A.Bakıxanov - Gülüstani-İrəm

Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат

Краткое описание

[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar

Содержимое работы - 1 файл

A.Bakıxanov - Gülüstani-İrəm.doc

— 1,021.50 Кб (Скачать файл)

Cəfərqulu xan Xoya getdi. Lakin, şaha sadiq olan qardaşı Hüseyn xan onu qəbul etmədi. O, bir neçə müddət avara gəzdi, qardaşı öləndən sonra isə, gəlib Xoyu ələ keçirdi. Bir vaxtdan sonra, şahın istəkli oğlanlarından olub, Azərbaycan işlərini nizama salmağa təyin edilən Abbas Mirzə tərəfindən məğlub edildi. Makuya və oradan da Rum sərhəddində Koroğluya nisbət verilən Çənlibel adlı yerə gedib sakin oldu. 

Rus hadisəsində Həsən xan Qubaya gəldikdən sonra, İbrahim xan Rudbarinin qardaşı oğlu Məhəmməd xan, Səlyanı ələ keçirdi, Əmir Kəlbəli sultanın oğlu naib Mir Qubad sultanı oradan çıxartdı. 

Hicri 1213-cü ( = 1799) ildə, Şirvan vilayətinə və xüsusilə Ağsu şəhərinə şiddətli taun xəstəliyi düşdü, bir çox adam tələf oldu. Bu zaman, Quba qoşunu rus qayıqları ilə gedib Səlyanı aldılar. Şeyx Əli xan 4000 ləzgi ilə oraya getdi. Rəməzan ayında öz yaxın adamlarının təhrikilə, zülmkarlığa və günah işlər görməyə başladı. O, qayıdandan sonra, şirvanlı Mustafa xan Rudbar əmirlərinin köməyi və səlyanlıların təklifi ilə gedib Səlyanı aldı. Şəhəri köçürüb, dörd ağac yuxarıda, indiki yerində bina etdi. Hakimliyini də İbrahim xanın oğlu Əli xana verdi. Bir müddətdən sonra, buranı bölüşdürüb Əli xana və onun əmisi oğlu Məhəmməd xana verdi. Lakin Əli xan tez bir zamanda Məhəmməd xanı həbsə alıb, Talış Mir Mustafa xanın himayəsi altına keçdi. 

Digər tərəfdən Şeyx Əli xan Səlyandan qayıdandan sonra Dərbənddə bərk xəstələndi. Qaziqumuqlu Surxay xan bu hadisədən istifadə edərək, bir gecə gizlincə öz oğlu Nuh bəyi Həsən xan adı ilə göndərib Quba qalasını aldı. Özü də qoşun ilə Qubanın Qullar adlı kəndində oturub, ay yarım hökmranlıq etdi. Şeyx Əli xan şamxaldan, Aqquşa və Qoysuboy mahallarından 10.000 nəfər kömək aldı. Surxayı Qubadan çıxardıqdan sonra, Kürə üzərinə yürüdü. Şiddətli müharibə oldu. Surxay xan məğlub edildi, o nahiyə də ta Çıraq kəndinə qədər tamamilə qarət olundu. Şeyx Əli xan buradan qayıdaraq, ləzgiləri altı ay Qubada qonaq saxladı. Onların tələbatı üzündən qubalılara çox haqsızlıqlar edildi. Hətta əhalidən diş kirayəsi belə alınırdı. Şeyx Əli xan 8000 nəfərin məsarifini Quba maliyyatından verib, qalan 2000 nəfər ləzgini  Dərbəndə   gətirdi ki, onların maaşlarını da oranın mədaxilindən ödəsin. 

Qubadakı kimi olan iki günluk qonaqlıq dərbəndlilərin ümumi iğtişaşına səbəb oldu. Xalq Şeyx Əli xanın eyş və işrət düşkünü olduğundan narazı idi. O, çıxılmaz bir vəziyyətə düşdü. Axırda, Şeyx Əli xanın görüşünə gəlmiş olan bakılı II Mirzə Məhəmməd xan, dərbəndlilərin yığıncağına gedib ləzgiləri buradan çıxarmaq vədilə onları sakit etdi. Şeyx Əli xan bu məsələdən inciyib Qubaya üz qoydu. 

