Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат
[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar
Şirvanlılar ikinci dəfə
yenə iğtişaşa başladılar: Mihrab mirzənin qohumlarından Qurbanəli
adlı bir nəfəri hökmdar seçib, Xəzər dənizi adalarından birinə
sığındılar. Abdulla xan nəsihət yolilə nə qədər məktub yazdısa
da, bir fayda vermədi. Axırda onların üzərinə yeridi. Qızılbaş
qoşunu suyun ortasında (adada) müharibə atəşini alovlandırdı,
adanı alıb Qurbanəli mirzəni, o tayfadan bir çoxları ilə bərabər
qətlə yetirdi. Çoxlu mal ələ keçirdilər. Bu hadisədən sonra
bir neçə il asayişlə keçdi.
Şah Təhmasibin bu ölkədəki
fütuhatından biri də Şəkinin alınması idi. Bu hadisənin
təfsilatı belədir: Şirvanşahlar xanədanına mənsub və ata-babadan
Şəki hakimi olan Hüseyn bəy, gürcülərin təcavüzündən Şah
İsmayıla pənah aparıb, həmişə ondan iltifat və köməklik görürdü.
Şah İsmayıl vəfat edən ili, Kaxet hakimi Ləvənd xan Şəkinin
üzərinə gəldi. Hüseyn bəy müharibədə öldürüldü. Şəkinin
böyükləri, onun oğlu Dərviş Məhəmməd xanı hakim seçdilər.
O, atasının ziddinə olaraq İran dövləti ilə çəkişməyə başladı.
Yuxarıda söyləndiyi kimi, Şahrux mirzənin müharibəsində qızılbaş
qoşununa şəbxun etdi. Buna görə, Şah Təhmasib özü hicri 958-ci
(=1551) ildə Şəki ölkəsini almaq qəsdilə hərəkət etdi. Kaxet
valisi gürcü Ləvənd xan itaət izhar edib, əmrə tabe olmaq məqsədilə
Ərəş qəsəbəsində hüzurə gəldi və şahın nəvazişlərinə
nail oldu. Şah tərəfindən Dərviş Məhəmməd xanın adına lütf
və mərhəmət mücdəsi verən bir fərman sadir oldu. Lakin o, yerinin
möhkəmliyinə arxalanaraq, inad göstərməyə başladı. Şəki böyüklərindən
bəzisi Kiş qalasına, Dərviş Məhəmməd xan özü isə, çox möhkəm
və uca olan Gələsən-Görəsən qalasına çəkildi. Bir dəstə
də Əlbürz dağının ətəyində möhkəm bir yeri özlərinə sığınaq
edib vuruşa hazır oldular. Qorçibaşı Sevindik bəy, Bədir xan
və Şahqulu Sultan Ustacallı, bir dəstə qoşunla Kiş qalasını
almağa, Kaxet valisi Ləvənd xan və Şirvan hakimi Abdulla xan Gələsən-Görəsən
qalası üzərinə, Möhürdar Şahqulu xəlifə də başqa bir dəstə
ilə dağ ətəyindəki sığınağı almağa təyin edildilər. Əmirlər
mühasirə və qalanı almaq işlərilə məşğul olub, topların zərbilə
hasar və qalanın burclarını dağıtdılar. Bu halı görən Kiş
qalabəyisi, qılınc və kəfən ilə şahın dərgahına gəldi, qalanın
açarlarını təslim edərək, təltif edildi. Hökm və fərmana görə,
qalanı dağıdıb hasar və burclarını yer ilə yeksan etdilər.
Bundan sonra, şahın ordusu dağ ətəyindəki sığınaq tərəfinə
hərəkət etdi. Buranın sakinləri də şahın əzəmətindən qorxuya
düşüb əfv və aman istədilər. Dərviş Məhəmməd xan öz əməlindən
peşman olub, bir gecə Gələsən-Görəsən qalasından çıxıb qaçdı.
