A.Bakıxanov - Gülüstani-İrəm

Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат

Краткое описание

[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar

Содержимое работы - 1 файл

A.Bakıxanov - Gülüstani-İrəm.doc

— 1,021.50 Кб (Скачать файл)

Bəzi tarixçilərin qeydinə  görə, xəlifənin öldürülməsi Sultan Məsudun işarəsilə  olduğu halda, fədailərin adına isnad verilmişdir. Xülasə, bu xəbər Bağdada çatınca, Raşid Billah[İstinad: Raşid Billah--abbasilərdən otuzuncu xəlifədir (529-530=1135-1136).] ibni-Müstərşid Billah xilafətə keçdi. Sultan Məsud onun ardınca Darülxilafəyə (Bağdada) hərəkət etdi. Raşid Billah ona qarşı müqavimət göstərə bilməyəcəyindən, Mosula getdi. Bir ildən sonra Azərbaycan və İraq ətrafında sərgərdan gəzirdi. İsfahanın yaxınlığında fədailər tərəfindən bıçaqla öldürüldü. 

Sultan Məsud Bağdada daxil olandan sonra, Müqtəfi li-Əmrillahı [İstinad: Müqtəfi li-Əmrillah--abbasilərdən otuz birinci xəlifədir (530-555=1136-1160).] xilafətə oturtdu və özü də ona beyət etdi. Lakin, buna baxmayaraq o, hər bir xüsusda müstəqil hökm sürürdü. Deyirlər ki, Sultan Məsud elçi vasitəsilə xəlifədən soruşdu: «Ona məsarif üçün nə qədər pul lazımsa (desin) təyin edək». Xəlifə cavabında: «Hər gün su daşımaq üçün 40 baş qatır lazımdır, qalan mayehtacı da buna əsasən təyin etsin» dedi. Sultan dedi: «Bəh-bəh! Əcəb cəlal sahibini xilafətə oturtmuşuq, allah onun şərrini müsəlmanların başından götürsün». 

Sultan Səncərin səltənətinin axırlarında, Quz tayfası Ceyhundan keçdi. Sultan Səncər də onların müharibəsinə gedib, məğlub oldu və əsir düşdü. Bir müddətdən sonra qaçıb qurtardı, intiqam almaq tədarükündə ikən, hicri 542-ci (=1148) ildə vəfat etdi... 

Sultan Məsud, onun vəfatından sonra, 12 il də müstəqil səltənət sürdü. O, hünər və şücaət sahibi olub rəhmdil və rəiyyətpərvərlikdə məşhur idi. Onun hökmranlıq dövrünün axırlarında, Məlikşah ibni-Sultan Mahmud Həmədanda üsyan etdi. Sultan gəlib fitnəni yatırtdı. Sultan Məsud hicri 554-cü ( = 1159) ildə vəfat etdiyi zaman, II Məlikşah ibni-Mahmud taxta oturdu. Son dərəcə eyş-işrətə aludə olduğundan, səltənət əlindən çıxdı. Qardaşı II Məhəmməd padişahlıq taxtına oturdu. O, öz əmisi Süleyman ibni-Sultan Məhəmməd ilə Arazın kənarında müharibə edib qalib gəldi. 

Bəzi səbəblərə görə, onunla xəlifə Müstəncid Billah [İstinad: Müstəncid Billah--abbasilərdən otuz ikinci xəlifədir 555-566=1160-1170).] ibni-Müqtəfi Billahın [İstinad: Mətndə yanlışlıq var, Müqtəfi li-Əmrillah olmalıdır.] arasında ədavət törədi. Bir neçə gün Bağdadı mühasirə etdikdən sonra, xəlifənin qızı Kirman xatunu alıb sülh etdi. Ondan sonra, hicri 556-cı (=1161) ildə, Süleyman ibni-Məhəmməd ibni-Məlikşah taxta oturdu. O, boşboğaz və əyyaş olduğu üçün, altı ay sonra həbsə alındı. Arslan ibni-Tuğrul ibni-Mahmud hökmranlığa keçdi. Nizami, Zəhir və Ənvəri tərəfindən mədh edilən Arslan alim, adil, ağıllı, təcrübəli və xeyirli işlər görən bir padişah idi. Ondan sonra, hicri 571-ci (=1176) ildə oğlu Tuğrul taxta oturdu. Əmisi Məhəmməd ibni-Tuğrul da ona vəzir oldu. Məhəmməd vəfat etdikdən sonra, qardaşı Qızıl Arslan onun yerinə keçdi. Axırda, dostluq düşmənçiliyə çevrilib, Qızıl Arslan xəlifənin köməyilə müharibədə qalib gəldi. Tuğrulu həbsə alıb özü səltənətə keçdi. Qızıl Arslan vəfat etdikdən sonra, Tuğrul ikinci dəfə səltənətə keçdi. 

