A.Bakıxanov - Gülüstani-İrəm

Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат

Краткое описание

[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar

Содержимое работы - 1 файл

A.Bakıxanov - Gülüstani-İrəm.doc

— 1,021.50 Кб (Скачать файл)

Nadir şah qurban bayramı  günü, Dərbəndə qayıdıb, buranın işlərini də nizama saldı. Sonra Təbərsəran yolu ilə şübatın (fevralın) 5-də, orduya varid oldu. 20 gün də burada qalıb, ot və ələf az olduğundan, Kürün şimal tərəfinə keçərək, Ərəş mahalında çadırlarını qurdurdu. Hicri 1157-ci (=1744) ilin baharında, buradan Şəki yaylaqlarına getdi. Bir zaman orada qaldıqdan sonra, Qurban oğlu Hacı Çələbi ilə bərabər öz məliklərini öldürərək Gələsən-Görəsən qalasına çəkilmiş şəkililərin üzərinə yürüdü və onlarla müharibəyə başladı. Yerin keçilməz və çətinliyinə görə, heç bir nəticə əldə edilmədi. Cevzanın (mayın) axırında və həziranın (iyunun) əvvəlində Qarabağın Xaçın yolu və Miyankuh təriqilə İrəvanın Göycə yaylağına gəldi. Buradan da Rum qoşunlarına qarşı müharibəyə gedib qalibiyyətdən sonra onlarla barışdı. 

Həmin il Şirvanda şuluqluq oldu. Şərir və dələduz adamlar əlsiz-ayaqsızların malına və canına qəsd edirdilər. Hakimlər bunların öhdəsindən gələ bilmirdilər. Bu zaman, ixtilal səbəblərindən və Nadirin əhvalında törəyən dəyişiklikdən əlavə, Rum Xandigarı da, məzhəb ixtilafını əldə bəhanə edərək, Dağıstan əhalisini İran hökumətinin əleyhinə təhrik edirdi. Verilən fərmanlar mucibincə o, Əhməd xan üsmiyə vəzirlik mənsəbi, onun oğlu Xan Məhəmmədə paşalıq ləqəbi, Cənqutay bəyi Əhməd xana silahşurluq, şamxallıq mənsəbi və 20 kisə nağd pul, Məsum və Qadı adlı Təbərsəran hakimlərinin hər birinə iki tuğ və 200 tümən nağd pul, zaxurlu Məhəmməd bəyə Zaxur sultanlığı ilə bərabər iki tuğ və bir qədər də nağd pul verərək, bu ölkənin işlərini qarışdırmaq və iğtişaş salmaq fikrində idi... 

(Nadir şah) Xarəzm səfərindən qayıtdıqdan sonra, onun beyninə xudbinlik və fatehlik qürurundan əlavə, bədgümanlıq fikri və cürbəcür vəsvəsələr yol tapmışdı. Tərəfdarları ilə gözəl rəftarı tərk edərək, zülm və şiddət göstərməyə başladı. Fədakar əmirlər, xanlar və sədaqətli məmurlar səbəbsiz çəkçevirə salınırdılar, amansız cəlladların qılıncı ilə öldürülürdülər, iqtidarlarından artıq tələbat nəticəsində vergi toplayanların (mühəssillərin) çubuğu altında can verirdilər. Mülki işlər tamamilə nizamdan düşdü. Rəiyyətin əlsiz-ayaqsızları, zalımların təpikləri altında əzildi, bədəfkarların və düşmənlərin arzuladığı kimi, ölkənin hər bir tərəfində iğtişaş və hər bir işdə nizamsızlıq əmələ gəldi. Nadir şahın abad etdiyi İran ölkəsi, özünün zülmündən viranəliyə çevrildi. 

Nəhayət, hicri 1160-cı  (=1747) ildə, mayis (may) ayının 9-cu gecəsi, Xorasanın Fəthabad adlı mənzilində, Xəbuşanın iki ağaclığında, onun qəhr və qəzəbinə düçar olmuş qardaşı oğlu Əliqulu xanın təhrikilə, əmirlərindən və yaxın adamlarından bir neçə nəfər onu öldürdülər. 

Bü hadisədən sonra, İranın bütün vilayətlərinə iğtişaş düşdü.  Şirvan ölkəsi hamısından artıq qarışıqlıq və şuluqluq mənbəi oldu. Buranın hər bir diyarı müstəqil olaraq bir əmirin hökumət mərkəzinə çevrildi. 
 