İşin tərsliyindən onun yolu Ləvənd xan və Abdulla xan ordusunun
yanından düşdü. Bu qoşundan bir dəstə Dərviş Məhəmməd xanı
təqib edərək ona yetişdi. O, yanında olan 400 nəfərlə müdafiəyə
başladı. Adamlarının hamısı öldürüldü. Dərviş Məhəmməd
xan özü, Çərəndab sultan Şamlının mülazimi Kosa Pirqulu ilə
əlbəyaxa oldu. Kosa qalib gələrək, onun rəyasət havası ilə
dolu olan başını öz padişahının atının ayağı altına, torpaq
üzərinə atdı. Şəki ölkəsi tamamilə, şahın qüvvət və qüdrət
sahibi olan dövlət başçılarının hakimiyyəti altına keçdi.
Hicri 961-ci (=1554) ildə
Sultan Süleyman dördüncü dəfə olaraq Azərbaycana qoşun çəkdi.
Şirvan hakimləri nəslindən, onun dərgahına pənah gətirmiş olan
Qasım mirzəni, Krımın Kəfə (Feodosiya) yolundan qoşunla Şirvana
göndərdi. Qasım mirzə Dərbəndi keçəndən sonra, şirvanlılar
yenə Abdulla xandan üz çevirib onun başına toplandılar. Abdulla
xan qızılbaş qoşunu ilə onları dəf etməyə getdi. Çətin keçidli
Təngə adlı bir yerdə iki qoşun qarşılaşdı. Abdulla xan məğlub
olaraq Şamaxıya qayıtdı. Qasım mirzə Beyqurd qalasına gəlib,
müharibə tədarükü görməyə başladı. 10000 nəfər rumlu və
şirvanlı ilə Abdulla xanın üzərinə yeridi. Qızılbaş ağsaqqalları,
öz azlıqlarından və düşmənin çoxluğundan qorxuya düşüb,
hərb xüsüsunda tərəddüddə idilər. Lakin Abdulla xan başında
olan iki min nəfərlə, müharibəyə qərar verib, Gülüstan qalası
yaxınlığında düşmənlə üz-üzə gəldi. Müharibə atəşi bütün
gün alovlandı. Axşam çağı Şirvan qoşunu basıldı. Onların
çoxu öldürüldü, yerdə qalanları isə, Təbərsəran tərəfinə
qaçdılar. Məlum olmadı ki, Qasım mirzənin başına nə gəldi.
Abdulla xan o ölkədə əzəmət və iqtidar bayrağını daha da ucaltdı.
O, müxalifətdə olanlara daha cəza vermirdi, rəiyyətlərə mehribanlıq
və iltifat göstərirdi. Kimsənin qüdrəti yoxdu ki, ona qarşı
müxalifət göstərsin. Dövlət işlərini intizama salmaqdan əlavə,
ticarət işlərini də genişləndirmək üçün artıq dərəcədə
çalışırdı. Şamaxıda ingilis ticarətxanası onun himayəsi altında
təsis edilmişdi. Hicri 969-cu (=1561) ildə, ingilis Cenkinson bu
ölkədən Avropaya qayıtdığı zaman, Abdulla xan onunla bərabər,
bəzi işlərdən ötrü, rus padişahı İvan Vasilyeviç (Qroznının)
hüzuruna elçi göndərmişdi. 17 il davam edən hökmranlıqdan sonra,
hicri 973-cü (=1566) ildə, vəfat etdi. Sonra Şirvan əyaləti rumlu
Aras xana tapşırıldı və bir neçə müddət onun əlində qaldı.
Şah Təhmasib 54 il səltənət
sürdukdən sonra hicri 984-cü (=1576) ildə vəfat etdi. O, ədalətli
və çox iqtidarlı bir padişah idi. Şah Təhmasib cavanlığında
bəzi əyləncə və qanunsuz işlərlə məşğul olmuşsa da, lakin
rəiyyət və ordu işlərini nizama salmaq xüsusunda heç bir şey
əsirgəməmişdir. Gözəl bir təbi-şerə və səliqəyə malik idi.
Əbcəd hesabilə «qəti surətdə tövbə etdim» tərkibi onun tövbəsi
tarixidir...
