Автор работы: Пользователь скрыл имя, 05 Мая 2012 в 23:27, реферат
[İstinad: Burada və başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə əlavə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə maildir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökümsüz və zülmsüz elə bir hökmrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollar
Əsgər xanın hökmranlığından
6 ay keçmişdi. Təbiətindəki süstlüyə görə, Şirvan əyanı
ondan üz çevirib qardaşı Qasım bəyin hökumət başına keçməsində
ittifaq etdilər. Əsgər xan bir müddət dustaq olub, sonra Şəkiyə
qaçdı. Qasım xan, Mustafa bəyin səngərinə hücum etmək üçün
Əlvəndə getdisə də məğlub olub geri qayıtdı. O, əhəmiyyətsiz
şeylərə çox fikir verirdi. Verdiyi hökmdə aşağı təbəqələr
ilə yuxarı sinif arasında təfavüt qoymurdu. Bu cəhətdən, şirvanlılar
ondan incimişdilər, o da Şirvan əhlini özünə bədxah sayırdı.
Qasım xan hədiyyə və sovqat göndərərək, Məhəmməd şamxalın
oğlu Şahbaz bəyi bir dəstə ləzgi ilə gətirdib, xalqa müsəllət
etdi. O bu hərəkətilə hökuməti əldə saxlamaq və ölkənin asayişini
mühafizə etmək fikrində idi.
Nəhayət, hicri 1206-cı
( = 1792) ildə, Şirvan əyanının və xüsusilə Yüzbaşı
bəy Hövzi və Ömər Sədarinin təklifilə, Mustafa bəy
Əlvənddən gəlib şəhərdə hökumət bayrağını yüksəltdi.
Qasım xan isə, öz tərəfdarlarından bir dəstə ilə Qəbələ
yolundan Qubaya getdi.
Həmin ildə Ustar xan
üsmi vəfat etdi. Əli bəy Əmir Həmzə oğlu üsmi oldu.
Səxavətli, lakin bərk ürəkli bir əmir olan bakılı Məhəmmədqulu
xan da vəfat etdi. Qardaşı oğlu Hüseynqulu ağa Hacı Əliqulu
ağa oğlu, bir neçə bəyin dayısı oğlu və damadı Qasım bəy
Mənsurxan bəy oğlunun və sair tərəfdarlarının səyilə hökumət
başına keçdi. Mirzə Məhəmməd xan, Quba qoşunu ilə yenə Bakı
üzərinə gəldi. Hüseynqulu xan şəhərdə, Mirzə Məhəmməd xan
isə kəndlərdə gah müharibə, gah da sülh edib, ölkəni və mədənləri
öz aralarında bölüşdürürdülər.
Bu zaman, Mustafa xan Göyçayın
kənarına və Surxay xan da Xaçmaza gəlib, Qəbələnin üç
mahalını üsyana qaldırdılar. Ərəşli Şəhabəddin sultan
da qarabağlılardan bir dəstə gətirdib, Məhəmmədhəsən xanın
əleyhinə qalxdı. Lakin Məhəmmədhəsən xan özünü igidcəsinə
müdafiə edərək Surxay xanı, Mustafa xanı və qarabağlıları
tədricən geri qayıtmağa məcbur etdi. Gözəl tədbirlərlə ölkəni
aram etməklə məşğul oldu.
Şəhabəddin sultan, qalanın möhkəmliyinə və qonşu əmirlərin himayəsinə arxalanaraq düşmənçilikdə inad edir, Ərəş və Ağdaş mahallarını rahat qoymurdu. Məhəmmədhəsən xan bir neçə dəfə onun üstünə yeridi, ancaq qalib gələ bilmədi. Axırda, Şəhabəddin sultan təslim olmaq və Məkkəyə getmək arzusu ilə, Məhəmmədhəsən xanın yanına gəldi. Övlad və əqrabasından bir çoxu ilə bərabər öldürüldü.
