Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат
[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar
Şamxal gəlib Dərbənddə
olduğu zaman, Avar üsmisi Əmmə xan onun ölkəsi üzərinə yürüdü.
Pəravul kəndi yaxınlığında onun tərəfdarları ilə müharibəyə
girişdi. Üsmi özü bir dəstə ilə bərabər öldürüldü, sağ
qalanlar nicatı qaçmaqda gördülər.
Nadir hicri 1148-ci (=1735)
ilin yay fəslində, İrəvan yaylağında olduğu zaman, Rusiya
dövləti elçisinə geri qayıtmağa icazə verdi. Mirzə
Kafi Nəsirini, Rusiya səfirliyinə təyin etdi, onunla bir fil və
bəzi hədiyyələr də göndərdi. Özü isə Gürcüstan işlərini
yoluna qoymaq üçün Tiflisə gəldi. Burada Krım valisinin
gəlməsi xəbərini aldı.
Bu hadisənin təfsilatı
belədir: Abdulla paşa sərəskərliyə təyin edildiyi zaman, Krım
xanı adına da sultanın fərmanı sadir oldu. Onun Dərbənd yolundan
münasib qüvvə ilə Şirvana getməsi qərara alındı. Nadir bu işdən
xəbərdardı. Şirvan bəylərbəyisi Əliqulu xanı qabaqcadan başqa
dəstələrlə Dərbəndə təyin etmişdi ki, əgər Krım xanı o
tərəflərə gəlsə, üz-üzə müharibədən çəkinsin və yalnız
özünü qorusun. Rum padişahı, sərəskər Abdulla paşa məğlub
edilib öldürüləndən sonra, öz ölkəsinin hüdudunu mühafizə
etmək fikrinə düşdü. Bu məqsədlə Gəncənin keçmiş valisi
Əli paşanı vəkil təyin etdi ki, gedib yeni sərəskərin xəbərdarlığı
ilə iki dövlət arasında əvvəlki hüdudu müəyyənləşdirsin.
Bir fərman da Krım xanına yazıb, həmin xanın saraydakı qardaşı
oğlu İslam Gəray sultan vasitəsilə sürətlə göndərdi ki, o,
İran tərəfinə hərəkət etməsin. Həmin xanın Sulaq hüduduna
gəlməsi xəbəri etişdiyi zaman İslam Gəray sultan da varid oldu.
Nadir həzrətləri İslam Gəray sultana getməyə icazə vermədi.
Əbdülbaqi xan Zəngənəni Tiflisdə durmağa məmur etdi ki, barışıq
üçün gəlməkdə olan Əli paşanı Gəncəyə aparıb, yeni fərmana
müntəzir olsun. Özü təşrini-əvvəlin (oktyabrın) 23-də Dağıstana
gedib, böyük ordusunu Qanıq çayı kənarında qoydu, Car və Tala
camaatını cəzalandırmaq üçün bir dəstə ilə oraya hərəkət
etdi. Onlar qabaqcadan, ucalığı və yolunun çətinliyi ilə məşhur
olan bir dağın təpəsində sığınaq etmişdilər. Tüfəngçilər
və cəzairçilər ətrafdan yürüşə başlayıb sığınağın bir
tərəfini aldılar. Ləzgilər dağların təpələrinə və bucaqlarına
dağıldılar, Avarıstanda avara düşdülər. Onlardan bir çoxu öldürüldü
və əsir alındı. Mal-qaraları və mənzilləri qarət edilib yandırıldı.
Nadir Şəki və Ərəş
yolu ilə Şamaxıya gəldi. Burada ikən xəbər yetişdi ki,
Krım xanı Dərbənd xaricinə gələndən sonra, Eldar Mürtəzaəli
oğlu Şamxalı Dağıstan şamxallığına təyin etmiş, Şirvan
əyalətini Surxay xana və Dərbənd hökumətini də üsmi Əhməd
xana vermişdir. Öz tərəfdarlarına da 2.500 tümən nağd və bir
para qiymətli şeylər bağışlamışdır. Surxay xan da öz oğlunu
500 ləzgi ilə həmin xanın hüzurunda qalmaq üçün təyin etmişdir.
