A.Bakıxanov - Gülüstani-İrəm

Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат

Краткое описание

[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar

Содержимое работы - 1 файл

A.Bakıxanov - Gülüstani-İrəm.doc

— 1,021.50 Кб (Скачать файл)

Hicri 1181-ci (=1767) ildə  Fətəli xan Şəki xanı Hüseyn xanla birlikdə iki tərəfdən gəlib, Məhəmməd Səid xan və Ağası xanın yenidən abad etdikləri qədim Şamaxı şəhərini mühasirə etdilər. Məhəmməd Səid xan çarəsiz qalıb Fətəli xanın, Ağası xan isə, Hüseyn xanın yanına getdi. Hüseyn xan Ağası xanı kor etdi. Fətəli xan da Məhəmməd Səid xanı həbsə alıb Dərbəndə göndərdi, şəhəri də Ağsuya köçürdü. Hər iki tərəfdən iki naib təyin etdilər. Ölkəni iki hissəyə böldülər. Sədari və Qəsani mahalları Hüseyn xana, Şirvanın qalan hissəsi isə, Fətəli xana çatdı. 

Bir neçə vaxt keçdikdən sonra, Fətəli xan bütün Şirvan ölkəsini aldı və qədim şəhəri yenə abad etdi. Kür çayının kənarında, Kotevan qalasında sakin olub, ölkəsini geri almağa çalışan kor Ağası xan, Hüseyn xana pənah apardı. Hüseyn xan, Avar xanzadələrindən Bulac və Məhəmməd Mirzənin sərkərdəliyilə Avardan qoşun götürüb Şirvana, Fətəli xanın üstünə gəldi. İki qoşun qarşılaşdığı zaman, araya barışıq məsələsi düşdü. Gözlənilmədən, hər iki tərəfdən bir neçə nəfərin birdən-birə çəkişməsi nəticəsində arada şiddətli döyüş və vuruşma başladı. Bu müharibədə Bulac və Məhəmməd mirzə öldürüldü, Hüseyn xan məğlub olub Şəkiyə, Ağası xan da yenə Kotevana getdi. 

Hicri 1187-ci (=1773) ildə,  Şamxal Xasfulad xan vəfat edərkən, öz bacısı oğlu Buynaq əmiri Mürtəzaəli Mehdi oğlunu öz yerinə təyin etdi. Xasfulad xan zabitəli, igid və səxavətli bir əmir idi. O öz qohum-əqrabasilə pis rəftar edirdi. Onun qardaşı oğlu və Qazanış əmiri ağıllı və cəsarətli Dişsiz Məhəmməd, Mürtəzaəli ilə çəkişməyə başladı. İndri əmirləri, avarlı Novsal xan Əmmə xan oğlu və Əmir Həmzə üsminin köməkliyilə gəlib Mürtəzaəlini Tarxu və Buynaqdan çıxarıb, şamxallığa oturdu. Murtəzaəli şamxal Qoysuboy və Aqquşa mahallarında yaşayan əhalinin köməyilə, bir aydan sonra gəlib, məmləkəti təsərrüfünə keçirdi. Bu mahalların əhalisi həmişə böyük işlərdə şamxala tabe olub, onun müavini hesab edilirdi. Yeni şamxal təyin edildiyi zamanda, onların iştirakı lazım idi. Dişsiz şamxal və ondan sonra oğlu Xasfulad, əvvəlki kimi, Qazanış əmirliyinə qane oldular. 