Hicri 1214-cü (=1800) ilin əvvəllərində, Dərbənddə şiddətli taxıl qəhətliyi oldu. Taxıl gətirmək üçün şamxal mülkündən Qubaya gedən 400 arabanı dərbəndlilər döyüş və söyüşlə geri qaytardılar. Bu məsələ Şeyx Əli xanın xoşuna gəlmədi və bundan bərk incidi. Dərbəndlilər Sultan bəy Bayatın təhrikilə üsyan qaldırıb, Dərbənd naibi olan Məhəmmədhüseyn bəy Əhməd bəy oğlu Bayatı qovdular. Şeyx Əli xan Dərbəndə gəlib Sultan bəyin ətrafında çoxlu cəmiyyət toplandığını gördü. Labüd qalıb, öz bacısı və II Mirzə Məhəmməd xanın arvadı olan Xan bikə xanımı Dərbəndin sahib ixtiyarı (hakimi) və Sultan bəyi də onun kargüzarı (müavini) təyin etdi. 

Şeyx Əli xan Qubaya qayıdandan bir az sonra II Surxay xan Fətəli xanın oğlu Həsən xanı cürbəcür vasitələrlə Qaytaqdan öz yanına gətirdi. Aralarında bir çox ixtilaf olan dərbəndlilər ilə ittifaq etdikdən sonra, həmin ilin mayis (may) ayında Həsən xanı Dərbənd hökumətinə oturtdu. 

Bir gecə Sultan bəy Bayat, Xızır bəy Qorçu ilə xan sarayında dava saldı. Hər iki tərəfdən bir çox adam tələf olub, Xızır bəy öldürüldü. Sultan bəy də, yaralı olaraq, aradan çıxıb getdi. Ertəsi gün, xanın əmri və dərbəndlilərin ittifaqı ilə Sultan bəy cəzalandı. Bu hadisədən sonra, Şeyx Əli xan Şirvan, Şəki və Bakı xanlarından, həmçinin şamxaldan və Aqquşa camaatından kömək aldı, hər iki tərəfdən Dərbəndin mühasirəsinə başladı. Yalnız Təbərsəran qadisi dərbəndlilərin tərəfini saxlayırdı. On iki günlük mühasirədən sonra, Şeyx Əli xan məqsədə çatmadan Qubaya qayıtdı. Ağır xəstə olduğundan onun ölüm xəbəri ətrafa yayıldı. Surxay xan qoşunla Eniq kəndinə gəldi və qarşısına çıxan Quba qoşununu məğlub etdi. Özü də Şeyx Əli xanın sağ olduğunu bilincə, vətəninə qayıtdı. 

Bundan sonra, Quba hakimiyyətini Həsən xana vəd edərək qəflətən külli qoşunla Quba şəhərinin bir ağaclığındakı Zizik kəndinə gəldi. Şeyx Əli xan azacıq sağalmış olsa da, müdafiə üçün heç bir tədarükü yox idi. Arvadı, bakılı Hacı Məlikməhəmməd xanın qızı Zeybünnisa bəyim ruslardan qaçdığı zaman Surxay xanla ata-qızlıq peymanı bağlamışdı. Ziyafət mərasimini yerinə yetirməklə və dostluğu bildirən peyğamlar göndərməklə Surxay xanı geri qayıtmağa razı etdi. Həsən xan da çarəsiz qalıb Dərbəndə getdi. 

Bir zaman keçəndən sonra, Şeyx Əli xan qəflətən gedib Dərbəndin Ulus nahiyəsinin 9 kəndini köçürüb Qubaya gətirdi. Beləliklə Həsən xanın əlində  Dərbənd şəhərindən başqa heç bir yer qalmadı. 