Şah Təhmasibdən sonra, oğlu
II Şah İsmayıl taxta oturdu. Bir ilə yaxın hökumət işlərilə
məşğul oldu. Ata-babasının qanunlarına zidd olaraq, dövlət və
millət işlərini yeni əsaslar üzrə qurmaq istəyirdi...
II Şah İsmayıl... çox qan
tökən və qohum-qardaş gözləməyən bir şəxs idi. Buna
görə, həyat və hökmranlığından bir xeyir görməyib, zəhərlənərək
vəfat etmişdir...
Ondan sonra böyük qardaşı
Sultan Məhəmməd Xudabəndə taxta oturdu. Aras xan, keçmişdə olduğu
kimi, Şirvan vilayətində öz vəzifəsində qaldı. Təkəli Bardoğdu
xəlifəyə, Şamlı və sair tayfaların əmirlərindən bir neçəsinə
Şirvanda torpaq verildi. Vali Ləvənd xanın oğlu gürcü İsa xan,
Şah İsmayılın oğlu Sam mirzənin qızını alıb, Şəkiyə hakim
təyin olundu. Sultan Məhəmməd Xudabəndə dünya işlərindən bixəbər
və xudapərəst idi. İradəsinin süstlüyü və hesabsız ənamlar
verməsi üzündən xəzinə boşalmışdı. Qadınlar da hökumət
işlərinə müdaxilə edirdilər. Əmirlər və oymaqlar arasına ikitirəlik
düşmüşdü. Bunların nəticəsində dövlətin binövrəsinə və
onun istiqlaliyyətinə rəxnə düşdü. Dostlar məəttəl qalıb,
düşmənlər isə cəsarətlə mübarizəyə girişdilər. O cümlədən
Şirvan əhalisi iğtişaş fikrinə düşdü. Onlar, Çərkəzistan
və Dağıstan ölkələrində pərişan bir halda dolanan və yuxarıda
adı çəkilən Əbubəkr mirzə ibni-Bürhan mirzəni Şirvana dəvət
etdilər. Şirvan qoşunundan qalan iki-üç min ləzgi və qarabörk
onun başına toplaşıb iğtişaşa başladılar. Əbubəkr mirzə
Osmanlı sultanının hüzuruna bir adam göndərib, onun himayəsi
altına keçdiyini bildirdi və Şirvan ölkəsini almaq üçün ondan
kömək istədi... Sultan Murad xan da Şirvan, Bakı və Azərbaycan
vilayətlərini fəth etməyi qərara aldı. Bu fikirlə Lala paşa
adı ilə şöhrət tapmış öz lələsi Mustafa paşanı hicri 986-cı
(=1578) ildə 100000-dən artıq qoşunla bu vilayətləri almağa göndərdi.
Mustafa paşa Axısqa hüdudunda,
onu dəf etməyə gələn İrəvan və Qarabağ
bəylərbəyilərini məğlub etdi. Gürcüstana gəlib Tiflis qalasını
aldı və Şirvana doğru hərəkət etdi. İsa xan Şəkidə qala bilməyib
özünü bir guşəyə çəkdi. Lala paşa arxayınlıqla Şirvana gəldi.
Dağıstan əmirləri və ləzgi tayfaları ona kömək edirdilər;
Şirvan əhalisi də onun itaətində idi. Ağıllı və işbilən Şirvan
bəylərbəyisi Aras xan, qalanı müdafiə etməyə özündə iqtidar
görməyib, köç-külfəti və tərəfdarları ilə bərabər köçüb
Kür çayının kənarında yerləşdi.
Lala paşa Osman paşanı
Şirvana bəylərbəyi təyin edib, Qaytas paşanı da Ərəşdə
hakim qoydu. Hər vilayətə bir hakim təyin edib Şamaxı, Ərəş
və Bakı qalalarını möhkəmləndirdi. Rum ordusuna kömək etmək
üçün Əbubəkr mirzəni Şirvanda qoydu. Şirvan valiliyinin ona
verilməsi haqqında Xandigardan xahiş edəcəyini ona vədə verdi.
Özü isə, müharibə edə-edə Gürcüstan yolu ilə Rum ölkəsinə
qayıtdı.