Hicri 1188-ci (=1774) ildə  Ağası xan, Fətəli xanın qan düşməni və Qarabağa gəlmiş olan avarlı Novsal xanı özünə müttəfiq edib, Şamaxı şəhərini aldı. Fətəli xan Quba və Dağıstandan külli qoşun toplayıb, bakılı Məlikməhəmməd xanla birlikdə onlara qarşı müharibəyə girdi və müharibədən qalib çıxdı. Ağası xan qaçdı, Novsal xan isə, qədim şəhərin yuxarı hissəsində çıxılmaz və çətin bir sığınaqda gizləndi. Axırda, Fətəli xan aman vədəsilə Novsal xanı öz yanına gətirtdi. Xanların hər üçü bir yerdə oturmuşdular. Bu zaman, Aqquşa qoşunu toplaşıb, Fətəli xandan yanlarına gəlməsini, Novsal xan ilə keçmişdə ədavətləri olduğu üçün, onun öldürülməsini xahiş etdilər. Fətəli xan çarəsiz qalıb, əmr verdi ki, çadırın arxa tərəfini yarıb, Məlikməhəmməd xanı bayıra çəksinlər. Novsal xanı isə, öz tərəfdarları ilə birlikdə öldürdülər. Əmir Həmzə üsmi, belə bir firsəti qənimət saydı. Dişsiz Məhəmməd şamxal və damadı qaziqumuqlu Məhəmməd xan ilə əlbir olub Fətəli xana qarşı müharibəyə çıxdı. Fətəli xan bu hadisəyə görə Qubaya gəldi. Ağası xan onun getməsindən istifadə edib Şirvanı tutdu. 

Gavduşan düzündə çox şiddətli bir müharibə oldu. Bir-birilə əhd bağlamış iki qoşun məğlub edilmək ərəfəsində ikən, yuxarıda adı çəkilən üsminin oğlu Əli bəy, bir dəstə igidlə özünü qoşunun mərkəzinə yetirdi. Zəfər yenə də onun şücaət və mərdanəliyilə birləşdi. Dişsiz şamxal, Məhəmməd xanın qardaşı oğlu Eldar bəy və Şeyx Əli məsum iki tərəfdən öldürüldülər. Məğlub olan Fətəli xan da Qubada qalmağı münasib görməyib Səlyana getdi. Üsmi, şamxalın nəşini götürüb apardı. Dərbəndin yaxınlığında yalandan Fətəli xanın öldürülməsi xəbərini Tutu bikəyə göndərdi, qalanın təslimini tələb etdi. Tutu bikə ona inanmayıb özü gecə-gündüz burcların üzərində qalanı mühafizə etməyə məşğul oldu. Məhəmməd xan Qubanı aldı, Üsmü də Bakının üzərinə yürüdü. Qalanı almaq mümkün olmadığından, Məlikməhəmməd xanın ilxısını və kəndlərin mallarını qarət edib geri qayıtdı. 

Fətəli xan, himayə  edilmək xahişilə dərbəndli Mirzə bəy Bayatı elçi olaraq Rusiya imperatoriçəsi II Yekaterinanın dərbarinə göndərdi. Özü isə, gizlicə Şabrandan və Müskürdən keçib Dərbəndə gəldi. Bir az keçincə, tərəfdarları onun ətrafına toplaşmağa başladılar. Bu zaman, Məhəmməd xan Qubanı tərk edib, öz mülkünə qayıtmağa məcbur oldu. 

Bir il sonra, hicri 1189-cu (=1775) ildə, general-mayor De-Medemin komandası altında olan bir dəstə rus qoşunu Fətəli xana köməyə gəldi. Eyni zamanda o, keçən il məşhur rus səyyahı Qmelini həbsə aldırıb, öldürmüş Əmir Həmzə üsmini cəzalandırmağa məmur edilmişdi. Üsmi Başlının bir ağaclığında bütün qoşunu ilə ruslara hücum etdi. Lakin məğlub oldu, qoşununun çox hissəsi öldürüldü. Fətəli xanın qoşunu da tərəkəmə kəndlərini qarət edib yandıraraq, Dərbəndə qayıtdı. Bundan sonra, Kürə nahiyəsində Məhəmməd xanın külli qoşununu məğlub etdi. Onları qarət etdikdən sonra, yuxarı Təbərsəranı tabe etmək üçün Qaluq adlı yerə yürüş etdi. Təbərsəranlılar da dağlara və meşələrə arxalanaraq döyüşə çıxdılar və məğlubiyyətdən sonra tabe oldular. Həmin il Rusiya qoşunu Qızlara qayıtdı. Rusların bu köməyi Fətəli xanın şöhrətli iqtidarının daha da möhkəmlənməsinə səbəb oldu. 