Deyirlər ki, Tuğrul elmi, hünəri sevən və himayə edən bir padişah olub, bəzən  şeir də söylərmiş... 

Tuğrul hicri 590-cı  (=1194) ildə, Təkəş xan Xarəzmşahın müharibəsində   öldürüldü. Bu sülalənin   səltənəti də bir neçə il ondan əvvəl Fars və Xorasana    sahib olan xarəzmşahlara çatdı.  Bu sülalənin qısaca  tarixi  belədir: 

Məlikşah Səlcuqinin qulamlarından Ənuştəkin adlı bir şəxs, Xarəzm əyalətinə hakim təyin olunmuşdu. Ondan sonra, oğlu Qütbəddin Məhəmməd də Xarəzmşah ləqəbilə bu mənsəbə keçdi. Sultan Səncər Quz tayfası əlində əsir olduğu zaman, Məhəmməd sikkəni öz adına vurdurub, xütbəni öz adına oxutdu. Ondan sonra, oğlu Adsız və ondan sonra da Sultan şah, Təkəş xan və El Arslan bir-birinin ardınca səltənət sürdülər. Hicri 596-cı (=1200) ildə, xarəzmşahlardan Məhəmməd Təkəş oğlu taxta oturdu. Hicri 617-ci (=1221) ildən başlayaraq 4 il davam edən Çingiz xan hadisəsi zamanında qaçıb Mazandaranın Abesikun adasında vəfat etdi. Onun böyük oğlu Cəlaləddin səltənət taxtına oturdu. Gürcüstanı almaq üçün gəldiyi zaman Şirvan və Dağıstana da hücum etmiş olduğu məlum deyildir. 
 
 
 

Üçüncü fəsil 
 

MOĞOL   İSTİLASINDAN   SƏFƏVİLƏRİN   ZÜHURUNA   QƏDƏR, ŞİRVANŞAHLAR   SÜLALƏSİ   VƏ   ONLARIN   SƏLTƏNƏTİNƏ AİD   HADİSƏLƏR   HAQQINDA 

Hülaku xan bin-Tuluy bin-Çingiz xan, öz qardaşı Mənku qaan zamanında İrana gəldi. Hicri   656-cı (=1258)    ildə xəlifə Müstəsim Billahı [İstinad: Müstəsim    Billah--abbasilərdən otuz yeddinci və sonuncu xəlifədir (640-656 = 1242- 1258).] öldürərək  abbasilər dövlətini dağıtdı. Sonra, özü ilə bərabər gətirdiyi 200000 türk ailəsini müxtəlif yerlərdə yerləşdirdi. İran səltənətini öz əlinə alıb  möhkəmləndirdi. Lurlar və kürdlərdən başqa, İran köçəri qəbilələrinin əksəri   bunların nəslindəndir. Şam ölkəsinin  o   başından   (Əqsayi-Şamdan) Ceyhuna,   Ümmandan Dərbəndə qədər onun hakimiyyəti altında idi. Hülaku xan çox əzəmətli olub   bir çox məziyyətlərə malik idi. Elm və hikmət sahiblərinin   ehtiramını saxlar,   ümumun mənfəətinə  aid  müəssisə  və binalar tikdirməyə son dərəcə  səy edərdi. Paytaxtı Təbriz şəhərində, ali bir imarət tikdirdi. Hülaku xana çox yaxın olan Xacə Nəsirəddin Məhəmməd Tusi, onun əmrilə   Mərağada   bir rəsədxana   bina etdirdi. Hicri 663-cü (=1265) ildə səltənəti oğlu Abaqa xana tərk edib vəfat etdi. Bu da Şirvan, Ermənistan və Azərbaycanın idarəsini qardaşı şahzadə Yeşmuta tapşırdı. Bu zaman  Qıpçaq padişahı Cağatay xanın oğlu Bərəkə xan, şahzadə Buğanı Dağıstan yolu ilə Azərbaycanı almağa göndərdi. Yeşmut hicri 664-cü (=1266) ilin əvvəllərində, Dərbənd yaxınlığında onu məğlub edib geri qaytardı. 