Bu əsnada, Krım xanı Nadirin hərəkət xəbərini eşidib, sürətlə
Krıma qayıtdı.
Nadir şiddətli qış vaxtında,
dağ yolları və mənzillərini qar və buz tutmasına
baxmayaraq, Dağıstan xalqını cəzalandırmaq fikrində
idi. Bu məqsədlə Altıağac yolu ilə gedib, Dərəkəndi
mənzilinə çatdığı zaman, Dağıstan sərdarına bir fərman yazdı.
Ondan tələb etdi ki, Dərbənddən Təbərsəranın Dərə mahalına
gəlib ərzaq toplamaqla məşğul olsun. Yükləri və çadırları
oğlu Rzaqulu mirzə ilə Şabran yolu ilə göndərdi, özü isə,
bir dəstə qoşunla Buduq və Xınalıq qaçaqlarını cəzalandırmağa
getdi. Qoşundan 6.000 nəfərini Doqquzpara və Axtıpara tərəfinə
göndərdi, bir dəstəni də, Qəbir tərəfindən qaçaqların yolunu
kəsməyə təyin etdi. O tayfanı qətl-qarət etdikdən sonra, qayıdıb
Qubanın Gilyar adlı mənzilində öz ordusuna yetişdi.
Təşrini-saninin (noyabrın)
11-də Dərbənd qalasının şimal tərəfində onun
çadırları quruldu. Burada məlum oldu ki, yeni şamxal Eldar,
üsmi və Surxay Qazanış adlı yerdə toplaşıb, Xasfulad
xan Şamxalın üzərinə yürümək
Nadir ertəsi gün oradan hərəkət
edib, mənzil-bəmənzil qətl-qarət edərək, Xasfulad xan Şamxala
mənsub Kübdən kəndinə gəlib çatdı. Surxay, üsmi və
Eldar hər biri bir tərəfə qaçdı. Xasfulad xan isə, öz tərəfdarları
ilə hüzura gəldi. Nadir buradan Surxay xanı cəzalandırmaq üçün
Qaziqumuq tərəfə yola düşdü. O, kanuni-əvvəlin (dekabrın) 20-də
Qaziqumuğun üç ağaclığında olan Şərrat adlı yerə çatdı.
Surxay xan da, çoxlu cəmiyyət toplayıb, dağların təpələrini
səngər edərək, qoşun keçə bilən bir dərəni tutmuşdu. Nadir
dörd tərəfdən yürüş etməyə əmr verdi. Əvvəlcə Əfqan dəstəsi
dağın təpəsini ələ keçirdi və müharibə alovu şiddətlənməyə
başladı. O biri dəstələr də dağın ətəyindən yenicə hərəkət
etməkdə idilər ki, ləzgilər qaçmağa başladılar. Onlardan bir
çoxu diri olaraq ələ keçdi.
Vaxt olmadığından Nadir
həmin yerdə düşüb, cəzairçilər dəstəsini dağların təpəsini
mühafizə etməyə məmur etdi. Eldar, dağıstanlılar və
avarlardan mürəkkəb bir dəstə ilə Surxayın köməyinə
gəlirdi. O, cəzairçiləri Surxay xanın qoşunu zənn edərək, onların
arasına gəldi, adamlarından bir hissəsi öldürüldü və əsir
düşdü. İrəli getmək çətin idi. Nadir, Qumuq əhalisindən bir
neçə nəfərin aman istəmək üçün gəlməsilə kifayətləndi.
Ertəsi gün oradan üsmini cəzalandırmaq məqsədilə Qüreyş qalasına
tərəf hərəkət etdi.