İran tərəfindən də, dövlət
başçılarının məsləhətilə, Sultan Məhəmmədin böyük oğlu
və vəliəhdi Həmzə mirzənin Azərbaycana və Şirvana hərəkət
etməsi lazım görüldü. Şahzadənin ordusu Qarabağa yetişdikdə,
Kürün Muğan tərəfində yerləşmiş olan Aras xan və Şirvan
əmirləri səy etdilər ki, şahzadə gəlincəyə qədər Şamaxının
üzərinə yürüyüb rumlularla vuruşsunlar; bəlkə başqalarının
köməyi olmadan Şirvanı ələ keçirsinlər. Bu məqsədlə başlarındakı
cəmiyyətlə Şamaxı üzərinə yürüdülər.
Lala paşa Şirvan səfərinə
təyin olunduğu zaman Xandigar tərəfindən Cici ibni-Çingiz xan
nəslindən olan Krım valisi Məhəmməd Gəray xana təklif edilmişdi
ki, tatar qoşunu ilə Dərbənd yolundan Şirvana hərəkət etsin.
Buna görə, qardaşı Adil Gəray sultan 20000 tatar qoşunu ilə bu
ölkəyə hərəkət etmişdi. Osman paşa onun gələcəyi günü bildiyindən,
şəhərdən çıxıb, düşmənə qarşı döyüşə hazırlandı.
Aras xan və əmirlər də, səflərini düzəldib, müharibəyə girişdilər.
Bu zaman tatar qoşununun pişdarları görünüb, dağları və çölləri
tutdular, qızılbaş qoşunu bu halı görüb qorxuya düşdü, vuruşa-vuruşa
qayıtmaq istədi. Lakin Rum, Tatar, Ləzgi və Şirvanın Qarabörk
tayfası onları araya aldılar. Aras xan bir çox əmirlər və əsgərlərlə
bərabər öldürüldü. Qılınc ağzından qurtaranlar yarımcan aradan
çıxdılar və Kür çayından keçincəyə qədər atlarının cilovunu
çəkmədilər.
Bu hadisədən sonra, Osman
paşa Şamaxıya gəldi Adil Gəray sultan
və Əbubəkr mirzə, Aras xanın ordusunu qarət etmək qəsdilə,
Kür çayı kənarına hərəkət etdilər.
Həmzə mirzə bu xəbəri aldıqda
Talış əmirlərinə və o ətrafdakı əhaliyə
əmr verdi ki, ordusu gəlincəyə qədər, Kür çayı kənarlarını
və Aras xan ordusunu qorusunlar. Məmurlar, tatar və ləzgi qoşunu
yetişdikdə, qızılbaş yaralılarını keçirmək üçün mühafizə
etdikləri körpünü dağıtdılar. Lakin buna baxmayaraq
onların bir hissəsi özlərini suya vurub keçdilər,
şiddətli müharibə başlandı. Bu əsnada məlum oldu ki, onların
başqa bir hissəsi də, şirvanlıların bələdçiliyi ilə çayı
ayrı bir yerdən keçib qızılbaş əsgərlərinin arxasını
tutmuşdur. Buna görə İran qoşunu məğlub oldu, canını
qurtarmaq üçün hərə bir tərəfə üz qoydu. Tatar və ləzgi əsgərləri,
köçməkdə olan ordunun başı üstünü aldılar. Ordu dağıldı,
qadınlar və uşaqlar bir neçə ildən bəri toplanılan külli mal
və təchizatla bərabər onların əlinə keçdi. Onlar həmin gün
çayı keçib Şirvan tərəfinə qayıtdılar.
Lakin bu əsnada İran vəziri
Mirzə Səlman, qızılbaş əmirləri və əsgərləri
ilə Qarabağın Qaraköpək (ona Təxti-Tavus da deyirlər) adlı
yerindən sürətlə hərəkət edərək Qoyun-Ulamidən keçib, Şamaxı
qalasını mühasirəyə almışdı. O, tatar və ləzgi qoşununun
qayıtmasından xəbərdar olduqda, qalanın yanında bir dəstə əsgər
qoyub özü onların qarşısına çıxdı.