 

Beşinci fəsil 
 

NADİR   ŞAHIN   VƏFATINDAN    «GÜLÜSTAN»  ADLI  YERDƏ  RUSİYA   VƏ   İRAN   DÖVLƏTLƏRİ   ARASINDA  BAĞLANAN   SÜLH MÜAHİDƏSİNƏ   QƏDƏR 
 

Nadir şahın öldürülməsi xəbəri ordu içərisində yayıldı. Əfqan və özbək tayfaları sonradan Əfqanıstan şahı olacaq Abdallı  Əhməd xanın sərkərdəliyilə, Nadir şahın qatilləri əfşarlarla müharibəyə girişib qalib gəldilər. Ordunu qarət edərək  öz yerlərinə getdilər. 

Nadir şahın qardaşı oğlu Əliqulu xan İbrahim xan oğlu Heratdan Məşhədi-müqəddəsə  gəldi və Zöhrab adlı qulamını dünyanın qəribə  asarından sayılan Kəlat qalasına göndərdi. O da qalanı qəflətən alıb Rzaqulu mirzəni böyüklü-kiçikli on beş nəfər Nadir övladı ilə bərabər öldürdü. Nadir şahın oğlanları, Nəsrulla mirzə və İmamqulu mirzəni, Rzaqulu mirzənin Şah Sultan Hüseynin qızından olan oğlu Şahrux mirzə ilə Məşhədə gətirdi. Nadirin oğlanlarını öldürərək, 14 yaşlı Şahrux mirzəni də, gizlicə qalada həbs edib, öldürüldüyü xəbərini yaydı. Bu tədbirlə o, belə xəyal edirdi ki, əgər iranlılar onun səltənətinə razı olmasalar, iki tərəfli bu səltənəti layiq olan şahzadəni əldə saxlamış olsun. Özü də Əlişah adı ilə taxta oturdu. Cavahirat və sair qiymətli şeylərdən başqa, on beş kürurluq nağddan ibarət olan Nadirin xəzinələrini Kəlatdan Məşhədə gətirib israfla puç etməyə başladı. 

Bu zaman İsfahan hakimi olan qardaşı İbrahim xan üsyana başladı. 7 aydan artıq Mazandaranda olan Əlişah, qardaşını cəzalandırmaq üçün hərəkət etdi. Zəncan ilə Sultaniyyə arasında müharibə vaqe oldu. Bu müharibədə Əlişah məğlub olub Tehrana qaçdı. Qardaşının əmrilə tutulub gözləri çıxarıldı, İbrahim xan, Şahrux mirzəni Nadirin xəzinələrilə bərabər ələ keçirmək xəyalilə, öz qardaşı Hüseyn bəyi əmirlərdən bir neçəsilə bərabər Xorasana göndərdi. Xəbər verdi ki, onun bu işdən məqsədi, Şahrux həzrətlərini ata-baba taxtına əyləşdirməkdir; yenə təklif etdi ki, şahzadə gəlib İraqda taxta otursun. Lakin, kürd xanları və Xorasan rəisləri şahzadənin getməsini lazım bilməyib, istəmədiyi halda, onu hicri 1161-ci (= 1748) ildə, aqustos (avqust) ayının 17-də taxta oturtdular. «Sultani-əzəm» tərkibi (əbcəd hesabilə) onun taxta oturmaq tarixi oldu. İbrahim xan da həmin il təşrini-sanı (noyabr) ayının 24-də Təbrizdə taxta oturdu. 

İbrahim xan hər bir ləyaqətsiz adamı işə cəlb edib ona xanlıq ləqəbi verirdi və bunu «təlifi-qülub» (ürəkləri ələ almaq) deyə adlandırırdı. O, Xorasana getmək qəsdilə Azərbaycandan çıxıb yükləri və çadırları, yanında məhbus saxladığı kor Əlişah ilə bərabər Qum şəhərinə göndərdi. Simnanın Sürxə adlı mənzilinə çatdıqda, qoşunu dağılmağa üz qoydu. Labüd qalıb yanındakı əfqan tayfası ilə Quma getdi. Qumun mühafizləri dərvazaları onun üzünə bağladılar. O, şəhəri güclə alıb qarət etdi. Qalapur qalasına çəkildi. Qala əhli onun əl-qolunu bağlayıb, hadisəni şahın dərbarına bildirdilər. Şahrux tərəfindən onun və Əlişahın Xorasana gətirilməsi haqtında hökm verildi. İbrahim xan yolda, Əlişah isə Məşhəd-müqəddəsdə öldürüldü. Şahrux mirzə də bir neçə vaxtdan sonra dövlət başçılarının əlilə kor edilərək səltənətdən qovuldu. 

