A.Bakıxanov - Gülüstani-İrəm

Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат

Краткое описание

[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar

Содержимое работы - 1 файл

A.Bakıxanov - Gülüstani-İrəm.doc

— 1,021.50 Кб (Скачать файл)

Bu zaman Şəki hakimi Səlim xan, İbrahim xanın arvadı olan öz bacısının öldürülməsi ədavətilə Rusiya dövlətilə çəkişməyə başladı. Bir müddət bundan əvvəl, Gəncədən özünə kömək gətirdiyi ruslardan bir neçə nəfərini öldürdü, qalanları Gəncəyə qayıtdılar. Bu hadisədən sonra general Nebolsin, sərdar Qudoviçin əmrilə Gəncədən Şəkiyə hərəkət etdi. Səlim xan, qabaqcadan Naibüssəltənədən çoxlu pul almışdı, Car və Avar ləzgilərini gətirib, mükəmməl qüvvə ilə, yerin çətinliyinə və lazımi hazırlığa arxalanaraq, müqavimətə girişdi. Müharibə zamanı ləzgilər qaçdı, o da naçar qalıb, ailə və əqrəbasilə vətənini buraxıb İrana getdi. Səlim xan xoşrəftar, kefcil və rəhmsiz bir əmir idi. 

Hicri 1221-ci (=1806) ildə  Şəki ölkəsi Rusiyanın ixtiyarına keçdi. Keçən il Koroğluya nisbət verilən Çənlibel adlı yerdən Rusiya dövlətinə pənah aparmış olan general-leytenant Cəfərqulu xan Dünbüli, Şəki hakimliyinə təyin edildi. 

Qraf Qudoviç həziranın (iyunun) 18-də sərəskər Yusif paşanı Arpa çayı kənarında məğlub etdi. Sonra hicri 1223-cü (=1808) ildə İrəvanı almağa getdi. Ayrı bir dəstəni də, Qarabağ yolu ilə Naxçıvan üzərinə göndərdi. Naibüssəltənə də gəldi. Bu ətrafda arası kəsilməyən müharibələr oldu. Axırda qış zamanı, soyuğun şiddətindən Rusiya qoşunu məqsədə çatmadan geri qayıtdı. Həmin il cəsarətli və zabitəli bir əmir olan Üsmi Əli xan vəfat etdi, qardaşı Adil xan onun yerinə keçdi. 

Keçən il şirvanlılar gəlib Bərmək mahalının qoyunlarını qarət etmişdilər. Şeyx Əli xan bunun əvəzini almaq üçün Şirvan üzərinə gedib müharibə etdi və cüzi bir qarətdən sonra geri qayıtdı. Buna görə qədimdən bəri Fətəli xan sülaləsinə ədavət bəsləyən Mustafa xan, Şirvanda sakin olan rus sərkərdəsi podpolkovnik Tixanovski ilə Quba üzərinə hərəkət etdi. Bir neçə döyüşdən sonra, buduqlu Məlik Adil nəslindən olan Məlik bəy Hacı bəy oğlu, bəylər və əhalinin çoxu Şeyx Əli xandan üz çevirib Rusiya dövlətinin itaətinə keçdilər. Şeyx Əli xan eyş və işrətpərəst olub, ölkənin vəziyyətindən xəbərsiz idi. Lakin çox şücaətli, səxavətli və yüksək himmətə malik bir zat idi. O, bir çox bəy və sair tərəfdarları ilə bərabər Təbərsəran nahiyəsinə, öz damadı Abdulla bəy Rüstəm oğlu qadinin evinə, buradan da onunla birgə Aqquşaya getdi. Bura əhalisinin çoxu onun ehsan və iltifatına borclu və sülaləsinin tərəfdarı idilər. 

Qırx gün keçdikdən sonra Şeyx Əli xan 5000 nəfər qoşunla yenə Qubaya gəldi. Qaladan başqa bütün ölkəni ələ keçirdi. Şabran qalası  yanında, kömək üçün Bakıdan Qubaya gələn bir dəstə  rusla müharibə edib, bir iş görə bilmədi. General-mayor Quriev öz qoşunu ilə Bakıdan gəlib çatdı. Çərxi kəndində onu məğlub etdi. Şeyx Əli xan yenə Təbərsərana getdi. Quba ölkəsi daimi olaraq Rusiya dövlətinin ixtiyarına keçdi. Buranın ixtiyarı Bakı və Qubanın alınmasında bir çox xidmətlər göstərmiş olan bakılı II Mirzə Məhəmməd xana verildi. 

