Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат
[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar
Rumlular (türklər) da o tərəfdən
Ermənistanı, Gürcüstanı və Şirvanın bir çox yerlərini
tutdular. Axırda bu qərara gəldilər ki, hər iki dövlət, sahibsiz
İrandan aldıqları torpağı öz əllərində saxlasınlar.
Bu zaman, Osmanlı dərbarında
olan rus dövləti səfiri Neplyuevin gözəl himməti, Fransa dövləti
səfiri Bonakın vasitəçiliyi və Rum dövləti vəziri-əzəmi
İbrahim paşanın bacarığı sayəsində, Qostəntiniyyədə (İstambulda)
hicri 1137-ci (=1725) ildə, həziran (iyun) ayının 27-də, iki dövlət
(Rusiya ilə Osmanlı dövlətləri) arasında sülh müqaviləsi bağlandı.
Bu müqaviləyə əsasən Astarabad, Mazandaran, Gilan, Bakı, Səlyan
və Dərbənd vilayətləri rus dövlətinə verildi, Şirvanın qalan
hissəsi, Ermənistan və Gürcüstan da Osmanlı dövlətinə çatdı.
Şamaxı ilə Bakı arasında sərhəd təyin edildi.
Bonakın qardaşı oğlu, bu
sülh xəbərini imperatorun dərbarına gətirdiyindən, padişahın
lütf və ənamına nail oldu. Rumyansev də üç dövlət arasındakı
hüdudu təyin etməyə məmur oldu. Ona tapşırıldı ki, İran və
Türkiyəyə gedib, gizli olaraq, Gürcüstan yolunu öyrənsin. Kür
çayının vəziyyətini təyin etsin. Ermənistan və Gürcüstanın
əsgəri qüvvəsini və məzkür yol üzərində azuqə və ot-ələf
əldə etmək imkanlarını aydınlaşdırsın. Gürcüstanın, Kuban
tərəfindən nə vəziyyətdə olduğunu və məsafəsini müəyyən
etsin, erməniləri Gilanda, müsəlmanların məskənlərində və
yurdlarında vətən salmağa təşviq etsin.
Bu əsnada Səlib qalası
tamam oldu, Sulaq çayının suyu Aqraxan çayına axdı. İmperator
general-mayor Kuropatova fərman yazdı ki, Terek şəhərini köçürüb
oraya aparsın və Aqraxan səngərini dağıtsın.
Şamxal Səlib qalasının
tikilməsindən qorxuya düşdü. Həm də müahidə bağlayıb, ona
vədlər verən osmanlıların təhrikilə
30 min qoşun götürüb gəldi və Səlib qalasını mühasirə etdi.
Lakin o, məğlub olaraq geri qayıtdı. Kuropatov onun bütün
məmləkətini və hökumət mərkəzini viran etdi. Bu
hadisədən sonra, imperator şamxallıq mənsəbini ləğv edərək,
onun məmləkətinin ixtiyarını Şirvanda hökmran olan generala həvalə
etdi. Rus ordusuna gələn Şamxal Adil Gəray xanın özünü də əsir
edib Rusiyaya göndərdilər.. Ömrü orada tamam olub öldü.
Hicri 1138-ci ( = 1725) ildə,
təşrini-saninin (noyabrın) 9-da, Rusiyaya getmiş olan bu yerlərin
sərdarı general-leytenant Matyuşkin qayıdıb Bakıya gəldi və
burada, podpolkovnik Zimbulatovun hadisəsi ilə tanış oldu. Zimbulatov,
öz batalyonu ilə gedib Kür çayı sahilində, o yerin hakiməsi,
Səlyan sultanı Həsən bəyin hərəmi--Qəbuli xanımın sarayı
qarşısında ordugah qurdu. Müəyyən bir şəhər salmaq üçün
tədarükdə idi. Qəbuli xanım, dostluq və ixlas göstərib, bir
gün onu bütün zabitlərilə bir yerdə qonaq çağırdı. Xörək
yeyildiyi zaman, otağa müsəlləh adamlar girib, onların hamısını
öldürdülər. Əsgərlər bu halı görüncə, orda qalmış olan
bir xəstə zabitlə, öz gəmilərinə minib, Bakıya qayıtdılar.