Hicri 1208-ci ( = 1794) ildə,
Məhəmmədhəsən xan və Şeyx Əli xan, Qasım xana yardım
üçün Ağsu şəhəri üzərinə gəldilər. Bir neçə aylıq
mühasirədən sonra, bir gün güclü yağış və şiddətli seldən
çadırlar xəsarətə uğradı. Ordunun vəziyyəti xarablaşdı. Mühasirədəkilər
Sədari Ömər sultanın sərkərdəliyi ilə hücuma keçib, mühasirə
edənləri məğlub etdilər. Şeyx Əli xan və Məhəmmədhəsən
xan öz mülklərinə qayıtdılar. Qasım xan da Quba ilə Şəki arasında
olan Qaraburqa dağında özünə oturaq seçdi.
Hicri 1209-cu (=1795) ildə,
cəsarətli və saf qəlbli üsmi Əli bəy vəfat etdi. Mamay
ləqəbilə məşhur olan Rüstəm xan ibni-Sultan ibni-Xan Məhəmməd
ibni-Əhməd xan üsmi əmirliyə oturdu. II Mirzə Məhəmməd xan,
arif və dinclik sevən bir əmir olduğundan, çox vaxt mülki işlərlə
məşğul olmurdu. Hüseynqulu xan bundan istifadə edərək bir gecə
Şirvan qoşununun köməyilə gizlicə gəlib, neft mədəni olan Bəlxanı
qalasını aldı. Bura o zaman Mirzə Məhəmməd xanın hökumət mərkəzi
idi. Keçmişdə buraya Əməlyan da deyərdilər. Mirzə Məhəmməd
xan yenə Qubaya getdi.
Cənubi Qafqaz ölkələri
iğtişaş və inqilab məhəlli olmuşdu. Belə qarışıq
bir zamanda, İran ölkəsinin hökmranlığı şövkətli Qacar sülaləsinə
keçdi. Ağa Məhəmməd xan bu ölkəni almağa hərəkət etdi...
Əbdürrəzzaq bəy Məasiri-sultaniyyə[İstinad:
Məasiri-sultaniyyə--qacar tarixi haqqında yazılmış ilk əsərlərdən
biridir. Müəllifi Əbdürrəzzaq bəy ibni-Nəcəfquludur. «Məasiri-sultaniyyə»
mətbəə üsulilə İranda çıxan birinci kitablardan olub, hicri
1241-ci (=1825/26) ildə Təbrizdə çap olunmuşdur.] adlı əsərində
deyir: Abaqa xanın əmrilə bu tayfanın rəislərindən Sərtaq adlı
bir nəfər, Arqun xana ətabəy təyin edilib, Xorasan və Təbəristanda
əmirülüməra olmuşdu. Onun Qacar adlı bir oğlu vardı, bu tayfanın
çoxu onun nəslindəndir. Onlardan (qacarlardan) bir çoxu da zaman
keçdikcə Rum və Şam vilayətlərinə getmişlər. Əmir Teymur onlardan
50.000 ailəni gətirib İrəvan, Gəncə və Qarabağ nahiyələrində
yerləşdirdi. Onlar gündən-günə artıb, cah və calal sahibi oldular.
Qacar əmirlərindən bir çoxu da Səfəvilər dövründə etibarlı
hökumət adamları olub, Ermənistan və Şirvanda yüksək iqtidara
malik idilər. İrəvan hakimləri həmin nəsildən olmuşdur. Gəncə
və Qarabağ hakimləri də Ziyad oğlu ləqəbilə, Xudafərin körpüsündən
başlayaraq Sınıq körpüdən yuxarı olan Şülaver kəndinə qədər
hökmranlıq edirdilər. Bunlar, Muğanın böyük şurasında Nadir
şahın səltənətinə razılıq verməyib, Səfəviyyə dövlətinin
bərqərar olmasını tələb edirdilər. Buna görə, Nadir şah İran
səltənəti taxtına oturunca, onların əzəmət və iqtidarını
qırmaq istəyərək, Qarabağ əhalisinin bir çoxunu Xorasana köçürdü.
Bərgüşat və Xəmsə məliklərini onların ixtiyarından çıxarıb,
Azərbaycan sərdarına tapşırdı... Qazax və Bozçalı mahalı əhalisini
Gürcüstan valisinin ixtiyarına verdi. Bu səbəblə həmin xanlar
çox zəif düşüb, ancaq Gəncə ətrafının hökmranlığı ilə
kifayətlənirdilər.
