A.Bakıxanov - Gülüstani-İrəm

Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат

Краткое описание

[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar

Содержимое работы - 1 файл

A.Bakıxanov - Gülüstani-İrəm.doc

— 1,021.50 Кб (Скачать файл)

Dağıstanda olan bir çox xalqların və əmirliklərin müxtəlif dilləri və hesabsız ləhcələri vardır. Bunlardan beş dil ümumiyyətlə daha çox işlənir: 

1)  Qumuq ləhcəsilə  olan türkcədir. Bu dil Qaytağın aşağı hissəsində, Şamxal mülkündə və Qumuqda olan bütün düzlərdə işlənməkdədir. Bununla bərabər, başqa yerlərin əhalisindən bir çoxu da bu dili bilir. 

2)   Avar dilidir. Bu dil bütün Avarıstana yayılmış və bir çox xalqlar arasında işlənməkdədir. Sair qəbilələrdən bir çoxu da bu dili bilir. 

3)  Beş Aqquşa mahalının dilidir. Bu dil Sürhidə və Qaytağın yuxarı  mahallarında müxtəlif  ləhcələrdə  danışılır. 

4)  Qaziqumuq dilidir. Bu dil həmin ölkəyə məxsusdur. 

5)  Mıçıqıç dilidir. Bu dil həmin ölkəyə və bu ölkənin yuxarı nahiyələri olan Şübut, Carili və sairə məxsusdur. 

Zumtal, Baqtulal, Camalal, Əndib, Qapuçay, Ansux, Cəniq, Zaxur, Akvax, Qabalal camaatı  və Qaziqumuğa mənsub olan Köbəçi, Ərçub kəndləri və bunlardan başqa bir çoxları müxtəlif dillərə və ləhcələrə malikdirlər, Bu xüsusda təfsilat vermək üçün ayrıca tədqiqat aparmaq lazımdır. 

Ermənilər və yəhudilərdən başqa, Şirvanın bütün əhalisi islam dinində olub, bəzisi şiə və bəzisi sünnidir. Bakı ölkəsi tamamilə, Dərbənd əksəriyyətlə, Şirvanın yarısı, Səlyanın hamısı, Şəki və Qubanın bir hissəsi şiə məzhəbdir. Şirvanın yarısı, Şəki və Qubanın çoxu, Dərbəndin azacıq bir hissəsi, bütün Təbərsəran, Kürə, Miskincəni çıxdıqdan sonra Samur nahiyəsi və Dağıstanın hamısı sünnidir. Bu məzhəb burada iki şöbədən ibarət olub, biri hənəfi və digəri şafiidir. Quba, Şəki və Şirvanda bunların hər ikisindən vardır. Samur, Kürə, Təbərsəran nahiyələri və Dərbəndin sünni hissəsi, bütün Dağıstan kimi, şafii-məzhəbdirlər. 

Əgər bu ölkənin qəbilələri, kəndləri, binaları və qədim asarı geniş bir surətdə tədqiq edilərsə əhalinin mənşəini təyin etmək mümkün olacaqdır.  
 
 
 

BİRİNCİ FƏSİL 
 

<b>İSLAM     DÖVLƏTİNİN      ZÜHURUNDAN     ƏRƏB  QOŞUNUNUN    GƏLMƏSİNƏ   QƏDƏR   ŞİRVAN   BƏ   DAĞISTAN   ÖLKƏLƏRİNDƏ BAŞ VERƏH   QƏDİM   HADİSƏLƏR HAQQINDA</b> 
 

Məlum olduğu üzrə, bütün tarixçilər yazırlar ki, insan nəslinin birinci yurdu Babil ölkəsi olmuşdur; Nuhun tufanı da, burada baş vermişdir. 