Təəccüblü burasıdır ki, Pyotr qabaqcadan bu xüsusda general Matyuşkinə
yazıb bildirmişdi ki, «Səlyanın hakiməsi xanım oğruların böyüyüdür.
Ondan ehtiyatlı olmaq lazımdır ki, bir bədbəxtlik üz verməsin».
General Matyuşkin 300 nəfərlə
Kür dəhnəsinə gedib, şəhərin yerini gözdən keçirdi və
Gilana getdi. General-mayor Levaşovun orada 6 batalyon saldatı, 500
nəfər draqunu, bir neçə dəstə erməni, gürcü və Don kazağı
vardı. Kəskər vəziri 20.000 qoşunla qarşıda müharibəyə hazır
durmuşdu. General Matyuşkin bir nəfər Ərdəbilə, Şah Təhmasibin
hüzuruna göndərib, İsmayıl bəylə bağlanan əhdnaməyə əsasən
tələb etdi ki, vəzirləri müharibə etməyə qoymasın. Lakin cavab
alınmadı, çünki şahın dövlət başçıları bu sülhü qəbul
etməyib İsmayıl bəyi xain hesab edirdilər. İsmayıl bəy də rus
himayəsi sayəsində Gilanda qalmışdı. İranlılar karvansaranın
üzərinə hücum etdilər. Bir batalyon saldat və üç dəstə draqun
onları məğlub edib təqib etdilər və bir çoxlarını öldürdülər.
Bundan sonra da Astara vəziri və başqaları bunların köməyinə
gəldilər. İranlılar iki ay, neçə gündən-bir müharibə etdilər.
Lakin bu müharibələrin hamısında məğlub oldular. Axırda, elə
qorxdular ki, əsla müharibəyə gəlmədilər...
Bu zamanlar ruslar Bakıdan
gedib Səlyanı da ələ keçirdilər və orada kiçik
bir qala tikdirdilər. Həsən bəy qaçıb Dağıstan və Şirvan
quldurlarına qoşuldu. Bu zaman, iqtidar və şövkətcə Hacı Davuddan
yüksək və onun Şirvanda hökmranlıq sürməsindən narazı olan
qaziqumuqlu Surxay bəy, bir çox vəsilələrlə Osmanlı hökumətindən
Şirvana hakim olmaq fərmanını öz adına aldı. Xanlıq ləqəbilə
hökmranlıq bayrağını yüksəltdi. Sarı Mustafa paşa Gəncəyə
təyin olundu. Hacı Davud bəyi Rum ölkəsinə çağırdılar, orada
da vəfat etdi.
Hicri 1138-ci (=1725) ildə, təşrini-sani ayının 28-də, böyük Pyotr 53 yaşında vəfat etdi. O, əzm sahibi və ağıllı, üsuli-idarə və fütuhat fənnlərində mahir bir padişah idi. Dəfələrlə Avropaya səyahət edərək, kamalat kəsb edib öz şəxsi istedadını artırırdı. O, mülki qanunları və əsgəri intizamı yeni üsul üzrə qurdu. Sülh və müharibə işlərinə fikir verməklə, Rusiyanın qüdrət və şövkətini artırdı. Məşhur Şved kralı (12-ci Karlı) məğlub edərək... Peterburq şəhərini bina etdi. Böyük işlər banisi olduğundan, «Böyük Pyotr» adı ilə məşhur oldu. Vəfatından iki il əvvəl, indiki rus padişahlarına məxsus olan imperator ləqəbini aldı.
Ustryalov[İstinad: Ustryalov
(Nikolay Gerasimoviç)--rus tarixçisidir, 1805-ci ildə anadan olmuş
və 1870-ci ildə vəfat etmişdir. Əsərlərindən ən əhəmiyyətlisi
«I Pyotrun səltənət tarixi» adlı kitabıdır.] öz tarix kitabında
yazır: Pyotrun arvadı I Yekaterina ondan sonra Rusiya səltənət
taxtına oturdu. O hər xüsusda, o cümlədən İranın dörd vilayətinə
aid işlərdə öz ərinin tədbir və qanunlarına əməl edirdi. Mülki
işləri intizama salmaq üçün, rusların böyük adamlarından ibarət
6 nəfərlik bir məclis düzəltmişdi. Rum və İran padişahları
ilə yeni müahidələr bağladı. Adı çəkilən vilayətlərin bəzi
nahiyələri də Rusiyanın ixtiyarına keçdi. Onun vəfatından sonra,
hicri 1140-cı (=1727) ildə, may ayının 6-da, Böyük Pyotrun nəvəsi,
Alekseyin oğlu II Pyotr 12 yaşında taxta oturdu. İşləri də həmin
məclis idarə etməkdə idi. O da, hicri 1143-cü (=1730) ildə, yanvar
ayının 18-də vəfat edərək, yerində Böyük Pyotrun dul qardaşı
qızı Anna İvanovna səltənətə oturdu.