Həmin ilin axırlarında, Gürcüstan valisi Gürgin xan vəfat etdi. Bu ölkənin əyani və əmirləri daxili qarışıqlıqlardan və xarici müdaxilələrdən xilas olmaq ümidilə, Rusiya imperatoru III Pyotrun oğlu I Pavelin dərbarına vəkillər göndərib, onun himayəsinə keçməyi xahiş etdilər. Bu xahişin qəbulunu bildirən imperator fərmanı, hicri 1215-ci ( = 1801) ildə, kanuni-saninin (yanvarın) 18-də sadir oldu. General-leytenant Knorrinq Gürcüstan hökumətinə təyin edildi. Bundan başqa həmin ayın 23-də ayrıca bir fərman verilərək, ona tapşırıldı ki, onlardan vergi toplamasın və daxili işlərinə qarışmasın. Yalnız o zaman müdaxilə etsin ki, onlar öz razılıqlarilə mənim himayəmi qəbul etmiş olsunlar, çünki, sülhpərvər müttəfiqlərə malik olmaq, etibarsız rəiyyəti başa toplamaqdan daha yaxşıdır. 

Bundan sonra martın 12-də  imperator Pavel birdən-birə vəfat etdi. Oğlu I Aleksandr səltənət təxtinə oturdu. Qafqazın işləri həmin qayda üzrə intizama düşməkdə idi. Keçən il dərbəndli Həsən xan tərəfindən Hacı Tağı, qubalı Şeyx Əli xan tərəfindən Mirzə Əsgər, bakılı Hüseynqulu xan tərəfindən Mirzə Hadi bəy, Talış Mir Mustafa xanın və Dağıstan əmirlərindən Mehdi xan şamxalın, Rüstəm xan üsminin, avarlı Əmmə xanın və təbərsəranlı Rüstəm qadinin elçiləri ilə bərabər, himayə edilmək üçün səfarətlə Rusiya imperatorunun dərbarına göndərilmişdilər. Aqustos (avqust) ayının 28-də, bu əmirlərdən hər birinin adına imperatorun fərmanı sadir oldu. Bu fərmanda deyilirdi ki, onlar bir-birlərilə həmişə müdara edərək sülh ilə yaşasınlar və bölüşdükləri kimi Qubaya Şeyx Əli xan, Dərbəndə Həsən xan sahib olsun. Beləliklə iki qardaş çay kənarında bir-birilə görüşüb, qardaşlıq və xüsusiyyət mərasimini təzələdilər. 

Bu qayda üzrə Aleksandrın səltənətindən iki ilə yaxın keçdi. Gürcüstana sahib olmaq Rusiya dövlətindən böyük məsarif və çox səy tələb edirdi. Başaçıq (İmeretin) valisi və Minqreliya əmirləri Rusiya padişahı Aleksey Mixayloviçin zamanında, yardım almaq arzusu ilə həmin dövlət ilə əlaqə və rabitə qapısını açmışdılar. 

Tarxu şamxalı, Bakı  və Dərbənd xanları onun oğlu Böyük Pyotra tabe olmuşdular. Şirvan, Şəki, Qarabağ və Gəncə xanları Qraf Zubov gəldiyi zaman himayə xahiş etmişdilər. Bunların bir çoxu təzədən yenə elçilər vasitəsilə tabe olmaq fikrində idilər. Buna görə , imperator Aleksandr bu böyük və mühüm işlərin sərəncamını, əslən gürcü olub, Rusiyada yaşayan general-anşef knyaz Sisiyanova tapşırdı. Bu əmir daxili işlərin intizamına, ədalətin bərpa edilməsinə və xarici fütuhata son dərəcə səy edirdi. 