Bu məğlubiyyətdən sonra Bərəkə xan 300000    atlı    ilə Dərbənd yolu ilə gəldi. O, Kür çayı  kənarına çatıncaya qədər atının cilovunu çəkmədi. Abaqa xan da külli qoşunla Kürün o biri tayında düşüb onu çaydan keçməyə qoymadı. Bərəkə xan körpüdən keçmək üçün Tiflisə üz qoydu. Lakin xəstələndiyindən yolda vəfat etdi. Buna görə də qoşunu dağılıb öz yurdlarına qayıtdı. Abaqa xan hicri 681-ci (=1282) ildə vəfat etdi. 

İslam dinini qəbul etdikdən sonra Sultan Əhməd adını alan Nikudar bin-Hülaku xan, İraq və Azərbaycanda rəyasət və ədalət taxtına oturdu. İki il sonra Abaqa xanın oğlu Arqun onu öldürüb özü onun yerinə keçdi. Arqun zalım və xain bir padişah idi. Hicri 690-cı (=1291) ildə vəfat etdi. Onun yerinə keçən qardaşı Keyxatu eyş və işrətlə məşğul olub əmirlərinin irz və namusuna təcavüz edirdi. Bunların (əmirlərin) təhriki ilə Baydü ibni-Taraqay ibni-Hülaku xan Bağdaddan qoşun çəkib gəldi. Keyxatu Muğana qaçdı. Əmirlər Baydu xanın əmrilə onu təqib edərək hicri 694-cü (=1295) ildə əsir edib öldürdülər. 

Bu hadisədən sonra, islam dinini qəbul edib Sultan Mahmud adını alan Xorasan hakimi Qazan ibni-Arqun xan, Keyxatunun intiqamını almaq üçün Baydu xanın  üzərinə hərəkət etdi. Əvvəlcə sülh və sonra hərb etdilər. Baydu xan qaçıb Naxçıvanda Əmir Novruzun əlində öldü. Qazan xan hakimiyyət başına keçdi... 

O vəfat edəndən sonra, hicri 703-cü (=1304) ildə, Ulcaytu Məhəmməd Xüdabəndə ibni-Arqun xan taxta oturdu. Sultaniyyə şəhərini bina və özünə paytaxt etdi. O, ədalətli və xeyirli işlər görən bir padişah idi. Onun adı, Bakı şəhərində bina etdirdiyi burc və məscidlər üzərindəki kitabələrdə indi də durur. Hükəmanın təhqiqatına və alimlərin söhbətinə çox mail idi. Şiəliyi qəbul etdi və sikkəni on iki imamın adına vurdurdu. Bir çox həkimanə sözləri vardır, bunları fazil adamlar toplamışlar... 

Ondan sonra, hicri 736-cı  (=1317) ildə, 13 yaşında olan böyük oğlu Sultan Əbusəid taxta oturdu. Bunun dövründə Cüci ibni-Çingiz xan nəslindən Qıpçaq padişahı Özbək xan--Özbək qəbiləsi bunun adı ilə adlanmışdır--hicri 718-ci (=1319) ildə Dərbənd yolu ilə Azərbaycanı almağa gəldi. Sultan Əbusəid müqavimət məqsədilə çıxıb Qarabağ düzündə qışladı. Özbək qoşunları Şirvanda qətl-qarətlə məşğul idilər. Əmir Çoban 20000 qoşunla sultanın köməyinə gəldi. Özbəyin qoşunu müqavimət göstərə bilməyib qaçmağa başladı. Əmir Çoban onları təqib edərək bir çoxunu öldürdü. Özbək şah hicri 735-ci (=1335) ildə təkrar həmin yol ilə Azərbaycana yürüş etdi. Sultan Əbusəid yenə müqavimət məqsədilə qarşıya çıxdı. Havanın istliyi və üfunəti üzündən Şirvanda xəstələnib hicri 736-cı (=1336) ildə vəfat etdi. Müasirlərindən biri yazdığı bir şeirdə onun Qarabağda vəfat etdiyini qeyd etmişdir. Qarabağ çox vaxt Şirvan üstündə sayıldığından, tarix kitablarında Şirvan adı ilə şöhrət tapmışdır. 