Məhəmməd ibni-Cərir Təbəri[ Istinad: Məhəmməd ibni-Cərir Teberi--IX əsrin ən məşhur tarixçisidir. Hicri  224-cü  (=838/39)   ildə  Təbəristanın  Amül  şəhərində anadan olmuş və 310-cu (=923) ildə Bağdadda vəfat etmişdir. «Tarixülüməm vəmüluk»  və eyni zamanda «Əxbarürrüsül vəlmüluk», «Tarixi-Cəfəri» ve «Tarixi-Təbəri» adı ilə də məşhur olan əsəri ən mühüm tarixi mənbələrdən sayılır.] öz tarixində deyir: «Atəşpərəstlər ümumi tufana inanmırlar». İslam tarixçilərinin bəzisi isə ümumi tufanın Babildə, İraqda, Şamda və Yəmənə qədər olan ölkələrdə baş verməsi qənaətindədirlər. Həmdüllah[Istinad: Həmdüllah Mustovfi Qəzvini--elxanilər dövründə yetişən məşhur tarixçilərdən biridir. Təqribən hicri 680-ci (=1281/82) ildə anadan olmuş və 750-ci (=1349/50) ildə vəfat etmişdir. Həmdüllah biri coğrafiyaya və ikisi də tarixə aid olmaqla üç əsər yazmışdır. Bunlar da: «Nüzhətülqülub», «Zəfərnamə» və «Tarixi-güzidə» adlı əsərlərdir. Onun ən mühüm əsəri «Tarixi-güzidə»sidir.] «Tarixi-güzidə» adlı əsərində yazır: «Bəzilərinin dediyinə görə, tufan ancaq Ərəbistan yarımadasında olmuşdur. Çin əhalisi və türklərdən bəzisi ümumi tufanı danırlar». Osmanlı sultanlarının nəsəblərindən bəhs edən bir Təbəqat kitabında, onların nəsli türk xanlarına və buradan da Huha, Adəmə gedir çatır. 

Ümumiyyətlə, ya tufan səbəbinə, ya da başqa bir hadisəyə görə yaxud törəyib artdıqlarından yaşayış vəsaiti axtarmaq üçün, cənub hissəsində yaşayan bir cəmiyyət dünyanın hər yerinə dağılmışdır. Bununla əlaqədar olaraq Şərq və Şimal ölkələri Yafəs nəslinə, Afrika və Hindistanın isti tərəfləri Ham övladına, Ərəb, İran və Rum ölkələri də Sam silsiləsinə mənsub olmuşdur. 

Hicri IX əsrin axırlarında yazılmış Rövzətüssəfa kitabına   görə, cənub ərz  dairəsinin 14-cü dərəcəsinə qədər, Okyanus dənizində  abad cəzirələr vardır ki, onların sakinləri də Sam nəslindəndir. 

Nuhun bu üç oğlu, bəzilərinin rəyincə, qəbilə rəisləri sayılırlar, əgər bunlar tək olsaydılar, bu qədər uzaq məsafəyə gedə bilməzdilər. Bəziləri də, Yafəsi İranın və bütün Sam nəslinin birinci padişahı olan Kəyumərsin müasiri və türklərin ilk hökmdarı kimi tanıyırlar. 

Güzidə və Xülasətüləxbar[İstinad: Xülasətüləxbar--Xandəmirin əsəridir. O, babasının «Rövzətüssəfa»  adlı əsərini ixtisar edərək «Xülasətüləxbar»ı yazmışdır.]  müəlliflərinin rəyinə görə, Yafəsin səkkiz və Rövzətüssəfa müəllifinin yazdığına görə, on bir oğlu olmuşdur: 

1. Türkdür. Yafəsin böyük oğlu və vəliəhdi olub, ədalətli və rəiyyətpərvər bir padişah idi. Bütün Yasəf nəslinin qəbilələri bunun adı  ilə--türk adlanırlar. Atasının vəfatından sonra, özü üçün Türküstanda isti və soyuq bulaqlı bir çox otlaqlar seçmişdir. Əvvəlcə ağac, qamış və otdan özü üçün qərargah və daha sonra heyvanat dərisindən çadır və otaq düzəltdirmişdir. Bu yer Suluq adlanır, Zəfərnamədə[İstinad: Şərəfəddin Əli Yəzdinin əsəridir. Teymur dövrünün tanınmış tarixçisidir. Yəzd şəhərində anadan olmuş və hicri 858-ci (=1454) ilde vəfat etmişdir. Onun yazmış olduğu «Zəfərnamə», Teymurun tarixi hadisələrini təsvir edən mənbələr içərisində mühüm yer tutur. Teymurun tarixinə aid «Zəfərnamə» adlı iki əsər daha vardır. Bunlardan biri Nizaməddin Şaminin «Zəfərnamə»sidir. Bu kitab Teymur zamanında və onun əmrilə yazılmışdır. İkincisi də məşhur Əbdürrəhman Caminin bacısı oğlu Hatifinin mənzum «Zəfərnamə»sidir. Hatifi, «Teymurnamə» adı ilə də adlanan bu əsərini tarixini əsas tutaraq nəzmə çəkmişdir.] isə Suluqay şəklində qeyd edilmişdir. 