Nadir Qaziqumuğa yürüş
etdiyi zaman, Aqquşa qazisi əhali ilə bərabər aman istəyərək
təslim olmuşdu. Sonra isə, qazi bir dəstəni gizlicə olaraq
Surxayın köməyinə göndərmişdi. Buna görə də onu cəzalandırmaq
lazım idi. Nadir bir dəstəni bu işə məmur etdi. Qazi də öz adamları
ilə döyüşə çıxaraq məğlub edildi. Onlardan bir çoxu qırıldı,
qalanları da əsir alındı. Ertəsi gün, qazi etdiyi əməldən peşman
olaraq, Nadirin dərbarına gəlib əfv istədi və onun tərəfindən
bağışlandı. Aqquşa əsirləri də azad edildilər.
Nadir Qüreyş qalası
ətrafına çatdıqda, üsmi öz qızını onun hərəmxanasına
yola saldı, mötəbər adamlardan bir neçəsini də əfv diləməyə
göndərdi və Nadir tərəfindən bağışlandı. Nadir bu qızı
qubalı Hüseynəli xan Sultan Əhməd oğluna ərə verdi. Bir müddətdən
sonra o dəli olub Qubadan Başlıda olan Əmir Həmzə üsminin evinə
getdi.
Doqquzpara ətrafının ləzgiləri
peşkəş olaraq 1000 baş at və mötəbər ailələrdən
bəzi adamları girov tərzilə Nadirə təqdim etdilər.
Təbərsəran kəndxudaları da tələb olunan ailələri vergi toplayanlarla
(mühəssillərlə) birlikdə Dərbəndə göndərib, xidmət və itaətə
hazır olduqlarını bildirdilər.
Nadir, Dağıstan işlərini
bu surətlə bitirib, Xasfulad xanı və o ölkənin
sair başçılarını ləyaqətli təltifata nail edərək, qayıtmalarına
icazə verdi. Sonra, atının cilovunu Muğan səhrasına çevirdi.
Qubanın «Həsənqala»sına gəldikdən sonra, bir neçə nəfər
yaxın adamları ilə ordudan qabağa düşüb, çətin keçidli altı
mənzillik bir yolu bir gecə-gündüzdə keçib, Ağsu qalasına yetişdi.
Buradan da kanuni-saninin (yanvarın) 13-də, Muğan səhrasındakı
ordugahına gəldi.
Qabaqcadan ölkənin hər bucağına
fərmanlar göndərilmişdi ki, hakimlər, əyan, üləma və hər
vilayətin rəisi kanuni-əvvəlin 15-də Muğan səhrasında hazır
olsunlar. Həmçinin hökm olunmuşdu ki, Kür ilə Araz çaylarının
qovşağı olan Cavad keçidi yaxınlığında, ağac və qamışdan
karvansara, məscid, hamam və ali imarətlərlə bərabər 12 min ev
tikilsin.
Vilayətlərdən gələnlərin
sayı təqribən 100.000 nəfərə yaxın
idi. Bir aydan ziyadə çəkən müşavirə və danışıqlardan sonra,
Nadir həzrətləri hicri 1148-ci (=1736) ildə, şübat (fevral) ayının
26-da İranın səltənət taxtına oturdu. Cümləsi bunun maddeyi-tarixidir.
İran üləmasının ittifaqı
ilə ümumxalq, qarşısında belə bir qərar çıxarıldı: bəzi
məsələləri dəyişdirmək və şərəfli (dini) şəraiti sabitləşdirməklə,
iki məzhəb--şiə və sünni məzhəbləri arasındakı ixtilafa nəhayət
verilib islam əhalisi arasındakı ədavət qaldırılsın. Lakin bu
məsələ dəfələrlə Osmanlı dərbarına təqdim edildisə də qəbul
olunmadı.