Hicri 1217-ci (=1803) ildə  Həsən xan çiçək xəstəliyindən ölümcül bir halda xəstələndi, dərbəndlilər onun görüşünə gələn Şeyx Əli xanın arvadı Zeybünnisa bəyimə vasitəçilik üçün yalvardılar. O da, and içərək öz əri tərəfindən onları xatircəm etdi və vəziyyəti bildirmək üçün Qubaya bir qasid göndərdi. Şeyx Əli xan Həsən xanın vəfatını eşidən kimi, Dərbəndə gəlib, matəm mərasimini yerinə yetirdi. Sonra İmamqulu bəyi Dərbəndə naib qoyub Qubaya qayıtdı. 

Bu zaman, bakılı Hüseynqulu xan, şirvanlı Mustafa xanın köməyilə Məşqətə  qalasını aldı, Mirzə Məhəmməd xan Qubaya qaçdı və öz mülkünü geri almaq üçün vəsait toplamağa başladı. 

Həmin il avarlı Əmmə  xan Car nahiyəsində vəfat etdi. Zatən hünərli olan Əmmə  xanın şən və şöhrəti, Fətəli xan dövrünün axırlarından başlayaraq daha da artmaqda idi. O, ətrafa etdiyi basqınlardan başqa, dəfələrlə Gürcüstana gəlib, Gümüşxananı talan və qarət edərək, Axısqaya getmiş və oradan Balakənə qayıtmış idi. O, Gəncənin ətrafını qarət edərək, öz damadı qarabağlı İbrahim xanın köməyilə Naxçıvanı ələ keçirmişdi. Lakin tez bir zamanda Naxçıvan xanı tərəfindən məğlub edilərək Qarabağa qayıtmışdı. Gürcüstan valisi İrakli xan, öz mülkünün ətrafını qorumaq üçün, hər il ona 5000 manat verərək, onunla müdara edirdi. Keçən il Rusiya dövlətinin himayəsinə girdikdən sonra da, onun aldığı bu pul maaş şəklində yenə ona verilirdi. Heç bir vərəsəsi yox idi. Ögey qardaşı Gebek əmirlik arzusu ilə onun arvadı və Novsal xanın qızı olan Gehlini almaq istədi. Lakin, Gehli gizlicə Əmmə xanın bacısı oğlu Sultan Əhməd bəy Əli Sultan bəy oğlu Cəngutayi ilə əlbir olub, bir gecə Gebeyi aldadaraq öldürdü. Sultan Əhməd, Əmmə xanın bacısı oğlu olub, onun başqa arvaddan olan qızı--Paxu bikəni almışdı. Sonra Gehli Avar xanı Sultan Əhmədi ərliyə qəbul etdi. Sultan Əhmədin kiçik qardaşı Həsən xan öz ata-baba mülkü olan Mehdili əmirliyində qaldı. 

Sonrakı il, Gürcüstanın  ən böyük düşmənlərindən olan Cavad xan ibni-Şahverdi xan Ziyad oğlu, əvvəlcə Rusiyaya və daha sonra İrana zahiri itaət göstərməklə Tiflis tacirlərini qarət edirdi. Knyaz Sisiyanov Gəncəni almaq məqsədilə hərəkət etdi. Yuxarıda adı çəkilən Əli Sultanın qardaşı oğlu şəmsəddinli Nəsib sultan onunla birləşdi. Cavad xan şəhərin xaricində müharibə edərək məğlub olub qalaya çəkildi. 

Hicri 1218-ci ( = 1804) ildə, kanuni-sani (fevral) ayının 3-də, Rəməzan bayramı günü, sübh çağı qala hücum ilə alındı, Cavad xan bir neçə övladı və əhalidən bir çoxu ilə bərabər öldürüldü. Gəncə Yelizavetpol adı ilə adlandırıldı. Rus sərdarı, general-mayor Qulyakovu buradan Car nahiyəsinə göndərdi. O, çətin keçilən yerlərdə düşmənə hücum edib, məğlub edildi və özü də öldürüldü. Lakin bura ləzgilərinin gözü elə qorxmuşdu ki, bu hadisədən bir az sonra, Tiflisə vəkillər göndərib, üzr istədilər və səmimiyyət göstərdilər. Minqreliya, Abxaziya əmirləri və Başaçıq (İmeretiya) valisi Süleyman xan da sədaqətlə tabe oldular. İran dövləti bu cür fütuhatdan qorxuya düşüb, Gürcüstanı geri qaytarmaq ümidilə İran dövlətinə sığınan İrakli xanın oğlu Aleksandr mirzəni, əmirləri və əhalini üsyana qaldırmaq üçün Gürcüstana göndərdi. Onun işini qüvvətləndirməyi, İrəvan və Qarabağı mühafizə etməyi isə, Abbas mirzəyə tapşırdı. 