Karamzin və başqalarının yazdıqlarına görə, İrtış və Yayıq çaylarının kənarlarında yaşayan türklər güclü bir tayfa olmuşlar. Bunlar Çin və İran ölkələrinə basqın edirdilər. Miladi 580-ci ildə Qara dənizin şimal-şərq sahillərini Krım ölkəsinə qədər istila etmişdilər. Lakin o ildə, Avar tayfası ilə etdikləri müharibə nəticəsində bu yerlər əllərindən çıxmışdır. 

Rum qeysəri Tiberinin elçisi dost olduqlarını bildirmək üçün türk xanının yanına gəlmişdi. Xan ona dedi: siz o rumlular deyilsiniz ki, on dildə danışıb hamısı ilə də

insanları eyni dərəcədə  aldadırsınız? Biz türkük, yalan və aldatmaq bilmərik; bunu da bilməlisiniz ki, mən sizin padişahınızdan intiqam almaq üçün fürsət axtarıram. O öz dostluğu ilə məni arxayın etmək istəyir, lakin bizdən qaçan avar qullarımızı himayə edir. Deyirsiniz, sizin məmləkətə ancaq Qafqazdan keçmək olar. Mən Don və Dnepr çaylarının yataqlarını öyrənərək, avarların Rum ölkəsinə haradan və necə keçmiş olduqlarını təyin edəcəyəm, eyni zamanda sizin gücünüzü də biləcəyəm. Bilməlisiniz ki, məşriqdən məğribə qədər bütün aləm mənim itaətimdədir. 

Miladi 581-ci ildə, türk ölkəsi şərqi və qərbi deyə iki yerə bölündü. Bu ölkələrin həp ikisi müxtəlif tayfalarla olan müharibələr nəticəsində zəif düşdü. Sonralar yenə (qüvvət tapıb) həp tərəfdən baş qaldıraraq, bütün ətrafı fitnə və fəsad ilə doldurdular. 

2. Xəzərdir. Bu da bir sıra səfər və köçərilikdən sonra öz qəbiləsilə Atil çayı kənarında yerləşib, bir şəhər salmış və balıq ovu ilə məşğul olmuşdur. Arıdan bal hasil etməyi buna nisbət verirlər. Deyirlər ki, Xəzərin bir oğlu Ölur, onun cənazəsini qəbilə yığıncağında çalğı ilə--suyun ziddi olan odda--yandırır (Xəzər bununla sudan intiqam almaq istəyir), çünki atası Yafəs dənizdə batmışdı. 

Xəzər tayfası türk cinsindəndir, erməni tarixləri üçüncü, Avropa tarixləri dördüncü  əsrdən başlayaraq, onlardan bəhc edir. Hacı Tərxan (Həştərxan) çöllərində, hunların istilası zamanı, onlar Atillanın hökmü  altında olmuşlar.  

Danvil yazır: V əsrin əvvəllərində, tatarlardan Tulun və ya Turun adlı bir əmir, özünü  Xəzər xaqanı adlandırdı. 626-cı ildə Rum qeysəri Herakli, Xəzər tayfasını  iranlılarla müharibəyə apardı  və bu ildə xaqanı oğulluğa götürüb başına tac qoydu. 

Rum qeysəri II Yustinian Tiberidən qaçıb xaqanın yanına getdi və onun qızı ilə evləndi. Qeysər Lev də  xaqanın qızını öz oğlu Qostəntin üçün aldı. Qeysər Lev (Xəzəri) bundan dünyaya gəldi. 

Xəzərlər iki dəniz (Xəzər və Qara dəniz) arasındakı yerləri ələ keçirib, slavyanları və sair qəbilələrdən bir çoxunu özlərinə tabe etdilər; Rum sultanları ilə dost olub Qafqaz, Ermənistan və Azərbaycan ölkələrindən keçərək, fars və ərəb padişahları ilə müharibəyə girişdilər. 