Ali-Sərkar Fətəli xana xeyirxah və tərəfdar olduqlarını izhar edərək, onunla dost olmaq istədilər. Bunun nəticəsində, 7 ildən bəri Dərbənddə  dustaq olan Məhəmməd Səid xan azad edildi. O, Ağsu şəhərində  hakimliyə başladı, Ağası xan da Əlvənddə oturub, bütün Şirvana hökmran oldu. Bu zaman, Əmir Həmzə üsmi 3000 igid qoşunla Dərbənd, Quba və Şirvan ölkələrindən keçib, Ərdəbilə getdi. Buraları çalıb-çapdıqdan sonra, Qarabağdan keçib, Gəncəyə gəldi. Buranı da Ərdəbildən daha pis qətl-qarət etdi, hədsiz qənimətlə Şəki, Axtı və Kürədən keçib, öz mülkünə döndü. Adı çəkilən ölkələrin əmirləri ona qarşı durmağa cürət etmədilər. Bunlardan bəzisi, hədiyyə göndərmək vasitəsilə özünü onun şərrindən qurtarmaq istəyirdi. Fətəli xan, Xan Məhəmməd bəyi öz tərəfinə çəkdi. O, yuxarıda adı çəkilən üsminin qardaşı oğlu olub, igidlikdə şöhrət tapmışdı. Fətəli xan Qubadan 100 ev köçürdüb, Dərbəndin üç ağaclığında ona məxsus bir qala tikdirdi. Xan Məhəmməd bəy cürbəcür vasitələrlə üsminin işinə əngəl törədirdi. Bundan əlavə, mənfəət verdiyi və əlaqəyə girdiyi üçün, Dağıstan əmirləri, əyanları və əhalisi gündən-günə Fətəli xanın dövlətinə daha artıq meyl göstərirdilər. Üsmi artıq böyük işlərə qarışa bilmədiyindən, naçar qalıb, barışmağa məcbur oldu. 

Məhəmməd xanın oğlu Şah Mərdan bəy, ögey anasından olan qardaşı Surxay ilə ədavətli idi. Buna görə, atası Məhəmməd xandan inciyib, Fətəli xana meyl göstərərək xidmət edirdi. Fətəli xan da Dərbənd üstündə sayılan Kürə nahiyəsinin aşağı hissəsini Qəbərək kəndinə qədər və Qubanın Güney mahalını ona verdi. Ayrıca bir camaat olan Qurah mahalını da Şah Mərdan bəy özü ələ keçirdi. Beləliklə, Məhəmməd xan da müxalifət iqtidarında olmayıb, müdara ilə keçinirdi. 

Bu zaman, Təbərsəran əmirəsi Xanım vəfat etdi. Mirzə nəvəsi Əliqulu Sail oğlu qulluq göstərmək bəhanəsilə lal məsumla dostlaşdı. Rüstəm qadinin köməyilə onu iki oğlu ilə öldürüb, məsumluğa keçdi. Fətəli xanın xidmətində Gavduşan döyüşündə öldürülmüş qardaşı Şeyx Əli məsumun oğlanları: Məhəmmədhüseyn bəy, Söhrab bəy, Şamxal bəy və Mustafa bəy Qubaya getdilər. Fətəli xan bir müddətdən sonra, Əliqulu məsumu Dərbəndə gətirib həbs edərək Səlyana göndərdi. Özü isə qoşunla gedib, Məhəmmədhüseyn bəy Şeyx Əli oğlu məsumu, keçmiş məsumların oturağı olan Çıraq kəndində məsumluğa oturtdu. Ondan sonra qardaşları: Söhrab məsum, Şamxal məsum və oğlu Qırxlarqulu məsum bir-birinin ardınca əmirlik etdilər. 