Nadir şah mülki işlərdə
yeni təyinlər icra etdi, öz qardaşı İbrahim xanı, Qaplankuh
hüdudundan başlayaraq Arpa çayına, Dağıstan və Gürcüstanın
axırına qədər hökmran təyin etdi. Bu vilayətlərin bütün
hakimlərini və əmirlərini onun ixtiyarına verdi. Zənburəkçi
xorasanlı yüzbaşı Mehdi bəyi də, xanlıq və əmirülüməralıq
ləqəbi ilə Şirvan əyalətinə təyin etdi.
Bir il sonra, hicri 1149-cu
( = 1737) ildə, Şirvan bəylərbəyisi Mehdi xan, bir para işləri
yoluna qoymaq üçün Dərbəndə getmişdi. Dərbənd hakimi Ustacallı
Muradəli sultanın, keçmişdə onunla ədavəti olduğundan, əhalini
həyəcana gətirib onu öldürtdü. Bu işdə iştirak edənlərdən
bir parası gedib Əhməd xan üsmiyə pənah apardı, bəzisi də Dərbəndin
Narınqalasına çəkildi. Dərbəndin bu işdə iştirak etməmiş
qalan əhalisi isə, Narınqalaya çəkilən adamları, hücum edib,
öldürdülər, Muradəli sultanı da həbsə alıb şahın dərbarına
göndərdilər. O, dərbara gətirilən kimi cəzasına çatdı. Şah
tərəfindən Sərdar bəy Qırxlı, xanlıq ləqəbilə Şirvan əyalətinə,
Nəcəf sultan Qaraçorlu isə, Dərbənd hökumətinə təyin edildi
və cəzairçilərdən bir dəstə ilə Dərbənd işlərini intizama
salmaq üçün oraya getdi.
Şah, üsmi Əhməd xana pənah
aparmış olan Dərbənd qaçqınlarının həbsə alınıb Sərdar
xana göndərilməsi haqqında bir fərman verdi. Üsmi, fərmana əməl
edərək, o dəstənin hamısını sair bir neçə şərir adamlarla
bərabər öldürdü. Sərdar xan dərbəndlilərdən bir qismini köçürüb
yeni Ağsu şəhərinə göndərdi. Sorsor tayfasını Şirvandan gətirib,
Dərbənd qalasında onların yerində oturtdu.
Hicri 1151-ci ( = 1739) ildə,
Nadir şah Hindistan səfərində olduğu zaman, Car və Tala
ləzgiləri yerlərinin möhkəmliyinə güvənərək üsyan
etdilər. Zəhirüddövlə İbrahim xan onları cəzalandırmağa
getdi. O, əvvəlcə qalib gəldi, lakin o tayfanın dağ başında
səngərlərdə pusquda duran dəstəsi, ətrafdan hücuma keçdi. İbrahim
xanın qoşununu məğlub etdilər və onlardan bir çoxunu öldürdülər.
İbrahim xanın özü də, tüfəng gülləsi ilə öldürüldü. Bu
xəbər Pişavərdə Nadirə yetişdi. O, Əmiraslan xan Qırxlını
Azərbaycan əyalətinə və Gürcüstan sərdarı Səfi xan Bəqayirini
də Azərbaycan sərdarlığına təyin etdi. Əmr verdi ki, özü gələnə
qədər həmin tayfanı o tərəfin qoşunları ilə lazımınca cəzalandırıb,
nahiyələri mühafizə etsinlər.
Nadir şah Hindistanı
fəth etdikdən sonra, Əfqanistana gəldi. Hicri 1152-ci
(=1740) ildə, Nadirabaddan Qəni xan Abdallını, öz tayfası ilə
Türküstan səfərindən azad edib Şirvana göndərdi.