Hicri 1218-ci (=1804) ildə,
Rusiya sərdarı knyaz Sisiyanov hücum ilə Gəncəni aldı...
İrəvan, Gəncə və Qarabağ əhalisi və əmirlərinin çoxu, qacar
nəslindən olduğu üçün, onlar çox vaxt Şirvan ölkəsində sakin
və hökmran olmuşlar. Buna görə, Dağıstan əhalisi bu hüdud sakinlərinə
indi də qacar deyirlər.
I Şah Abbas Səfəvi 30.000
qacar ailəsini buradan köçürdüb, Xorasanın Mərv nahiyəsində
və Astarabadın Mübarəkabad qalası ətrafında yerləşdirdi. İranda
hökumət sürən indiki şahların sülaləsi Astarabad qacarları
nəslindəndir. Doğrudur, Məasiri-sultaniyyə müəllifi bu sülaləni
Astarabadın qədim qacar sakinlərindən sayır, lakin bunların babalarının
Gəncə Şəmkiri ətrafında olmaları xalq arasında məşhurdur.
Şəmkir şəhəri xarabalarının aşağı tərəfində, çayın sol
sahilində, onların yurdları, ev və səkilərinin yeri Mehdibəyli
adı ilə indi də görünməkdədir.
Bu sülalədən olan Fətəli
xan, Şah Təhmasibin yanında çox cah və calala, əzəmət və
iqtidara malik idi. Nadir şah, Şah Təhmasibə yaxınlaşınca,
şahın məzacını ondan çevirdi. Hətta hicri 1139-cu (=1726)
ildə onun işini bitirdi. Onun iki oğlu qaldı. Biri Məhəmmədhəsən
xan idi. Nadir şah dövründə Astarabad nahiyələrində üsyan qaldırıb
məğlub oldu və türkmən çöllərində dolanmağa başladı. O,
Nadir şah öldürüləndən sonra gəlib Təbəristan, İraq və Azərbaycanı
aldı, sərdarlıq ləqəbilə sikkə və xütbə sahibi oldu, Azad
xan və Kərim xan Vəkil ilə müharibə etdi. Axırda, hicri 1178-ci
(=1759) ildə, öz nökərlərinin əlində öldürüldü. Kiçik qardaşı
Məhəmmədhüseyn xandan iki oğlan qalmışdı: biri Ağa Məhəmməd
xan, o biri Hüseynqulu xan. Kərim xan Vəkil, girov adı ilə bunları
həmişə öz yanında saxlayırdı. Bu böyük əmirin vəfatından
sonra, Ağa Məhəmməd xan Astarabada gedib, gündən-günə cah-calalını
və səltənət büsatını artırdı. Zəndiyyəyə qalib gəlib, tədricən
İraq, Təbəristan, Gilan və Azərbaycan ölkələrini fəth etdi.
Hicri 1209-cu (=1795) ildə Qarabağı fəth etmək məqsədilə Xudafərin
körpüsünü təmir edib, Pənahabad (Şuşa qalası) üzərinə yürüş
etdi. İbrahim xan İran qoşununun bu tərəfə keçməsinə yol verməmək
üçün bu körpünü xarab etmişdi. Ağa Məhəmməd xan Topxana mənzilində
yerləşib, qalanı mühasirə etməyə başladı. Təqribən bir aydan
sonra Gürcüstana hərəkət etdi. Qətl və qarətdən və Tiflis
şəhərini xarab etdikdən sonra, qayıdıb Muğanın Çehilnam adlı
yerində qışladı. Şirvan, Bakı, Şəki, Quba və Dərbənd hakimləri
ərizə və hədiyyələr göndərib sədaqət izhar etdilər. Şəki
hakimi Məhəmmədhəsən xan Hüseyn xan oğlu, Ağası xanın oğlu
Mustafa xanın əleyhinə təbliğat aparmaq üçün, öz inanılmış
adamı, Hacı Seyid bəy adlı bir nəfəri, Ağa Məhəmməd xanın
hüzuruna göndərdi. Lakin o, Məhəmmədhəsən xanın özündən
şeytanlıq etdi. Sərdar olan Qacar Mustafa xan Dəvəli, Mustafa xanı
cəzalandırmaq üçün təyin olundu. Məhəmmədhəsən xan da Şəki
qoşunu ilə zahirdə onun köməyinə təyin edildi.