İrəvan hakimi Məhəmməd xan Qacar, batində İran hökumətindən narazı idi. İrəvan elatının çoxunu Rum ölkəsinə göndərdi, özü də qalaya çəkilib, Rusiyadan kömək istədi. Knyaz Sisiyanov İrəvanı almaq qəsdilə yola düşdü. Üçkəlisa (Eçmiadzin) yaxınlığında, Qırxbulaq adlı yerdə, ruslardan dörd dəfə artıq qoşunu olan Abbas mirzəni məğlub etdi. Bu zaman, sədri-əzəm Mirzə Şəfi, İrəvan qalasına gedib Məhəmməd xanı cürbəcür nəsihətlərlə İran dövlətinə tərəfdar etdi. Rus sərdarı qalanı mühasirəyə aldı. Müharibəyə gəlmiş olan şah özü də, məqsədə nail olmadan geri qayıtdı. Lakin bir tərəfdən mühasirə müddətinin uzanması və yürüş ilə bir iş görülməməsi, digər tərəfdən də, azuqə azlığı və cürbəcür qorxulu xəstəliklərin baş göstərməsi, Rusiya sərdarını hicri 1219-cu (=1805) ildə, eylul (sentyabr) ayının 3-də Gürcüstana qayıtmağa məcbur etdi. Bu hadisədən sonra ləzgilər, osetinlər və qabardinlər Aleksandr mirzənin təhrikilə üsyan edib Gürcüstana hücum etdilər. Beləliklə, Rusiyanın yolu bağlandı. Knyaz Sisiyanov mərdanə fütuhatla hamısını sakit etdi və Rusiyanın yolunu açdı. Həmin il rus qoşunu dənizdən Rəşt üzərinə gəldi. Lakin müharibədən sonra məqsədə çatmadan Bakı bəndərinə qayıtdı. Hər iki tərəfdən top atışması başlandı. Nəhayət, ruslar sahilə çıxıb şəhəri mühasirəyə aldılar. 

Qubalı Şeyx  Əli xan və qaziqumuqlu II Surxay xanın oğlu  Nuh bəy, bir  dəstə İran  qoşunu ilə  Hüseynqulu   xanın köməyinə gəldilər.  Rus  qoşunları    gəmilərə    oturub Talışın Sarı cəzirəsinə getdilər. 

Bu zaman, Rüstəm xan üsmi vəfat etdi. Onun yerində Ustar xan oğlu Əli xan üsmi oddu. Araya ədavət düşdü. Mustafa xan Səlim xanı Qarabağdan gətirdib, Şəkinin üzərinə getdi. Məhəmmədhəsən    xan qarşıya    çıxaraq, vəziyyəti istədiyi kimi görməyib  qoşunu azad etdi.  Özü də Mustafa xanın yanına gəldi. Mustafa xan hər iki qardaşını Şirvana gətirib, əmisi oğlu Şeyx Əli bəyi Şəkidə naib təyin etdi. Lakin Şəki    əhalisi üsyan qaldırdı.  Onun qardaşı Məhəmmədhəsən xan tərəfindən    kor edilən    Fətəli    ağanı xanlığa qəbul etdilər. Üç aydan sonra, Mustafa xan çarəsiz qalıb, Səlim xanı Şəkiyə hakim göndərdi və onun qızını özü üçün aldı. Məhəmmədhəsən xan Qubaya, Dərbəndə    və    buradan da Cara, axırda rusların yanına gedib, Hacı Tərxana göndərildi. O, cəsarətli, rəiyyətpərvər bir əmir olmaqla bərabər, mütəəssib və qan tökən bir adam idi. 