İran hüdudunda rus hakimiyyətini
möhkəmləndirməkdən ötrü, boş yerə məhv olan çoxlu qoşun
və puldan başqa, daha bir çox tədarük tələb olunurdu. Çünki
bu zaman İranda, adı əməlinə mütabiq olan Nadir adlı bacarıqlı
və fateh bir əmir meydana çıxmışdı. O, Azərbaycan və Mazandaran
ətrafında, taxtsız və bəxtsiz, sərgərdan və avara dolanmaqda
olan Şah Təhmasibin xidmətinə girdikdən sonra, İran işləri başqa
bir rövnəq tapdı. Qoşunun intizamı və ölkənin asayişi gündən-günə
artıb yüksəldi. Osmanlıların Bağdad yaxınlığındakı külli
əsgəri qüvvəsinə elə bir şikəstlik verdi ki, hətta İstanbulun
özündə belə qarışıqlıq və inqilab əmələ gəldi: Sultan Əhməd
xan taxt və tacından əl çəkdi, Sultan Mahmud xan taxta oturdu.
Bu zaman, İran hüdudundakı
əhali həyəcana gəlib, ümumi surətdə hücum edərək, Rusiya ilə
müharibəyə başladılar. Ancaq, general-mayor Levaşovun bacarığı
nəticəsində, Rusiya bu qorxulu hadisədən nicat tapdı. Həmin general
öz dövlətindən çoxlu yardım istədi. Lakin imperatoriçə böyük
əmirlərindən Baron Şafirovu sülh arzusu ilə İrana göndərdi.
Rəştdə hicri 1145-ci (=1732) ildə, İran vəkilləri ilə olan danışıqdan
sonra, bu şəraitlə sülh bağlandı: rus qoşunu təxirsiz Gilan
və Mazandaran vilayətlərini İran dövlətinə qaytarsın, şiddətli
bir surətdə davam edən Rum və İran müharibəsi qurtardıqdan sonra,
Şirvan və Dağıstandan da əl çəksin.
Bu barışıqda rus dövləti
yalnız İran dövləti ilə dostluğu təzələməklə
və osmanlıların İrandan çıxarılması ilə
kifayətləndi.
NADİRİN ƏHVALATI
HAQQINDA
Moğol istilası dövründə,
Azərbaycana gəlmiş olan türkmən əfşarlarından Qırxlı tayfası,
Şah İsmayıl Səfəvinin zühurundan sonra, köçüb Əbivərd mülkündə,
Gürgan çeşməsi ətrafında sakin olmuşdu. Bu tayfadan İmamqulu
adlı bir nəfərin hicri 1101-ci (=1689) ildə Nadirqulu adlı bir
oğlu oldu. Bu adam, Kosa Əhmədli Babaəli bəyin iki qızını bir-birinin
ardınca aldıqdan sonra, taytuşları arasında yüksəlib tərəqqi
etdi, Nadirqulu bəy adı ilə məşhur olaraq hünər və şücaətdə
tanındı. Babaəli bəyin vəfatından sonra, sistanlı Məlik Mahmudun
xidmətinə daxil oldu. Sonra ondan qaçıb, Əbivərdi ələ keçirdi.
Bu iğtişaş dövründə, əfqanlar İran paytaxtını, İraq, Fars
və Xorasanı, osmanlılar isə, Azərbaycanın yarısını, Ermənistan
və Gürcüstanı ələ keçirmişdilər; ruslar Kaspi sahilindəki
vilayətləri tutmuşdular, ləzgilər də Şirvanda asayişi və yollarda
əmn-amanlığı pozmuşdular...