Şeyx Əli xan Təbərsərana qayıdandan sonra Yersi kəndində sakin oldu. Rüstəm qadinin oğlu Abdulla bəy, qardaşları və əmisi Mirzə qadi ilə bərabər onunla müttəfiq idilər, Dərbənd və Quba ətrafında çapqınçılıq və müharibə edirdilər. Rusiya qoşunu da Təbərsəranın bəzi əmirləri və Dərbənd qoşunu ilə Mehraqa kəndi üzərinə yürüdülər. Şeyx Əli xan və Rüstəm qadinin oğlanları, Mirzə qadinin köməyinə gəldilər, lakin məğlub olub geri döndülər... 

Hicri 1224-cü ( = 1809) ildə, general-anşef Tormasov qraf Qudoviçin yerinə sərdarlığa keçdi. O da Başaçıq (İmeretiya) və Abxaziyada asayiş yaratmaqda idi. Bu zaman, İran şahının oğlu və Kirmanşahan fərmanfərması olan Məhəmmədəli mirzə Gürcüstan səfərinə göndərildi. Ona kömək olaraq Naibüssəltənə İrəvanın Göycə yaylağına və Fərəculla xan Nəsəqçibaşı Muğan hüdudunun mühafizəsinə təyin edildi. Məhəmmədəli mirzə, damqanlı İsmayıl bəyi bir dəstə ilə Bəy kəndi və Hamamlı kəndlərindəki rusların üzərinə göndərdi. Bir neçə dəfə müharibə oldu. İrəvanın Pənbək və Şuragil sakini olan keçmiş elatı və xüsusən Nağı bəy İran dövlətinə bir çox yararlı xidmətlər göstərdilər. Bunun ardınca, Məhəmmədəli mirzə gəlib Bozçalı (Borçalı) mahalını çalıb-çapdı. Sonra, Abbas mirzə gizli olaraq onun işlərinə qarışdığı üçün, Qars hüdudundan İrəvana və buradan da Kirmanşahana getdi. Fərəculla xan Nəsəqçibaşı Ərdəbilə gəldikdən sonra Şahsevən Nəzərəli xandan (talışlara qarşı) qoşun toplamağı tələb etdi. Lakin o, Mir Mustafa xan Talışla qohum olduğundan işi ləngidirdi. Mir Mustafa xan məşhur adamlardan bir hissəsini və Talış qoşununu köçürüb Gamışvanda yerləşdirdi. Bura hər tərəfdən dəniz və mürdab ilə əhatə olunmuşdu, yalnız bir tərəfdən--qurudan Ləngərkünan (Lənkəran) ilə bitişirdi. O, kömək olaraq ruslardan da bir dəstə gətirtdi. Bundan bir az əvvəl, Şirvanın möhtərəm adamlarından biri sayılan Ömər sultan Sədari, hər iki Mustafa xanı barışdırmaq və Şirvan elini geri köçürmək üçün Talışa gəlmişdi. Mir Mustafa xan Talışın oğlu Mir Həsən bəyin davasında qəflətən öldürülmüşdü. Buna baxmayaraq, Mir Mustafa xan yenə öz oğlu Mir Hidayət bəyi kömək istəmək üçün şirvanlı Mustafanın yanına göndərdi. Mustafa xan Şirvandan Gamışvana bir dəstə piyada qoşun yola saldı. 

Mir Həsən bəy bir dəstə  ilə, Ucarud hududunda olan bakılı Hüseynqulu xanın, şirvanlı Mustafa xanın qaçqın qardaşı Haşım xanın, rudbarlı Əli xanın, Bekdili Məhəmməd xanın üzərinə qəflətən hücum etdi. Əli xan və Məhəmməd xan əsir düşdülər, o birilər isə qaçıb qurtardılar. Nəsəqçibaşı vaxtın tələbinə görə əlində olan ixtiyara əsasən, şahsevən Nəzərəli xanı və Fərəculla xanı həbsə aldı, Ləngərkünan (Lənkəran) şəhərini yandırdı, Gamışvanı mühasirə etməyə başladı, lakin bir iş görə bilmədi. Axırda, barışıq sözü araya düşdü, Mirzə Büzürg Qaimməqam şah tərəfindən gəlib Mir Mustafa xanla görüşdü, əhdnamə və dostluğu möhkəmləndirdi. 