Zəfərnamənin müqəddəməsində  deyilir: (Əbusəidin) arvadı Bağdad xatun, Əmir Çobanın qızı  və keçmişdə Şeyx Həsən Elxaninin arvadı idi. Sultan ona aşiq olub, zor ilə təlaq verdirərək almışdı, atasını və qardaşını da öldürmüşdü. Bağdad xatun, Özbəyin təhrik və təşviqi ilə, Sultana zəhər verdi. Bundan sonra, Tulu Çingiz xan oğlu nəslindən olan Arpa xan səltənətə keçdi. Özbəyi məğlub edərək Şirvan və Dərbənddən çıxartdı. Bu zaman Musa ibni-Əli ibni-Baydu xan üsyan edib, Arpa xanı öldürdü. Hülaku xan nəslindən Məhəmməd də buna qarşı üsyan etdi. Daha sonra, bu sülalədən bir neçə nəfər bir-birilə vuruşaraq, öz nəsillərinin kəsilməsinə və ölkənin xaraba qalmasına səbəb oldular. Bunların Azərbaycan və İraqdakı əzəmətli dövləti elxanilərə keçdi. 

Bu sülalənin əhvalatı  belədir: Ağ Buğa ibni-Elxan ibni-Cəlayir Keyxatu dövründə  əmirülüməra olub Baydu xan hadisəsində öldürüldü. Oğlu Əmir Hüseyn Arğun xanın qızını aldı. Bunun oğlu Şeyx Həsən, Sultan Əbusəid dövründə Rum valisi idi. Əbusəid öləndən sonra, Şeyx Həsən onun arvadı Dilşad xatunu aldı. Bu arvad Əmir Çobanın oğlu Xacə Dimişqin qızı idi. Musiqi elmində, rəssamlıqda öz əsrinin nadiri və gözəllikdə bütün dünyada məşhur olan Şeyx Üveys bundan doğulmuşdur. O, hicri 757-ci (=1356) ildə İraqi-Ərəb səltənəti taxtına oturdu. 

Hülaku övladı səltənətinin, sarsıldığı və elxanilər dövlətinin hələ müstəqil olmadığı bir zaman idi. Zalım və qəddar bir şəxs olan Şeyx Həsən ibni-Teymurtaş ibni-Əmir Çoban yeddi il onun ölümündən sonra uğursuz qardaşı Əmir Əşrəf 13 il Təbriz mülkünü və sair yerləri istila etdilər. Bunlar həddən artıq zülm edib saysız-hesabsız mal və dövlət topladılar. Bu zaman bərdəli Qazi Mühiyyəddin Dəşti-Qıpçağa, Cücü ibni-Çingiz xan övladından ədalətli, maarifpərvər və pərhizkar bir padişah olan Canibəy xanı n yanına getdi. Gözəl nəsihət və mövizələrlə onu vadar etdi ki, gedib Əşrəf zalımı cəzalandırsın. Canibəy 300000 qoşun götürüb Dərbənd yolu ilə gəldi. Şirvanşah Kavus ibni-Keyqubad, bu gözəl səfərdə ona qarşı çox xidmətlər göstərdi. Buna görə, Moğol və Tatar tayfası, zatən talançı olsalar da, xərmən vaxtı kimsənin taxılına əl uzatmadılar. Canibəy Təbrizə gəlib  Əşrəfi öldürdü və onun xəzinələrinə sahib oldu. İndi də xalq arasında belə bir məsəl məşhurdur: 

/*

Eşşək Əşrəfi gördünmü  nə etdi?

O özü ilə lənət apardı, Canibəy isə altun.

*/ 

Bu hadisədən sonra, oğlu Bərdi bəyi Azərbaycanda canişin qoyub, öz paytaxtına qayıtdı. Bərdi bəy atasının bərk xəstələndiyi xəbərini alınca, moğollardan Axıcıq adlı bir nəfəri Təbrizdə naib qoyub getdi. Axıcıq da 15 ilə yaxın, Əşrəf kimi, zülmkarlıq edib Təbriz əhlini təngə gətirdi. Təbrizlilər Müizziddin Üveys Elxanidən kömək istədilər. O, çoxlu qoşunla gəldi. Axıcıq onun qarşısına çıxdı və məğlub olub, Naxçıvana qaçdı. Buradan da Qarabağa gəldi. Sultan Üveys onu təqib etdi, tutub boynunu vurdu. Hicri 775-ci (=1374) ildə, İraqi-Əcəm və Azərbaycanı aldıqda, Şirvan valisi Huşəng ibni-Kavus da ona tabe oldu. Bu səfərdən Bağdada xəstə qayıtdı. O biri il, çox gənc ikən vəfat etdi... 