Şəki hökmranlığında müstəqil olan Hüseyn xan, aralığa düşən ədavətə görə, əmisi Cəfər ağanı öldürüb, öz xanədanında ədavət toxumu əkdi. Hacı  Çələbinin oğlu Hacı Əbdülqadir, öz tərəfdarları ilə ondan üz çevirdi. İbrahim xanın köməyinə Kür çayı kənarında, Dardoqqaz adlı yerdə sakin oldu. Hüseyn xan bir neçə dəfə onun üzərinə gedib vuruşdusa da məqsədə nail olmadan geri qayıtdı. Bu müvəffəqiyyətsizlikdən sonra o, Hacı Əbdülqadirin tərəfdarları olan qutqaşınlı Kəlbəli sultanı, qışlaqlı Hacı Ağanı və Hacı Rəsul bəy Hacı Şeyx Əli oğlunu həbsə aldı. Bir az keçəndən sonra, Hacı Rəsul qaçdı, o biri iki nəfər isə öldürüldü. 

Həmin hicri 1193-cü  (=1778) ildə, ədalətli   və hünərli bir əmir olan Vəkil Kərim xan    vəfat   etdi. O, qoşununun intizamına və ölkəsinin asayişinə çalışıb, 30 ilə yaxın İranda hökmranlıq etdi.    O çox insaflı olub səltənətin qədr və qiymətini gözlədiyindən, ancaq Vəkil ləqəbilə kifayətlənmişdi. Zəndiyyə dövləti də əmirləri arasına   düşən ixtilaf nəticəsində tez puç olub aradan çıxdı. 

Hicri 1194-cü (=1779) ildə, Hacı Əbdülqadir, Hacı Çələbinin əmisi oğlu Hacı Rəsul bəy Hacı Şeyx Əli oğlunun köməkliyi, Ərəş məlikzadələri və Şəki əyanının ittifaqilə qəflətən Nuxu qalasına soxuldu. 22 il hökmranlıq sürməkdə olan Hüseyn xanı öldürüb, hökumət bayrağını qaldırdı. Hüseyn xan hünərli, şücaətli, gözəl tədbirli və düzgün fikirli olmaqla bərabər, təbiətən rəhmsiz bir adam idi. 

Ağa Məhəmməd xan Qacar hüdud boyunu tutduğu zaman, Gilan hakimi Hidayətulla xan məğlub olub, kömək tələbilə Bakıya, buradan da, Qubaya gəldi. Fətəli xan Səlyan və Talış yolu ilə, Mirzə bəy Bayatın komandası altında 9.000 qoşun göndərib, onu Rəştdə əvvəlki yerində oturtdu. 

Hicri 1196-cı (=1781) ildə, dindar, ədalətli bir əmir olan bakılı Hacı Məlikməhəmməd xan Hacı Mirzə Məhəmməd xan oğlu, 11 yaşlı, oğlu II Mirzə Məhəmməd xanı dayısı Fətəli xanın himayəsi altında Bakı hakimi təyin etdi. Özü Ətəbatə (Kərbəla və Nəcəfə) ziyarətə gedib, Nəcəf-əşrəfdə vəfat etdi. 

Bu zaman, Məhəmmədsəid xan, Fətəli xanın bacısı Fatma xanımı öz oğlu Məhəmmədrza bəy üçün istədi. Fatma xanımı keçmişdə Vəkil Kərim xan da öz oğlu Əbülfəth xana namizəd etmişdi. Onun qardaşı Ağası xan, Fətəli xanın Şirvan iddiasında olduğunu bilib, bu işdən narazı idi. Özü də Əlvənddə sakin idi. Füzulinin bu beytini yazıb ona göndərdi: 

/*

Kuhkən Şirinə   öz  nəqşin çəkib vermiş firib,

Gör   nə  cahildir   yonar daşdan   öziçün bir   rəqib.

*/ 

Məhəmmədsəid xan da, cavabında, Füzulinin bu beytini yazıb göndərdi: 

/*

Kuhkən   künd eyləmiş   bin   tişəni bir  dağ  ilə, 

Bən  qoparıb  atmışam bin  dağı bir dırnaq ilə.