Bu zaman, Nadirqulu bəy də,
təqribən 400 ailədən ibarət Cəlayir elinin köməyilə hökmranlığa
başladı. Tədriclə Əfşar tayfalarını, Əbivərd kürdlərini
və elatını, Dərəcəz və Kəlat qalalarını və onların
ətrafını ələ keçirdi, Məlik Mahmud və sair ilə müharibə edərək
şöhrətləndi, Şah Təhmasibə yaxınlaşıb, Təhmasibqulu xan adı
ilə əvvəl qorçubaşı və daha sonra bütün İranın ən iqtidarlı
sərdarı və sahib ixtiyar vəkili oldu. Onun fütuhatına mane olan
Şah Təhmasibi, hicri 1145-ci (=1732) ildə səltənətdən əzl edərək
sikkəni və xütbəni onun südəmər oğlu olan III Şah Abbasın
adına vurdurub oxutdu. Özü isə, müstəqil olaraq hökmranlıq etməyə
başladı. Rum qoşununu pis bir surətdə məğlub etdikdən sonra,
Bağdad hakimi Əhməd paşa vasitəsilə Osmanlı dövləti ilə hicri
1146-cı (=1733) ildə sülh etdi. Həmin dövlətin qanununa müvafiq
olaraq, paşalara İran vilayətlərini boşaltmaq haqqında, sultanın
mübarək imzasilə bəzənilmiş fərmanlar göndərildi.
Nadirin ordusu Ərdəbilə
gəldi. Şirvan hakimi Surxay xana yazılan fərmanı, Astara hakimi
Musa xan öz adamı ilə Surxay xana göndərdi. O, fərman gətirən
adamı öldürüb, Musa xana nalayiq sözlər yazdı: «Mən Şirvanı
ləzgi şirlərinin qılıncı gücü ilə almışam, bağdadlı Əhmədin
və başqalarının nə həddi vardır ki, bu cür sözlər danışsınlar».
Buna görə əlahəzrət Nadir, bu məğrur adamı cəzalandırmağı
lazım bildi. Şirvanı fəth etməyi başqa qalaların alınması üçün
açar saydı. Lakin o, Kür çayının kənarına çatanda, Surxay xan
Şamaxını buraxıb Dağıstana getdi. Nadir hicri 1147-ci ( = 1734)
ildə, aqustos (avqust) ayının 17-də, Şamaxıya girib, Ərdəbil
hakimi Məhəmmədqulu xan Səidlini Şirvana hakim təyin etdi.
Bu zaman eşitdi ki, ləzgilərdən
və quldurlardan ibarət bir dəstə, Şamaxının üç
ağaclığında olan çətin keçidli və Mici adlanan yerdə toplanıb,
fəsad törətmək üçün firsət axtarırlar. Onları dağıtmaq üçün
bir dəstə göndərildi, diri və ölü olaraq onlardan 500 nəfər
ələ keçdi. Əsirlərin azad edilməsi haqqında hökm çıxdı. Şirvan
bəylərbəyisi onların hamısını sahiblərinə yetirdi.
Bu əsnada xəbər çatdı
ki, Surxay xan ləzgilərdən və sairdən mürəkkəb böyük
bir dəstə ilə Qəbələdə müharibə
O, Təhmasibqulu xanın yetişməsindən
daha əvvəl, Qəbələ ilə Şamaxı arasında, bir
tərəfdən dağa, o biri tərəfdən də meşəyə bitişik olan Dəvəbatan
adlı yerdə öz tüfəngçilərini yol üzərində yerləşdirdi. Onların
arxasını da başqa bir dəstə ilə qüvvətləndirdi. Sərdar qoşununun
pişdarları bunların birinci dəstəsilə toqquşdu. Meşə arası
olduğundan, düşmən qoşununun çoxluğundan xəbərdar deyildilər.