Karamzinin yazdığına görə, Atil şəhəri Atil çayı kənarında olub, xaqanın paytaxtı idi. Bu şəhəri Nuşirəvan bina etdirmişdi. Xəzərlər hunların və sair türk tayfalarının əksinə olaraq, tikinti işlərinə həvəskar imişlər. Don mülkündə olan Sarkel qalası, Xarkov şəhəri

yaxınlığındakı Xaqan adlı şəhər xarabası və Voronec ətrafındakı Xəzəriyyə adlanan sair yerlər bunların şəhərlərinin qalıqlarıdır. 

Xəzərlər əvvəllərdə  bütpərəst idilər. VIII əsrdə yəhudi dinini qəbul etdilər. Məsudinin rəvayətinə görə, bu dini əvvəlcə Xəzər xaqanlarından Bula adlı biri, hicri 121-ci ildə qəbul etmişdir. Hicri 243-cü (=858) ildə isə onlar xaçpərəst dininə keçmişlər. 

Əbülfida yazır: Xaqan, sultanlar nəslindən olmalı idi. Mühüm və böyük bir iş olmadan, onu görmək hər kəsə mümkün olmazdı. Hüzuruna gedən zaman torpağa düşmək lazım idi. Ondan icazəsiz (torpaqdan) qalxmaq, yaxına getmək və söz söyləmək olmazdı. Xaqanların qəbirləri yanından keçərkən, atdan düşüb baş əymək lazım idi. Xaqan mənsəb sahiblərindən hər hansına: «Get öl» desəydi, o haman saat evə gedib, özünü öldürməli idi. 

Bu nəsildən fəqir və  yoxsul olanlar da növbə ilə hökmranlığa çatırdılar. Eşitdim ki, bir cavan, dükanda xırdavatçılıq edirdi, xalq deyirdi ki, hazırkı xaqandan sonra taxta varis bu şəxsdir. Lakin həmin şəxs müsəlman idi, xaqan isə yəhudi olmalı idi. 

Xaqan ilə bərabər on nəfər də məhkəmə və divanda hazır olub, xalqın işinə baxmalı idilər. Bunlar da müsəlman, yəhudi, xaçpərəst və bütpərəst ola bilərdilər. Bu şəhər əhalisinin çoxu müsəlman və xaçpərəst, bir azı da yəhudidir. Bunların hörmətlisi müsəlmanlar və tacirlərdir. Çox yedikləri şey düyü və balıqdır. Şəhərin ətrafı, on ağac məsafəyə qədər, məhsuldar çöllərdən ibarətdir. Xarəzm malları ilə yüklü gəmilər, şəhərin ortasından axan çay ilə keçib gedir. Başqa gəmilər də Portas ölkəsi ətrafından qiymətli qara tülkü dərisi gətirir. Çöllü tayfaların padişahları, bu dəriləri kürk və papaq üçün baha qiymətə alırlar. Başqa ölkələrdən də qırmızı, boz və ağ rəngli tülkü dəriləri gətirilir. Bunlara «ərəbi» deyirlər. Bu dərilər daha ucuz olub yalnız Dərbəndə, Bərdəyə və Xorasana deyil, hətta Fransaya və İspaniyaya da aparılır. 

Bu şəhərin evləri ağac və qamışdandır. Xaqanın sarayı isə, çayın qərb tərəfində kərpicdən tikilmişdir. 

Xəzər ölkəsində  gözəl bağları olan İsmid adlı bir şəhər vardır. Ehtimala görə, bu sözün əsli Səməndər ya İsməndər olmuşdur. Ancaq yazarkən «y» hərfi ilə «n» hərfi qarışdırılmış və «r» hərfi də qələmdən düşmüşdür. Dərbənddən Sərirə qədər yol boyu bağlıqdır. Burada üzüm də əmələ gəlir.  

3.  Rusdur. Bu adam... uzun zaman köçəri həyat sürdükdən sonra elçi göndərib, Xəzərdən oturaq yeri    istədi. Xəzər o tərəflərdəki münbit torpaqlı və sağlam  havalı adaların bəzisini ona verdi. Rus «yarğu», yəni qovğa salmağa və ədalət tələb etməyə başladı. Ruslarda belə bir  adət vardır ki, atadan qalan malın hamısını qıza verərlər, oğula isə qılıncdan başqa bir şey verməzlər: «Sənin hissən    ancaq budur» deyərlər. 