Hicri 1225-ci (=1810) ildə, il yarımdan artıq Təbərsəranda qalmış Şeyx Əli xan, əcdadı  səfəvilər dövründən Şeyx Cüneyd türbəsinin mütəvəllisi olan həzrəli Xan Butay bəy Hacı Şərif bəy oğlunun təhrikilə gəlib Quba əhalisinin çoxunu özünə müttəfiq etdi, ölkəni almaq və qalanı mühasirə etməklə dörd ay məşğul oldu. O, əhalinin bir hissəsini Qrız kəndinə köçürüb, yeni bir şəhər salmışdı. Bu zaman polkovnik Lisaneviç rus qoşunu, Şəki və Şirvan atlıları ilə gəlib Şeyx Əli xanı Çiçi kəndi yaxınlığında məğlub edərək ölkədən çıxardı. Şeyx Əli xan yenə Aqquşaya gedib orada sakin oldu. Damadı Abdulla bəy də, Təbərsəranda qala bilməyib onunla birləşdi. 

Bir zaman keçəndən sonra, Şeyx Əli xan Aqquşa əhalisindən və öz təbəələrindən üç minə yaxın bir cəmiyyətlə maniəsiz Üsmi mülkündən keçib Təbərsərana gəldi. Rüstəm qadidən sonra qardaşı, polkovnik Məhəmməd qadi hökumət başına keçmişdi. O, yalnız bir keçidi olan Xoçni kəndinin yarım ağaclığında bir yerdə səngər düzəldib müdafiəyə başladı. Ləzgilər yürüş etmədilər. Şeyx Əli xan öz nökərləri ilə hücum edib, səngəri aldı. Məhəmməd qadi qaçdı, Abdulla bəy isə Xoçnidə onun yerinə keçdi. 

Şeyx Əli xanın qayıtmasından iki ay sonra, Məhəmməd qadi yenə gəlib Abdulla bəyi çıxartdı və öz yerində əyləşdi. Xülasə, bir müddət Rusiya, Rum (Türkiyə) və İran hüdudları döyüş meydanı və xüsusən Qarabağ ölkəsi qoşunkeşlik və elat gediş-gəlişinə məxsus bir sahə olmuşdu. 

Hicri 1226-cı (=1811) ildə, general Tormasov Fransa ilə müharibə etmək üçün, Rusiyaya çağırıldı. General-leytenant markiz Pauluççi onun yerinə keçdi. 

Şeyx Əli xan Aqquşa qazisi Əbubəkrin köməyi və İran dövlətindən onun adına göndərilən vəsaitlə, Aqquşa əhalisini təkrar müharibəyə təhrik etdi. Aqquşa, Mehdili, Təbərsəran və Qaziqumuqdan topladığı səkkiz min nəfərə yaxın bir ordu və II Surxay xanın oğlu Nuh bəylə birlikdə Qubanın üstünə gəldi. Ləzgilər öz atlarını Kürə nahiyəsinin Samur çayı kənarındakı Məhərrəm kəndindən Təbərsərana qaytardılar. Özləri piyada olaraq Cibir kəndinə gəldilər. Ertəsi gün, general-mayor Quriev onların üzərinə hərəkət etdi, lakin Quba bəylərinin ona göstərdikləri əlverişli qərb yolunu qoyub şərq tərəfdəki yoldan hücuma keçdi. Yolun çətinliyi üzündən məğlub olub Zeyxur kəndinə qayıtdı.  

Şeyx Əli xan Rustov kəndinə gedib, ölkəni yenə öz itaəti altına keçirdi. Yalnız Quba qalası və Zeyxur kəndi rusların əlində qaldı. 