Şah Sultan Hüseynin qız nəvəsi olan Məşhəd-müqəddəs mütəvəllisi Mirzə Seyid Mühəmməd Sədri, II Şah Süleyman adı ilə taxta oturdu. Dövlət başçıları bir neçə vaxtdan sonra onu da kor edib səltənətdən çıxardılar. Şahrux mirzəni yenidən taxta oturtdular. 

Azad xan Əfqan, Xorasanda yüksəliş fikrilə çapalayırdısa da, dövlət və  hökumət qapıları onun üzünə açılmırdı. Məhəmmədhəsən xan Qacar İraq, Təbəristan və Azərbaycanı istila edib sikkə və xütbə sahibi olmuşdu. Bu zaman Əlimərdan xan Bəxtiyari Kərim xan Zənd ilə İsfahan üzərinə yeridilər. Buranın hakimi Əbülfəth xan qarşıya çıxdısa da, məğlub olub şəhərə qayıtdı. Bəzi danışıqlardan sonra, əhdnamə bağlandı və hər üçünün ittifaqı ilə Şah Sultan Hüseynin qız nəvəsi Mirzə Əbutürab, III Şah İsmayıl ləqəbilə taxta oturdu. Əlimərdan xan divan vəkalətinə (nazirliyinə), Əbülfəth xan İsfahan əyalətinə, Kərim xan da bütün ölkənin sərdarı təyin edildi.  

Kərim xan İsfahandan kənara çıxdığı zaman, Əlimərdan xan Əbülfəth xanı öldürdü. Öz adlı-sanlı, lakin ixtiyara malik olmayan padişahını götürüb, Şiraza hərəkət etdi və Fars vilayətini ələ keçirdi. 

Əbülfəth xanın öldürülməsindən qorxuya düşən Kərim xan, əvvəlcə Şahrux ölkəsinin sərdarı Məhəmmədəli xanın üstünə gedib onu məğlub etdi, topxanasını və ordu ləvazimatını alıb Kürdüstana üz qoydu. Bu yerləri də fəth etdikdən sonra, İsfahanı almağa yürüş etdi. 

Əlimərdan xan Şirazdan müdafiəyə  çıxdı, lakin məğlub olub öldürüldü. Kərim xan onun yerinə divan vəkalətinə (nazirliyinə) keçdi. Sonra gedib, Astarabad nahiyələrinin çoxunu aldısa da qacarlar tərəfindən məğlub edilərək İsfahana qayıtdı. Bu zamanlar Şah Təhmasibin oğluyam iddiası və II Şah Sultan Hüseyn adı ilə naməlum bir şəxs zühur edib, Mustafa xan Bekdilinin köməkliyilə İraqa yürüdü. Kərim xan ona qarşı çıxmaq məqsədilə Kirmanşaha gedib qalibiyyət qazandı. Nəsəbi məlum olmayan şah müharibədə öldürüldü. Bundan sonra, Azad xan Urmudan İraqa hərəkət etdi. Kərim xan bu döyüşdə məğlub olaraq İsfahana qayıtdı. Azad xan Pəri qalasını mühasirə edib, sülh ilə aldı. Kərim xanın burada olan qohumlarını anasını və qadınını min nəfər süvari ilə Urmuya göndərdi. Mənzillərin (düşərgələrin) birində, zənd qadınları öz ərlərinin buxov və zəncirlərini qırıb qarovulları, dağıtdılar və Kərim xana qoşuldular. 

Azad xan qoşununun gəlməsilə  Kərim xan İsfahandan Kazrana qaçdı, buradan da gedib Şirazı  alaraq yenə İsfahana qayıtdı. Bu zaman Məhəmmədhəsən xan Qacar onun üzərinə yeridi, Kərim xan məğlub olub Şiraza qayıtdı. Məhəmmədhəsən xan gedib onu mühasirə etdi. Lakin əfqanların dönüklüyünə görə, Mazandarana qayıtmağa məcbur oldu və öz nökərlərinin əlində öldürüldü. Kərim xan yenə gəlib İsfahan, Yəzd və Tehranı alaraq Azərbaycana hərəkət etdi. 