Karamzin və sair rus tarixçilərinin yazdıqlarına görə, hicri 247-ci (=862) ildə  başsız və intizamsız olan şimali Slavyan tayfasının dəvəti ilə, rus nəslindən üç qardaş--bunların əhvalatı hicri 235-ci ( = 850) ildən Avropa tarixinə də girmişdir--Baltik dənizinin o biri tərəfindən gəlib, slavyan torpaqlarında sakin oldular. Bunların böyüyü--Rurik əmirliyə başladı və rus dövləti o zamandan etibarən əsaslandı. 

Tarixlərdən və yuxarıda qeyd olunan faktlardan əlavə, bir çox əfsanələrdə Rus tayfasının göstərdiyi hünərlər, təəccüblü işlər və Makedoniyalı  İskəndərin onlara yazdığı dostluq məktubu məşhurdur. 

Həzəqil peyğəmbərin kitabında 38-ci fəsildə və Ərəmya peyğəmbərin kitabında 25-ci fəsildə şərq tayfaları sırasında Rus tayfasının da adı çəkilir, bu da onların qədim bir nəslə mənsub olduqlarını göstərir. 

4.  Qərrədir. Hiyləgər bir adam idi. O öz tayfası ilə bərabər Bolqarıstan ətrafında yurd salmışdı. Onunla Türk arasında şiddətli müharibə baş verdi. Bu müharibədə Qərrənin oğlu Beyğur öldürüldü. Deyirlər ki, bunların   nəsli arasında indi də çəkişmə davam edir. Moisey Xorenskinin yazdığına görə, Bolqar tayfasının adı tarix kitablarında miladdan yüz il əvvəl söylənməkdədir. 

5.  Kamaridir. Buna Kamak da deyilir.  Bu, xoştəbiət və ovçuluğu sevən bir şəxs idi. O indi Bolqar adlanan yerə gəlib yurd saldı. Onun Bolqar və Pərtas adlı iki oğlu oldu. Bunlar da qəbilə  sahibi oldular.   Qumuq tayfası bu nəsildən ayrılmışdır və adları da, ehtimal ki, Kamak sözündən alınmışdır. Bətləmyus da   bu tayfanı həmin yerlərdə Kam və Kamak adları ilə qeyd edir. 

6.  Səqlabdır. Bunun da böyük bir qəbiləsi var idi. Yer ələ keçirmək üçün səfərə çıxardı. Onun bir oğlu oldu, anası vəfat etdiyi üçün it südü ilə bəsləndi. Böyüdükdən sonra it kimi insanlara hücum edərdi. Atası öz qohumlarından ona bir qız aldı. Bundan Səqlab adlı bir oğlu oldu. Bu da böyüyüb qəbilə rəisi olduqda, elçilər göndərib, Rus və Xəzərdən oturaq yeri istədi. Səqlabın qəbiləsi çox olduğu üçün, onun tələbini rədd etdilər. İş müharibə ilə nəticələndi. Səqlab basılıb şimala doğru çəkildi və 64 ərz dərəcəsində yurd saldı. Buralar çox soyuq olduğundan, yeraltı evlər düzəltdilər. 

7.  Çindir. Yafəs tərəfindən onun adına saldırılan bir şəhərdə sakin olurdu. Növbənöv sənətlər: ipəyin kəşfi, qumaş toxumaq, rəng düzəltmək, nəqqaşlıq, müşk əldə etmək və bir çox başqa şeyləri guya bu icad etmişdir. 

8.  Baricdir.   Frəng tayfası və rumlardan bəziləri ona mənsubdurlar. 

9.  Məsəkdir. Moğol və Yəcuc nəsli ondandır. Yafəsin başqa övladı haqqında heç bir məlumat yoxdur. 

Musanın «Tövrat»ına görə də, Yafəsin Kamir, Makuk, Madi, Yavan, Elisa, Fuvel, Mosoq və Firas adlı səkkiz övladı vardı. 

Makuk ərəbcə həmin Məcucdur. Kamir, Mosoq həmin Kamari və Məsək ola bilər. 