İki aydan artıq keçəndən sonra, general-mayor Xatuntsev yeni bir qüvvə ilə yetişdi. Şeyx Əli xanı Rustov kəndində məğlub edib, ölkədən çıxardı. Ləzgilər çox tələfat verdilər. Aqquşa qazisi Əbubəkr də bu döyüşdə öldürüldü. General Xatuntsev, Surxay xanı cəzalandırmaq üçün Kürə nahiyəsinə hərəkət etdi. Surxay xanın qardaşı oğlu Aslan ağa Şahmərdan oğlunu öz yanına çağırdı. O, keçmişdə öz əmisi Surxay xanın yanından Rum (Türkiyə) ölkəsinə qaçmış, keçən il Tiflisə və oradan da Qaytağa, üsminin yanına gəlib orada sakin olmuşdu. General Xatuntsev Şeyxi kənddə səngər atmış Surxay xanın üzərinə yürüşə başladı. Surxay xan məğlub olub Qaziqumuğa qaçdı. Kürə nahiyəsi rusların əlinə keçdi. Aslan ağa polkovniklik rütbəsi və xanlıq ləqəbilə buraya hakim təyin edildi. Onu qorumaq üçün də Qurahda bir batalyon saldat saxlanıldı. O, hünərli, zabitəli, bədməzac və içki sevən bir əmir idi. 

Şeyx Əli xan Qubadan qaçdıqdan sonra, bir zaman Sunbat kəndində, onun yaxın adamları isə, Cümcüqat kəndində olurdular. O, Əbubəkr qazinin oğlu Bəhanın köməyi və sair vasitələrlə yenə Aqquşaya gedib orada məskən saldı. 

Həmin ilin axırında, İrana tərəfdar olması qəti zənn edilən polkovnik Cəfərqulu ağa Məhəmmədhəsən ağa oğlu həbsə alınıb, ruslardan bir dəstə piyada və bir neçə nəfər kazakla Tiflisə göndərildi. Tərtər çayından keçərkən, Cəfərqulu ağa atının cilovunu saldatın əlindən qapdı, özü ilə bərabər atın sağrısında oturan o biri saldatı suya salaraq, Cəbrayıllı elinin arasına qaçdı. Bu xəbər Naibüssəltənəyə çatan kimi Qarabağa gəldi. Əmir xan Qacarı, Cəfərqulu ağa ilə Cəbrayıllı elini və Qarabağın sair elatını köçürməyə məmur etdi. Özü isə, topxana və sərbazla Sultan Bud səngəri üzərinə gəldi. Burada qarabağlı Mehdiqulu xanla bir rus batalyonu var idi. Bunları məğlub edib bir çoxunu öldürdü və sağ qalanlarını əsir aldı. Mehdiqulu xan isə qaçıb qurtardı. 

Əmir xan və Cəfərqulu ağa beş-altı min ailəni Arazdan keçirib, Naibüssəltənə ilə birləşdilər. Naibüssəltənə Qarabağ elatını yerbəyer edib, Qaradağ kəndlərinin hökumətini xanlıq ləqəbilə Cəfərqulu ağaya verdi. Özü də Təbrizə qayıtdı. 

Bu zaman qaziqumuqlu Surxay xan Kürə üzərinə gəldi. Aslan xan rus batalyonu ilə gedərək Qurahdan üç ağac yuxarıda Kərxən kəndində onu məğlub etdi. Surxay xan da Aslan xanın anasından olan öz oğlu Mürtəzaəli ağanı Qaziqumuq hakimliyinə təyin edib, özü İrana getdi. Aslan xan öz ana qardaşının yanına gedib orada sakin oldu. Surxay xan bir il sonra İrandan qayıtdı. 

Mürtəzaəli xan, Aslan xanın qardaşı Fətəli ağanı götürüb, müharibə bəhanəsilə  qarşıya çıxdı. Lakin o, yolda Fətəli ağanı öldürüb  öz atası ilə birləşdi. Aslan xan Kürəyə qayıtdı. Surxay xan da yenə Qaziqumuğa sahib oldu. Surxay xan alim, rəiyyətpərvər və qantökən bir əmir idi. 