Ona tapşırdı ki, qış zamanı, Əlbürz
dağlarının gediş-gəliş yolları bağlandığı bir zamanda,
Car və Tala camaatını cəzalandırsın,
Kosaəhmədli Fətəli xanı və Azərbaycanın yeni sərdarı
Qırxlı Məhəmmədəli xanı da bir dəstə hakim və 15 min
Xorasan qoşunu ilə bu işə təyin etdi. Gürcüstan hakimlərini
də bunlara qoşdu. Göndərilmiş olan bu qüvvə, hicri 1153-cü (=1741)
ildə, şübat (fevral) ayının 23-də,
Qanıq çayı kənarına yetişdi. Ləzgilər də Car, Gavıx və Ağzıbir
adlı üç yeri möhkəmləndirdilər. Əvvəlcə döyüşə birinci
səngər olan Carda başladılar. Burada müqavimət göstərə bilməyib,
Gavıxa çəkildilər. Bir neçə günlük şiddətli və arası kəsilməyən
böyük müharibədən sonra ləzgilər
üçüncü səngərə çəkilib döyüşə başladılar. Bu yer ağaclıq,
meşəlik və uca bir dağ üzərində olub ancaq bir yolu
vardı.
Abdallı igidləri könüllü olaraq, qoşunun ön dəstəsində
gedirdilər. Səhərdən axşama
qədər şiddətli döyüş davam etdi. Hər iki tərəfdən bir
çox adam tələf oldu. Ləzgilər daş yumbaladıb, tüfəng atmaqla
özlərini müdafiə edirdilər, ancaq bundan bir fayda hasil olmadı.
Abdallılar gecə yarısına qədər, həmin dağa qalxıb, 100 nəfər
tələfat verməklə, o səngəri də tutdular. Şimal tərəfdən qaçmaq
yolu ləzgilərin üzünə bağlanmışdı. Onların bir hissəsi başlarıni
itirib, özlərini dağdan ataraq həlak oldular, qalanları da qılıncdan
keçirildi və ya əsir edildi, yalnız bir neçə nəfəri çıxıb
qaça bildi. Onların bütün yurdları və məskənləri talan və
təxrib edildi. Əhl və əyalları ilə dağın təpə və dərəsindən
qaçmaqda olan camaat, Samur çayının kənarındakı Kəsruxi adlı
yerə qədər təqib edildi. Onların bir qismini öldürdülər, qalanlarını
da köç-külfətlərilə əsir aldılar. Bu nahiyədə abadlıqdan
bir əsər və nişanə qalmadı. Dağdan qayıtdıqda, şiddətli tufan
nəticəsində qoşundan iki yüz nəfəri məhv və tələf oldu.
Hicri 1154-cü (=1742) ilin baharında, Nadirin qoşunu Buxara və Xarəzmi fəth etdikdən sonra, Dağıstana gəlirdi. Mazandaranın Səvadkuh adlı yerində, Övlad qalası yaxınlığındı, bir ağac dalından ona tüfəng atıldı. Güllə sol əlinin baş barmağını yaraladı.
Zübdətüttəvarix sahibi
münşi Mirzə Əbdülkərimin yazdığına görə, təhqiqat nəticəsində
məlum oldu ki, bu işdə onun böyük oğlu Rzaqulu mirzə taqsırkardır.
Nadir Hindistan səfərinə getdiyi zaman, Rzaqulu mirzə İranda naib
idi. O, şəxsi mülahizəsinə əsasən, Mirzə Məhəmməd Hüseyn
Qacarı göndərib, Səbzvarda yaşamaqda olan taxtdan salınmış Şah
Təhmasibi öldürtdü. Buna görə o, atası tərəfindən məzəmmət
edilib, böyük işlərdən kənar edildi. Rzaqulu mirzə öz gəncliyinə
qürrələnib, Tayəmnili Nikqədəm adlı qulamı bu işə (atasını
öldürməyə) vadar etdi. Nadir şah atalıq şəfqətini tapdalayıb,
şahzadəni kor etdirdi və özünün dövlət çırağını söndürdü.