Hicri 1220-ci ( = 1805) ildə,  şahın vəliəhdi Abbas mirzə, Naibüssəltənə ləqəbi ilə  Azərbaycan hökmranlığına təyin edildi. O, qoşun və topxananı  yenidən təşkil edərək, frəng (Avropa) üsulunda qalalar tikdirdi. Rus sərdarı Kürək çayı kənarında, qarabağlı İbrahim Xəlil xan ilə görüşdü. İbrahim Xəlil xan, bağlanan əhdnamə mucibincə, Rusiya dövlətinin himayəsinə daxil oldu və xərac olaraq hər il 10.000 əşrəfi verməyi öhdəsinə aldı. Özünü qorumaq üçün 50 saldat götürüb Şuşa qalasında yerləşdi. İmperator tərəfindən onun özünə general-leytenant rütbəsi, oğlanları Məhəmmədhəsən ağa və Mehdiqulu ağaya general-mayorluq və Xanlar ağaya da polkovniklik rütbəsi verildi. 

Digər tərəfdən, Naibüssəltənə (Abbas mirzə) Qarabağı almaq qəsdilə, damğanlı İsmayıl bəyi və Şahsevən Əliqulu xanı 10.000 nəfər qoşunla Xudafərin körpüsündən göndərdi. Məhəmmədhəsən ağa rus qoşunu ilə onların qarşısına çıxdı. Cəbrayıllı bağlarında döyüşə başladı və Şuşaya qayıtdı. 

Şah özü Qarabağın Təxti-Tavus adlı yerinə və Naibüssəltənə də Ağoğlan və Çanaxçı yolundan Əsgəranın aşağısına gəldi. Naibüssəltənə Gəncədən bir dəstə saldatla Şuşaya gedən polkovnik Karyagin ilə döyüşə başladı. Polkovnik qayıdıb Şah bulağı yanında olan Tərnaut qalasına gəldi. Buradan da gedib, Tərtər çayı kənarında yerləşmiş və 2000 saldatla şahın müharibəsinə gedən knyaz Sisiyanov ilə birləşdi. 

Şahın oradan qayıtması xəbərilə əlaqədar olaraq rus sərdarı Şuşa qalasına gəldi. Naibüssəltənə də Gəncəyə getdi. Orada olan ruslar ermənilərin bir hissəsilə qalaya çəkildilər. Naibüssəltənə, Gəncə əhalisini öz xahişlərinə görə köçürüb Qazağın Həsənsuyu yolu ilə Təbriz tərəfinə göndərdi. Özü də bir neçə gün Ağstafada qaldı. O, beləliklə, Qazaq, Bozçalı (Borçalı) mahallarını və Gürcüstanı öz tərəfinə çəkmək istəyirdi. Lakin məqsədinə çatmadan İrəvan tərəfinə qayıtdı. Qazaq əhalisi Dilican dərəsində onun qoşununun qabağını kəsib, qətl və qarətə başladılar. Knyaz Sisiyanov Şirvana gəlib zahirdə itaət göstərən Mustafa xan ilə görüşdükdən sonra Bakıya getdi. Sarıda olan ruslar da dəniz yolu ilə gəlib onunla birləşdilər. 

Bəzi xidmətlər göstərmiş  olan II Mirzə Məhəmməd xanın qardaşı Əbdürrəhim ağa, Qubadan Şirvana, sərdarın hüzuruna gəldi. O hərçənd Hüseynqulu xanın İran tərəfdarı olduğunu söyləyirdi, lakin sərdar onun sözünü qərəzsiz sanmayıb qəbul etmirdi. 