Adil Gəray sultan, əhvalatdan
xəbərdar olmaqla bərabər, qızılbaş döyüşlərində göstərdiyi
şücaətə görə onları saymayıb, Osman paşaya kömək etmək üçün
Şamaxıya gedirdi. Ağsu çayı kənarında, Molla Həsən yurdunda
iki dəstə üz-üzə gəldi. Adil Gəray sultan yanında olan 12000
tatar, 4 və ya 5 min ləzgi və qarabörk ilə cəsarətlə döyüşə
hazırlandı. Qızılbaş qoşununun çarxçısı Əmir Həmzə xan
Ustacallı, bir dəstə ilə irəlilədi, vuruşma qızışdı. Şamaxı
qalasını mühafizəyə təyin edilən dəstə də tatarlar ilə vuruşmanı
o işdən yaxşı bilib, əmirlərdən icazəsiz müharibə meydanında
hazır oldular. Tatar qoşunları, qızılbaşların ardı-arası kəsilməyən
hücumlarına baxmayaraq, səbat göstərib səhərdən axşama qədər
cəsarət və mərdanəliklə vuruşurdular. Axırda, Adil Gəray sultan
öz qoşununda zəiflik nişanələri gördü. Onları cəsarətləndirmək
üçün özü döyüş meydanına girdi. Vuruş zamanında Baba xəlifə
onu nizə zərbəsilə yerə sərdi. Adil Gəray sultan, ad və sanını
bildirərək, ölümdən xilas olub əsir düşdü.
Bu hadisədən sonra, Tatar
tayfası qaçmağa başladı. Bir çoxları qırıldı, sağ
qalanlar da dağlara və meşələrə dağıldılar. Aras xan ordusunun
malları, əsirləri və toxunulmamış yüklü dəvə qatarları yenə
qaliblərin əlinə keçdi.
Osman paşa köməkdən məyus
olunca, Şamaxı qalasını buraxıb Dərbənd tərəfinə
getməkdən başqa bir çarə tapmadı. Onu təqib etmək üçün
göndərilən bir dəstə, Şabrana qədər gedib onun topxana və əsləhəsindən
bir qədərini qənimət alaraq qayıtdılar. Osman paşa Dağıstan
xalqının köməkliyilə Dərbəndə gəlib dayandı. Mirzə Səlman
və əmirlər, Şirvanı mühafizə etmək üçün bir dəstə əsgər
təyin edib, geri qayıtdılar.
Adil Gəray sultanı,
əvvəllər çox ehtiramla padişahlıq imarətində saxlayırdılar.
Axırda, əmirlər və dövlət başçıları, qalalardan birinə
getməyi ona təklif etdilər. O isə buna razı olmayıb
müqavimət göstərdi və əlbəyaxa vuruşmasında öldürüldü.
İran dövlətinin Adil Gəray
sultan ilə gözəl rəftar etməsi xəbəri Krıma yetişdikdən sonra
anası, Krım xanı tərəfindən göndərilən məktub və bir çox
hədiyyələrlə İrana hərəkət etdi. Şamxal mülkünün Kafir
Qumuq kəndində, oğlunun ölüm xəbəri ona çatdı. O yerin əhalisi
mala tamah edərək, Adil Gəray sultanın anasına çox əziyyət verdilər,
nəyi vardısa hamısını qarət etdilər. Bu hadisədən sonra o qadın,
onları Kafir Qumuq deyə adlandırdı. Bu ad indi də qalır. Özü
də orada vəfat etmişdir. Qəbri kəndin kənarında bir təpə üzərində
Tatarsin adı ilə mövcuddur.