Şirvanlı Mustafa xan, Xançobanı
tayfasını toplayıb, Ağsu şəhərini Fit dağına köçürməyə
əmr verdi. Yaşayış vəsaitinin azlığından və soyuğun şiddətindən
əhalinin bir çoxu fəlakət və zillətə məruz qaldı, bir çoxu
da Qubaya və Dərbəndə dağıldı. Sərdar gəlib şəhərdə qalan
malları qarət etdi. Bundan sonra o, Ağdaş mahalına, buradan da
Xaçmaz mahalına gəlib, Tərkəş kəndində dayandı, Məhəmmədhüseyn
xanın qardaşı Səlim ağa bu hadisədən 8 ay qabaq Cara qaçmışdı.
O, Car və Avar qoşunu ilə Əliskəndər Hüzzatinin sərkərdəliyi
ilə Şəkini almağa hərəkət etdi. Məhəmmədhəsən xanı məğlub
edib, şəhəri Gələsən-Görəsən adlanan yerə köçürdü.
Məhəmmədhəsən xanın yeddi oğlunu öldürtdü. Bunlardan biri
qubalı Fətəli xanın bacısı oğlu idi. Öz bacısını qarabağlı
İbrahim xana verib, onun qızını da özü üçün aldı. Məhəmmədhəsən
xan yardım almaq ümidilə, sərdarın yanına gəldi. Sərdar, əksinə
olaraq, Məhəmmədhəsən xanın gözlərini çıxardıb, dustaq olaraq
Təbrizə göndərdi, çünki qabaqcadan Ağa Məhəmməd xan Şəki
əhalisinin şikayətinə və Hacı Seyid bəyin böhtan və iftirasına
görə, Məhəmmədhəsən xanı kor etmək xüsusunda ona fərman göndərmişdi.
Bu hadisədən xəbər tutmaq üçün Ağa Məhəmməd xan onu öz yanına
çağırdı. O da, 200 və ya 300 nəfərlə orduya gedərkən, bir
dəstə şirvanlıya rast gəldi. Sərdar döyüşdə öldürüldü.
Bu zaman, rus qoşununun gəlməsi
xəbəri alındı. Quba, Səlyan və Dərbənd hakimi Şeyx Əli xan,
dərbəndli Xızır bəy Hacı bəy oğlu Qorçunu göndərib, Ağa
Məhəmməd xandan kömək istədi. Lakin onun qoşunu azuqə azlığı,
heyvanların qırılması və qışın şiddətindən çox pərişan
bir halda idi. Həm də, ola bilsin ki, bəzi mülahizələrə görə
ruslarla müharibə etmək istəmirdi. Buna görə o, Xorasanı almaq
məqsədilə Tehrana hərəkət etdi. Rus qoşunu da Şirvana daxil
oldu.
Bu hadisənin təfsilatı belədir: Nadir şah ilə sülh bağladıqdan sonra, Rusiya ilə İran dövlətləri arasında həmişə dostluq əlaqəsi vardı. Rus imperatoriçəsi Anna İvanovna, hicri 1152-ci (=1740) ildə təşrini-əvvəlin (oktyabrın) 17-də vəfat etdi. Sonra Böyük Pyotrun qardaşının qız nəvəsi III İvan iki aylıq uşaq ikən səltənətə təyin edildi. Anası Anna, oğlunun əvəzində dövlət işlərini idarə etməyə başladı. 7 ay keçəndən sonra, Böyük Pyotrun qızı Yelizaveta ona qarşı üsyan qaldırıb, xas bölüklərin köməyilə taxta oturdu. Anna oğlu və əri ilə bərabər həbsə alındı. Yelizaveta 20 ildən artıq ölkənin abadlığına və millətin asayişinə çalışıb, Rusiya padişahı oldu. Hicri 1174-cü ( = 1761) ildə kanuni-əvvəlin 25-də vəfat etdi. Vəliəhdi, Böyük Pyotrun qızı Annadan olan III Pyotr taxta oturdu. 6 aydan sonra onun arvadı II Yekaterina padişahlığa keçdi. O, ölkənin mülki vəziyyətini və qanunlarını aqilanə bir tərzdə möhkəmləndirdi. Sülh və müharibə işlərini nizama salmaqla, öz dövlətinin əzəmət və iqtidarını artırdı.