Bundan sonra, Nadir şah hamıdan bədgüman olub, məmləkəti idarə
etmək işlərində məsləkini dəyişdi.
Nadir şah, yazın əvvəllərində
Qaracadağ və Bərdə yolu ilə Qəbələyə gəldi,
buradan da Şah dağı yolu ilə Qaziqumuğa getdi. Bu səfər əsnasında,
o hüdudda yaşayan ləzgi tayfalarının bütün rəisləri və sərkərdələri
hüzura gəldilər. Təslim və itaət məqsədilə qoşuna lazım olan
şeyləri tədarük etməyə başladılar. Nadir təmüz (iyul) ayının
2-də, Qaziqumuğa gəldi və bir ay burada qaldı. Xasfulad xan, Surxay
xan, Əhməd xan üsmi, Dağıstan əhalisi və başçılarından bir
dəstə hüzura gəlib, qiymətli xələt, at və qızıl şeylərlə
təltif edildilər.
Nadir aqustos (avqust) ayının
əvvəllərində, Avar üsyançılarını cəzalandırmağa getdi. Onların
məskənləri Dağıstanın qurtaracağında, dağların ən çətin
yerlərində idi. Əndələl nahiyəsində, Çux kəndi yaxınlığında,
şiddətli döyüş vaqe oldu. Bir nəticə hasil olmayıb, çox adam
qırıldı. Payız vaxtı yetişmiş olduğundan, dağlarda gediş-gəliş
də çətinləşmişdi. Buna görə, oradan Dərbəndə hərəkət etdi.
Surxay xanı da, köç-külfətilə bərabər öz yanınca buraya gətirdi.
Hərəkət etdiyi zaman, üsmi
Əhməd xanı bir dəstə qoşunla Qaziqumuqdan Qaraqaytağa
göndərdi ki, gedib Qaraqaytaq qulluqçularının mülazim və ailələrini
Dərbəndə gətirsin. Çıraq ətrafında belə bir xəbər çatdı
ki, Hapqay dərəsində, Başlıdan iki ağac yuxarıda, üsminin özünün
təşviqilə, Qaytaq əhalisindən bir dəstə qoşunun üzərinə tökülmüşdür.
Bir çoxunu öldürərək, avadanlıq və heyvanlarını soymuşlar.
Buna görə Nadir şah üsyançıları cəzalandırmağı və Dağıstan
işlərini yoluna qoymağı qət etdi. Tiflis hüdudundan başlayaraq,
ta Təbriz və Ərdəbil hüduduna qədər müxtəlif yerlərə adamlar
təyin etdi ki, ordu üçün azuqə toplayıb göndərsinlər.
Nadir şah təşrini-əvvəlin
(oktyabrın) 1-də Dərbəndə gəldi və ayın 9-da
Qaraqaytaq mahalına hərəkət etdi. Dərbənddən başlayaraq Şamxal
vilayəti sərhəddinə qədər hər yerdə bir-birindən
2-3 ağac aralı, möhkəm qalalar tikdirdi. Qaytaq ləzgilərini düzə
buraxmamaq üçün qalalarda əsgəri qüvvələr qoydu. Təşrini-saninin
(noyabrın) 4-də, Dərbəndin üç ağaclığında, şimal tərəfdə
qışlaq üçün sulu və ələfli bir yer seçdi. Hərəmxananı, yükləri
və çadırları Dərbənddən buraya köçürdü. Burada ağac və
qamışdan evlər tikdirib sakin oldular. Bu yer o vaxtdan etibarən
İrani-xərab deyə adlanır, çünki İran qoşunu burada çox çətinliklərə
düçar olmuşdu. Ətrafdakı ləzgilər, xususilə qaraqaytaqlılar,
ordunun xaricində və daxilində oğurluq və qarətlə məşğul olub,
gediş-gəlişə və ləvazimat tədarükünə mane olurdular. Nadir
şah bahar fəslində, mayis (may) ayının 17-də, əvvəlcə Təbərsəran
əhalisini cəzalandırmağa başladı. Əlindən gəldiyi qədər,
yurdlarını yandırıb qarət etdi və əkinlərini dağıtdı. Bundan
sonra, Dağıstanın sair mahallarında sığınaq və məskənləri
almaqla məşğul oldu. Nadirin qoşunları, qurdun sürüyə və selin
binalara tutduğu toyu onlara tutdu.