Şirvan əyaləti şah tərəfindən
Zülqədər Məhəmmədqulu xəlifəyə tapşırıldı. Bundan əlavə
hər bir nahiyəyə xüsusi bir əmir təyin edildi. Osman paşa və
Dağıstan hakimləri tərəfindən himayə edilən Şəki və
Şabran əhalisi, Əbubəkr mirzənin başına
toplanaraq qızılbaş əmirlərini Şirvanda rahat
və asudə qoymurdular. Lala paşa da Ərzrumda gələcək il üçün
səfər tədarükü ilə məşğul idi. Buna görə,
şahın ordusu paytaxt olan
Qəzvindən Təbrizə köçdü. Bu zaman, Məhəmmədqulu
xəlifədən bir məktub yetişdi. Bu məktubda deyilirdi: Adil
Gəray sultanın qardaşları Qazi Gəray
sultan və Səfi Gəray sultan
tatar qoşunu ilə Dərbəndə varid olmuşlar. Bunlar ya Xandigarın
fərmanı üzrə, ya da qardaşlarının intiqamını almaq
üçün gəlirlər. Buna görə qərara
alındı ki, Mirzə Səlman qoşun əmirləri və əyanları
ilə Şirvana hərəkət etsin. Bunlar hələ Qarabağa
çatmamışdılar ki, Qazi Gəray sultan külli qoşunla
Şirvana yola düşdü. Məhəmmədqulu xəlifə onları qarşıladı,
Samur çayı kənarında, iki qoşun üz-üzə gəlib aralarında şiddətli
müharibə oldu. Məhəmmədqulu xəlifə, qoşun əhlindən bir çoxu
ilə bərabər öldürüldü. Sağ qalanlar qaçıb Şirvandan
getdilər. Bunların malları və əhli-əyalları, bir dəqiqə qətl-qarətdən
əl çəkməyən tatarların əlinə keçdi. Qənimətin
çoxluğundan yükləri ağırlaşan bir dəstə tatar
qoşunu, qızılbaş qoşununun gəlməsini eşidərək geri
qayıtdı. Qazi Gəray və Səfi Gəray,
Osman paşaya kömək etmək üçün, bir dəstə qoşunla Dağıstanda
qaldılar. Bu hadisələrin qurbanı olan Şirvan
əhalisinin bir hissəsi Osman paşanın yanına qayıtdı, bəzisi
də Şəkinin Xaçmaz adlı yerində Əbubəkr mirzənin başına toplandı.
Mirzə Səlman, əmirlər və qoşunla Şirvana gəldisə də heç bir
iş görə bilmədi. Xaçmaza, Əbubəkr mirzənin üstünə göndərdiyi
dəstə də məqsədə çatmadan geri qayıtdı.
Xülasə, vilayət xaraba qalmışdı.
O il Qarabağ, Azərbaycan
və Gilanda taxıl qıtlığı tam mənasilə hökm sürməkdə
idi. Başlıca maniələrdən biri də əmirlər arasındakı nifaq
və intizamsızlıq idi. Bu səbəblərə görə Mirzə Səlman Şirvanı
boş buraxıb Təbrizə qayıtdı. Səfər tədarükü üçün ətrafa
fərmanlar göndərdi. Şahın ordusu üçün İşkənbər və Kələnbər--yaylaq,
Qarabağ isə--qışlaq təyin olundu. Səlman xanı Şirvan əyalətinə
hakim, ustacallı əmirlərindən bir neçəsini də oranın nahiyələrinə
əmir göndərdilər. Bunlar da Arasbar yolilə Kür çayı kənarına
gəldilər. Havanın istiliyindən dənizin iki ağaclığında qədim
bir şəhər xarabası olan Həməşərədə dayandılar. Firdovsinin
Şahnaməsində bu yer Əbərşəhrə adlanır. Burada qoşun toplamaq
və səfər tədarükü görməklə məşğul oldular.
Bu zaman, Qazi Gəray sultan
və Səfi Gəray sultan çoxlu qoşunla Şirvana axın etdilər.
Onlar qızılbaşların vəziyyətindən xəbər tutub, şirvanlıların
bələdçiliyi ilə, Kür çayından keçdilər. Yağış və palçığın
çoxluğundan, qızılbaş qoşununun bir-birindən xəbəri yox idi.
Belə bir zamanda onların üstünə töküldülər. Onları göz açmağa
qoymayıb, bir çoxlarını qırdılar, ordunun da var-yoxunu talan
edərək, həmin gün yenə şirvana qayıtdılar. Qızılbaş qoşunu
çox pozğun bir halda özünü toplayıb, Qızılağac hüdudunda yerləşdi.