*/ 

Xülasə, Fətəli xanın bacısını  almaq səbəbinə, iki qardaşın arasına ayrılıq düşdü. Hicri 1198-ci (=1784) ildə Fətəli xan Ağası xana kömək edən  İbrahim xanın üzərinə getdi, Ağdamı dağıtdı  və Qarabağın aşağı mahallarını talan etdi. Hacı  Əbdülqadir xan da, Şəki qoşunu ilə onunla yoldaş idi. Bu səbəbə İbrahim xan, atası öldürüldüyü zaman Qarabağa qaçıb, məhbus olan Məhəmmədhəsən ağa Hüseyn xan oğlunu gizlicə azad edib, Cara göndərdi. Məhəmmədhəsən ağa Car ləzgilərinin köməkliyilə Şəkinin üzərinə yürüş etdi. Birinci dəfə məğlub oldu. İkinci dəfə isə, qalib gəldi. Hacı Əbdülqadir xan da Əlvəndə Ağası xanın yanına qaçdı. Ağası xan onu tutub, qoşunla onu təqib və tələb edən Məhəmmədhəsən xana verdi. Məhəmmədhəsən xan, atasının intiqamı üçün onu yeddi oğlu ilə bərabər öldürdü. Deyirlər ki, o (Hacı Əbdülqadir xan) igid və cəsarətli bir əmir olub, amma cüzi işlərdə çox şiddət göstərərmiş. 

Fətəli xan hicri 1199-cu (=1785) ildə, Ağası xan və onun müttəfiqi Məhəmmədhəsən xan ilə müharibə etmək qəsdilə Şirvana getmişdi. Bu zaman, qardaşı qarabağlı İbrahim xandan üz çevirmiş olan Mehrəli bəy Fətəli xanın yanında idi. Bir gecə, Bakıdan Şirvana getdiyi zaman, yolda Ağası xanın böyük oğlu Əhməd bəyə rast gəldi, aralarında müharibə oldu, Mehrəli bəy öldürüldü. Fətəli xan onun cənazəsini kamal-ehtiramla Qarabağa göndərdi. Bu hadisədən sonra, İbrahim xan Fətəli xanla dostlaşmağa başladı. Ağası xana qarşı hər iki tərəfdən qoşun göndərildi. Ağası xan məcbur qalıb Fətəli xanın hüzuruna gəldi, oğlanları ilə bərabər məhbus olaraq, Qubaya göndərildi. Bundan sonra, Fətəli xan Şəki üzərinə yürüş etdi. Bu müharibədə məğlub olan Məhəmmədhəsən xan, öz bacısını Fətəli xana verib barışdı. Fətəli xan da ittifaqı möhkəmləndirmək məqsədilə öz bacısı Huri Peykər xanımı ona verdi. Həmin il cəsarətli, xoş rəftar və eyni zamanda xasiyyətcə vüqarsız və kinli bir şəxs olan Mürtəzaəli şamxal vəfat etdi. Qardaşı Məhəmməd şamxallığa oturdu. Hicri 1201-ci ( = 1787) ildə Fətəli xan Məhəmməd şamxalın qızı Kiçi bikəni, üsminin bacısından olan Əhməd ağa adlı oğlu üçün aldı, çoxlu cehiz və böyük bir dəbdəbə ilə Dərbəndə gətirdi. Əmir Həmzə üsmi də həmin il vəfat etdi və qardaşı Ustar xan onun yerinə təyin olundu. 

Öz qardaşının ələ keçməsindən qorxuya düşən Məhəmmədsəid xan, gizlicə keçmişdəki işlərin əvəzini almağa çalışırdı. Fətəli xan, Ağası xanı Əhməd bəy və Məhəmməd bəy adlı iki böyük oğlanları ilə hakim təyin etmək bəhanəsilə, Qubanın Qonaqkənd kəndinə gətirdi. Məhəmmədsəid xan, Qəsaniyə və buradan da Qəbələyə getdi. Fətəli xanın damadı Məhəmmədrza bəy onu qarşıladı. Fətəli xan, Ağası xanı oğlanları ilə Bakıya göndərdi. Özü isə, Ağsuya gələrək Məhəmmədrza xanı Şirvana hakim təyin etdi. Lakin həqiqətdə özü hökmranlıq edirdi. 