İndi də Nadir şahın ölümündən sonra Dağıstan və Şirvanın nə halda olduğunu nəzərdən keçirək. Nadir şahın vəfatından sonra, İran qoşunu bu ölkədən çıxıb getdi. Hər bir vilayətdə bir həşəmt sahibi baş qaldıraraq, istiqlaliyyətdən dəm vurub başqasına tabe olmurdu. Quba və Səlyan hakimi Hüseynəli Xan Sultan Əhməd xan oğlu, Xudad qalasını köçürüb, indiki Quba şəhərinin Qudyal adlı yerində tikdirməyə başladı. İğtişaş zamanında bu ölkənin özbaşına qalan bir çox mahallarını itaətə məcbur etdi. Dərbəndlilər    İmamqulu xanın    oğlu   Məhəmmədhəsən    bəy Qorçunu xanlığa   seçdilər. 

Nadir şahın yaxın əmirlərindən sayılan bakılı Mirzə Məhəmməd xan Dərgah xan oğlu, Bakı ölkəsini müstəqil olaraq ixtiyarına keçirdi. Şamaxı  əhalisi sursat təhvildarı olan Hacı Məhəmmədəli Sufi Nəbi oğlu Zərnəvaini hökumətə keçirdi. Xançobanı tayfasından olan Əskər bəy Allahverdi bəy oğlu Sərkarın oğlanları, Şirvan elatı arasında hakimiyyət bayrağı qaldırdılar. Nuxulu Hacı Çələbi Qurban oğlu istiqlaliyyət bayrağı qaldıraraq, Şəki, Ərəş və Qəbələ mahallarını özünə tabe etdi. O, Nadir şah dövründə Şəkidən göndərilən həvaləcatın (vergilərin) yerinə çatdırılması xüsusunda camaatın vəkili idi. İşinin axırında qaçaq düşüb, 3 il Gələsən-Görəsən qalasında gizlənmişdi. 

Nadir  dövrünün  axırlarında  qaçıb Şəki  və  Şirvan ölkələrində keçinən Pənah bəy    İbrahim Xəlil   oğlu   Cavanşir, ardıcıl davam edən müharibələr nəticəsində xanlıq ləqəbilə Qarabağda hökmranlıq  bayrağını    yüksəltdi. Əvvəlcə   Bayat və daha   sonra Tərnaut   qalasını bina etdi. Bu qalanın    hasar və dükanlarının    asarı I Şah Abbasın qışlağı yerində, Şah bulağı  adlı çeşmənin yanında, indi də mövcuddur. Bir neçə vaxtdan sonra, erməni məliklərilə düşmənçilik edən Məlik Şahnəzər Vərəndəinin    xahişinə görə, indiki Şuşanın yerində    Pənahabad qalasını    bina etdi. Erməniləri özünə tabe edərək, gündən-günə qüvvətləndi. Xudafərin körpüsündən başlayaraq Kürək çayına və Bərgüşat mahalına qədər yerləri ələ    keçirdi. Bundan əlavə, Qaradağa aid Mığrı və Güney mahallarını, Naxçıvana aid Tatif və Sisyanı, İrəvana aid Tərtər Kolanını və Təbrizə aid olan Zəngəzur  və Qapanı tutdu.  O  bəzən  Ərdəbil və sair kimi qonşu ölkələri də özünə tabe edirdi. 

Şahverdi xan Ziyad oğlu, Gəncəni öz ixtiyarına almışdı. Qaziqumuqlu Surxay xan, Nadir şah dövrünün sonlarından bəri, hökuməti öz oğlu Məhəmməd xana tərk edərək, şəhərin (Qaziqumuğun) on ağaclığında olan Ketrux kəndində izlətə və ibadətə çəkilmişdi. Üsmi Əhməd xan tez vəfat etdi, şücaət və mətanətilə məşhur olan nəvəsi Əmir Həmzə Xan Məhəmməd oğlu onun yerində üsmi oldu. Şamxal Xasfulad xan, öz hökmranlığnda qaldı. Novsal xan Əmmə xan oğlu, Avar mülkünü müstəqil olaraq idarə edirdi. Bunlardan başqa yenə böyük əmirlər var idi ki, onlar da bu qərar üzrə idi: Mehdi bəy Əhmədxan bəy oğlu Cenqutayi, Mehdili əmirliyində bərqərar idi. O, Avar şahları dudmanı şəcərəsindən və bəzi xəbərlərə görə, moğol və tatar nəslindən idi. Hüseynxan bəy Zaxur və İlisu nahiyələrində əmir idi. Sultan Bud övladı İndiri və Yaxsayda hömkranlıq sürürdü. Terlavın vərəsələri isə, Mıçıqıçda mülkədar idilər. Mürtəzaəli Məhəmməd Məsum oğlu məsumluqda və Mürtəzaəli Rüstəm oğlu Təbərsəran qaziliyində paydar idilər. 