Qafqazın cənub tərəflərində
asayişi bərpa etmiş olan Fətəli xan öləndən sonra, hər
bir işdə iğtişaş əmələ gəldi. Bu zaman, İranda yüksək bir
iqtidara malik olan Ağa Məhəmməd xan Qacar, bu ölkəni tutmaq fikrinə
düşdü. Gürcüstana girib, qətl-qarətə başladı.
Hicri 1210-cu (=1796) ildə,
imperatoriçə İran ilə müharibəyə başladı. Qraf
Zubovun baş komandası altında güclü bir qoşun göndərdi. General-mayor
Sobolev, itaət edib, yanına gəlmiş olan Məhəmməd xan şamxal,
Rüstəm xan üsmi və Təbərsəran qadisi Rüstəm ilə bərabər
Dərbəndin 8 ağaclığına gəldi. Keçən il Rusiya dövlətinə
ixlas göstərmək mərasimini təzələmiş olan Şeyx Əli xandan
tabe olmağı tələb etdi. O isə, gözlənilmədiyi halda müxalifət
göstərdi. General həmin il şübatın (fevralın) 11-də Dərbəndin
xaricinə çatıb, şimal tərəfdən mühasirəyə başladı.
Bundan bir zaman keçəndən
sonra Şeyx Əli xan, Kürə və Qaziqumuq hakimi Surxay xan, süvari
və piyada olaraq, 20 min qoşun hazırlayıb, rus ordusuna hücum etmək
istədilər. General, mühasirəni faydasız görüb, neysanın (aprelin)
ikinci gecəsi qayıdaraq, Dərvaq çayı kənarında yerləşdi. Neysanın
(aprelin) axırında, rus sərdarı Qraf Zubov külli qoşunla Dərvaq
çayı kənarına yetişdi. Ertəsi gün Dərbənd üzərinə hərəkət
etdi. Quba və Dərbənd süvariləri şəhərin bir ağaclığında
kazaklarla müharibəyə girişdilər, məğlub olub geri qayıtdılar.
Şəhər dərvazalarını bağlayıb, qalanı, müdafiə etməyə başladılar.
Təbərsəran qadisi Rüstəm, general-mayor Bulqakovu 10 min qoşunla
Təbərsəranın ortasından, Dərvaq dərəsindən və bərk meşəlik
yollardan keçirmişdi. O, mayısın (mayın) 3-də Dərbəndin cənub
tərəfində göründü. Şimal tərəfində də Şeyx Əli xanın tikdirdiyi
böyük burc hücumla alındı. Burada dərbəndlilərdən bir çoxu
öldürüldü və yerdə qalanları qaçdılar.
Ertəsi gün iki tərəfdən
şəhərə top, tüfəng gülləsi və qumbaralar yağmağa
başladı. Dərbənd əhalisi müqavimət göstərə bilməyib,
Xızır bəy Hacı bəy oğlu Qorçunu camaat tərəfindən vəkil göndərdilər.
O da aman istəmək üçün sərdarın hüzuruna gəldi, xahişi qəbul
olundu. Qraf Zubov, Şeyx Əli xanı Dərbənd və Qubanın əyan və
mötəbər adamları ilə hüzuruna çağırdı. O bir neçə nəfərlə
gəlib orduda saxlandı. 6 gündən sonra, Fətəli xanın qızı Pəricahan
xanım Dərbənd və Qubanın müvəqqəti hakiməsi təyin edildi.
Xızır bəyin təhrikilə Dərbəndin mötəbər adamlarından 10 nəfəri
Hacı Tərxana göndərildi. General Sobolev Dərbəndi mühafizə etməyə
təyin edildi. Sərdar özü isə, Qubaya yola düşdü. Quba şəhərinin
yarım ağaclığında, Təpələr adlı yerdə üç gün dayanıb Şabrana
gəldi.