Bu zaman Fətəli xan bir nəfər göndərib, Məhəmmədsəid xanı oğlanları ilə bərabər və Ağası xanın oğlu Mustafa bəyi Məhəmmədhəsən xandan istədi. Məhəmmədsəid xan, işi arzusu xilafinə görüncə, naçar qalıb, Fətəli xanın yanına gəldi. O, iki oğlu--Mahmud bəy və İskəndər bəylə Səlyana və Məhəmmədrza xan da Qubaya göndərilərək, həbsə alındılar. 

Bu hadisə zamanı, Məhəmmədsəid xanın oğlanları--Əsgər bəy, Qasım bəy və Ağası  xanın oğlu Mustafa bəy Qarabağa qaçmışdılar. Ərəşli Məlikəlinin qardaşı oğlu Şəhabəddin sultan, Məhəmmədhəsən xanın  əmrilə onları aldadaraq tutdu. Məhəmmədhəsən xan onların  üçünü də buxovlayıb, Fətəli xanın elçisi Məhəmmədkərim bəy Hacı Səfərəli bəy oğlu və öz inanılmış adamı Hacı Seyid bəylə Şirvana göndərdi. Təsadüfi olaraq, Göyçay yolu kənarında, Şəki və Şirvan sərhəddində, Ali-Sərkar tərəfdarlarından bir nəfər, belə bir yalan şayiə buraxdı: guya Fətəli xan Şəki tacirlərini soyub həbsə almışdır, özü də müharibəyə hazırlaşır. Hacı Seyid bəy Şirvan xanzadələrini buraxıb, Məhəmmədkərim bəyi buxovlayaraq geri qayıtdı. Bu 3 nəfər Cara, buradan da Avara getdilər. Novsal xanın qardaşı oğlu və damadı Əmmə xanı, əmilərinin qanını almaq üçün Şirvana gətirdilər. Yanında hazır qoşunu olmayan Fətəli xanı, Ağsu şəhərində 9 ay mühasirəyə aldılar. Axırda, Fətəli xan öz qızı Pəricahan xanımı və Səlyan nahiyəsini Əmmə xanın əmisinin qan bahasına namizəd edib barışdı. Əmmə xan Avara, Şirvan xanzadələri isə Qarabağa, oradan da osmanlı Axalkalakına getdilər. 

Bu zamanlar Mürtəzaqulu xan Qacar, öz qardaşı Ağa Məhəmməd xandan üz çevirib, Bakıya və mühasirədən iki ay əvvəl Şirvana gəlmişdi. O, qalanı müdafiə etməkdə Fətəli xana böyük xidmət göstərdi. Mühasirə bitdikdən sonra da, kömək istəmək üçün, Rusiya imperatoriçəsinin dərbarına getdi. 

Hicri 1202-ci (=1788) ildə, Ali-Sərkarın məhbusları olan--saf qəlbli, dəyişkən məcazlı  Məhəmmədsaid xan iki oğlu ilə Səlyanda, iş bacaran cəsarətli və eyni zamanda etimada layiq olmayan Ağası xan, iki oğlu ilə Bakıda, Məhəmmədrza xan da Qubada öldürüldü. Ağası xanın övladından iki-üç nəfəri də kor edildi. 

Məhəmmədhəsən xan Əmmə  xanın hadisəsindən və şirvanlıların təhrikindən cəsarətləndi. Əli sultan bəy Mehdi bəy oğlu Cankutay ilə ittifaq edərək, qəfildən Ağsu şəhəri üzərinə gəldi. Müharibədə ondan qalibiyyət nişanələri zahir oldu və hətta qoşunundan bir hissəsi də şəhərə daxil olmuşdu. Bu zaman, Fətəli xan Quba və Dərbənd dəstəsi ilə hücuma keçdi. Əvvəlcə döyüşdə zəiflik göstərən ləzgilər də Mehdi bəy Məhəmmədoğlu şamxalın komandası altında hucuma başladılar. Məhəmmədhəsən xan məğlub olub Şəkiyə qaçdı. Əli sultan bəy də, Mehdi bəyin vasitəçiliyilə, məğlub və qarət edilmiş qoşunu ilə Quba və Dərbənd yolundan vətəninə qayıtmağa izn aldı. 

