultan Hüseyn taxta
oturdu. Dindar və insaflı bir şəxs idi, həmişə üləma ilə görüşərdi.
O, gecələr nafilə namazı qılardı, gündüzlər isə, əlaltıları
qafilə soyardılar. Get-gedə ölkə xarabalığa üz tutdu. Hər bir
tərəfdən səltənət binasına rəxnə düşdü. Bu tədbirsiz padişahın
hökmranlıq dövrünün axırlarında, fəsad əhlinin dilədiyi kimi
dövlət işləri nizamdan düşmüşdü. Şirvan və Dağıstan vilayətləri
də iğtişaş və qarışıqlıq məhəlli oldu. Üsmi Əli sultan
vəfat edib, Əmir Namzə onun yerinə keçdi. Hicri 1107-ci (=1696)
ildə onun əmirliyi şah tərəfindən də təsdiq olundu.
O, on ildən artıq üsmi
oldu. Axırda, Əhməd xan Hüseyn xan oğlu, Qaytaq əhalisindən bir
çoxunun köməyi ilə gedib Başlını ələ keçirdi.
Əmir Həmzə yuxarı mahallara qaçıb, bir neçə ildən
sonra vəfat etdi. Onun vəfatından iki il sonra, Əhməd xan ibni-Ulu
bəy üsmi ibni-Rüstəm xan müdafiəyə qalxışıb, bir neçə döyüşdən
sonra Başlıda, Əhməd xan ibni-Hüseyn xan da Məcalisdə hökmran
oldu. Axırda, Əhməd xan ibni-Ulu bəyin təhrikilə, Əhməd xan
ibni-Hüseyn xan üsmini Məcalisdə, indi də mövcud olan evində,
mülazimlərindən biri öldürdü. Əhməd xan ibni-Ulu bəy üsmi
oldu.
Bu zamanlarda Sultan Hüseyn,
irsən 12 il müstəqil baş vəzir mənsəbində olan Fətəli
xan ibni-Səfiqulu xan ibni-Eldar xan şamxalın gözlərini çıxartdırdı,
onu mülki işlərdən uzaqlaşdırdı. Onun (Fətəli xanın) acığına,
o zamana qədər şamxalın ixtiyarında olan Dağıstandakı işlərin
nizamını pozdu. Fərman mucibincə, hicri 1123-cü (=1710) ildən
etibarən, Qaytaq ölkəsinin işlərini Əhməd xana tapşırdı. Ona
100 tümən əvəzinə ildə 200 tümən maaş təyin etdi. Əhməd
xan gündən-günə öz cəlal və dəbdəbəsini artırıb, çoxlu
qoşunla Təbərsəran üzərinə yeridi. Məhəmməd Məsum öz tərəfdarları
ilə bərabər onunla barışdı. Rüstəm və Əli bəy isə, öz dəstələri
ilə birlikdə vuruşmağa başladılar. Bəzi kəndlər yandırılıb
qarət edildikdən sonra, bunlar da girov verərək aman istədilər.
Bu hadisədən sonra, üsmi məktublaşma və müxtəlif vasitələrlə
şirvanlıları iğtişaş törətməyə və qızılbaşlar əleyhinə
qalxmağa təhrik edirdi.
Bu zaman, Car və Tala
camaatı Şəki ölkəsi hüdudunda sakin olan Zaxur əhalisilə bərabər
üsyana başladı. Onları cəzalandırmaq üçün getmiş olan Şirvan
bəylərbəyisi Həsənəli xan, Şəki Mahalında öldürüldü. Üsyançılar
onun ordusunun mal və sursatını ələ keçirdilər. Sonra gəlib
Şamaxı şəhərini qarət edərək öz yerlərinə qayıtdılar. Bundan
sonra, mötəbər bir alim və mədrəsə sahibi olan Hacı Davud, Müskür
camaatı tərəfindən vəkil edilərək üsminin yanına getdi, iğtişaş
qaldırmaq haqqında onunla danışıq apardı. Üsmi, Mürtəzaəli
Əmir Həmzə oğlu üsminin komandası altında bir dəstə əsgər
göndərdi. O tərəflərin sünniləri də toplaşıb Şabran şəhəri
üzərinə yürüdülər. Şiddətli müharibədən sonra buranı aldılar
və dağıdıb od vurdular.