Markiz Pauluççi Naibüssəltənənin gəlmək xəbərini eşidincə, tam sürətlə Qubadan Qarabağa gəldi. O, general Kotlyarovskini Qubada qoydu, özü isə... Tiflisə  getdi. Buradan da qulluqdan çıxarılaraq Rusiyaya qayıtdı. General-anşef Rtişşev onun yerinə sərdar göndərildi. 

Hicri 1227-ci (=1812) ilin baharında, Naibüssəltənə şah tərəfindən göndərilmiş  külli ləvazimat və qoşunla Mişkin qəsəbəsinə varid oldu. Əmir xan Qacar sərbaz və topxana ilə bu tərəfdən, sair əsgərlər də, onun ixtiyarında olaraq Ərkəvan, Zuvand və Astara səmtindən Talış Mir Mustafa xanı cəzalandırmaq üçün göndərildi. O yenə İran dövlətindən üz çevirib, rusları öz köməyinə çağırmışdı. Əmir xan aqustos (avqust) ayının dördündə, Ləngərkünana (Lənkərana) çatdı. Ruslar döyüşdən sonra Mir Mustafa xanla bərabər Gamışvana çəkildilər. İranlılar Gamışvanın qarşısında səngər və burclar düzəltdilər. İki aya yaxın dənizdən və sahildən atışma davam etdi. Gamışvanı almaq mümkün olmadı. Naibüssəltənənin əmrilə Ləngərkünanda (Lənkəranda), Ərkəvanda və Astarada üç qala tikildi və bu qalalara mühafizlər, topxana və azuqə təyin olundu. Qalan qoşun isə, geri qayıtdı. 

Bu zaman İngilis elçisi ser Qrozli vasitəsilə barışıq söhbəti araya  atıldı.  Rusiya sərdarı    Naibüssəltənə    ilə Arazın kənarında danışığa başladı. Lakin bu danışıq bir nəticə vermədi. Sərdar Rtişşev, Kotlyarovskini 2000 saldat və altı topla Carın   kənarında qoyub, özü Tiflisə qayıtdı. Naibüssəltənə   Pirqulu   xan   və   Mirzə   Məhəmməd xan Qacarı və    Əlimərdan xan    Xəmsəni atlı   dəstələrilə Sultanhasardan Şəki ölkəsinə göndərdi. Özü də    sərbaz və topxana ilə Aslandüz adlı yerə gəldi. Sadıq xan Qacarı və Cəfərqulu  ağanı,  eli  köçürtmək üçün  Qarabağa    göndərdi. Ağoğlanda dayanan general Kotlyarovski, gecə gizlicə Arazdan keçib, səhər çağı öz qoşunundan bir neçə qat artıq olan İran ordusu üzərinə hücum edib onları məğlub etdi. İranlıların bir hissəsi olduqca pərişan bir halda qaçdı. Naibüssəltənə isə, qalan qoşunla müharibəni davam etdirdi. General ertəsi gecə, təşrin-əvvəlin  (oktyabrın)   20-də    hücum edib, onları tamamilə dağıtdı. Bir çoxlarını öldürüb, külli qənimətlə geri qayıtdı. Şəki və Qarabağa təyin edilən qoşunlar da, bu xəbəri eşidincə, qayıdıb, Naibüssəltənə ilə Mişkində birləşdilər. Buradan da Təbrizə getdilər. 

General Kotlyarovski Muğana gedib, burada olan Qarabağ elatını geri qaytardı  və Ərkəvan qalasını yürüşlə aldı. Sonra Ləngərkünana (Lənkərana) gedərək, oranın qalasını mühasirə etdi. Hicri 1228-ci ( = 1813) ildə, kanuni-saninin (yanvarın) birində, aşura axşamı yürüşə başladı. Hər iki tərəf şiddətli müqavimət göstərib, mərdanəliklə vuruşdu. Axırda rus generalının qorxu bilməz təbiətinin qüvvəti sayəsində qala alındı. Qala mühafizlərinin sərkərdələri olan sərhəng Sadıq bəy və Məhəmməd bəy Qacar rus və müsəlmanlardan bir çox adamla bərabər öldürüldü. Kotlyarovski özü də üç ağır yara aldı. 