Buynaq əmiri Mehdi Mürtəzaəli oğlu o zaman, Xasfulad xan ilə pis rəftar etdiyi və çəkişdiyi üçün Nadir şah tərəfindən Astarabada göndərilmişdi. Nadir şahın vəfatından sonra, Qıpçaq çölünə getdi. Oradan da kalmıq qoşunu ilə gəlib Qazanışın yaxınlığında, iki çay arasında şiddətli müharibə edərək qalib gəldi. Axırda Xasfulad xan ilə barışıb, qabaqkı kimi Buynaq əmirliyinə keçdi. 

Hicri 1162-ci (=1749) ildə, Şahsevən Əhməd xan, Ali Sərkarın oturağı olan qədim Şamaxı şəhəri üzərinə gəldi. Ağa Rəzi bəy Əsgər bəy oğlu üz-üzə döyüşdə onun qardaşı Məhəmmədrza xanı öldürdü. Əhməd xan özü intiqam almaq üçün meydana atıldısa da Ağa Rəzi bəy tərəfindən bərk yaralandı, məğlub olub geri qayıtdı və şəhərin yarım ağaclığında vəfat etdi. 

Bu zaman, Gürcüstan valisi İrakli xan, Hacı Çələbinin dəfi xüsusunda məşvərət və  məsləhət    bəhanəsilə, gəncəli Şahverdi xan, qarabağlı Pənah xan, qaradağlı Kazım xan, irəvanlı  Hüseynəli  xan  və  naxçıvanlı  Heydərqulu xanla Gəncənin yaxınlığında görüşüb, hamısını bir yerdə yaxaladı və əsir etdi. Hacı Çələbi bu xəbəri eşidən kimi, şücaət və  igidliyilə   Sərkar xanədanının  hökmranlığına  vasitə olan Ağa Rəzi bəylə ittifaq edib, Gürcüstan valisinin üzərinə hücum etdi.   Gəncənin yarım  ağaclığında, Qızıl  Qaya adlı yerdə onu məğlub  edərək,  həmin  xanları xilas etdi. Sonra valini təqib edib, Qazax və Borçalı mahallarını ələ keçirdi. Oğlu Ağakişi bəy, iki ilə yaxın bu hüdudda hökm sürüb, zülm etməklə məşğul oldu.    Tiflis şəhərinin dörd ağaclığında, Paydar adlı yerdə, onun tərəfindən tikdirilən qalanın yeri indi də mövcuddur. 

Nəhayət, Gürcüstan valisi çərkəzlərdən və sairdən kömək alıb öz dəstəsini düzəldincə, Ağakişi bəy Şəkiyə qayıtdı. Bir zaman keçəndən sonra, İrakli xan külli tədarüklə Car əhalisinin Gürcüstandan aldığı Nikli tayfasını geri almaq üçün getdi. Hacı Çələbi, Car camaatının köməyinə gəlib, Qanıq çayının sol sahilində, çox şiddətli bir müharibəyə girişdi. Gürcüstan valisi əvvəlkindən daha ciddi məğlub olub geri qayıtdı. 

Hicri 1168-ci (=1755) ildə, Hacı Çələbi külli qoşunla Şirvanı almaq məqsədilə  gəlib, Ağsu şəhərini mühasirə etdi. Burada olan Hacı  Məhəmmədəli xan Quba hakimi Hüseynəli xandan kömək istədi. O da 3000 nəfər Quba qoşunu və 500 nəfər qüvvəyə malik olan Əmir Həmzə üsmi ilə bərabər iki düşməni barışdırmaq üçün gəldi. Hacı Çələbi, Hacı Piri adlı bir nəfəri elçi göndərib, onu hədələdi və geri qayıtmağı ona təklif etdi. Beləliklə, iş müharibə ilə nəticələndi. Şəkinin külli qoşunu bu azacıq camaatın qarşısında məğlub olub, qarət edildi və çoxu öldürüldü. 