İranlılar qarşıya çıxan adamı Surxay xanın qulamı Qarat zənn
edib, cəsarətlə hücum edərək onları məğlub etdilər və onların
arxasında olan dəstənin üzərinə töküldülər. Ləzgilər
zənn etdilər ki, bunlar Nadirin qoşunudur ki, bu cəsarətlə
onların üzərinə hücum edirlər. Onların səbri tükəndi, müqavimətdən
üz çevirdilər. Bu dəstənin məğlubiyyətindən, Surxay
xan və paşaların qoşununun mərkəzi çaxnaşdı və sıraları
pozuldu. Onlardan bir çoxu öldürüldü, rumlular Gəncəyə
tərəf qaçdılar, Surxay xan isə, Qaziqumuq
tərəfinə qaçdı. Bunların bütün ordu ləvazimatı və təchizatı
Sərdar qoşununun əlinə keçdi. Bir dəstə
də gedib Surxay xanın bina etdiyi və çox abad olan Xaçmaz qalasını
qarət etdi, od vurub külə döndərdi. Nadir bu xəbəri
alınca, qaçanların üzərinə bir dəstə göndərdi. Amma
Surxay xan onun bu yürüşündən xəbər tutdu, basıldığı üçün
heç bir yerdə dayanmayıb, həmin gecə Xosrəkdən yuxarıda olan
dağ keçidilə ötüb getdi. Göndərilən dəstə səhər çağı
buraya gəlib çatdı. Qaçan ləzgi və tatarlara rast gəldilər,
onlardan 300 nəfərə qədər öldürdülər və əsir etdilər. Yol
üzərindəki dağlıq yerlərdə olan bütün ilxılar
və qoyun sürüləri qoşunun əlinə keçdi.
Xülasə, Nadir 10 gün içərisində
ölkənin çətin gedilən uzaq guşələrini, bir çox yerdə piyada
vasitəsilə çiyində daşınan toplarla keçib, Qaziqumuğun bir mənzilliyində
olan Xosrək kəndinə gəldi. Ertəsi gün buradan
hədəfə doğru hərəkət etdi. Yolda ikən Surxay xanın
əfv və aman istədiyini bildirən ərizəsi alındı.
Nadir onun sözünə etibar etməyib, Qaziqumuğun alınmasına
çalışırdı. Surxay xan, Dağıstan əhlindən çoxlu cəmiyyətlə,
şəhərin bir ağaclığında, çayın kənarında yerini bərkitdi.
Yeganə keçid olan körpünü dağıdıb, müdafiə və müharibəyə
başladı. Hər iki tərəfdən top və tüfəng atışması qızışdı.
Bu zaman Əfqanın Abdallı tayfsının hakimi Qəni xan, öz
dəstəsilə çaydan keçməyə məmur edildi. Çox çalışdıqdan
sonra, son dərəcə çətin və dar bir yol tapıb, bir anda çaydan
keçdilər. Bu halı görüncə, Surxay xan
və ləzgilərin ixtiyarı əllərindən getdi, qaçmağa üz qoydular.
Nadir ordusu da Abdallı dəstəsinin
ardınca çayı keçdi. Qoşun yetişənə
qədər ləzgilər özlərini dağa çatdırdılar.
Onlardan bir qədəri qılıncdan keçirildi. Lakin
Surxay xan bir neçə nəfərlə öz köç-külfətini götürüb Avar
ölkəsinə qaçdı. Qaziqumuq şəhəri alındı,
Surxay xanın və yerli əhalinin gizli və aşkarda
olan xəzinə və dəfinələri ələ keçdi.
Bu zaman, Dağıstanın böyüyü olan Xasfulad ibni-Adil
Gəray xan ibni-Mürtəzaəli
Şamxal, Nadirin hüzuruna gəlib, yüksək şamxallıq mənsəbinə
nail oldu və faxir xələtlərlə təltif edildi. Qulluğa hazır olduğunu
bildirib, ölkə əhalisinin taqsırından keçməyi xahiş etdi.
Qış zamanı yaxınlaşdığı
üçün Surxay xanın işini tezliklə
bitirmək müşkül idi. Nadir bir həftədən sonra, bu vadidə olan
mallar toplanan kimi, ləzgi əsirlərini,
kişili-arvadlı, şamxala bağışlayıb geri
qayıtdı. Axtıpara mənzilinə çatdıqda, məlum oldu ki, ora
ləzgiləri qoşunun keçidi olan Samur çayı körpüsünü dağıtmışlar
və dağ başındakı Şəhbani qalasını özlərinə sığınaq edib
oturmuşlar. Nadir çayın o biri tərəfində düşdü, körpünü
düzəltməyə fərman verdi. Gün batana qədər burada çox möhkəm
bir körpü quruldu, axşam vaxtı bütün qoşun
oradan keçərək dağın ətəyində mənzil etdilər. Bir dəstə
dağa yürüş etməyə məmur edildi, digər dəstə də dağın ətəyindən
onların köç-külfətləri sığınan yerə yürüş etdi. Ləzgilər
davam gətirə bilməyib qaçmağa
üz qoydular. Nadir özü bir dəstə ilə qaçanları
təqib etməyə başladı. Səhərdən axşama kimi, o nahiyənin vadi
və çöllərində onlardan bir çoxunu öldürdü və əsir aldı.