Şamxal və Surxay xan çox
vaxt Nadirin yanında idilər. Üsmi Qüreyş qalasında gizlənmişdi.
Dağ başında olan bu qalanın ətrafı meşəlik və ağaclıq
olub, keçilməz dar bir yolu var idi. Nadirin ordusu onun üzərinə
yürüş etdi. Şiddətli hücumdan və üç gün davam edən qanlı
müharibədən sonra, üsmi Avarıstana qaçdı. Qaladakılar və Qaraqaytaq
əhalisi də təslim olub aman istədilər. Daş və kərpicdən tikilmiş
bu möhkəm qala (Qüreyş qalası), yer ilə yeksan edildi. Məhəmmədəli
xan Qırxlını Dərbənd hakimi təyin edib, qoşunun bir hissəsini
də onun ixtiyarına verdi.
Nadir hicri 1155-ci ( = 1743)
ildə, kanuni-sani (yanvar) ayının 28-də Muğana tərəf yola düşdü.
Bu zaman qar, yağışın və palçığın çoxluğundan və yük heyvanlarının
azlığından qoşunun çətin vəziyyəti bir dərəcəyə çatmışdı
ki, Dərbənddən Kür çayı kənarına qədər olan məsafə 40 mənzil
olmuşdu. Nadir burada Heydər bəy Əfşarı xanlıq ləqəbilə Şirvana
hakim təyin edib, özü Rum hüduduna
getdi.
Bu zaman, keçmişdə
Azərbaycan hüdudunda özünü Şah Sultan Hüseynin oğluyam
deyə qələmə verən, əsl-nəsəbi naməlum Sam adlı
bir nəfər ortaya çıxdı. Azərbaycanda hökmranlıq etməkdə olan
İbrahim xan, onu tutaraq burnunu siyirib buraxdı. O da Dağıstana
getdi. İtaətsizlik göstərərək, Avarıstana qaçmış olan Surxay
xanın oğlu Məhəmməd burnukəsik Samı əldə bəhanə edərək,
başına bir qədər cəmiyyət topladı. Təbərsəran və Dərbənd
əhalisini təhrik edərək, Şirvan əhalisilə danışığa və məktublaşmağa
başladı. Məhəmmədəli xan əhvalatı Nadirin dərbarına bildirincə,
Heydər xan onun köməyinə göndərildi. Dağıstan və Dərbənd
əhalisinin vəziyyəti şirvanlılara da təsir etmişdi. Heydər xanı
Şabran ilə Şamaxı arasında tutub həbs və bir neçə gündən
sonra öldürüb mallarını qarət etdilər.
Onların dəvətinə görə,
Surxay xanın oğlu Məhəmməd xan, Sam mirzə ilə gəlib,
Şabran qalasını mühasirə etdi (bu qalanın hasarlarından
bəzisi çayın sol kənarında indi də qalır). O, lağım vasitəsilə,
bu gün də asarı görünməkdə olan qala hasarının bir hissəsini
dağıtdı. Beləliklə, qalanı alıb Ustacallı Abdal xanı tərəfdarları
ilə bərabər öldürdü. Məhəmməd xan, Abdal xanın qızını aldı
və ondan II Surxay xan doğuldu. Məhəmməd xan buradan gedib, Şirvanın
mərkəzi olan Ağsu şəhərini aldı, Şabran və Təbərsəran əhalisi
də, istər-istəməz ona təslim oldu.