Hüseynəli xan 3 gün qonaqlıqdan sonra öz hökumət mərkəzinə qayıtdı və hicri 1169-cu (=1756) ildə oğlu Fətəli ağanı qoşunla göndərib, ata-baba mülkü olan Səlyan nahiyəsini, öz qohumu rudbarlı İbrahim xanın əlindən geri aldı. 

Hüseynəli xan hicri 1171-ci (=1758) ildə vəfat etdi. O, cəsarətli, ali himmətli bir əmir idi. Həmişə ölkənin abadlığı və rəiyyətin asayişi fikrində idi. Şirvanlı Ağa Rəzi bəy Əsgər bəy oğlu dərhal gedib Qubanın Bərmək mahalını qarət etdi və 200 ailəni köçürüb gətirdi. Hüseynəli xanın oğlu Fətəli xan, qisas almaq məqsədilə Şirvana hərəkət etdi. Ağa Rəzi bəy qarşıya çıxdı və qədim şəhərin xaricində məğlub edilib öldürüldü. Fətəli xan, bir neçə aylıq mühasirədən sonra, qətl-qarətdən əlavə öz əlatının iki mislini götürüb geri qayıtdı. 

Dərbəndlilər, Məhəmmədhüseyn xanın qardaşı Tahir bəyin pis rəftarından təngə gəlmişdilər. Fətəli xan onların təşviqilə, hicri 1172-ci (=1759) ildə, Dərbəndin üzərinə gedib, azacıq mühasirədən sonra oranı da aldı. Məhəmmədhüseyn xan öz istəyinə görə Bakıda yurd saldı. 

Əzmdə, hünərdə və rəiyyətpərvərlikdə mumtaz olan Hacı Çələbi, həmin məğlubiyyətdən (Şirvan məğlubiyyətindən) az zaman sonra vəfat etdi. Onun cəsarətli və hünərli oğlu Ağakişi bəy hökumət başına keçdi. Bu zaman qaziqumuqlu Məhəmməd xan, ərəşli Məlik Əlinin təhrikilə Ərəş mahalına gəlib, Ağakişi bəyi görüş və məşvərət bəhanəsilə yanına çağırdı və öldürdü. Beləliklə, Şəki ölkəsini ələ keçirdi. Ağakişi bəyin əyalı olan öz qızını ilisulu Alxas bəyə verdi. Əhməd xan da bundan doğuldu. 

Məhəmməd xan Şəkidə  40 gün hökmranlıq etdi. Hacı Çələbinin bütün dəfinələrini ələ keçirdi və olmazın zülm törətdi. 

Hacı Çələbi nəvəsi Ağakişi bəy öldürüldükdən sonra Hüseyn ağa Həsən ağa oğlu Qəbələ yolu ilə Dərbəndə, Fətəli xanın yanına getmişdi. Quba qoşununun köməkliyi və Şəki əyanının ittifaqilə, Məhəmməd xanı buradan çıxararaq öz mülkünə sahib oldu. Bu hadisədən üç il sonra, hicri 1175-ci (=1762) ildə, Nadir şahın böyük əmirlərindən Fətəli xan Əfşar Azərbaycanı aldı, hökmranlıq iddiası ilə Gəncə və Qarabağa hərəkət etdi. Pənah xan onunla itaət edər kimi sazişə girdi, oğlu İbrahim Xəlil ağanı ona girov verdi, ərəşli Məlik Əli də, Şəki hakimiyyəti təmənnasilə onun hüzuruna getdi. Lakin bu zaman Hüseyn ağa, qutqaşınlı Kəlbəli sultan və sair tərəfdarları ilə Fətəli xanın yanına gəldi. Xanlıq ləqəbi alaraq qayıdıb Məlik Əlini öldürdü. 

Hicri, 1176-cı (=1763) ildə, Şirvanda və xüsusilə Ağsu şəhərində  şiddətli taun xəstəliyi baş verdi. Bu xəstəlikdən çox adam tələf oldu. Bu zaman, Vəkil Kərim xan Azərbaycanı istila etmək məqsədilə gəldi. Qarabağlı Pənah xan öz oğlunu xilas etmək üçün ona qoşuldu və Urmu şəhərini almaqda, həmçinin Fətəli xanı öldürməkdə çox yardım göstərdi. 