Sərdar, hicri 1220-ci (=1806) ildə şübatın (fevralın) 2-də qalanın yanında, Hüseynqulu xan ilə təslim olmaq haqqında danışıq aparırdı. Bu zaman sülh və müsalimət qanunu xilafinə olaraq iranlıların təhriki və ya Hüseynqulu xanın tapşırığı ilə onun bibisi oğlu İbrahim bəy ibni-Əli bəy ağa ibni-Məhəmmədhüseyn xan ibni-İmamqulu xan Dərbəndinin əlində öldürüldü. Başı qatilin atasilə, şahın hüzuruna göndərildi. Ruslar gəmilərə minib Sarı tərəfə getdilər. 

Sərdar öldürüləndən  sonra,  Tarxu   şamxalından  başqa bütün xanlar üsyan qaldırdılar.  Həmişə İran dövlətindən qorxuda olan və Rusiyanın himayəsini istəyən Talış Mir Mustafa xan, Mirzə  Büzürg Qaimməqam    ilə görüşdükdən sonra, xatircəm  olub ruslarla  ziddiyyətə başladı.  Şirvanlı Mustafa xan, ruslara tərəfdar olan Səlim xan ilə ədavət binasını qoydu. O, Gəncədən Şəkiyə, Səlim xana köməyə gedən bir dəstə rus qoşununa mane olmaq istədi, lakin məğlub olub geri qayıtdı. 

Başaçıq (İmeretiya) valisi Rusiyanın düşmənlərilə dostluq etməyə başladı.  İranlılar yenə Arazdan keçdilər. Osmanlılar da öz dövlətlərilə  sülhün pozulduğunu görüb, Gürcüstana soxulmağa hazır oldular. General-anşef qraf Qudoviç sərdarlığa (baş komandanlığa) təyin edildi. 

Qarabağlı İbrahim xan bir çox ərizə göndərməklə İran dövlətinə ixlas göstərirdi. Onun xahişinə görə, oğlu Əbülfəth xan bir dəstə qoşunla Qapan yolundan Şuşa qalasının yanına gəldi. Naibüssəltənə özü də Xudafərin körpüsündən keçdi. Şuşada sakin olan rus qoşununun komandiri mayor Lisaneviç, hicri 1221-ci (=1806) ildə, həziran (iyun) ayının 2-də gecə yarısı qalanın xaricində köç və külfətilə yerləşən İbrahim xanın üzərinə basqın edib onu arvadı, oğlu, qızı və bir çox əyan və xadimlərilə bir yerdə öldürdü. İbrahim xan hünərli, ədalətli, bərk ürəkli və sadə rəftarlı bir əmir idi. 

Həmin gün Əbülfəth xan geri qayıtdı. İbrahim xan nəvəsi Cəfərqulu ağa Məhəmmədhəsən ağa oğlu Ordubadın yaxınlığına qədər onu təqib edərək, çoxlu qətl və qarət etdi. Mehdiqulu ağa atasının yerinə Qarabağ hökumətinə təyin edildi. Neçə vaxtdan sonra, Əbülfəth xan Şahsevən Ətaulla xanın köməyilə cəbrayıllı tayfasını və Qarabağın sair elatını köçürüb Qapan ətrafına getdi. Bu zaman, ruslar və Cəfərqulu ağa cəbrayıllı elinin üsyan qaldırmasından istifadə edərək, iranlıları çətin keçilən və meşəlik yerlərdə məğlub etdilər. İranlılardan bir çoxu qarət edildi, elat da öz məskəninə qayıtdı. 