Həmin ilin baharında, İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində, şah barışığa meyl göstərdi. Mirzə Əbülhəsən xan Şirazi, İran dövləti tərəfindən vəkil edildi. Sərdar Rtişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (=1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də, Rusiya ilə İran dövlətləri arasında əhdnamə bağlandı. Bu əhdnaməyə görə İran dövləti Gəncə, Qarabağ, Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı və ona həmhüdud olan ölkələri Rusiya dövlətinə tərk etdi. Onlar haqqında hər cür iddiadan əl çəkdi. Rusiya imperatoru da öhdəsinə aldı ki, şah hansı bir övladını vəliəhd təyin etsə, ona yardım göstərsin və hüququnu müdafiə etsin. 
 
 
 

NƏTİCƏ 
 

ŞİRVAN  VƏ  ONA  QONŞU OLAN VİLAYƏTLƏRDƏN YETİŞMİŞ TƏLİFAT  SAHİBİ VƏ YA BAŞQA BİR MƏZİYYƏTƏ MALİK ŞƏXSLƏRİN   TƏRCÜMEYİ-HALLARI   HAQQINDA 

Hər bir tayfanın kəmalat dərəcəsini, vəziyyət və hallarının gözəlliyini onların təlifatından və sair əsərlərindən gözəlcəsinə anlamaq olar. Bir çox şəhər və kənd xarabaları, həzrət Şəmunun Aran şəhərində və yüksək dərəcəli üç imamzadənin Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki imamzadə, imam Museyi-Kazımın qızı Həlimə xatunun Bakıda, Bibiheybətdəki türbəsi, Sufi Həmidin Şirvan Qabıstanındakı məzarı və bir çox başqa yerlərdə olan məşhur seyidlərin, şeyxlərin və hörmətli fazil kimsələrin qəbirləri göstərir ki, bu ölkə həmişə din böyüklərinin məskəni, arif və alimlərin vətəni olmuşdur. Başqa faydaları bir tərəfə dursun, bu ölkə mötədil iqlimli ən yaxşı yerlər sırasına daxildir. Öz dağlarında, çöllərində, meşələrində və vadilərində bütün dünyanın müxtəlif məhsulatını yetişdirməkdədir. Bu ölkədə yaşayanların nəsli bütün insan tayfalarından qarışıqdır. O tayfalardan hər birinin əxlaqı və asarı bunlarda görünməkdədir... 

Əgər bu ölkə əhalisinin təbii istedadını inkişaf etdirmək üçün lazım gələn asayiş və tərbiyə üsulları yaradılsaydı, o zaman bunlar nə böyük tərəqqiyə nail olardılar! 

Çoxlu qoşunkeşlik və mütəmadi müharibələrin yaratdığı xarabalıqlara baxmayaraq, onlardan bir çoxu özünün elm və hünəri ilə bütün dünyada şöhrət qazanmışdır. Onlar hər bir əsrdə, hər bir ölkədə hörmətli, və inanılmış kimsələr olmuşlar. Lakin təəssüflər olsun ki, onların VI (XII) əsrdən əvvələ aid əsərlərindən bizə heç bir şey məlum deyildir. Həqiqətən böyük xaqan Mənuçehr və onun xələflərinin 400 illik səltənət dövrü, şirvanşahların ən gözəl əsri və Şirvanın abad zamanı olmuşdur. Səfəvilər dövrünün əvvəllərində olan osmanlı və qızılbaş döyüşləri bir neçə vaxt qarışıqlıq və iğtişaşa səbəb olmuşdu. Şah Abbasın zühurundan sonra bu ölkənin işləri nüfus və mənəviyyatca dəyişikliyə üz tutub, etidal və müvazinət kəsb etdi. Hünər və mərifət bazarı başqa bir rövnəq tapdı. Şah Sultan Hüseyn dövrünün axırlarında isə fitnəkar fəsadçıların istilasından, müxtəlif orduların gediş-gəlişindən və Nadir şahın səfərlərindən tamamilə pərişan bir hala düşdü və bir çox yeri xarabazar oldu. Bundan sonra ölkənin vilayətlərini müstəqil surətdə öz ixtiyarlarına keçirmiş olan xanlar da mütəmadi müharibə nəticəsində maarifi inkişaf etdirməyə və rəiyyətlərinin halını yaxşılaşdırmağa müvəffəq ola bilmədilər. Hər halda, bu ölkənin alim və fazillərinin həyatı imkan daxilində hər birinin əsrinə müvafiq olaraq zikr edilir və azacıq da olsa onların əsərlərindən və fikirlərinin nəticələrindən qeyd olunur. 
 