Vəkil, Pənah xanın oğlu İbrahim Xəlil ağanı xanlıq ləqəbilə Qarabağa göndərdi, özünü isə, həmişə yanında saxlayırdı. Pənah xan Şirazda vəfat etdi, nəşi də Qarabağa göndərildi. Deyirlər ki, Pənah xan cəsarətli, sadə, xoşrəftar və tədbirli bir əmir olmuşdur. 

Xülasə, Vəkil Kərim xan Azərbaycanı ələ keçirdikdən sonra, məlumat aldı ki, Zəki xan Zənd səltənət iddiasındadır və Bəxtiyari tayfasının təşviq və təhriki ilə İsfahana gəlmişdir. Vəkil Kərim xan bütün əmirlər və qoşunla bərabər onu dəf etməyə getdi. Zəki xan İsfahanın əyanlarını köçürüb, Dəştə apardı. Nəzərəli xan Zənd, Vəkilin hökmü ilə gedib ona qalib gəldi və Luristanın son hüduduna qədər onu təqib etdi. Zəki xan naçar qalıb, Vəkilin töyləsinə pənah apardı və aman tapdı. 

Gürcüstanda məğlub edilərək soyulmuş olan Azad xan Əfqan da Vəkilin dərgahına aman gətirdi və mehribanlıqla qəbul olundu. Bu qayda üzrə İran ölkəsi rəqabətsiz Vəkil Kərim xanın ixtiyarına keçdi. 

Hicri 1178-ci ( = 1765) ildə,  Əsgər bəyin oğlanları Məhəmməd Səid xan və Ağası  xan elat arasında Vəkildən xanlıq ləqəbi qazanıb, Ağsu şəhərini aldılar və cahi-cəlalı sevib dinc yaşamaq istəyən Hacı Məhəmmədəli xanı öldürdülər. Bu zaman, Fətəli xan Əmir Həmzə üsminin bacısı Tutu bikəni aldı. Üsmi də Fətəli xanın Hüseyn xan Rudibarının qızından olan bacısı Xədicə bikə üçün elçi göndərdi. Lakin Fətəli xan öz bacısını bakılı I Mirzə Məhəmməd xanın oğlu Məlikməhəmməd xana verdi. Məlikməhəmməd xanı, atası öz sağlığında hökumət başına keçirmişdi. 

Xədicə bikənin üstündə  Əmir Həmzə ilə Fətəli xanın arasına ədavət düşdü. Bir zaman keçdikdən sonra, üsmi öz bacısını görmək bəhanəsilə Dərbəndə gəlib, Narınqalanı almaq fikrinə düşdü. Fətəli xan bundan xəbər tutaraq, Quba qoşunu ilə Dərbənd üzərinə gəldi. Üsmi üç gün top və tüfəng ilə müdafiəyə qalxışdı. Axırda, müqavimət göstərə bilməyib, dayanmadan Carçı-qapıdan çıxıb, öz mülkünə qayıtdı. Üsmi bu andan etibarən daima kin və ədavət saxlayıb, Fətəli xandan intiqam almaq pusqusunda idi. 

Bundan əlavə, öz  əmisi qaziqumuqlu Məhəmməd xandan üz döndərmiş Eldar bəy, Fətəli xanın etimadını qazanıb Dərbənd naibi olmuşdu. O, yersiz və münasibətsiz danışıqları və hərəkətləri ilə üsminin ədavətini qazanmışdı. Üsmi də, düşmənçilik vəsaitini hazırlayıb, öz bacısı oğlu olan Təbərsəran qadisi Rüstəm Mürtəzaəli oğlunu qüvvətləndirirdi. Bu zaman, Mirzə oğlu Şeyx Əli bəy, Məhəmməd məsumun oğlu Mürtəzaəli məsumu öldürüb, özü məsumluğa keçdi. Lakin, onun işi baş tutmadı. Üsmi və qadinin təhrikilə xalq üsyan qaldırıb, onu çıxartdı. O da, Fətəli xanın yanına gəldi. Bundan sonra, yuxarıda adı çəkilən Mürtəzaəlinin oğlu Novruz bəy məsumluğa təyin edildi. Bu lal olduğu üçün, anası Xanım, kişi kimi hökmranlıq edirdi. O, məsumlar nəslindən Qaraxanın qızı idi. 

Информация о работе A.Bakıxanov - Gülüstani-İrəm