Bu zaman, Naibüssəltənə  Aslandüz və Qarabağ yolu ilə Şirvana hərəkət etdi. İran qoşununun keçməsinə mane olmaq üçün Mustafa xanın Kür çayı kənarında yerləşdirdiyi cəmiyyəti dağıtdı. 6000 ailəyə yaxın olan Şəryan, Muradxanlı və sair elati Muğana köçürdü. Özü isə, Ağsu şəhəri xaricində düşdü. Mustafa xan şəhəri köçürüb, çətinliklə gedilən Fit dağına çəkildi. Şeyx Əli xan şahzadənin xas atlılarından bir dəstəni Pirqulu xan Qacarın komandası altında Qubaya apardı. Özü bakılı Hüseynqulu xanla Naibüssəltənənin hüzuruna gəldi və sonra geri qayıtdı. Naibüssəltənə Şirvanda məqsədinə nail olmayacağını görərək Qaimməqamın oğlu Mirzə Əbülqasımı, iranlılardan qorxan Şəki hakimi Səlim xanın yanına göndərdi. Onu öz tərəfinə

çəkmək istədi. Sonra, Pirqulu xanı Qubadan gətirib, Muğanda qalmağa məmur etdi, özü də Azərbaycana qayıtdı. 

Qraf Qudoviç Qafqazın hər iki tərəfindən dəfələrlə səfər edərək ləzgi, os (osetin) və mıçıqıçları (çeçenləri) sakit etdi. General Qlazenapi Qızlar tərəfindən Dərbənd, Quba və Bakını almağa göndərdi. O, özünə tabe olan şamxal Mehdi xanla bərabər Buynaqa gəldikdən sonra, dərbəndlilər Mirzə bəy nəvəsi Əlipənah bəy Əhməd bəy oğlu Bayatın başına toplaşıb, rəftar və hərəkətlərindən narazı olduqları Şeyx Əli xanı şəhərdən qovdular. Generalın istiqbalına adamlar göndərib, tabe olduqlarını bildirdilər. Hicri 1221-ci (=1806) ildə, həziran (iyun) ayının 21-də, Dərbənd Rusiya dövlətinin ixtiyarına keçdi. Ulus mahalı, səmimi xidmətlərinə görə, Dərbənd xanı ləqəbi alan general-leytenant Mehdi xan şamxala, şəhərin naibliyi isə mayorluq rütbəsi alan Əlipənah bəyə verildi. 

Bir ay keçəndən sonra, general-anşef Bulqakov, qoşun sərdarı təyin edilib Qubaya gəldi, buradan da o zaman Hüseynqulu xanla birləşməsinə görə qubalı Şeyx Əli xandan incik olan II Mirzə Məhəmməd xanla Bakıya yola düşdü. Bakı şəhərinin altı ağaclığına çatanda cəsarətli, lakin təbiətən iradəsiz və ürəyi saf bir əmir olan Hüseynqulu xan öz təbəəsilə İrana qaçdı. Bakı əhalisi səmimiyyətlə tabe oldu. Bulqakov Bakını Rusiya dövlətinin ixtiyarına keçirdi. Qubaya qayıtdığı zaman, uzaqdan zahiri itaət göstərən Şeyx Əli xandan girov aldı. Surxay xan tərəfindən elçi gəlib, ixlas və səmimiyyət izhar etdi. Təbərsəranlı Qırxlarqulu məsum, Məhəmməd qadi və Qaytaq üsmisi Əli xan da itaətdə idilər. Bundan sonra, Gəncədə olan ruslardan bir dəstə Şirvana gəldi. Mustafa xan çarəsiz onları qəbul etdi. İstədi ki, onların qüvvəsilə öz elini Muğandan geri qaytarsın. O gedib elatı Talışa aparan Pirqulu xan Qacar ilə müharibəyə girişdi və məğlub olaraq geri qayıtdı. Buradan öz camaatını ruslarla Səlyana göndərdi. Mir Mustafa xan Talışın qardaşı Mir Bağır bəy 300 nəfərlə orada idi. Səlyanlılardan bir hissəsi öz hakimləri Əli xandan narazı olduqları üçün şirvanlı Mir Mustafa xanla gizli əlaqə saxlayırdılar. Mir Bağır bəy bundan xəbərsiz müharibəyə başladı. Səlyanlılar müharibədən üz çevirdilər. Əli xan da qaçdı. Mir Bağır bəy talışlarla bərabər əsir düşdü. 

Информация о работе A.Bakıxanov - Gülüstani-İrəm