Çadırları və yükləri Miskincə və Şah dağı yolu ilə Qəbələyə
göndərdi. Özü də ertəsi gün Xaçmaz yolu ilə hərəkət
etdi. Bu yol işlək deyildi, Surxay xan dağın belindəki
bəzi yerləri daş, kərpic və qumla qarışıq əhəngdən düzəldib
bir yol salmışdı. Bu yoldan piyadalar bir-bir çox qorxu və xətərlə
keçirdi.
Xülasə, həmin
il təşrini-əvvəl (oktyabr) ayının
3-də, Qəbələ mahalının Qutqaşın kəndinə gəldi.
3 gündən sonra, çadırlar və yüklər Şah dağı yolundan, böyük
ordu da Şamaxıdan gəlib orada ordugaha yetişdilər.
Həmin ayın 11-də, Ərəş qarşısındakı körpüdən keçib,
Gəncəni almağa hərəkət etdi. Təşrini-əvvəlin (sentyabrın)
13-də, Gəncənin Kəlisa kəndi tərəfində ordugah saldı. Rumlular
(osmanlılar) və tatarlar şəhəri boşaldaraq qalaya çəkildilər.
Bu tərəfdən də qalanı almaq üçün tədarük görüb, səngərlər
və xəndəklər qazıdılar. Birdən-birə, qalanın altına 7 yerdən
müxtəlif lağımlar çəkmişdilər. Rumlular bu lağımların birindən
xəbər tutub onu dağıtdılar. İranlılar 3500 batman barıtla doldurulmuş
qalan 6 lağıma, tədriclə od vurdular. Bu hadisə zamanı, Gəncə
hakimi Əli paşanın oğlu Ömər ilə mühafizlərdən 700 nəfər
həlak oldu. Rumlular da səngərin yanına qədər iki
lağım qazmışdılar. Mühasirə edənlər bunlardan birini
ləğv etdilər. O biri lağımın
yanması nəticəsində, cəzairçilərdən 40 nəfər tələf oldu.
Bir neçə dəfə də, iki tərəfin lağımları bir-birinə təsadüf
etdi. Lağımçılar bu dar yerdə əlbəyaxa döyüşə başladılar.
Bir gün rumlular əl qumbaraları
ilə qaladan çıxıb, onları səngərdəkilərin üzərinə
yağdıraraq qılınc və tüfəng ilə hücuma keçdilər.
Səngərdəkiləri meydanın sonuna qədər qovdular. Mühasirə
edənlər güc gətirərək, mühasirə olunanları səngərdən
çıxardıb qalaya soxdular. Dörd aydan artıq, iş bu qayda üzrə
davam etdisə də heç bir nəticə əldə edilmədi. Sonra, möhkəm
bir sədd bağlayıb, çayın suyunu qalaya tərəf çevirdilər. Şirhaci
divarı və cənub-şərq tərəfdəki hasar və burclar uçuldu. Qalanın
yarısını su basdı, bu halda suyun gücündən və rumluların top
gülləsi zərbəsindən sədd bir yerindən zədələndi və su kənara
axmağa başladı. Bunun yatağı şəhərin yarım ağac şimal tərəfində
indi də bəllidir.