Osman paşa Şamaxıya
gəlib rumluların bir dəstəsini Bakı qalasına göndərdi və
bu möhkəm qalanı daha da möhkəmləndirdi. Mirzə Səlmanın
İran qoşunu və əmirlərilə gəlməsi xəbəri Rum (osmanlı) və
tatar camaatına çatdıqda müqavimət qəsdilə qarşıya çıxdılar.
Molla Həsən yurdunda çarxçıların müharibəsi vaqe oldu. Onlar,
qızılbaş qoşununun çoxluğunu və yaxşı təchiz olunduğunu nəzərə
alaraq, özlərində müqavimət qüvvəsi görmədilər. Osman paşa
Dərbəndə, tatar sultanları da Dağıstana qayıtdılar.
Bu zaman bəylərbəyi Səlman
xan Şirvanın əmirlərilə bərabər Kürdən keçdilər.
Tatarlardan gördükləri sınıqlığın əvəzini çıxarmaq
üçün Bakı qalasını almağa səy və qeyrət etdilər.
Əmir xan da, Şabrana aparmış olduğu qoşunla, Bakı qalasının
üstünə gəldi. On səkkiz gün davam edən mühasirə heç bir nəticə
vermədi. Azuqə və ələfin yoxluğuna görə burada dayanmaq çox
çətin oldu. Əvvəllərdə, arpa unu Təbriz batmanı ilə, altı
misqal sikkəli gümüş pula satılırdı. Axırlarda isə, əsla tapılmırdı.
Qızılbaş qoşunu, Şirvanı boşaltmağa məcbur olub Qarabağa gəldi.
Hökumət başçıları və əmirlər belə məsləhət gördülər
ki, Şirvanın mühafizəsi Qacar tayfasından, Otuz-iki oymağı və
sairdən ibarət olan Qarabağ camaatına verilsin. Bunların idarəsi
də Qarabağ bəylərbəyisi İmamqulu xan Ziyad oğlu Qacara tapşırılsın.
O qəbul etmirdisə də, yenə onun boynuna qoydular. Onun məsləhəti
ilə Peykər sultan Ziyad oğlu Qacarı, xan rütbəsilə Şirvan bəylərbəyisi
təyin etdiler. Qacar əmirlərindən bir neçəsini də bu vilayətin
nahiyələrinə təyin edib onunla bərabər Şamaxıya göndərdilər.
Qazi Gəray sultan tatarlardan
və osmanlılardan ibarət, külli qoşunla ikinci dəfə
Şirvana üz qoydu. Bu hadisədən əvvəl, İmamqulu xandan çoxlu
kömək almış olan Peykər xan Qacar, Çakərli, Qaramanlı və sair
əmirlərilə qarşıya çıxdı. Şamaxı ilə Şabran arasında müharibə
başlandı. Qazi Gəray sultan qızılbaş müharibəsində göstərdiyi
hünərə görə, bunları o qədər də saymırdı. Buna görə cəsarətlə
meydana girdi. Vuruşma zamanı bir dəstə qacar arasına düşüb
əsir oldu. Qoşunu Səfi Gəray sultanla bərabər qaçdı.
Qazi Gəray sultanı şahın
ordusuna apardılar; sonra da Qəzvin ilə Gilan arasında olan
məşhur qalalardan Əlmövt qalasına göndərdilər. Bir müddət
burada qaldı, azad edildikdən sonra Ruma getdi. Hicri 997-ci (=1589)
ildə, Xandigarın yardımı ilə Krım və Dəşt səltənəti ona
çatdı. Deyirlər ki, igid, arif, şer həvəskarı və musiqişünas
bir əmir idi.
Hicri 991-ci (=1583) ildə
qızılbaşlardan bir dəstə, Şabran ətrafında İbrahim paşa tərəfindən
tikdirilmiş olan qalanın üzərinə getməyə məmur oldu. İbrahim
paşa məğlub olaraq qaçdı və qala da alınıb dağıdıldı. Ayrı
bir dəstə də Qəbələ və Şəki üzərinə yürüyüb qətl və
qarət işində heç şeydən çəkinmədi. Bu zaman Peykər xan xəstələnib
vəfat etdi. Osmanlılar yenə yürüşə başladılar, şirvanlılar
da üsyan etdilər. Şahlıq dərbarından qaradağlı Xəlifə Ənsar,
Peykər xanın yerinə təyin edildi. O gəlib şirvanlıları cəzalandırdı.