Bir gün səfər zamanı, Pirə
Xəlil çölündə Şeyx Əli xan at çapmaq bəhanəsilə
qoşunun içindən çıxıb qaçdı. Bu əhvalatdan Quba şəhərində
həyəcan əmələ gəldi. Xanın köçü və ailəsi Buduq mahalında
onunla birləşdi. Qraf Zubov general Bulqakovu 5 min qoşunla Quba
əhalisini sakit etməyə göndərdi. Şəhərin və kəndlərin əhalisi
öz yurdlarına qayıtdılar. Şeyx Əli xan Qrız kəndinə gəlib,
buradan Qəbələ yolu ilə Axtıya və Miskincəyə getdi.
Rus sərdarı Bakıya
getdi. Oranın hakimi Hüseynqulu xan pişvaza çıxıb təltif edildi.
Şəhərin mühafizəsi üçün bir dəstə saldat təyin olundu.
Sərdar özü isə, Şirvana hərəkət etdi. Şirvan hakimi
Mustafa xan, ona tabe olmayaraq, Ağsu şəhərini Fit dağına köçürtdü.
Şirvanın qabaqkı hakimi Qasım xan, öz damadı Yüzbaşı bəy Səfərəli
bəy oğlu Hövzinin köməyilə Qaraburqa dağından enib gəldi. Mustafa
xan qarşı dura bilməyib, Qarabağa getdi. İbrahim xan buna razı
deyildisə də, oğlu Məhəmmədhəsən ağa onun tərəfini saxlayırdı.
Qasım xan ölkənin mötəbər adamlarını toplayıb, Kür çayı
kənarında Rusiya sərdarının hüzuruna gəldi. Bu xidməti əvəzində
Şirvan hökumətinə təyin edildi.
Pəricahan xanım da sərdarın
əmrilə, öz ana qohumlarının yanına, İlisuya getmiş olan
kiçik qardaşı Həsən ağanı Qubaya gətirdi. Ölkənin əyanlarilə
bərabər sərdarın hüzuruna göndərdi. İmperatorun əmri, mucibincə,
ona qiymətli daşlar nəsb edilmiş cıqqa verildi və Quba hökumətinə
təyin edilərək geri qayıtdı.
Bu zaman Şeyx Əli xan Surxay
xanın köməyilə 10 min nəfərlə Quba şəhərinin yarım
ağaclığında olan Alpan kəndinə gəldi. Bulqakov onun qarşısına
min nəfər saldat və bir neçə top göndərdi. Aralarında şiddətli
döyüş oldu. Mövqein çətin olması üzündən hər iki tərəfdən
bir çox adam öldürüldü, ruslar geri çəkildilər...
General Bulqakov Həsən xanla
birlikdə Qubadan, Sobolev isə, Rüstəm xan üsmi, Məhəmməd
şamxalın oğlu Mehdi bəy və Rüstəm qadi ilə bərabər
Surxay xanı cəzalandırmaq qəsdilə Dərbənddən Samur
kənarına gəldilar. Surxay xan naçar qalıb, aman istədi və sədaqətlə
rus dövlətinə itaət edəcəyinə and içib söz verdi. Qraf Zubov
Kür çayı kənarında qışladı, oradan Gəncəyə bir dəstə qoşun
göndərdi. Ora hakimi Cavad xan Ziyad xan oğlu tabe olmaq fikrilə
qabağa çıxıb, qalanı təslim etdi. Qarabağlı İbrahim xan və
şəkili Səlim xan da, elçilər və məktublar göndərməklə ixlas
və itaət göstərdilər.
Həmin il təşrin-saninin
(noyabrın) 9-da, imperatoriçə II Yekaterina vəfat etdi. Oğlu I
Pavel rus səltənəti taxtına oturdu. Onun, səltənət işlərini
nizama salmaq uğrundakı tədbirlərindən, dövlətin xarici və daxili
məsələlərindəki dəyişikliklərdən biri də bu idi ki, o, İran
ilə müharibəni dayandırdı və qoşuna geri qayıtmaq əmri verdi.