Bu zaman, Dərbənd nahiyəsindəki
Qəbir qalasının mühafizəsinə təyin edilən muğanlı
bir dəstə, yoldaşları olan bir dəstə əfşarı
öldürdülər və qalanı ləzgilərin ixtiyarına verib, özləri
Məhəmməd və Sama qoşuldular. Məhəmmədəli xan bu hadisədən
sonra, Dərbəndin rəis və şərirlərindən və onların muğanlı
yoldaşlarından bəzisini öldürdü, digərlərini də kor edərək
Muğana göndərdi, çünki o, muğanlıların fəsad salmasından şübhələnməkdə
idi. Özü isə, Dərbəndin qala və burclarını möhkəmləndirməklə
məşğul oldu.
İrəvanda olan Azərbaycan sərdarı Aşur xan Əfşar, bu xəbəri eşidincə başındakı cəmiyyətlə Şirvana yürüş etdi. O, Gəncə bəylərbəyisi Camışgəzək Hacı xanla bərəbər Kür sahilində körpü saldırmaqda idi. Nadir şah tərəfindən Kərim xan Əfşar Muğana məmur edildi, bir dəstə qoşun da Aşur xanın köməyinə göndərildi. Onun ardınca, Şahzadə Nəsrulla mirzə və Fətəli xan Əfşar 15 min qoşunla Şirvana yürüş etdilər. Əmr mucaibincə, Fətəli xanı qabaqca göndərdi ki, Aşur xana qoşulsun. Hicri 1155-ci ( = 1743) ildə, kanuni-əvvəlin (dekabrın) 24-də, Məhəmməd və Sam, ləzgilər və şirvanlılardan mürəkkəb külli cəmiyyətlə, Şah bağı yuxarısındakı dağın təpəsindən aşağı
enib, döyüşə hazırlandılar: Fətəli xan və Aşur xan da
buraya çatıb müharibəyə
başladılar və qalib gəldilər. Bayraq və naqaraxanaları
ilə bərabər 1000 nəfərdən artıq əsir ələ keçirildi.
Bu müharibədə Surxay xanın oğlu Məhəmməd yaralandı
və sağ qalanlarla bərabər Dağıstana qaçdı. Sam da,
azacıq bir dəstə ilə Gürcüstana getdi. Xanlar Ağsu qalasını
mühasirə edərək, bir neçə gündə aldılar. Qalanı mühafizə
etməyə təyin olunan ləzgilərin bir çoxunu əsir tutub şəhəri
qarət etdilər. Bu hadisə indi də «Allahdad» adı ilə məşhurdur.
Bundan bir az sonra, Nadir
şah Rum hüdudundan qayıdıb, Bərdə ətrafında ələfli və
sulu bir yer seçərək, Qışlaq yeri təyin etdi. Burada ağac və
qamışdan neçə min ev və ali imarətlər saldırıb yerləşdi.
Qışın şiddətli olmasına baxmayaraq, kanuni-saninin (yanvarın)
11-də, subay əsgərlərdən bir dəstə ilə Dağıstana hərəkət
etdi. Cavad körpüsündən keçərək, hər yerdə iki mənzili bir
etməklə, sürətlə irəlilədi. Kanuni-saninin (yanvarın) 24-də,
Dərbənddən keçib, qoşunu 4 dəstəyə böldü. Buralarda tam xatircəmliklə
sakin olan bütün tayfalar, belə bir fəsildə onun buraya gəlib
çıxmasını təsəvvür etmirdilər. Nadir şah bu tayfaların hamısını
qarət edib, saysız-hesabsız qaramal və qoyun ələ keçirdi. 3-4
gün çalınıb-çapıldıqdan sonra Dağıstanın rəisləri və qoşun
başçıları Nadir şahın hüzuruna gəlib, onun nəvaziş və ehsanına
nail oldular.