Həmin il, Fətəli xan gedib Ərdəbili aldı və Şahsevən əmirləri ona tabe oddular. Muğanlı Həsən xan da ona səmimiyyət göstərməkdə  idi. Əvvəlcə Qubada məhbus olan Mir Mustafa xan, Qara xan oğlu, sonralar onun himayəsi altında Talışda, həmçinin Hidayət xan da Gilanda hakimiyyət sürürdülər. Yalnız qarabağlı İbrahim xan, olduğu yerin möhkəmliyinə görə düşmənlikdə davam edirdi. Lakin Qarabağın aşağı mahalları Fətəli xanın hücumundan rahat deyildilər. Şamxal, üsmi və Qaziqumuq xanı ona qarşı ixlas göstərirdilər. Avar xanı və Mehdili əmiri çarəsiz qalıb, onunla sülh ilə keçinirdilər. Təbərsəranın məsum və qadisi onun itaətkar xidmətçisi idilər. Dağıstanın azad xalqının əyan, qazi və əmirlərinin çoxu onun sədaqətli tərəfdarı idilər. O, özünə məxsus olan Quba, Dərbənd və Səlyan ölkələrindən başqa, Şirvan ölkəsini də tamamilə ələ keçirdi. Bakının kiçik yaşlı xanı da onun himayəsi altında idi. İran dövlətinin üsul-idarəsində olan qarışıqlıq səbəbilə Azərbaycan əmirlərindən bir çoxu, məsələn, Qaradağ, Təbriz və sair əmirləri Ağa Məhəmməd xan Qacarla düşmən olduqları üçün, himayə ediləcəkləri ümidilə ona səmimiyyət göstərməyə başladılar. Axırda, bütün istiqlal və ehtişam vəsaitinə malik olan Fətəli xan, Azərbaycan və bəlkə də, bütün İran işlərini intizama qoymaq xəyalilə, Gürcüstan valisi İrakli xanla görüşüb məsləhətləşmək binasını qoydu. İrakli xan da öz dudmanlarından Sadıq bəy Yadigar oğlunu səfir sifətilə Fətəli xanın yanına göndərdi. O, qədim gürcü valiləri nəslindən yadigar qalıb, doqquzuncu babası, İranın qüvvətli padişahları dövründə, müsəlman olmuşdu. Onun oğul və nəvələri indi də Tiflisdə yaşamaqdadırlar. Səfir Sadıq bəy Nuxuda xanın hüzuruna gəlib, hədsiz lütf və mərhəmətə nail oldu. 

Məhəmmədhəsən xan öz əməlindən peşman oldu, əyalı olan Fətəli xanın bacısını əfv və aman diləməyə göndərdi. Özü də Fətəli xanın hüzuruna gəldi. Fətəli xan cah və calalla Nuxu şəhərinə getdi. Bir neçə gün qonaqlıq və şadlıqla keçirib, Gəncəyə yola düşdü. Cavad xan ibni-Şahverdi xan Ziyad oğlu Qacar, ölkənin bütün əyanı ilə bərabər Kür çayının kənarında onu pişvaz edib qalanın qapılarını üzünə açdı. Fətəli xan da Cavad xanın əlindən çıxmış Şəmsəddinli mahalını Gürcüstan valisindən alıb ona verdi. 

Xülasə, yüksək mərtəbəli iki vali, Şəmkir yaxınlığında bir-birilə görüşdülər. Rusiya dövlətindən himayə görmək ümidilə tədbirlər gördülər. Geri qayıtdığı zaman, Fətəli xan şiddətli bir qızdırmaya tutuldu. Xəstəliyi gündən-günə şiddətləndi. Buna görə sürətlə Şirvana, buradan da Bakıya, bacısının yanına getdi. Hicri 1203-cü (=1789) ildə mart ayının 22-də, 54 yaşında ikən vəfat etdi. 

Fətəln xan tədbirli, mərhəmətli, əzmində sabitqədəm, məmləkəti idarə etmək işlərində  mahir bir adam idi. O, könülləri ələ almaq və düşməni aldatmaqda xüsusi bir məharətə malik idi. 

Hünərli bir əmir olan qaziqumuqlu Məhəmməd xan da həmin ildə vəfat etdi. Oğlu II Surxay xan onun yerinə keçdi. 