Müəllif deyir: Cənub və  şimal tayfalarından bir çoxunun dilində bəzi feillər və  əsli ismlərin uyğunluğu, onların bir nəsldən olduğuna dəlalət edir. İnsan nəsli hər halda, ilk dövrlərdə vəhşi, çılpaq və cənub tərəflərində sakin olmuşdur. Aşkar məsələdir ki, münasib libas, isti mənzil və azuqə olmadan onlar şimal tərəflərində yaşaya bilməzdilər. Tədriclə yaşayış vəsaiti düzəldi, qəbilələrin çoxluğu üzündən zəxirə tələbinə, heyvanat ovlamağa və mal-qara üçün geniş otlaqlara ehtiyac artdı. Bu zaman bunlar şimala doğru üz tutdular. Onların yolları da, əksəriyyətlə, Qafqaz ölkəsindən və xüsusilə Şirvan və Dağıstan vilayətlərindən olmuşdur. O zaman gəmi olmadığı üçün dənizlərdən qərbə keçmək çətin idi. Şərq tərəfdən də, Qıpçağın susuz və meşəsiz çöllərindən keçmək mümkün deyildi. Bu ölkənin bol çeşməli, çaylı və otlaqlı çölləri, meyvə ağacları və meşələri olan isti dərələri vardır. Bu hal, o dövrlərdə yaşayan vəhşi xasiyyətli tayfaların bu yerlərdən keçib getmələri və yurd salmaları üçün daha əlverişli idi. 

Tarixçilərin çoxunun qeydinə  görə, çox qədim dövrlərdən bəri İran şahları və  başqaları fəth və səyahət fikri, ya da düşməndən qaçıb qurtarmaq məqsədilə, bu əcaib ölkəsi olan Qafqaza pənah gətirərdilər. Xüsusilə Şirvan vilayəti cənub və şimal tayfalarının ardı-arası kəsilməyən hücum və müharibələrindən xilas ola bilməmişdir. Qədim Suriyanın və Babilistan dövlətlərinin tarixlərində Qafqaz haqqında açıq və aydın bir məlumat yoxdur. Lakin İran tarixlərində söylənir ki, Pişdadiyan sülaləsindən Fərrüx oğlu Fridun və Kəyan padişahlarının sülalə başçısı Keyqubad uşaqlıq zamanında düşmənlərindən gizlənib, Əlbürz--Qafqaz dağlarında və düzlərində yaşayırdılar. Fridunu Dəmirçi Kavə və Keyqubadı da zabilistanlı Rüstəm gəlib aparmış və İranın səltənət taxtına oturtmuşlar. 

Fars tarixçiləri deyirlər ki, Fridun bütün dünyanın padişahı idi və ölkəsini üç oğlu arasında bölmüşdü: qərb tərəflərini Səlmə,  şərq ölkələrini Turə və orta tərəflərini də  vəliəhdi olan İrəcə (İrək sözünün ərəbcələşmişidir) vermişdi. Bir qədər keçdikdən sonra, Səlm ilə Tur İrəcə paxıllıq edərək, onu məşvərət və görüş bəhanəsilə dəvət edib Qarabağın yaxınlığında öldürdülər. O zamandan sonra bunların nəsli arasında ədavət düşmüşdü. Ölkənin şərq tərəfləri Turan və orta tərəfləri İran adlanmışdır. İstəxr-Farsın yaxınlığında indi də İrəc adlı bir yer vardır. Miladdan təqribən 700 il əvvəl, Qrek tayfası və xüsusilə miletlilər Qara dənizin şimal-şərq sahilində Tanais, Fanaqoriya, Hirmonas və Dioskuriya şəhərlərini bina edib, Qafqazın müxtəlif əhalisi ilə ticarət əlaqəsi saxlamağa başlamışdılar. 

Miladdan təqribən 400 il əvvəl yaşamış yunan tarixçisi Herodotun yazdığına görə, Kimmeriyan tayfası skiflərdən qaçıb Asiyadakı Lidiya ölkəsini ələ keçirmişdi. Skiflər miladdan 633 il əvvəl onları təqib edib iyirmi səkkiz illik istiladan sonra Avropaya qayıtdılar. Məlumdur ki, bunlar Qafqaz ölkəsindən gəlib keçmişlər, ilk fəthləri və son istilaları da bu ölkədə olmuşdur. Bu cəhətdən Şirvan və Dağıstan vilayətlərində qrek və skiflərin qədim asarından bir çoxunun nişanələri indi də mövcuddur. 