Sonra oğlu Sultan Hüseyn padişahlığa çatdı. O, ölkə və ordu işlərindən qəflət edərək, eyş-işrətlə məşğul idi. Qardaşı Sultan Əhməd, hicri 784-cü (=1383) ildə, türkmən qaraqoyunlu Qara Məhəmmədin köməyilə onu öldürdü. Qardaşı Şeyx Əliyə də  qalib gəldi. Şirvan valisi Huşəng Kavus oğlunun vasitəsilə o biri qardaşı Sultan Bayəzidlə də Azərbaycanda sülh edib, səltənət taxtına oturdu. Bu zaman, ölkələr fatehi Əmir Teimur Kürəkən xüruc etdi... 

Bir çox tarixçilərin yazdığına görə o, Çingiz xanın böyük əmirlərindən Qaracar noyanın oğul nəvəsi, moğolların Barlas qəbiləsi əmirlərindən Əmir Turağayın oğludur. Hicri 736-cı ( = 1336) ildə Keş nahiyəsində Şəhrsəbzdə anadan olmuşdur. Çox tərəqqi etdi, Əmir Hüseynin damadı olduğundan, Kürəkən deyə şöhrət tapdı. Əmir Hüseynə də qalib gəlib, 35 yaşında Mavəraünnəhrin padişahı oldu. Moğolustanı, İranın bir çox vilayətlərini, hətta Gilan və Azərbaycanı da aldı, sonra yenə Mavəraünnəhrə qayıtdı. 

Hicri 787-ci (=1386) ilin qışında, Toxtamış xan 90000 qoşunla Dərbənd yolu ilə Şirvan və Azərbaycana soxuldu, qarət və təxribatdan sonra, yenə həmin yol ilə geri qayıtdı. 

Zübdətüttəvarix [İstinad: «Zübdətüttəvarix»--Teymur dövrünün tarixçilərindən Hafiz Abrunun əsəridir. O, Heratda anadan olmuş və hicri 834-cü  ( = 1430/31) ildə vəfat etmişdir. «Zübdətüttəvarix» dünyanın yaradılışından hicri 829-cu (=1423/26) ilə qədər olan hadisələri təsvir edir.] müəllifinin yazdığına görə, Çingiz övladından Toxtamış xan, keçmişdə Urus xan tərəfindən məğlub edilmişdi, hicri 782-ci (=1381) ildə, Əmir Teymurun köməyilə Qıpçaq padişahlığına yetişdi. Ertəsi il, Əmir Teymur İrana yürüş etdiyi zaman, Xorasanda ona xəbər çatdı ki, Sultan Əhməd Cəlayir Elxani Bağdaddan Təbrizə hərəkət etmişdir. Hacı Seyfəddin adlı birisini bir dəstə qoşunla onu dəf etmək üçün göndərdi. Əmir Teymurun gəlmək xəbərini eşidərək qayıtmaq fikrində olan Sultan Əhmədə, Naxçıvan duzlağında çatdı. Müharibə başlandı. Sultan Əhməd, nicatı qaçmaqda gördü, qoşunlarından bir dəstəsi öldürüldü və ordusu talan edildi. Əmir Teymur özü Təbrizə gəldi, məşhur adamlardan bir çoxunu öldürdü və bir çoxunu da cərimə etdi. Bu şəhərin tanınmış sənətkarlarını yığıb Səmərqəndə göndərdi. Payız fəslində Naxçıvan və Qars qalalarını aldı. Qarsı viran edərək, Gürcüstana hərəkət etdi. Buranın valisi Əmir Baqrat müqavimət göstərdi, məğlub olub əsir düşdü. Əmir Teymur buradan Qarabağa gəlib, islam dinini qəbul edən Baqrata öz irsi mülkünü qaytardı. Şirvan valisi Əmir İbrahim, öz ölkəsini qurtarmaq məqsədilə, ləyaqətli töhfələr və hədiyyələrlə Əmir Teymurun hüzuruna gəldi. Sahibqran tərəfindən mehribanlıqla qarşılandı və Şirvanşah ləqəbini aldı. 