Fətəli xanın böyük oğlu Əhməd xan hökumət bayrağını yüksəltdi. Onun başında gənclik ehtirası və hökmranlıq qüruru var idi. O, ölkəni idarə etmək işlərindən bixəbərdi. Bir ildən sonra, Məhəmmədhəsən xan köhnə ədavətə görə, onun əleyhinə olaraq şirvanlılarla ittifaq bağladı. Osmanlı ölkəsindən Qarabağa gəlmiş Əsgər bəyi, Qasım bəyi və Mustafa bəyi öz yanına çağırdı. Hacı Məhəmmədəli xanın oğlu Manaf bəylə Şirvan üzərinə hərəkət etdi. Əhməd xan müqavimət göstərə bilməyib Qubaya getdi. 

Məhəmmədhəsən xan Ali-Sərkarı  elat arasında, Manaf xanı isə Ağsu şəhərində  hakim təyin etdi. Cürbəcür vasitələrlə tacirlərdən və  başqalarından çoxlu mal topladı və orada bir neçə gün qaldıqdan sonra Şəkiyə qayıtdı. Bir həftədən sonra Ali-Sərkar gəlib Ağsu şəhərini aldı, zəif təbiətli və tədbirsiz Manaf xanı öldürdü. Bunların hamısından böyük olan Əsgər xan Məhəmmədsəid xan oğlunu hökumətə oturtdular. Mustafa bəy Əlvəndə gedib Qətran səngərində oturdu. 

Hicri 1205-ci (=1791) ildə  Əhməd xan ilə bakılı II Mirzə Məhəmməd xan arasına ədavət düşdü. Əhməd xan, ona xəracgüzarlıq vədə  verən I Mirzə Məhəmməd xanın oğlu Məhəmmədqulu ağanın təhrikilə, bir dəstə qoşunu Səlyana getmək bəhanəsilə Bakıya göndərdi. Məhəmmədqulu ağa da gizlicə Bakıya gəlib, öz tərəfdarlarının köməyilə, azacıq döyüşdən sonra şəhəri aldı. Mirzə Məhəmməd xanı, Qubaya göndərdi. Məhəmmədqulu xan müstəqil olub, Əhməd xana vergi vermədi. Əhməd xan da öz gördüyü işdən peşman olub, Mirzə Məhəmməd xana kömək üçün, Bakıya bir dəstə qoşun göndərdi. Məhəmmədqulu xan naçar qalıb, Mirzə Məhəmməd xanın evində Nadir şah dövründən qalan malların talan edilməsi haqqında ölkə əhalisinə əmr verdi. Bu vəsilə ilə əhalinin çoxu Mirzə Məhəmməd xandan qorxub, Məhəmmədqulu xana tərəfdar oldu. Mirzə Məhəmməd xan naçar qalıb bir sıra mühasirə və müharibədən sonra Qubaya döndü. 

Məhəmmədhəsən xan da Manaf xanın öldürülməsi münasibətilə Ali-Sərkardan incimişdi. Əhməd xanın yanına üzr üçün bir elçi göndərdi və Şirvanın alınmasında ona kömək edəcəyini vəd etdi. Əhməd xanla Məhəmmədhəsən xan, öz qoşunları və Dağıstan ləzgilərilə gəlib, Ağsu şəhərini iki tərəfdən mühasirə etdilər. Mühasirə xeyli uzandı, istilər də şiddətləndi. Əsgər xan Məhəmmədhəsən xanın ordusundakı ləzgilər üçün, gizli olaraq, nağd və mal ilə 5.000 tümən göndərdi. Beləliklə, qoşunun arasına ayrılıq düşdü. 

Bu hadisədən bir az sonra Əhməd xan vəfat etdi. Onun Səlyanda naib olan 13 yaşlı qardaşı  Şeyx Əli ağa, hökmran olmaq üçün Qubaya gəldi. Yeddi yaşlı Həsən ağa adlı qardaşını naib adı ilə Səlyana göndərdi. 

Информация о работе A.Bakıxanov - Gülüstani-İrəm