Herodotun yazdığına görə, Kəyan padişahlarından Keyxosrovun massaget skifləri və onların məlikəsi Tomirisə qarşı açdığı müharibə Albaniyada olmuşdur. O (Herodot) belə deyir: Kirus Arazdan keçib, ona qovuşan Kür çayına maniəsiz olaraq gəlib çatdı. Oradan da cəsarətlə bir dar dərənin içərisinə soxuldu. Burada dağ əhalisi onu məğlub edib, bütün qoşunu ilə məhv etdilər. Avropa və Asiya tarixçiləri Keyxosrovun aqibəti və onun dara çəkilib qeyb olması haqqında müxtəlif fikirlər yürüdürlər. Şeyx Nizami Gəncəvinin də mağara haqqında və Keyxosrovun Dərbənd yaxınlığındakı bir dağda saxlanan qızıl taxtı barədə yazıları vardır. Bunlar, yuxarıda qeyd edilən iddialarla da uyğun gəlir. Xülasə, bəzilərinin zənn etdiyi kimi, əgər Keyxosrov Arazdan keçdikdən sonra Gürcüstana hərəkət etmək istəsəydi, o zaman iki çayın (Kür ilə Arazın) qovşağı olan Cavad keçidinə gəlməzdi. Bundan anlaşılır ki, o, Albaniyaya səfər etmişdir. Bu hadisə, ehtimal ki, Rubas çayı dəhnəsindən başlayan, Təbərsərandan keçən, Dərvaq və Qaytağa gedən çox çətin keçidli bir dar dərədə vaqe olmuşdur. Qədim kitablarda məşhur olan «Sur dərəsi» ola bilsin ki, bu dərədir. Bunun belə adlanması da Dərbənddən uzanan sədd münasibətilə ola bilər, çünki «sur» ərəbcə «hasar» deməkdir. Ola bilsin ki, bu dərə «Sul qapısı»nın və yaxud Dərbəndin üç ağaclığında, bu dərənin dəhnəsinə yaxın bir yerdə, Nuşirəvanın bina etdirdiyi «Sul şəhəri»nin adı ilə adlanmış olsun. Zaman keçdikcə «l» dönüb «r» olmuşdur. Ola bilsin ki, Keyxosrov Sürhi mahalının dar dərələrindən birində, Qaytaq, Aqquşa və Qaziqumuqun bir çox tayfaları tərəfindən öldürülmüşdür; çünki «Sur» adı «hi» sözü əlavəsilə indi də bu mahalın adıdır. Bəzi tarixçilər yazırlar ki, guya Keyxosrov Gəncə qalası yaxınlığında məğlub edilmişdir; bu qeyd həqiqətdən uzaqdır; çünki burada yer düz və hamar olub heç bir dar dərə yoxdur. 

Məhəmməd ibni-Xandşah (Mirxond) «Rövzətüssəfa» da, Xandəmir «Xülasətüləxbar»  da və sair tarixçilər yazırlar ki, Güştasib Rum ölkəsindən qayıtdıqdan sonra, atasının yerində səltənət taxtına oturdu və İran paytaxtını Bəlxdən özü bina etdirdiyi İstəxr şəhərinə köçürtdü. O, İranda Zərdüşt dinini yaydı və bir adam göndərib, türklərin hakimi Ərcasibi də bu dinə dəvət etdi. Buna görə, indiyə qədər bir dində olan iki tayfa arasında müxalifət və ziddiyyət törədi. Ərcasib hədsiz qoşunla İrana hərəkət etdi. Güştasib öz rəşadətli oğlu İsfəndiyar ilə qarşıya çıxdı, türklər məğlub oldular. (Güştasib) özü Farsistana döndü, İsfəndiyarı isə Ermənistan və Azərbaycanı zəbt etməyə göndərdi. Ərcasib ikinci dəfə olaraq İrana səfər etdi. İsfəndiyar yenə onu məğlub etdi və türk ölkələrinə soxularaq çoxlu qələbələrə nail oldu. Guştasib ömrünün axırlarında hökmranlığı İsfəndiyarın oğlu Bəhmənə tapşırdı, özü isə dünyadan əl çəkdi. 

Информация о работе A.Bakıxanov - Gülüstani-İrəm