Bahar zamanı, Teymurun ordusu Araz kənarından Gəncəyə yetişdikdə xəbər çatdı  ki, Toxtamış xan tərəfindən Şirvana külli qoşun gəlmişdir. (Əmir Teymur), oğlu Miranşahı onları dəf etməyə göndərdi. Miranşah onları məğlub edib Dərbəndin o biri tərəfinə qədər qovdu və çoxlu qənimət ələ keçirdi. Dövlətşah Səmərqəndi Təzkirətuşşüərasında yazır: Sultan Əhməd zahiri cah-calaldan başqa cürbəcür fəzilətlərə də malikdi. İnşa, ərəbcə və farsca şeir söyləmək, nəqqaşlıq, mozaika və sair fənlərdə mahir idi. Havacat və musiqi elminə dair bir çox təlifatı vardır. Bunlara baxmayaraq o, etimadsız, pis əməlli, tiryiəki, hərdəmxəyal və mərdümazar bir adam idi... 

Xülasə, pis işlərinə  görə rəiyyət və qoşun ondan nifrət edib Əmir Teymura sığındılar. Hicri 791-ci (=1389) ildə, Sahibqran Bağdada hərəkət etdiyi zaman, Sultan Əhməd bu qitəni yazıb ona göndərdi: 

/*

Ruzigarın cəfasına nə  üçün boyun əyək!

Hər bir kiçik işdən  ötrü  nə üçün zəhmət çəkək!

Dənizi və dağı  ötüb keçək,

Ünqa  kimi  dəniz  və  quru  qanadımızın  altında

qalsın.

Ya muradımıza  çatıb fələklərə yüksələk,

Ya  da,   kişi   kimi  mübarizə   yolunda  başdan  keçək.

*/ 

Sahibqran təbi-şeri olmadığına görə, təəssüf edib buyurdu, övladından biri onun cavabını yazsın. Bəzilərinin qeydinə görə, cavabı Miranşah, bəzilərinin rəvayətinə görə, Sultan Xəlil yazdı. Cavab bundan ibarətdir: 

/*

Zəmanənin cəfasına boyun əymək lazımdır,

Böyük   işi   kiçik   sanmaq   olmaz.

Ünqa kimi Qaf dağına nə  üçün uçursan!

Sərçə kimi kiçil və  qol-qanadını  salla.

Xam xəyalı   başından  çıxar,

Ta, sənin başın uğrunda yüz min baş (kəsilməsin).

*/ 

Sultan Əhməd müqavimət göstərə bilməyib Ruma getdi. Bağdad Sahibqranın ixtiyarına keçdi. Xacə Məsud Sərbədar buraya hakim təyin edildi. Əmir Teymur, bu səfərdən sonra, paytaxtı Səmərqəndə qayıtdı. Hicri 793-cü (=1391) ildə Qıpçağa getdi, Qunduzca adlı yerdə Toxtamış xanı məğlub etdi. Cüci qəbiləsini qətl-qarət edib onlardan əsir aldı. 

Əmir Teymur hicri 796-cı (=1394) ildə yenə gəlib Gürcüstanı qarət etdi və Şəkini ələ keçirdi. Sultan Mahmud Qazan xan tərəfindən, dəniz kənarında, Kür çayının iki qolu arasında bina etdirilmiş Mahmudabad şəhərində qışladı. Bu zaman xəbər çatdı ki, Toxtamış xanın qoşunundan bir dəstə Dərbənddən keçib yenə Şirvanı çalıb-çapmaqla məşğuldur. Buna görə, Toxtamış xanı cəzalandırmaq üçün külli qoşun götürərək hicri 797-ci (=1395) ilin baharında Dərbənd yolu ilə hərəkət etdi. Həbibüssiyərin yazdığına görə, Əmir Teymur Samur çayının kənarına çatıb dənizdən beş ağac yuxarıda düşdü. Bu zaman, Toxtamış xanın yanına elçi göndərilən Şəmsəddin Almalığı, düşmənanə yazılmış bir məktubla varid oldu. Sahibqran burada qoşununu nəzərdən keçirdi. Heç bir zaman onu bu çoxluqda və bu təchizatda qoşun müşayiət etməmişdi. Buradan qəsd etdiyi tərəfə hərəkət etdi. Yolda, Toxtamış xanın tərəfdarlarından rast gəldiyi tayfaların hamısını qətl-qarət edirdi. Xülasə, iki qoşun indi Terek adlanan Qori çayının kənarında üz-üzə gəldi. Burada əsrlər boyu misli çox az görünmüş şiddətli bir müharibə baş verdi. Döyüşün şiddətindən qiyamət gününün dəhşəti bərpa oldu. Məğlubiyyət nişanələri Teymurun qoşununda görünməkdə idi. Bu zaman nüsrətli padişahın yüksək himməti və ağıllı tədbirləri sayəsində, müharibənin gedişi başqa bir şəklə girdi. Toxtamış xan, hədsiz qoşunu ilə pərişan bir halda qaçmağa üz qoydu. Əmir Teymur, Qumari çayının kənarında öz qoşununun başçılarına ənam verib onlara nəvaziş etdi. Düşməni də Atil çayına qədər izlədi. Qoyzıcan Urusxan oğlunu Qıpçaq səltənətinə oturtdu. Toxtamış xan bir neçə nəfərlə dağlara və meşələrə qaçdı. 