Hicri 1211-ci (=1797) ilin
baharında, vəzifədən kənar edilmiş olan Qraf Zubov, İran taxtına
keçmək arzusu ilə, bu səfərində onunla yoldaşlıq edən Mürtəzaqulu
xan Qacar ilə bərabər, Bakıdan gəmi ilə Hacı Tərxana getdi.
General Bulqakov bütün qoşunu ilə Dağıstan yolundan Qızlara hərəkət
etdi. Pəricahan xanım, həmin il atası Məhəmməd şamxalın ölümü
münasibətilə onun yerinə şamxallığa keçmiş olan Mehdi bəyə
ərə getdi. Fətəli xan sülaləsinin əsrlər boyu toplamış olduğu
bütün malları və qiymətli şeylərini özü ilə apardı, saqar
vərəsələri bundan məhrum etdi. Bacısı Çimnaz xanımı da, Şeyx
Əli xandan icazəsiz Rüstəm qadinin oğlu Abdulla bəyə verdi. Həsən
xan Qaytağa getdi. Rüstəm xan üsmi, İlisu əmirləri xanədanından
olan onun anası Hürzad xanımı aldı. Rus qoşunu hələ Kafiri
səhrasında idi ki Şeyx Əli xan
Qaziqumuqdan Dərbəndə gəldi.
Gəncəli Cavad xan, hünərli
və elm sevən bir adam olmaqla bərabər qan içən və günah
işdən çəkinməyən bir əmir idi. Ölkə əhalisi ondan
üz çevirmişdi və qonşu əmirlər də onun məhv
olmasını arzu edirdilər. Buna görə, ruslar qayıtdıqları
zaman, Gəncə ölkəsini Gürcüstan valisinə verdilər. Vali İrakli
xan, qarabağlı İbrahim xan və şəkili Səlim xan qoşunla Gəncənin
xaricinə gəldilər. Şəmsəddinli Əli sultanı vali tərəfindən
naib sifətilə Gəncə hökumətinə təyin etdilər. Cavad xan çarəsiz
qalıb, qaçmaq fikrinə düşdü. Lakin onun arvadı Şükufə xanım
adam göndərib, Əli sultan ilə mehmannəvazlığa başladı. Keçmişdə
Cavad xanın etmiş olduğu yaxşılıqları və onu həbsxana cəzasından
necə azad etdiyini ona xatırlatdı. Əli sultan da, zatında olan
vəfadarlıq və insanlığı üzündən, Cavad xanın hüzuruna gəlib,
ixlas və təzim ilə qalanın açarını təslim etdi və onun xidmətində
durdu. Bu hadisədən sonra Gəncə əhalisi ona tabe oldu. Ətrafa
dağılmış xanlar da öz mülklərinə qayıtdılar.
Digər tərəfdən Ağa Məhəmməd
xan hicri 1210-cu (=1796) ildə, Tehrana varid olandan sonra səltənət
tacını başına qoyub, Xorasana hərəkət etdi. Məşhəd şəhəri
asanlıqla alındı. Şahrux mirzə Nadirin xəzinələrini ona verdikdən
sonra vəfat etdi. Oğlu Nadir mirzə Qəndəhara qaçdı, Teymur övladından
Əfqan şahına pənah apardı.
Sonrakı il, şah Şuşa
qalasını almaq və Şirvana ölkəsini fəth etmək qəsdilə
100.000 qoşunla səfərə çıxdı. Araz çayını keçəndən
sonra, İbrahim xan Car nahiyəsinə qaçdı. Şuşa qalası
maniəsiz və zəhmətsiz zəbt edildi. Əliqulu xan Sərdar Şirvana
təyin olundu. Qasım xan zahirdə itaət göstərdi. Ruslar Qarabağdan
qayıdandan sonra, Qətran səngərinə gəlmiş olan Mustafa xan, oradan
şahın hüzuruna getdi. Bundan qorxuya düşən Qasım xan, Şirvanı
boşaldıb Şəkiyə qaçdı.
Gəncəli Cavad xan və bakılı
Hüseynqulu xan da şahın hüzuruna gəlib töhmət edildilər. Hələ
bu üç nəfərin işinin axırı məlum deyildi. Bu zaman, hicri 1211-ci
( = 1797) ildə həziranın (iyunun) 12-də, səhər açılanda, həyatları
qorxu altında olan saray xidmətçilərindən iki-üç nəfər, qaniçən
şahın qəzəbindən qorxub onu öldürdülər. Keşik əmirlərindən
və sairdən bir neçə nəfər cəvahir və qiymətli şeylərdən
ələ keçəni götürüb Tehrana qaçdı.