Bu əsnada, Car və Tala
ləzgilərinin rəislərindən bir dəstə gəlib, söz verdilər ki,
20 günəcən Nadirin ordusuna xidmət etmək üçün bir dəstə adam
göndərsinlər. Lakin vədələrini yerinə yetirmədilər, buna görə
ordugahdan bir fovc ayıraraq, Ağdam hüdudundakı qoşun və xanlardan
bir dəstə ilə o tayfanı cəzalandırmağa göndərdilər. Kaxetiya
gürcüləri də İmamqulu xanın oğlu Əli mirzənin sərkərdəliyi
ilə, o tərəfdən bu işə məmur edildilər. Öz məskənlərini
boşaldıb, Əlbürz sıradağlarından uca bir dağın təpəsində
sığınmış olan ləzgilər, qəflətən hücum edərək, göndərilən
qoşunun bir hissəsini öldürdülər və özləri də bir qədər
tələfat verdikdən sonra geri qayıtdılar. Bir bu hadisəyə görə,
bir də ləzgilərin sığındıqları yer çox çətin və yolu ancaq
möhkəm ağaclarla tutulmuş buzlu bir keçiddən ibarət olduğu üçün,
xanlar yürüşdən əl çəkdilər. O tayfadan tutduqları 150 nəfəri
öldürməklə kifayətlənərək, ələ keçən var-yoxlarını qarət
edib geri qayıtdılar.
Bu hadisələr əsnasında,
Nadir keçmişdə aralarında bağlanan əhdnaməyə görə,
Bakı və Dərbənd qalalarının boşaldılmasını, daimi
surətdə huzurunda olan rus elçisindən tələb etdi. Hicri 1147-ci
( = 1735) ildə, Novruz günü, Rusiya ilə əhdnamə bağlandı. Səlyana,
Bakıya və Dərbəndə hakimlər təyin edildi. Rusların əlində
olan əsirlər geri alındı. Rus əsgərləri və onlar ilə əlaqədar
adamların da zəhmət və əziyyətsiz iki tərəfin sərhəddi olan
Sulaq çayına qədər göndərilməsi qarara alındı.
Şamaxı şəhəri və
qalası münasib bir yerdə olmayıb,
düşmən hədəfi altında idi, hicri 1148-ci (=1735) ilin may ayında,
buranın 4 ağaclığında, mövqe etibarilə çox əlverişli olan
Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Az bir zamanda hasarlar
və burclar tikdirildi. Şəhərin qədim əhalisi bu yeni şəhərə
köçürüldü, bura Şirvan hakimlərinin mərkəzi oldu.
Gəncənin mühasirə
müddəti uzandı; mühasirədə qalanlar sərəskər Abdulla paşaya
bel bağlayaraq, qalanı müdafiə etməkdə mətanat göstərdilər.
Bu işi bitirmək üçün əvvəlcə sərəskərlə məsələni ayırd
etmək lazım idi. O isə Qarsdan hərəkət etmirdi. Buna görə, Nadir
Gəncə mühasirəsini davam etdirmək üçün, orada bir dəstə qoşun
saxladı, bir dəstəni də Ağdaşda qoyub əmr etdi ki, əgər Car,
Tala və ya Dağıstan ləzgiləri bir fəsad törətsələr Şirvan
bəylərbəyisi və o nahiyənin hakimləri ilə onları cəzalandırsınlar.
Özü də, 15.000 qoşun götürüb, sərəskər ilə müharibə etmək
üçün Gürcüstanın Lori yolundan Qarsa hərəkət etdi.
Sərəskər qarşı durmaqdan
çəkinib, Qars şəhərinə çəkilmişdi. Nadir bir gecə, tələsik,
şəhərin kənarından köçüb İran tərəfinə qayıtdı.
Sərəskər bu hadisədən cəsarətlənib, 100 minə yaxın qoşunla
onu təqib etməyə başladı. İrəvan yaxınlığında böyük və
şiddətli bir müharibə başlandı. Sərəskər məğlub oldu, paşalardan
və qoşundan bir çoxu öldürüldü. Bu parlaq qələbədən sonra
Gəncə, Tiflis və İrəvan rumluları aman istədilər. Qalaları
topxana və əsirlərlə bərabər təslim edərək çıxıb getdilər.
Bu dövrün hadisələrindən
biri də budur ki, Dağıstan ləzgilərindən bir dəstə,
üsyan məqsədilə Quba camaatı ilə birləşib, buranın
hakimi Hüseynəli xan Sultan Əhməd xan oğlunu Xudat qalasında mühasirəyə
aldılar. Şamxal Xasfulad xan və Dərbənd hakimi çoxlu bir cəmiyyətlə
köməyə gəldilər, üsyançılardan 300 nəfərə qədər öldürüldü
və əsir alındı, sağ qalanları qaçmağa üz qoydular.