Əmir Teymur rus ölkəsinin cənub tərəfini Oka çayına qədər   viran etdi. Mərkəzdən   uzaq düşməsi və qışın yaxınlaşması münasibətilə qayıtdı. Qara   dəniz sahilində Azaq      şəhərini   aldı. Çərkəz və Əlbürz-kuh (Qafqaz)   ölkələrində       də bəzi qələbələr çalıb, Qum keçidində qışladı. Qışın ortasında gedib Hacı Tərxanı qarət etdi və yandırdı. Sonra İrana qayıdarkən, Dağıstanda bəzi qalaları  və kəndləri də xarab etdi, müqavimət    göstərənləri layiqincə cəzalandırdı. Dağıstan    əhalisindən    bir çoxunun dediyinə görə Əmir Teymur Terek ilə Sulaq arasında yaşayan Qumuq tayfasını itaəti altına aldı. Sonra Mıçıqıçın ortasından keçərək, yeddi min evdən ibarət Almaq şəhəri üzərinə gəldi. Buranı çox şiddətli müharibədən    sonra alıb viran etdi; bu şəhərin yerində indi təqribən 100 evdən ibarət bir kənd durur. Oradan, Salatav dağları üzərindəki dağ yolu ilə (bu yol indi «Teymurşah yolu» adlanır) Salatav əhalisinin sığındığı Bərktav, Əlxastav, Çobantav və Batluq adlı çətin keçidli qalalar və kəndlər üzərinə gəldi. Bu yerlərin qəribə və əcibə asarı indi də mövcuddur. Bu yerləri aldıqdan sonra, əhalisini köçürüb aranlıq yerlərdə yerləşdirdi. Onlar da get-gedə dağıldılar. Onların çoxu bir çirkab yerində Çirkay kəndini bina edib oturdular. 

Əmir Teymur Axat keçidindən Qoysu çayını keçib, təqribən 7-8 min evdən ibarət böyük Qədər şəhərini mühasirəyə aldı. Yerin çətinliyindən onu almaq imkansız görünürdü. Axırda, sülh məsələsini ortaya atdı, töhfə və hədiyyə adı ilə şəhərə, içində silahlı əsgər olan bir çox sandıq göndərdi; daxildən və xaricdən hücum edərək şəhəri aldı və xərabəzarə çevirdi. Ğədər şəhəri, Şamxal mülkündə indi də 400 evdən ibarət bir kənddir. Bu zaman Qumuqun keçmiş əmirləri nəslindən bir gözü kor Kübdən adlı bir əmir öküzə minib Teymurun hüzuruna gəldi və dedi: «Mən korun sən axsaqdan bir sualı vardır, biz kimik ki, sənin kimi iqtidarlı bir padişah bizimlə müharibəyə gəlsin və neyimiz var ki, bizdən alsın?» Əmir Teymura onun sadə danışması xoş gəldi. Kübdən kəndinin bütün əmlakını ona verdi. O da öz eli ilə dağlardan köçüb, adına bir kənd və məskən saldırdı. Onun nəsli və qəbilələri Qaraçıbəgan adı ilə məşhurdur. Onlardan bəziləri Qarabudaqkənd və sairdə yurd salmışlar. 

Информация о работе A.Bakıxanov - Gülüstani-İrəm