 
 

MÖVLANA ŞEYX ƏBUƏBDULLAH ƏLİ İBNİ-MƏHƏMMƏD BAKUYİ  

Bir çox tarixçilərin yazdığına görə, zahiri və batini elmlərdə kamil bir şəxs olmuşdur. O, ilk gənclik dövrlərindən başlayaraq böyük və məşhur simalarla söhbət etmiş və Şeyx Əbdüllah Xəfif, Şeyx Əbülqasım Qəşiri və Şeyx Əbusəid Əbülxeyrlə görüşmüşdür. Şeyx Əbusəid ilə onun arasında bir çox elmi mübahisələr olmuşdur. Bir müddətdə, Şeyx Əbülabbas Nəhavəndi ilə təhqiqata başlamış, həmin şeyx onun fəzilətini təsdiq və onu tərif etmişdir. Ömrünün axırlarında Şiraz şəhərinə yaxın bir dağın mağarasında guşənişinlik qəbul etmişdir. Ölkənin bir çox şeyxləri və böyük alimlər onun söhbətinə yetişmişlər. O, hicri 442-ci (=1051) ildə həmin ölkədə vəfat etmişdir. Heyif ki, onun əsərlərindən əlimizdə heç bir şey yoxdur. 
 
 
 

MƏŞHUR ŞAİRƏ MƏHSƏTİ  GƏNCƏVİ 

«Məh» farsca «mah» sözünün yüngülləşdirilmiş şəkli və ya böyük mənasında olub, «səti» xanım deməkdir. Azər «Atəşkədə» kitabında yazır ki, Məhsəti Gəncə əşrafı xanədanından olub, Sultan Səncərin nədiməsi idi. Bu sayədə tam bir etibara və şövkətə malik olmuşdu. Onun divanından və coşqun təbindən nümunələr: 

Rübai 

/*

O gözəlin üzü yasəmən və qızıl gül üçün həsəd və qibtə mənbəidir.

Onun şux qəmzəsi kişilərlə  qadınlar arasında fitnə

salmışdır.

Onu yolda gedərkən gördüm, o, axar su kimi lətif idi,

O, axar sudan indi də  mənim gözümdə vardır.

*/ 

Yenə onundur:  

/*

Hər gecə sənin qəmindən yeni bir əzab çəkirəm.

Gözümdə yuxu əvəzinə  yaş görürəm.

Sənin nərgisin (gözlərin) kimi məni yuxu aparan zaman,

Sənin zülfündən daha qarışıq bir yuxu görürəm.

*/ 

Yenə onundur: 

/*

Bizi qocaların yanında saxlamaq olmaz.

Bizi qəmgin adamların evində  saxlamaq olmaz.

O kimsə ki, zülfün ona zəncir kimi ola,

Onu evdə zəncir ilə  tutub saxlamaq olmaz.  

Yenə onundur: 

/*

Əfsus ki, sənin çiçəyinin çevrəsini tikan bürüdü,

Qarğa gəldi, laləni dimdiyinə  aldı,

Sənin  çənənin civəsi qaraldı  (üzünün  qırmızılığı

getdi),

Sənin ləl kimi  olan dodağın paslandı (göyərdi).

*/ 
 
 
 

HƏKİMİ-MƏNƏVİ   ŞEYX  NİZAMİ GƏNCƏVİ 

O cənabın künyəsi və  adı Əbu Məhəmməd Nizaməddin İlyas ibni-Yusif ibni-Müəyyəd olub, doğulduğu və öldüyü yer Gəncədir. Onun böyüklüyünü  və fəzilətlərini söyləməkdən dil acizdir. Sözlərindən  şairlik dərəcəsi və rəyi aşkardır. Zərifliyi, söz və söhbətilə məclis bəzəməkdə, ümumun rəyincə onun misli olmamışdır. Bütün şairlər onun ustalığını etiraf etmişlər. 

Информация о работе A.Bakıxanov - Gülüstani-İrəm