Ağa Məhəmməd xanın aşağıda
yerləşmiş böyük ordusu da onun
baş əmirlərindən Sadıq xan Şəqaqinin başına toplandı.
Şahın qatilləri onun qılınc, xəncər, bazubənd və sandıqçasını
Sadıq xanın yanına aparmışdılar. Sadıq xan Azərbaycanı fəth
etdikdən sonra Qəzvin üzərinə gəldi. Lakin şəhərə girə bilmədi.
Öldürülən padişahın vəliəhdi və qardaşı oğlu Fətəli şah
Hüseynqulu xan oğlu ilə olan müharibədə Sadıq xan məğlub olub
Sərabə qayıtdı. Fətəli şah Zəncana gəldi, Hacı İbrahim xan
Şirazini Sadıq xanın yanına göndərib təklif etdi ki, itaətə
gəlib, dövlətə aid qiymətli şeyləri təslim etsin. Sadıq xan
bütün şeyləri ərizə ilə göndərib üzr istədi. O, şah tərəfindən
bağışlandı. Gərmrud və Səraba hakim təyin olundu.
Ağa Məhəmməd şah
öldürüləndən sonra, Şuşada Pənah xan nəvəsi Məhəmməd bəy
Mehrəli bəy oğlu bir neçə gün hökmranlıq iddiasında oldu. Lakin
o, İbrahim xan gələn kimi Şəkiyə qaçdı. Şəki hakimi Məhəmmədhəsən
xan onu həbsə alıb, şirvanlı Mustafa xanın yanına göndərdi.
Məhəmməd bəy qubalı Fətəli xanın əmrilə, onun atasını və
qardaşlarını Bakıda öldürmüşdü. Buna görə, o da Məhəmməd
bəyi intiqam məqsədilə öldürdü.
İbrahim xan şahın cənazəsini
böyük ehtiram və alimlərin (ruhanilərin) müşayiətilə yola saldı.
Səmimiyyət və ixlas tərzilə yeni şahın hüzuruna bir ərizə
yazdı və nəvazişə nail oldu. Oğlu Əbülfəth ağanı da padişahın
hüzurunda qalmaq üçün göndərdi.
Mustafa xan Şuşadan Şirvana
qayıtdığı zaman, şahın Təbrizdən gətirib Muğanda saxladığı
kor Məhəmmədhəsən xanı özü ilə aparıb
Şirvanı aldı. Buradan da Şəki üzərinə getdi. Səlim
xan Qarabağa qaçdı. Məhəmmədhəsən xan yenə hökumət başına
keçdi. Mirzə Məhəmməd xan şahın öldürülməsi xəbərini alınca,
Qubadan Bakını almağa hərəkət etdi. Hüseynqulu xan ondan qabaq
gəlib, qalanın müdafiəsilə məşğul oldu. Axırda aralarında
barışıq olub məmləkəti böldülər. Hüseynqulu xan şəhərdə,
Mirzə Məhəmməd xan Məşqətə kəndində bir qala tikdirib, hökumətə
oturdular.
Bir zaman sonra şahın yaxın
adamlarından olub, Xoy və Təbriz əyalətlərini idarə
edən Cəfərqulu xan Dünbüli, Sadıq xana qarşı köhnə ədavətinə
görə , bir bəhanə ilə gəlib Sərabı xaraba
qoydu.
Sadıq xan Muğan yolu ilə
Şirvana, Mustafa xanın yanına qaçdı. Bir müddət keçəndən sonra,
Cəfərqulu xanın başına dönüklük havası düşdü. Bunu eşidən
Sadıq xan Şirvandan Sərabə qayıdıb, onunla birləşdi və bir
neçə başqa əmirlə üsyana başladı. Cəfərqulu xanı məhz bir
xain kimi qələmə verən Sadıq xan, özü şahın sarayına gəldi.
Lakin o, boş bir otaqda həbs edildi və burada da acından öldü.