Üsyanda daha artıq fəaliyyət göstərən Quba əhalisinin yurdlarını
və mallarını yandırıb qarət etdirdi. Özü də çox keçmədən
vəfat etdi.
Osman paşa, yeni Rum qoşunu
ilə Dərbəndə çatmış olan Cəfər paşa, Heydər paşa,
Şəmsi bəy və Piyalə bəylə birlikdə
Bu hadisələrdən sonra, həm
də gələcək il şah ordusunun İraqa qayıtması ilə
əlaqədar olaraq, Şirvanın vəziyyəti elə qarışdı ki, qızılbaş
əmirlərindən heç biri burada dura bilmədi. Osman paşa Dərbənddən
Şamaxıya gəlib qalanı möhkəmləndirdi, əyalət də müstəqil
oldu. Hicri 993-cü (=1585) ildə, Cəfər paşa Dərbənddən gedib,
əhalisi baş qaldırmış olan Kürə qalasını aldı və qarət etdi.
Hicri 996-cı (=1588)
ildə Sultan Məhəmməd Qarabağ Gəncəsindən İraqa
hərəkət etdi. Birinci mənzildə, Əbuşəhmə adlı
yerdə, böyük oğlu və vəliəhdi Həmzə mirzə, gecə
öz dəlləyi Xudaverdi tərəfindən öldürüldü. Bu hadisədən
sonra, sərəskər Fərhad paşa, ona mümaniət göstərə bilməyən
Kartli valisi Simon xanın icazəsilə Qarabağa gəldi. Gəncə qalasını
bina edərək Təbrizi və Azərbaycanın bir çox şəhərlərini ələ
keçirdi. Ancaq Ərdəbilin ətrafı qızılbaşların əlində qaldı.
Beləliklə, türklər 20 il müharibəsiz bütün bu vilayətlərin
üzərində hökmran oldular. (Həmzə mirzə öldürüldükdən sonra)
Sultan Məhəmməd Xudabəndə həmin il iş başından çəkilib, səltənəti
oğlu Şah Abbasa tərk etdi. O da bir neçə il dövlət işlərini
islah etmək, qoşunu nizama salmaq və rəiyyətin vəziyyətini yoluna
qoymaqla məşğul oldu. Beləliklə, itaətsizliyi və çəkişməni
əmirlərin və oymaqların arasından qaldırdı.
Bu zaman Şirvan və Dağıstanın
işləri çox bərbad bir halda idi. Lahıcan hakimi Mirzə Əli
Karkiyanın qardaşı oğlu Xan Əhməd xan bütün Gilanı ələ
keçirmişdi. O, hicri 975-ci (=1568) ildə, Qəhqəhə və İstəxr
qalalarında 12 ildən bəri məhbus idi. Sultan Məhəmməd Xudabəndə
zamanında yenə keçmiş hakimlik mənsəbinə təyin edilmişdi. Xan
Əhməd xan (Şah Abbasa qarşı) üsyan etdi. Lakin qızılbaş qoşunu
gəldikdə, Gilan valisi Məhəmmədəmin xan Cəmşid xan oğlu ilə
bir yerdə, hicri 1000-ci (=1592) ildə, gəmiyə minib Şirvana qaçmağa
məcbur oldu. Vəzirini yardım almaq üçün Rum sultanı Xandigarın
dərgahına göndərdi. Xandigar tərəfindən, bunların Qostəntiniyyəyə
(İstanbula) dəvət edilməsi haqqında fərman sadir oldu. Şirvan
valisi mehmandarlığa təyin olundu. Məhəmmədəmin xan Gəncədə
vəfat etdi. Xan Əhməd xan onun (vəfatı haqqında) yazdığı mərsiyədə
deyir: